adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Fevral 2021 13:42
60708
MÜSAHİBƏ
A- A+

"Yaşlı nəsildə olan sadəlik, ədalət  kaş, gənclərdə də olaydı" - MÜSAHİBƏ

Müsahibimiz gənc yazar, “525-ci qəzet”in əməkdaşı, ADMİU-nun mətbuat katibi Şəhanə Müşfiqdir.

- Yaxşı mənada təəccübləndirməyi bacarırsan. Əksəri olmasa da, bir çox gənc xanım bir neçə ortabab, daha doğrusu, özünü intellektual göstərməyə çalışan yazısının qəzet səhifələrində dərcindən, haqqında 5-10 nəfərin tərifindən sonra “qlamur havalarına” girir. Səndə isə bu olmadı. Belə desək, işgüzarlığın, yaradıcılıq məhsuldarlığın artdı.

- Dediyin halların mən də şahidi olmuşam. Məncə, bu məsələnin açar nöqtəsi elə sənin dediyin “özünü intellektual göstərməyə çalışan” ifadəsində gizlənib. Bəlkə hansısa həmkarlarımızın elə bir istəyi, arzusu olub, amma mən heç vaxt belə bir “yoxluq” yaşamamışam. Ədəbi mühitə, jurnalistikaya da özümü intellektual göstərməyə, ya da adımı tanıtmağa gəlməmişəm. Mənim işim, istəyim, ehtiyacım, arzum yazmaq olub həmişə. Evimdə də yazmışam, redaksiyada da, yol gedəndə də, tədbirdə də, hətta toyda da (gülür). Yazmadığım vaxtlarda da yazı haqda düşünmüşəm. Ədəbi mühit, xüsusən, “525-ci qəzet” mənə yazmaq üçün meydan verdi sadəcə, yəni, nə qədər istəyirsən, nədən istəyirsən yaz. Mənim də dərdim yazmaq idi deyə, yazılarım çap olunduqca, rəğbət və tərif gördükcə, sən demiş, işgüzarlığım və məhsuldarlığım artdı.

Burda yetişdiyim mühitin, aldığım tərbiyənin də rolu ola bilər. Mən sadə insanların qızıyam, sadə ailədən gəlirəm. “Sadə” deyəndə təkcə, maddi vəziyyəti, cəmiyyətdəki statusu nəzərdə tutmuram, xarakter etibariylə valideynlərim də sadə, işgüzar, zəhmətkeş insanlardır. Gözümü açandan hər ikisini işləyən görmüşəm. Atama hərdən zarafatla “işkolik” deyərdilər. İşində uğurları, vəzifəsi artdıqca daha çox, daha ciddi çalışardı. Mənim iş həyatım başlayandan sonra bu cəhətdən ona oxşadığım məlum oldu.

İkinci tərəfdən isə heç vaxt tərif yoxluğu çəkməmişəm ki, iki təriflə “baş gicəllənməsi” yaşayım. Orta məktəbdə də, ali məktəbdə də, yaşadığım mühitdə də həmişə rəğbət görmüşəm, müəllimlərim tərəfindən tərif eşitmişəm. Belə desək, həmişə “xalxın qızı” mən olmuşam (gülür). Əgər yeniyetmə, yəni, nisbətən çılğın və təcrübəsiz vaxtlarımda o təriflər məni dəyişmədi, yolumdan kənarlaşdıra bilmədisə, indidən sonra da dəyişmərəm yəqin ki. 

-“Şahanənin nağılı”. Bəzilərinin dediyinə görə bu ad bir qədər şablon və daha çox həvəskarlığının yaratdığı ada bənzəyir.

