adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Fevral 2021 10:08
66630
ƏDƏBİYYAT
A- A+

Tənha ustad və eynəkli qoca

Qoca bu dünyaya tünd qara eynəyinin arxasından baxardı. Eynəyinin o üzündə hansı şöhrətin dayandığını özü də yaxşı bilirdi. Lakin tamaşaçıların gözləntisinə, intizarına soyuqqanlı bir sükutla cavab verməyə davam edirdi.

Eynəkli qoca o qızmar günəşli sentyabr günündə də susurdu. Ancaq ona görə yox ki, deməyə sözü, çəkməyə filmi qalmamışdı. Sadəcə bir zamanlar ekranlara “Yaşamaq” filmini bəxş edən sənətkar həmin gün artıq özü yaşamırdı. Qədim Kamakura şəhərinin Anyoin məzarlığında torpağa tapşırılır və məzarı üstünə tər zanbaq çiçəkləri düzülürdü.

O uzaq məmləkətdə eynəkli qocanın kim olduğunu yaxşı bilirdilər. Xatirəsini yad etmək üçün nə az, nə çox – düz 4000 nəfərlik izdiham kədərlə irəliləyir, Yokohamada yerləşən “Kurosawa Production” kino şirkətinə toplaşırdı. İnsanlar az qala 15 il əvvəl çəkilmiş “Ran” filminin hələ də qorunub saxlanılan dekorasiyaları arasında – böyük rejissorun ruhunun dolaşdığı “Qızıl otaq”da onunla vidalaşırdılar.

Amma heç kim bilmirdi ki, cəmi 10 gün əvvəl bu gündoğan ölkədən çox-çox uzaqlarda, dünyanın tamam başqa bir bucağında daha bir əfsanə həyatdan köçmüşdü. Özü də həmin şəxs bu eynəkli qocanın yiyələndiyi peşənin nümayəndəsi idi. Lakin dünyanın bundan heç xəbəri də yox idi və bu, onun laqeyd və etibarsız siması idi. Çünki dünya eynəkli qocanı cənnət və cəhənnəmin yol ayrıcına kədərlə yola saldığı bir zamanda, o uzaq sahillərdən kimin getdiyini hələ də anlamamışdı.

Uğurlu karyeraları boyunca bir çox şeylər – qismətlərinə Sovet İttifaqında film çəkməkdən, şəxsi kino şirkətlərini yaratmaq ehtiyacından və klassik əsərləri ekranlaşdırmaq təşnəsindən tutmuş “yeddi” rəqəminin mistikasına qədər hər bir uyğunluq onların ömür yollarının ortaq məqamları, kəsişmə nöqtələri idi. Bir azərbaycanlı üçün Dədə Qorqudu ekranda görmək nə demək idisə, bir yapon üçün də kinoteatrda öz samuraylarına baxmaq tarixi-mədəni keçmişini, mənəvi kimliyini hiss etmək baxımından eyni şey idi. Tənha ustadın o eynəkli qocadan bir geriliyi var idisə, bu da onun uzun illər sanki mühasirədə, qapalı sovet mühitinin dəmir qapıları arxasında yaşayıb-yaratmaq qisməti idi. Vaxtilə ABŞ-da – Brodveydə böyük bina boyunca afişası asılmış filminin nümayişi keçirilməsinə baxmayaraq, yuxarıda qeyd olunan səbəb tək onun yox, aid olduğu bütün rejissorlar nəslinin taleyinə yazılmışdı.

Ömrünün son illərində onu tez-tez Bakının küçələrində görmək olardı. Əlbəttə, doğma şəhərində bu çəlimsiz dahini tanıyanlar az deyildi. Bununla belə, çoxları son dərəcə müasir, şıq geyimli, başında şlyapa olan düşüncə dolu bu insanın kim olduğunu ağıllarına belə gətirə bilmirdilər. Çünki millətin başı özünə qarışmışdı, ard-arda taleyinə yazılan gözlənilməz faciələrdən təzəcə nəfəsini dərirdi, az qala kinonun nə olduğunu da yaddan çıxarmışdılar...

Bu təzadlı illərdə tənha ustadın yaşadığı daxili təlatümlərdən heç kəsin xəbəri yox idi. Ancaq bir şey də var idi ki, gözləri nə qədər kədərli olsa da, ürəyindəki alov hələ sönməmişdi. Ondan qat-qat gənc kino işçilərinin çəkilib kənarda durduğu, bəzilərinin ölkəni tərk etdiyi, həmyaşıdlarınınsa “çəkmək, ya çəkməmək” dilemması qarşısında daha əlverişli şərait gözləyərək ömürlərini başa vurduğu bir zamanda o, hələ də yaradıcılıq axtarışında idi. Dağılmaqda olan imperiyanın pərən-pərən düşəcəyi aşkar görünən kino-istehsalat sistemi məğlubedilməz xarakterli ustadı təslim vəziyyətində qoya bilmədi. Sənət eşqilə vuruşdu, mübarizə apardı, şəxsi studiyasını yaratdı, dünyəvi prodüser kinosu meyarlarını əsas götürərək filmlərə maliyyə cəlb etdi və hamının başını itirdiyi o qarışıq illərdə sevimli tamaşaçılarına yeni ekran əsərləri bəxş etdi. Bütün bunları bu günün pəncərəsindən keçmişə boylanaraq müzakirə etmək nə qədər asan görünsə də, bir sənət adamının ölkənin qan-qadaya düçar olduğu, faciələr içində qovrulduğu həmin illərdən baş çıxarması, hələ üstəlik bir sənət haqqında da düşünüb, bu yolda hansısa fikirləri həyata keçirməsi, ideyalarını reallaşdırması inanılmaz dərəcədə mürəkkəb məsələ idi.

