adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
03 Fevral 2021 10:28
37291
MÜSAHİBƏ
A- A+

Döyüşdən gələn var: "Ordan sağ çıxanda dedim ki, ölsək də..." - MÜSAHİBƏ

"Müharibədə adi su daşıyandan, sürücüsünə kimi qəhrəmanlıq göstərib" 

"Erməninin ölüsünü də, dirisini də görmüşük. Amma yumruq davasına çıxmamışam. Desəm, kiminsə haqqına girmiş olaram"

 

Vətən müharibəsində canla-başla savaşanların sırasında qələm əhli də var idi. Onlar qələmlərini süngüyə dəyişib, Qarabağ naminə qan tökməyə hazır oldular. Daim savaşdıqları söz cəbhəsindən uzaqda, düşmənlə üzbəüz yurdun müdafiəsinə qalxdılar. Onlardan biri də şair, jurnalist, “Ədalət” qəzetinin əməkdaşı Emin Piridir. 

Həmkarımızla söhbətləşib, döyüş yolundan, müharibədən danışdıq. 

- Müharibəyə könüllümü yollanmışdınız, yoxsa hərbi komissarlıqdan çağırıldınız?

- Əslində ikisi də eyni sayılır. Yəni könüllü qeydiyyatdan keçəndə də çağırış gözləyirsən. Amma  “Tovuz” hadisələri zamanı izdihamlar yaşandı. Mən  Sumqayıtda qalıram. General-mayor Polad Həşimovun evi məhəlləmizin yaxınlığında yerləşir. O zaman şəhidlərin dəfnində iştirak etdik.  Bir də düşünürəm ki, səfərbərliyə müraciət etmək üçün ortada nə isə olmalıdır. Məsələn, 1994-cü ildən bu günə Aprel döyüşlərini çıxmaq şərtilə belə bir münaqişə baş verməmişdi. Bu da 2020-ci ilə təsadüf  etdi. Mən də sentyabrın 25-də hərbi komissarlığa gedib, müraciət etdim. Taleh elə gətirdi ki, 2 gün sonra müharibə başladı, 28-də çağırış gəldi.

- Yola düşəndə kiminlə halallaşdınız?

- Bilirsiz ki, “Ədalət” qəzetində çalışıram. Müharibə başlayan ərəfə gərgin iş şəraiti mövcud idi. Bazar günü  də işdəydik. Sentyabrın 28-i də işə çıxıdıq, müharibə ilə bağlı, təbliğat xarakterli yazılar yazdıq. 28-i günorta  saatlarında komissarlıqdan zəng gəldi. Hallalaşıb, görüşdüyüm də elə jurnalist dostlarım oldu. Yəni Azərbaycan nəşriyyatından sağollaşıb, çıxdım. Sonra evə getdim, ailəmlə vidalaşdım, səhər tezdən yollandım. Təbii ki, statusumu görəndən sonra zəng edənlər də oldu. 

- Hər halda əvvəlcə təlimdən keçdiniz...

- Bəli. Bir neçə gün Bakıda təlimdə olduq. Bu da qısa bir müddəti əhatə etdi.

- Bəs döyüş yolunuz hardan başladı?

- Oktyabrın əvvəlində ilk dəfə Füzuli-Cəbrayıl istiqamətində irəlilədik. Rayon  deyəndə kəndləri nəzərdə tuturam. Çünki əsasən döyüşlər kəndlərdə gedirdi. Daha sonra Xocavənd və Hadrut qəsəbəsi ətrafında olduq. Oktyabrın axırı, noyabrın əvvəli isə Şuşanın kəndlərində döyüşdük. Şuşanın mühasirəyə alınmasında, mövqelərin tutulmasında iştirak etdik. Müharibə bitdikdən sonra toplanış yerinə göndərildik. Məlumdur ki, Laçını müqaviləyə əsasən qaytardılar. Bir neçə gün də  Laçında da qaldıq. Yeni ildə də tərxis olundum.

- Nə kimi çətinlikləriniz oldu?

-Müharibə haqqında  filmlərə baxıb, yazılar oxuyursan, amma onu yaşamadan duya bilmirsən. Məsələn, düşünürsən ki, ərzaq, su təminatı gələcək. Təminat da gəlib çata bilmir. Onu da deyim ki,  müharibə zamanı  Azərbaycan xalqının dəstəyi, göndərdiyi paylar danılmazdır. Geyimdən, ərzağa qədər hər şey yollayırdılar. Lakin bəzən elə stiuasya yaranırdı ki, göndərilsə belə gətirmək mümkün olmurdu. Ya ermənilər həmin ərazini vururdu, ya da başqa problemlər olurdu. İki-üç gün bir mövqedə, misal üçün, Füzulidə suyun çatdırılması mümkün deyildi. Hava şəraiti də müəyyən çətinliklər yaradırdı. Oktyabrın əvvəlləri hava isti idi. Füzuli də  Qarabağın aran torpaqlarıdır. Günorta  dəhşətli istilər olur, gecələr  də soyuq. Bunun özü bir çətinlikdir. Xocalı, Şuşa ətraflarının şaxtasından danışmaq da absurddur. Çünki həmin yüksəkliklərin çoxu noyabrın əvvəlindən buzlaşmağa başlayır. Müharibədə ölüb, yaralana bilərsən, bunlara çətinlik deməzdim. Müharibənin reallığıdır. Axı savaşa gedirsən, piknikə yox. Mərmi yerinə çay göndərəsi deyildilər (gülür). 

