adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Fevral 2021 12:34
69755
ƏDƏBİYYAT
A- A+

Kamal Abdullanın “Sarı Camış” hekayəsində obrazların psixoloji durumu

Çağdaş ədəbiyyatımızda hekayə janrına olan maraq özünün mövzu genişliyi, forma rəngarəngliyi, ifadə vasitələrinin zənginliyilə diqqəti cəlb edir. Hekayənin yığcamlığı və orijinallığı, müəllifin az sözlə dərin məna ifadə etməsi başlıca amillərdən biridir. Çünki hekayə real tipin həyatından alınmış kiçik bir epizoddur. Yazıçı bu epizodu elə məharətlə seçməli və tamamlamalıdır ki, qəhrəmanın həyat yolu, keçmişi və gələcəyi aydın ifadə edilmiş olsun. Məhz bu mənada Xalq yazıçısı Kamal Abdulla öz hekayələrini qısa və aydın şəkildə yazmağı bacaran, mənalı təfərrüatları yerli – yerində işlətməklə oxucunu dərindən düşündürən və bir – birindən gözəl real səhnələr yaradan sənətkarlarımızdandır.

30 ilə yaxın müddətdir ki, bir çox yazarlarımız Qarabağ müharibəsini öz əsərlərində mövzu pridmetinə çevirərək xalqımızın düşdüyü bu çətin və acınacaqlı vəziyyəti ürək ağrısıyla qələmə almışdılar. Bu cəhətdən Kamal Abdullanın “Sarı Camış” ( 21.11.2020) hekayəsi xüsusilə təqdirəlayiqdir.

Hekayənin ən koloritli, yadda qalan obrazlarından biri Sarı Camışdır. Əsl adı Qumral olan bu şəxsi hamı hörmət əlaməti olaraq “Sarı çağırır.” Sözü ilə əməli bir olan bu adam öz alicənablığı, şəxsiyyətinin bütövlüyü ilə diqqəti cəlb edir. Bununla yanaşı onun ağır zəhmi də vardı. Bir gün Məzhəbqulu çayxanada oturub bilmədiyi sözü danışanda o, ilk öncə Sarı Camışın “qəzəbli təpkisi” lə qarşılaşır. Onun “yumruğunu var gücüylə stolun üstünə vurması” yla araya dərin bir sükut çökür. Bu zəhmli baxışların önündə duruş gətirə bilməyən Məzhəbqulu qorxudan özünü itirir, “kürəyindən tumanınacan soyuq tər axır.” İlk görüşdən biz onun hərəkətlərini maraqla izləyir, Məzhəbqulu ilə toqquşmasının nə ilə bitəcəyini dərin həyəcan hissi ilə gözləyirik: “ – Sən ağzını Allah yolunda qoyub kimin sözünü danışırsan, ə?! Sən heç bilirsən nə deyirsən?!”

Ədib əsərdə obrazın qəlbində baş verən tufanı, onun daxili aləmindəki təlatümü, müharibənin qanunlarına uyğun olaraq elə inandırıcı şəkildə əsaslandıra bilmişdir ki, oxucuda buna zərrə qədər də olsa şübhə yeri qalmır.

Müəllif obrazın mənəvi keyfiyyətlərini önə çəkməklə təsvir etdiyi hadisələrə dərindən nüfuz etməyi bacarır. O, yaratdığı xarakterin portretini təbii cizgilərlə çəkərək onu oxucuya belə təqdim edir: “ Sarı Camışın olardı qırx, qırx bir yaşı, Bu oturub çay içdikləri və sözlərinin çəp düşdüyü çayxana onunki idi. Sarı sifəti, sarı saçları, sarı kirpikləri var idi. Nəhəng vücudunu da bura əlavə etsək, Sarı Camış ləqəbini niyə daşıdığı aydın olurdu.”

Yazıçı dərin rəğbət bəslədiyi bu obrazın həyatının ən çətin, drammatik, hətta faciəvi anlarını belə bədii boyalarla canlandırıb oxucuya təqdim edə bilir. Canlı, real və həyati bir obraz olan Sarı Camış özünün alicənablığı və xeyirxahlığı ilə oxucunu məftun edir: “Ürəyi yuxa idi. Kənddə cibinə pul qoymadığı cavan, çaya qonaq eləmədiyi yaşlı qalmamışdı. Qoçaq idi... Elə haman Məzhəbqulunu polisdən dəfələrlə qurtaran da o idi...” O, kamil və bütöv bir xarakterdir, müharibədə bərkimiş və mətnləşmiş bir qəhrəmandır.