- Həvəskaram da... Poeziyada heç zaman iddialı olmamışam, olmayacam da. Baxmayaraq ki, ilk qələm təcrübələrim şeir olub, şablon səslənsə də, uşaqlıqdan şeir yazmışam. Amma heç vaxt özümü şair kimi təqdim etməmişəm. Mən yazıçı, jurnalistəm. Çoxu isə şair kimi tanıyır. Bəlkə də şeiri oxumaq daha rahatdır, ya da şeir daha çox yadda qalır deyə, bilmirəm. Məncə, şeir ovqat məsələsidir. Nə vaxtsa hansısa hisslər yaranır və o, misralara çevrilir. Aylarla yazmadığım da olur, bir gündə iki şeir yazdığım da. Şeirlərimi sonradan redaktə də etmirəm. Sanki ilkinliyini, təbiiliyini pozmağa qıymıram. Həmin an onu hiss etmişəm, yazmışam. Buna görə şeirlərimi unuduram da. Hərdən hansısa şeirim qarşıma çıxır, oxuyuram və mənə yad təsir bağışlayır, sanki bunu mən yox, başqası yazıb. Çünki artıq o şeir yazılarkən hisslərim yoxdur. Qəlbimdən də, beynimdən də, hətta yaddaşımdan da silinib. Onda şeir yazmağıma sevinirəm. Deyirəm, nə yaxşı ki, həmin an bunu yazmışam, o hisslər məndən silinsə də, şeirdən silinməyəcək. Eybi yox, bu da ondan bir xatirə olsun. Sonra da fikirləşirəm ki, bəlkə də şeir yaza bilirəm deyə o hisslər qalmır məndə. Yəni məhz bu cür çıxır daxilimdən.

Kitabımın adına-“Şahanənin nağılı”na gəldikdə isə, adı mən qoymamışam. Xalq şairi, Sabir Rüstəmxanlı 2017-ci ildə şeirlərimi oxuyub, kitabıma ön söz yazarkən, öz məqaləsini “Şahanənin nağılı” adlandırmışdı. O, elə hey şeirlərimdəki nağıl motivindən bir silsilə kimi danışmışdı. Məndən oxuduğu ilk şeir “Gəl, sənə nağıl danışım” idi. Onunla başlayıb, sonra bütün şeirlərimdə o nağılı tapmışdı. Kitabıma ad fikirləşərkən, bu, diqqətimi cəlb etdi. Həqiqətən də fərqində olmadan şeirlərimdə nağıl motivləri olduğunu gördüm, nağıllara meylimi kəşf elədim və qərara gədim ki, məni və şeirlərimi ən yaxşı elə bu ad ifadə edəcək.

 

Poeziyada heç zaman iddialı olmamışam

 

- Nağıllarını poeziyaya çevirə bildin? Ədəbi mühitin yanaşması necədir? Ən azından özün münasibətdən razısan?

- Dediyim kimi, heç vaxt poeziya iddiasında olmamışam, hətta qələminə, ədalətinə güvəndiyim bir çox ziyalımız məni “şair” adlandırsa da, bu adı özümə yaxın qoymuram. “Şahanənin nağılı”nın təqdimatında da demişdim ki, mən şair deyiləm, bəlkə də bu, ilk və tək şeir kitabım olacaq. Bəlkə də yox, bilmirəm. Amma daxilimdə şair yoxdur mənim, sözü sevən, hisslərini sözə təslim edən bir insan var. Ədəbi mühitin yanaşmasından isə razıyam. Ən azından zövqünə güvəndiyim, uşaqlıqdan kənardan heyrətlə baxdığım, yaradıcılığını sevərək oxuduğum elə insanlar haqqımda yüksək fikir səsləndirib ki, özüm də heyrət etmişəm. Aqşin Babayev, Qəzənfər Paşayev, Zahid Sarıtorpaq, Fikrət Qoca, Vaqif Yusifli və başqaları kimi Azərbaycan ədəbiyyatının istiqamətini təyin edən adların cəmi 26 yaşlı bir qızın sırf imzasına görə, şəxsən tanışlığı olmadan durub kitabının təqdimatına gəlməkləri, haqqında fikir səsləndirməkləri heç də az iş deyil, deyə düşünürəm. Amma təbii ki, bu, məndə “qlamur havaları” deyil, əksinə, daha böyük məsuliyyət yaratdı. Üstündən üç il keçib.