- Yəqin ki, silahdaşalrınızdan yanınızda şəhadətə ucalanlar, yaralananlar olurdu...

- Adətən müharibədə bölgü kimi batalyon adı məşhurdur. Batalyonda  şəhidlərimiz oldu, xeyli sayda yaralananlar var idi. Füzuli və Cəbrayılda minamyot yağışının altında şəhid və yaralıları çıxartdıq. İndi rahat danışıram, çünki adi gəlir. Təbii ki, ilk dəfə qanı, yaralını görəndə insan özünü itirə bilir. Zaman keçdikcə, sanki belə olmalıymış kimi hiss edirsən. Acı reallıqdır. 

- Ölümü lap yaxında hiss etdiyiniz bir anınız oldumu? 

- Erməni qoşunlarının artilleryası, texnikaları  var idi. Füzuli və Cəbrayıl onların yarılma nöqtəsi olduğu üçün daha çox müqavimət göstərirdilər. Xüsusilə də minamyotu az qala əsgər sayına qədər atırdılar. Ordan sağ çıxandan sonra  dedim ki, daha ölsək də, qalsaq da olar. Amma bir hadisəni danışım. Xocalıya  bir neçə maşınla gedirdik. Bizdən əvvəlki maşında əsgərlər var idi. Minamyot atəşinə düşdülər, şəhid oldular. Ən  çox qorxduğum isə əsirlik idi. Digərləri müharibənin ikinci, üçüncü dərəcəli çətinliyi kimi görünürdü.

- Düşmənlə əlbəyaxa döyüşləriniz oldumu? 

- Hər şeyi olduğu kimi demək lazımdır. Xüsusilə də bir məsələyə toxunmaq istərdim. Hansısa müharibə iştirakçısının savad baxımından çatışmazlığı ola bilər, ya da fikrini ifadə etməkdə çətinlik çəkər. Ona görə jurnalistlər də diqqət etməlidir. Onlar bəzən elə açıqlamalar verirlər ki,  gülməli görünür, yaxud da absurd səslənir. Hər şeyi olduğu kimi danışmağın özü qəhrəmanlıqdır. Müharibədə adi su daşıyandan, sürücüsünə kimi qəhrəmanlıq göstərib. Deyim ki, erməni ilə əlbəyaxa döyüşmüşəm, yalan olar. Hər kəsin öz missiyası var. Topçudan soruşsan ki, neçə erməni öldürmüsüz? Bu, absurddur. Topçu əlbəyaxa döyüşə girmir, sadəcə koordinatlarla hədəfi vurur. Bizdə yalnız Xüsusi Təyinatlılar elə savaşıb. Təbii ki, erməninin ölüsünü də, dirisini də görmüşük. Amma yumruq davasına çıxmamışam. Desəm, kiminsə haqqına girmiş olaram. 

- Düşmənin əsgərlərini zəncirlədiklərini, qaçmaqlarının qarşısını aldıqlarını gördük. Siz də belə hallarla qarşılaşırdınızmı? 

- Ən çox erməni hərbi formaları ilə rastlaşırdıq. Hər  mövqedə var idi. Qəribə gəlirdi ki, hərbi formanın şalvarına qədər çıxarıb atıb. Sonradan məlum oldu ki, ermənilərdən arxa  tərəfdə fərariləri saxlamaq üçün  polislər dayanırmış. Bunlar da hərbi formaları çıxarıb,  mülki geyimlə qaçırdılar ki, saxlanılmasınlar. Tutulsalar ya müharibəyə qaytarılacaq, ya da həbs olunacaqdılar. 

- Müharibə xatirələrinizdən şeir, ya da esse yazmısınızmı? 

- Qeydlərim çoxdur. İnsanlara bir ay çox görünə bilər. Amma hiss edirəm ki, adaptasiya ilə bağlı  problemim var. Mülki əhali artıq 10 noyabrdan müharibənin bitdiyinə alışıb. Mən hələ indi qələbənin həzzini yaşamağa başlamışam. Əlbəttə, qaralamalarım var. Çoxunu gələndən sonra vərəqə köçürmüşəm. Yavaş-yavaş köşə yazısı, esse kimi “Ədalət” qəzetində də, digər ədəbiyyat dərgilərində də yayımlanacaq. Şeirlərim də olacaq. 

- Savaş sizə nələr öyrətdi?