Ətrafındakı insanlara yalnız nikbinlik və həyatsevərlik bəxş edən tənha ustadın o illərdə ürəyini ağrıdan təkcə doğma vətəninin başına gələn faciələr deyildi. Çərxi-fələyin hökmündə nəslinin yarpaq tökümünə şahidlik etmək də var imiş... Addımlarının kinostudiya dəhlizləri boyunca gələn əks-sədası bu boşluğu daha aydın hiss etdirirdi. İllərlə çiyin-çiyinə çalışdığı yaxın dostları, həmkarları, yol-yoldaşları Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Rüfət Şabanov – onların heç biri artıq həyatda yox idi. Sanki əllərini hər şeydən üzüb ekranda daha bir tutarlı söz demək haqqını ona buraxıb getmişdilər...

Həyatı boyu cəsarətlər qalereyası yaratmış vətənpərvər ustad isə sovetin qılıncının qabağı da, arxası da kəsərli olan bir vaxtda ekrandan Moskva əleyhinə nələr deməmişdi?! Məgər karikaturası çəkilmiş fərsizə ərə getmək istəyən axmağın ancaq Moskvada tapılacağını, ideoloji təbliğatın simvoluna çevrilən xəyanətkar Pavlik Morozovlara qətiyyətlə atılan gülləni, kişilik rəmzi kimi verilən bəyin qəhqəhə çəkib komsomol üzərində mənəvi qələbə çalmasını, dünyagörmüş Əziz kişinin tarixi baydaça timsalında – “baba” obrazı ilə bu xalqa illərlə sırınan Lenindən daha yaşlı və müdrik olmasını, dirilən ölülərin nümunəsində rus əsarətini qəbul etməyən xalqın “Azadlıq!” hayqırtısını zaman-zaman məhz onun filmlərində izləməmişdikmi?!

O, ömrünün son günlərinə kimi peşəsinə xəyanət etmədi. Başqalarını da hər zaman bu sənətə hörmət etməyə çağırdı. Təsadüfi mənbələrdən maddiyyat taparaq qeyri-peşəkar işlərə imza atan, böyük kino adına ləkə gətirən sənətdən xəbərsizləri sərt tənqid etdiyi məqamlarda həmişə öz həqiqəti ilə baş-başa dayanırdı: illər boyu tanınmış həmkarları ilə bərabər min bir əziyyətlə qurub-yaratdıqları, binasını ucaltdıqları milli kinomuzun o səviyyəyə endirilməsi nə qədər ağır idi ona...

Heç nəyə baxmayaraq, canından əl çəkmək bilməyən azar-bezarla əlləşmək – yaratmaq istədiyi əsərlərlə, tükənməz yaradıcılıq axtarışları ilə müqayisədə onun üçün çox xırda məsələyə çevrilmişdi. Qarşıda böyük Cəfər Cabbarlının yubileyi gəlirdi. Vaxtilə ədibin özünün çəkməli olduğu əsər gözlərinin işığı gedənə qədər əlindən düşmürdü. Ssenari üzərində daimi iş aparır, təyin etdiyi ikinci rejissora artıq çəkilişlərə hazır olmağı tapşırırdı. Bu – xəstəliyin belə məğlub edə bilmədiyi iradənin, bütün varlığına hakim kəsilən sabaha inamın və şəxsiyyət bütövlüyünün ən bariz göstəricisi idi.

Tənha ustadı həmin ərəfədə fikirlərindən yalnız gənc jurnalist qızın telefon zəngi ayırmışdı. İşinin çox, vaxtınınsa məhdud olduğu bir məqamda mətbuata deyəcəkləri də az deyildi. Ona görə gənc jurnalisti danışmaq üçün son imkan bilib dəvətini qəbul etdi. Həmişə ətrafına sadəlik və səmimiyyət saçan sənətkar bu dəfə də içəri – redaksiyaya daxil olan kimi gəncləri başına topladı. Milli ekran sənətinin canlı əfsanəsinin, sonuncu mogikanının gəlişi bütün şöbədə bayram əhval-ruhiyyəsi yaratdı. Təkcə yazı müəllifinin deyil, az qala bütün kollektivin suallarını cavablandırdı. Müsahibənin müəllifi isə bu böyük insanın heç vaxt danışmadığı, yalnız ona etibar etdiyi bəzi xatirələrin mətbuatda ilk sədasına çevrildi. Heç o cavan jurnalist qızın ağlının ucundan da keçməzdi ki, həmin yazı işıq üzü görəndə, bu nəhəng şəxsiyyəti haqq dünyasından sayılı günlər ayırırdı...

Bəli, ustad sənətkar ekranda bu günün sözünü demək haqqını ona buraxıb getmiş əziz dostlarının daxili düşüncələrini həyata keçirib onların yanına köçdü. Ancaq qəhrəmanı kimi yaşamaqdan bezib qoz ağacının altında oturaraq əcəlini gözləmədi. Əksinə, son gününədək qamətini dik tutdu, ürəyindəki gənclik alovunu sönməyə qoymadı. Ölümsə onun bu həyat sevgisini, yaşayıb-yaratmaq eşqini yalnız azacıq üstələdi. Gedişilə böyük bir epoxa qapandı, dövr başa çatdı. Azərbaycan kinosunun ağır günləri başlandı...

Təəssüflər olsun ki, çərxi-fələk dünyanın hansı bucağında yaşayıb-yaratmasından asılı olmayaraq, eyni sənətə nüfuz və yaşamaq haqqı gətirən eynəkli qoca Akira Kurosava ilə, tənha ustad Tofiq Tağızadəni özüylə aparacaq qədər amansızdır!

Babək Abbaszadə