adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Fevral 2021 11:29
49121
MÜSAHİBƏ
A- A+

Elroman Əlizadə: "Mənə AYB-dən heç bir dəstək gəlməyib" - MÜSAHİBƏ

Adalet.az son dövrlər sosial şəbəkədə məşhurlaşan gənc şair Elroman Əlizadə ilə müsahibəni təqdim edir.

- Elroman, son dövrlər parladın. Şeirlərin paylaşıldı, ciddi adamlar təqdim elədi səni. Ədəbi mühitdə sosial şəbəkədə vasitəsi ilə bir anda parladın. Çoxdan yazırsan, ya necə oldu? Bir şeir yazdın, gördün sevirlər, davam elədin?

- Açığı, bu məsələdə karantinin çox böyük təsiri oldu. Sözün həqiqi mənasında bikar qalmışdım. Yazmağına çoxdan yazıram, rəhmətlik Məlik Cahanın sayəsində də çox şey öyrənmişdim, ancaq üzə çıxarmırdım. Bir neçə il idi ki, dostlarım onsuz da mənə tez-tez facebook aç deyirdilər, birdən ağlıma verdi və şeirlərimi sosial şəbəkədə paylaşmaq qərarına gəldim. Əvvəllərdə şeirlərimi 2-2, 3-3 paylaşırdım. Gördüm, ciddi mənada reaksiya yaxşıdır. Hətta gözlədiyimdən qat-qat yaxşı. Bununla başladı. Sonrası da məlum.

- Adətən, sosial şəbəkələrdə yaradıcı insanların müxtəlif məsələlərə sərt reaksiyasını görürük. Bunu bəzən daha çox kütləyə çatmaq üçün də edirlər. Necə düşünürsən, içindən keçmir heç? Yoxsa, deyirsən, mən ancaq sənətlə məşğulam? Heç bir məsələyə fikrim yoxdur?

- Belə şeylər mənasızdır mənə görə. Özünü gözdən salmaqdan başqa bir şey deyil. Tək bu məsələyə yox, demək olar ki, sənətdən başqa gündəmdəki heç nəyə fikir vermirəm. Mən Şuşalıyam. Hələ müharibə başlamamışdan qabaq Şuşanın işğal günündə demək olar ki, hər kəs normal olaraq bu məsələ ilə bağlı post paylaşmışdı. Ancaq mən həmin gün sevgidən bir şeir paylaşmışdım. Düşüncələrim bir az fərqlidi. Mövqeyimi bildirməyi xoşlamıram. Mənim ictimai, siyasi, dini - bütün mövqeyim onsuz da şeirlərimdə əks olunub. Bir də təzədən dilə gətirməyin yeri yoxdu..

- Ədəbi məsələlərə mövqeyinin necədir bir gənc yaradıcı adam olaraq? Etiraz hissin yerindədirmi? Yoxsa, başını aşağı salıb, şeirini yazıb, bir tikə çörəyini qazanırsan?

- Mövqeyim birmənalıdır. Yaxşı şeirə yaxşı de, pis şeirə pis. Ən azından, özümü bunu anlaya biləcək qədər yetərli hesab edirəm. Ədəbiyyatda "n" qədər kruq var. Sözün əsl mənasında, kruq. Hansı ki, kimin "qardaşı" yaxşı, ya da pis yazdı, fərqi yoxdu. Mütləq şəkildə müdafiə ediləcəklər. Məni poeziyada dostlarımdan biri müdafiə etdikdə narahat oluram. Oxucularım sevərək oxuyur, bu mənə bəsdi. Yeri gələndə, inan ki, "vəkil şairlərdənsə", ən savadlı və yaxşı müdafiəni onlar edirlər. Çörəyə də qalanda, sevdiyin işlə məşğul olsan, çörək onsuz da gələcək. Təbii, dərdin təkcə çörəkdirsə. İkinci versiya yoxdur.

- Səncə, oxucularım deməyə bir az tələsmirsən ki? Kitabların necə, satılırmı, alırlar həmin oxucuların?

- Açığı, məhz elə oxucularım aldı. Mən kitabın ilk nəşrini vuranda cəmi 50 nüsxə ilə kifayətləndim. Qohum-qonşudan başqa kiminsə alacağını düşünmürdüm. Tam əksi oldu, bir söz var, "yadlar gəlir doğma olur, yaxın olur". Qohumlarıma kitabı güc-bəla ilə satdım, ya da sata bilmədim. Ancaq təsadüfi deyil ki, oxucularımın sayəsində 1 ayda 3 nəşr vurmağa məcbur oldum..

- Ədəbi məsələlərə mövqeyin deyəndə həm də prosesləri nəzərdə tutmuşdum. Bir az da konkretləşdirək. Hazırda AYB-nin kurasiyasında olanda qəzetdə müxbir kimi işləyirsən. AYB-nin fəaliyyətinə mövqeyin necədir? Razısanmı, dəstəkləyirsən?