- Nəzəri cəhətdən həyatın şirinliyini, azadlığın gözəlliyini bilirik. Bir də əyani şəkildə bundan əmin olmaq var. Dünyada azadlıqdan  önəmli bir şey yoxdur. Həm şəxs, həm vətən, həm  də dövlət üçün hürriyyət gözəldir. Mən azadlığın ən şirin nemət olduğunu öyrəndim. Zəifliyin isə iyrəncliyini anladım. Eyni zamanda gündəlik həyatın ləzzətini duydum. Evə gəlib, yorğan-döşəkdə yatanda özümü o qədər xoşbəxt hiss etdim ki... Həm də nəyəsə dəyərindən artıq bağlanmağın önəmi yoxdur. Bunu dərk edirsən. Bu gün sənə məxsus olan, sabah sənin olmaya bilər. Məsələn, Qarabağ dünən ermənilərdə idi, bü gün bizdə. Onların ən yüksək rütbəli hərbçiləri müharibədə məhv oldular. Əmrində minlərlə əsgər olan generalları var idi, bir dəmir parçası ilə yoxa çıxdı. Deməli, həyat fanidir.

- Mühairbənin psixoloji durumunuza hansı təsirləri olub?

 - Məndə hələ yaxşıdır. Müharibə iştirakçılarından bir istiqamətdə çalışanlar var. Məsələn, mən həm şairəm, həm jurnalist, həm də müəllim. Auditoriyam genişdir, birində sıxılanda, digərində təsəlli tapıram. Amma hər kəsdə belə deyil. Elə insanlar var, onun üçün bu problemlər dəhşət vericidir.  Siz də bilirsiniz, nə qədər intihar edən müharibə iştirakçısı oldu. Hələ bunlar bizim gördüklərimizdir. Mən gələn kimi psixololji sağlamlığım üçün dərmanlar qəbul etdim, əlavə müalicələr aldım. Ona görə ciddi problemim yoxdur. Bilmirəm özümdən çıxsam, hansı hala düşərəm.  Belə bir vəziyyət olmadığı üçün demək çətindir. 

- Bir az da ordudakı ruh yüksəkliyindən danışaq. Orda ab-hava necə idi?

- Normal insan ruh yüksəkliyini aşağı salsa problem ola bilərdi. Sən zatən savaşdasan, könüllü, ya könülsüz, fərq etmir. Əksinə, ruh düşkünlüyü ilə iki-üç tərəfli özünü psixoloji məğlüb edə bilərdin. İstər zarafatlarla, istərsə də bir-birinə dəstəklə güclənməkdən başqa çarə yox idi. Həm də bu, ürəkdən gələn məsələ idi. Əksi olsa, daha pis vəziyyətlə üzləşə bilərdin. 

- Siz müharibədə olanda qələm dostlarınız haqqınızda zarafatla qarışıq statuslar yazırdılar. Məsələn, çox danışdığınızı deyirdilər. Orda danışmağa fürsətiniz olurdumu?

- Orda elə bir kontaktım  görülmürdü. Amma insanlar bir şeyi unudurlar ki, mən həm də müəlliməm. Yəni şagirdlərlə çox danışıram. Bundan da əlavə media işçisiyəm. İkisi üst-üsə gələndə müəyyən mənada çox danışan kimi görünürəm. Bəzən də sakit deyənlər olur. Baxır düşdüyüm mühitə, yəni səmimi, doğma, müsbət enerji aldığım insanların yanında çox danışıram (gülümsəyir). 

- Bir paylaşımınızı gördüm. Adınızı, soyadınızı və yaxınınızın nömrəsini yazıb boş patrona qoyub döyüşə elə girmisiniz...

- Bu tək mənlə bağlı deyil. Bizə atılmış güllə verirdilər. Orda ad-soyad və yaxın adamının əlaqə nömrəsini yazırsan. Müasir müharibədə artilleriya döyüşləri getdiyinə görə, insanın bədəni parçalara ayrıla bilər. O güllənin içindən çıxarılmış kağızın hesabına,  nəşin kimə aid olduğu tapılır. Düzü, çoxu bilmirdi. Məsələn, əsgərlərim var idi. Deyirdilər ki, bu nə üçündür? Adam bilmir ki, məsələni necə izah etsin. 

- Deyəsən, müharibədə rütbəniz də olub.

- 2008-2010-cu illərdə Ağdamda tağım komandiri kimi xidmət etmişəm. Orduda daimi işçi deyildim. Müharibədə də baş leytenant rütbəsi verildi. 

- Son olaraq müharibədə ən yadda qalan bir anınızı bölüşə bilərsinizmi...

- Ən yadımdan çıxmayan Xocalının kəndlərində olub. Xocalıda olmaq bir başqa məna daşıyırdı. Biz uşaqlığımızdan görmüşük ki, yaşıdlarımıza qarşı orda qətliam törədilib. 

sherg.az