Hərdən deyirlər ki, yaşlı nəsil gəncləri bəyənmir, əzməyə çalışır və sair. Mən isə əksinə, nəsildaşlarıma, bizdən sonra gələn, gəlməkdə olan şair, yazıçılara baxıram və fikirləşirəm ki, kaş, yaşlı nəsildə olan sadəlik, ədalət onlarda da olaydı. İndiki nəsil yazıdan, qələmdən öncə özünə “kruq” yaradır. Nə var nə var, bu onu tərifləsin, o da bunu. Ortada isə “kruq ədəbiyyatı”ndan başqa, heç nə yox. İstisnalar hər iki nəsildə var.

- Azərbaycan Yazıçılar Birliyinin Gənclər şurasında katib, “525-ci qəzet”in əməkdaşı, ADMİU-nun mətbuat katibi. Üstəgəl, ədəbi-bədii yaradıcılığın, şəxsi həyat. Bütün bunlar hansısa fəaliyyətini ikinci dərəcəli etmir?

- Əlavə edim: AMEA Ədəbiyyat İnstitutunun dissertantı. Yəni elmi fəaliyyətlə də məşğulam. Deməzdim hansısa hansınasa mane olur. Çünki belə baxanda hamısının mahiyyəti eynidir: ədəbiyyat və yazmaq. Əsas odur, bu işlərin hamısından ayrılıqda zövq alıram. Onlarla məşğul olarkən özümü suda balıq kimi hiss edirəm. Şəxsi həyata qalanda isə, orda da vəziyyət elə mən istəyən kimidir. Hərdən elə bilirlər karyeraya başım qarışıb, şəxsi həyatı arxa plana atmışam. Amma yox, elə deyil. Lazım olan məqamda balansı qorumağı da bacarıram. Əgər ehtiyac olarsa, bir müddətlik şəxsi həyatıma görə karyeramı da gözlədə bilərəm. Hələlik elə bir ehtiyac duymamışam deyə vəziyyət belədir. İnşallah, hər şey daha da yaxşı olacaq.

-  “525-ci qəzet”də ardıcıl şəhidlər haqqında yazıların dərc olunur. Hətta hər biri haqqında yazmaqda iddialısan. Alqışlanası addımdır. Bu addım hardan gəldi və bununla bağlı daha nələr etmək fikrindəsən?

- Qarabağ, vətən, şəhidlər... Həmişədən yaradıcılığımın əsas mövzularından olublar. Hətta 7-ci sinifdə oxuyarkən çap olunan ilk mətbu şeirim “Qarabağım” adlanırdı. İçimdəki o sevgiyə, o həsrətə görə o qədər eşitmişəm ki, “qarabağlısan, sən də məcburi köçkünsən?” suallarını. Deyir, insanın harası ağrıyırsa, canı ordadır. Bizim də millət olaraq, 30 ildir canımız Qarabağ idi. Çünki məhz orda qanayırdı yaramız. Şükür ki, sənin kimi oğulların sayəsində o yaramız da sağaldı.