Sarı Camış müharibənin ilk günlərindən öz müəllimi və komandiri Laçın Əjdərin çağırışına qoşularaq torpaqlarımızın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı döyüşlərdə çiyin – çiyinə vuruşaraq düşmənə qan uddurmuşdu. Döyüşlərin gərgin vaxtında Əjdər müəllim oğlu Mərdanıda öz yanına gətirmiş, döyüşçülərlə onun arasında heç bir fərq qoymamışdı. Ağır döyüşlərin birində Mərdan düşmən snayperinə tuş gəlmiş və “atasının qucağında şəhid olmuşdu.” Sarı Camış bu hadisədən iki gün sonra ermənilərin döyüş mövqeyinə tərəf gedərək “iki düşmən əsgərini yaxalayıb hərəsini bir qoltuğunun altına vuraraq sürüyə - sürüyə gətirib Əjdər komandirin ayağı altına atmışdı.” “Bu canlı meyidləri” tutqun baxışlarla seyr edən komandir onları zirzəmiyə saldırmış, səhəri gün qərərgaha təhvil verdirmişdi. Bunu görən Sarı Camış “təəccüb içində” donub qalır.

Əsərdə Sarı Camış yeganə qəhrəman deyildir, onunla yanaşı diqqət çəkən obrazlardan biri də öz həqiqi vətənpərvərliyi, xarekterinin dolğunluğu və yüksək insani keyfiyyətlərilə fərqlənən “Əjdər komandirdir.” Cəbhədə qazandığı uğurlarına görə “Laçın Əjdər” adını almış bu igid qəhrəman müharibənin ilk günlərindən könüllülərdən ibarət döyüşçülər toplayaraq, torpaqlarımızın azadlığı uğrunda erməni işğalçılarına qarşı mübarizəyə qoşulur. O, cəbhəyə yaxın kəndlərdə uğurlu hərbi əməliyyatlar aparmış, düşmənə ağır zərbələr endirmişdi. Oğlu Mərdanın ölümü onu dərindən sarsıtsa da, o, bu ölümü sükutla qarşılayır: “İmanlı kəndində Mərdanın dəfni zamanı Əjdər komandir qürurlu görünürdü. Nə meyid məzara endiriləndə göyə atılan avtomat səsi, nə də çalınan himni eşidirdi. Beynində ancaq Mərdanla danışırdı...”

Burada müəllif əsərin alt qatının məna dərinliyini daxili səsin qüdrətilə səciyyələndirir. Bu səs obrazın daxili dünyasının səsidir. O obrazı sonadək izləyən səsdir. Daxili səs obrazın şüurunda, davranışında, ruhunda əks - səda verən aparıcı xətdir.

Oğlu Mərdanın ölmündən sonra Əjdər komandirin narahatçılığını önə çəkən müəllif qəhrəmanın keçirdiyi ruhi çırpıntıları, anidən baş verən hadisənin dumanlı şəkildə təsəvvürü, məntiqi həll tələb edən cavabsız qalmış sualları, obrazın öz – özü ilə dialoqu bədii təhlil vasitəsinə çevirir. Şəxsi təəssürat və düşüncələrlə real həyat səhnəsi obrazda dərin psixoloji sarsıntılar yaradır və bu sarsıntılar içərisində o öz sirli dünyasına qapanır: “Niyə? Niyə mən yox, sən? Niyə mənim ağlıma gəlmədi ki, səni özümdən qabağa buraxmayım?. Bəlkə, sən bilmişdin, ya da hiss eləmişdin ki, nişana məni alırlar, ona görə məndən qabağa keçmişdin?! Mən səni beləmi qorudum?! Öz yanımda apardım gülləyə tuş edim?! Niyə sən o an o nöqtədə olmalı idin?! Niyə?!...”

Əslində bu obraz saysız – hesabsız suallarına cavab axtarmır. Çünki, bu sualların cavabı obrazın daxili aləmində yatıb qalmış cavabsız suallardır. Onun cavabını obrazın dərdində, kədərində, qəmində, əbədi iztirablarında, səksəkəli həyatında, yuxusuz gecələrində, bəxtsiz taleyində axtarmaq lazımdır.

Yazıçı qələmə aldığı bu obrazların hər birinin yadda qalan müsbət cəhətlərini önə çəkməklə onlara xas olan ümumi keyfiyyətləri bütün incəliklərinə qədər canlandıra bilmişdir. Xalqımız haqq işi uğurunda apardığı mübarizə, tutduğu yolun doğruluğu, dönməzlik, qətiyyət, prinsipiallıq, düşmənə nifrət hissi, güclü müqavimət duyğusu bu müsbət qəhrəmanları birləşdirən başlıca xüsusiyyətlərdən biridir.

Erməni işğalçılarına qarşı döyüşlərin birində hücum zamanı komandirin qəfildən öz yerində dayanması Sarı Camışın gözündən yayınmır. Komandir yanında ötüb keçmək istəyən çavuş Həşəmətin əlindən tutub saxlayır. Çavuş əvvəlcə bir şey anlamır. Bu vaxt düşmənin onu nişan aldığını görən komandir cəld bir hərəkətlə çavuşu “öz arxasında gizləyir.” Düşmən gülləsi onu ağır yaralayır.

Amma çavuş bunun fərqinə varmadan döyüşə atılır. Son anda belə öz sinəsini düşmən gülləsinə qarşı sipər edən komandir canı qədər sevdiyi döyüşçüsünü ölümdən xilas etməklə öz əsgəri borcunu yerinə yetirmiş olur. Komandir yaralı halda yerə düşmüş bayrağı götürüb torpağa sancmaqla düşmən üzərində yenilməz olduğumuzu bir daha nümayiş etdirir.