- Dəstəkləyirəm. AYB-nin, ya da kurasiyasındakı heç bir layihənin mənə ziyanı dəyməyib. Eləcə də, heç kəsə ziyanı dəyməyib. Əgər kiməsə xeyri dəymirsə, bu o demək deyil ki, daş-qalaq olunmalıdır. Sənə ziyanı dəymirsə, nə var, nə var xeyri də dəymirsə, niyə daş-qalaq etməlisən? Bunu tam səmimi deyirəm. Bu təkcə AYB üçün keçərli deyil. Mənə AYB-dən heç bir dəstək gəlməyib. Sadəcə, kor-kor, gör-gör.

- Məsələn, AYB-nin verdiyi təqaüdləri ədalətli sayırsanmı? Səncə, hər il o təqaüdlər haqqı olan adama verilir, yoxsa kimə gəldi, daha çox öz lazım bildiklərinə? Ümumi olaraq AYB-yə ayrılan pulların ədəbiyyat üstünə xərclənməsinə də bir etirazın yoxdur? Hər şey yaxşıdır və ən yaxşısı nədirsə onu edirlər?

- Kimə görə, nəyə görə ədalət? Hazırda heç mən AYB üzvü də deyiləm. AYB-yə ayrılan pulların ədəbiyyat üstünə xərclənməsi? Yaxşı görək, olmayan bir şeyə nə xərcləməkdən söhbət gedə bilir? Bu dəqiqə facebooku silib 1 il yoxa çıxsam, bir nəfərin də yadında qalmayacam. Eləcə də, bütün hamı. Hazırda Azərbaycanda ədəbiyyat anlayışı Facebook sosial şəbəkəsi ilə çərçivələnir. Bu gün feysbuk sosial şəbəkəsi silinsə, 100 il sonra Azərbaycan ədəbiyyatının taleyi Atlantiya ilə eyni olacaq. Heç var olubmu, olmayıbmı, əfsanə kimi danışılacaq. Yaxşı, deyək ki, AYB yerli-dibli ləğv olundu. Kimə nə xeyri dəyəcək? Varlığı kimə ziyan verirdi ki, yoxluğu da xeyir versin?

- Yox, konrket olaraq ortada maliyyə məsələsi var. AYB-yə ayrılan pulların ədəbiyyata xərclənməsini təsqid edirsən, yoxsa bəzi həmkarların dediyi kimi "yeyinti" məsələsi ilə razısanmı? Təqaüdlər verilən adamların çoxunu ictimaiyyət tanımır. Adətən, fikirlər bu cürdür. Sənin bu məsələyə konkret mövqeyin nədir, yaxşı ya pis? Hər şey qaydasındadır və belə də olmalıdırmı deyirsən? AYB rəhbərliyi etdiyi hər şeydən razısan?

- Yeyinti məsələsi? Əzizim, ictimaiyyətin tanımaması məsələsinə qatılıram. Ancaq bu o demək deyil, həmin adam təqaüdə layiq deyil. O təqaüdlə bağlı məsələ sırf mətnin qiymətləndirilməsidisə, mən də həmin təqaüdə (daha artığına!) layiqəm. Sabah haqqımı alsam, çoxluq tərəfindən mən də "tanınmayan obraz" kimi təqaüd almış olacam. Hər şey görünən tərəfindən qavranılır, bir də görünməyən tərəfinə baxmaq lazımdı. Hər şey qaydasındadırmı? Yox, deyil. Belə olmalı deyil, daha yaxşı olmalıdır, bunun olması üçün mən də ədəbiyyata xidmət edəcəm.

- Həmyaşıdların arasında bəyənmədiyin şairlər varmı? Ad çəkə bilərsən? Özünü onlardan üstün görürsən, amma onlar səndən daha çox tanınır, dəyər görür. Varmı belələri?

- Söhbət sırf həmyaşıdlarımdan gedirsə, öz potensialımda heç kəsi görmürəm. Adlarını çəkmək, onları boş yerə reklam etmək olacaq. Antireklam da reklamdır. Məndən 8-10 yaş böyük olan və daha yaxşı mətn ortaya qoyan şairlər var. Amma qoysunlar da, bir zəhmət. Mən adicə bu gün yazdığım mətnə baxanda dünənki gözümdən düşür. Qaldı ki, onların bir elə yaş təcrübəsi var.  Fərdlərə, ümumi götürəndə "yaş-ortaya qoyulan mətn" tələbini gənclərdən ödəyən çox azdır, barmaqla sayılacaq qədər. Bu gedişatı ömrünün axırına qədər sürdürə bilsən, ciddi qələm adamı sayılırsan. Yoxsa nə var, 3-5 il yaxşı yazıb, ömrünün sonuna qədər həmin 3-5 ilin çörəyini yeməyə?Adlarını çəkmək istəmədiklərim bir neçə dəfə mənim adımı çəkdilər cavab verim deyə, vermədim. Bilirdim ki, istədikləri də elə bu idi.

- Müsahibə üçün təşəkkürlər, Elroman. Uğurlar arzu edirik.

- Çox sağ olun, mən təşəkkür edirəm. 

 

Orxan Saffari