2020-ci ilin iyulunda Tovuz döyüşlərindən başladım sırf bu mövzuda yazılar yazmağa. Sonra müharibə başladı və mütəmadi qəzetdə bu haqda esselərim, köşələrim çap olundu. Sosial şəbəkədə də bundan başqa heç nə paylaşmırdım. Amma maraqlıdır ki, 44 günlük Vətən müharibəmiz boyunca bircə dəfə də olsun nə şəhid adı çəkdim, nə şəhid şəkli paylaşdım. Guya bilmirdimmi alınan torpaqlarımızda neçə oğulun qanı, canı var? Bilirdim, amma susurdum, bu mövzuda bircə dəfə də olsun danışmırdım. Hətta bir dəfə bir nəfər buna görə məni “vecsiz” adlandırdı. Dedi, “elə sevinclə paylaşırsız ki, bu xəbərləri, sanki orda heç kim ölmür, şəhidlərin ailələrindən utanın!” Ona heç bir cavab verməmişdim, çünki özümü bilirdim. Sadəcə hər şeyin vaxtı vardı. Bəli, o müharibə günlərində biz məhz o cür olmalı idik, şən, sevincli, nikbin, inamlı. Çünki bir yazıçı, jurnalist olaraq insanlarda ruh yüksəkliyi yaratmaq bilavasitə vəzifə borcumdur. Bəlkə bu borc heç yerdə yazılmayıb, amma mən bunu özümə belə təlqin etmişəm. İnsanlardakı həvəsi öldürməyə, onları ümidsizliyə salmağa bir yazıçı kimi haqqım yoxdur. Şəhidlər isə hər zaman fikrimdə, beynimdə, qəlbimdə idi. Müharibə gedən günlərin birində baş redaktorumuz Rəşad Məcidə dedim ki, istəyirəm müharibədən sonra şəhidlərdən silsilə yazılar yazım. Mənə qəzetdə yer ayırarsınız? O da dedi, tələsmə, hələ dövlət siyahını təsdiqləsin, sonra baxarıq. Amma bir az şübhəylə yanaşdı ki, təkbaşına görəcəyin iş deyil. Mənsə, qərarımı vermişdim, edəcəkdim. Dövlətimiz şəhidlərin sayını və adını açıqlayan kimi də “qollarımı çirmələyib”, işə başladım. Sağ olsun, Rəşad müəllim, mən deyəndən də artıq yer ayırır, diqqət göstərir silsiləyə. Bu həftə silsiləmin 12-ci yazısı çıxdı, 170 şəhid haqqında çap etdirmişəm. Çap olunmayan, amma yazdığım çox şəhidlərimiz də var. Məlumatlar gəlməkdə, özüm də axtarıb tapmaqda davam edirəm. Bəli, fikrim, vətən yolunda canını fəda edən şəhidlərimizin hamısından yazmaqdır. Bu, aylar, illər davam etsə də. Sonda isə hamısını toplayıb, kitab kimi çap etdirəcəyəm. Bu, təkcə mənim yox, “525-ci qəzet”in kitabı olacaq. Çünki silsilə mənim olsa da, hər birimizin az və ya çox dərəcədə zəhmətimiz var. İnşallah, qələbəmizin birinci ilinə bu kitabı çatdırarıq. 

- Mətni duymaq imkanların təqdirə layiqdir. Onları analiz etmək və özündən kənar müəllifləri onlar haqqında yazılarınla kütləyə sevdirmək bacarığın. Əksər tənqidçilər bunu bacarmır. Bəlkə, yeni bir ünvan da götürüb fəaliyyətə başlayasan. Tənqidçi Şahanə Müşfiq...

- Yazılarım haqda bu cür yüksək fikrin üçün təşəkkür edirəm. Əgər həqiqətən də dediyin kimi, bu, məndə alınırsa, nə xoş halıma. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində oxuyarkən bir müəllimim məni ciddi-cəhdlə ədəbi tənqidə yönəltmək istəyirdi. Deyirdi, filoloqsan, ədəbiyyatçısan, təhsilin, savadın və istedadın buna imkan verir, keç tənqidə. Amma mən həmişə təmkinli davranmağın tərəfdarıyam. Hamısından bir az olmaqdansa, birindən tam olsun. Ona görə də sənədlərimi AMEA Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid şöbəsinə verdim. Hazırda həmin şöbənin dissertantıyam. İnşallah, müdafiə edəndən sonra həqiqətən də olacam ixtisaslaşmış “tənqidçi Şahanə Müşfiq”.

- “Bir qızım gələcək dünyaya bütün gedənlərin əvəzinə”... Gedənlərin yeri doldumu? Və ya bir qız övladı özündə bütün dünyanı sığdırmağa bəs edir?

- O qız gəlmədən də bütün gedənlərin yeri dolub artıq (gülür). Allah bizi daha ağır gedişlərdən saxlasın. Əlbəttə, bir qız övladı tam mənasıyla özündə bütün dünyanı sığdırmağa bəs etməz, amma özü bir dünya ola bilər və sən ömürlük o dünyaya sığınıb yaşaya bilərsən. Məsələn, illər öncə mənim anamın anası rəhmətə getdi. O gedənin yerini mən doldura bilmirəm, amma anam mənim dünyama sığınıb yaşayır, o gedənin yerini mənim dünyamda, mənim xoşbəxtliyimlə doldurur.

 

Şeirlərimdəki sentimentallıq xeyli dərəcədə azalıb.

- Özü pozitiv qızın şeirlərinə bəzən dozadan artıq kədər yükləməsinin səbəbi nədir? Acındırmaqla oxucu toplamaq, ya? Bəlkə bu da ədəbi bir gedişdir...

- İllərdir bu sualla az qala hər müsahibəmdə qarşılaşıram, amma heç birində dəqiq cavabı tapmamışam. Məncə, 6-7 il öncə yazdığım şeirlərimdə kədərin dozası artıq idi, indi yox. Onun da səbəbi nə oxucu toplamaq olub, nə də bir ədəbi gediş... Səbəbini özüm də bilmədiyim şəkildə belə yaranıb. Bəlkə də illər öncə daha çox melonxolik idim, ruhumda sentimentallıq vardı, bu da şeirlərimə yansıyırmış. İllər keçdikcə, böyüdükcə, dəyişdim. İndi sadəcə realistəm. Şeirlərimdəki sentimentallıq da xeyli dərəcədə azalıb.

-“Ailə, namus, uşaq, el-oba, tanış-biliş, qonşu-qohum xətrinə döyülə-döyülə, söyülə- söyülə hər cür təhqirlərə dözən cəfakeş qadınların fədakarlığına pis baxıram”... Bu fikir nələrisə, bəlkə də dərinliyi bilmədiyimizdən irəli gələ bilərmi? Ailə üçün o fədakarlığı qəbul etməyib də başqa cür istər fiziki, istər mənəvi, istər iş-karyera, istər uğur baxımından əzilənləri, döyülənləri də görürük...

- İstisnalar həmişə hər yerdə var. Amma müşahidələrimə əsasən, deyə bilərəm ki, məhz sadaladığımız səbəblərdən bütün əzablara qatlaşıb oturan anaların uşaqları gələcəkdə daha çox travmalı, şiddətə meyilli olurlar. Yəni belə desək, övladı üçün fədakarlıq edən o ananın zəhməti boşa gedir. Əksinə, hər gün anasının aşağılandığına, döyüldüyünə, təhqir olunduğuna şahid olan uşaq gələcəkdə, ya özü qəddar böyüyür, ya da ona qarşı qəddarlıq edilməsinə icazə verir, hətta şərait yaradır, çünki uşaqlıqdan gördüyü, bildiyi odur. Sizin sualınızın axırıncı cümləsində, fədakarlığı qəbul etməyib, kənarda əzilənləri də yaxşı araşdırsaq, məhz o cür ailələrdən çıxanlardır. Ona görə də qadın mütləq şəkildə öz ayaqları üzərində durmağı bacarmalı, yeri gələndə qarşı çıxmalıdır. Özü də ömrünü fəda etdiyi övladına görə etməlidir bunu. Onu normal fərd kimi böyüdə bilmək üçün. Bu, heç də çətin deyil. O, Cəfər Cabbarlının dövründə idi çadranı atmaq, onu aşağılayan ərdən imtina etmək inqilab hesab olunurdu. Artıq “gəlinlikdə çıxdın, kəfəndə geri dönərsən” zamanı deyil. Qızlarımıza bu cür deyib yola saldıq deyə qadın cinayətlərinin, intiharların sayı fantastik dərəcədə artır. Belə deyənlərə görə, qızlar həqiqətən də kəfəndə geri qayıdırlar: ya öldürülüb, ya da intihar edib.

Nə gözəl olardı ki, ailələr möhkəm olaydı, qadınlarımız əzilməyəydi, Allah hər kəsi yaxşı insanla qarşılaşdıraydı. Bunlar arzulardır. Olsa nə gözəl. Amma olmasa, həyatı özünə zindan etmək, qan qusmaq nəyə lazım?! Qadın istəsə, onun kimsəyə ehtiyacı olmaz.

 Söhbətləşdi: Emin Piri