Əjdər komandirin şəhadətə yetməsi döyüşçülərin qəlbində dərin kədər hissi doğursa da, düşmənə qarşı sonsuz intiqam hissini daha da alovlandırır. Bu qəhrəman döyüşçülər ancaq bir məslək, bir amal uğrunda döyüşlərə atılaraq öz qanları ilə tarix yazırlar. Bu döyüş igid əsgərlərimizin ölüm – qalım savaşı idi: “Bütün əsgərlər artıq təkcə ayaqları ilə deyil, ruhları ilə irəli cumurdu. Sarı Camış gözlərinə yaş, boğazına qəhər dola – dola, ləhləyə - ləhləyə, son gücünü toplayıb özü də bilmədiyi hansısa sözləri bağıra – bağıra irəli qaçır və bu zaman geriyə qanrılıb səngərə tərəf baxmağa ürək eləmirdi. Beynindən çıxmırdı ki, geriyə baxsa müəllimi və komandiri Laçın Əjdərin heykələ dönmüş vücudunu əli ilə tutub söykəndiyi bayrağın yanında görəcək.”

Müəllif hekayədə yaratdığı obrazların psixologiyasını müharibə şəraitinin psixologiyası ilə vəhdətdə verir. Obrazın daxili aləmilə cəmiyyətin əhval – ruhiyyəsindəki ahəngdarlıq ümumi mənəvi – amillərdə xalqımızın vətənpərvərliyində, qəhrəmanlıq və fədakarlığında, fikir və düşüncələrinin ülviyyətində özünü daha aydın şəkildə göstərir. Çünki bu obrazlar öz arzu və düşüncələrində, hiss və həyəcanlarında da müharibə şəraitilə bağlıdırlar. Sənətkarın aydın təsviri, dəqiq və emosional təsir gücünə malik sözlər seçmək bacarığı, obrazların daxili dünyasına nüfuz etməsi, onların ictimai – psixoloji planda təsviri, döyüşçülərin şüurunda əmələ gələn dəyişikliyi, dəhşətli müharibə həyatının tipik cəhətləri əsərdə bütün çalarları ilə öz bədii əksini tapmışdır.

Ədib hekayədə göstərir ki, düşmənə amansız divan tutan, vətənimizin bütövlüyünü qoruyan bu mərd insanların qüvvəsi yalnız onların gücündə, silahında, yekdilliyində deyildir. Bu mübarizədə onlara güc və qüvvət verən əsas amillərdən biri də mənsub olduqları xalqın əsrlərdən - əsrlərə keçərək bu günümüzə qədər gəlib çatmış qəhrəmanlıq ənənələrindədir. Biz bunun ən bariz nümunəsini “Dədə Qorqud” və “Koroğlu” dastanlarında aydın görə bilirik. Dəli

Domrulun bir çox xüsusiyyətlərini özündə birləşdirən Sarı Camış eyni zamanda Koroğlu obrazının da bir sıra cəhətlərini özündə cəmləşdirir. Koroğlu “bir oturuma bir qazan aşı yeyib qurtardı”ğı kimi, Sarı Camışda bir oturuma “…beş adamın yeməyini mərc gəlib yeyər, mərci udar, üstündən beş yumurta beş pomidora çırpılmış çığırtma istərdi...” Ədib öz qəhrəmanını epos qəhrəmanları səviyyəsinə qaldırmaqla onu oxucunun gözündə daha da ucaldır.

Qeyd etmək lazımdır ki, müəllif Sarı Camışı “çılğın”, “dəliqanlı” adlandırmaqla bunu heç də obrazın tipik xüsusiyyətlərinin qabardılması kimi başa düşmək lazım deyil. Surət həyatidirsə, onun özünə məxsus tarixi – milli şəraitlə müəyyənləşmiş yolu olmalıdır. Bu halda o, müəllifin iradəsinə tabe olmur: “Sarı Camışın tarıma çəkilmiş, yumruq zərbəsinə sıxışdırdığı qəzəbi, hədəqəsindən az qala çıxan gözləri, ağzından parıldaya – parıldaya çölə can atan sözlərin ağzın intonasiyası – hamısı bir – birilə qucaqlaşıb çayxanada göz qabağındaca əcayib bir vəhşət yaratdı. Məzhəbqulunun canını qorxu bürüdü.” Burada surətin daxili dünyası, psixoloji durumu, gözlərinə qan sığan qəzəbli baxışları, tarıma çəkilmiş əsəbləri bu obrazın psixologiyasında müharibənin əmələ gətirdiyi qorxunc fikirlərdən və sarsıntılardan xəbər verir.

Eyni zamanda yazıçı əsərdə bir – birinə zidd xarekterləri toqquşdurmaqla onların daxili aləmini bütün təfərrüatı ilə sərgiləmiş olur. Özünü Sarı Camışın qəzəbinə tuş gəlməkdən qurtarmaq üçün qorxu içində: “ – Mən nə dedim ki... Məzhəbqulu peşman – peşman pıçıldadı... Mərmərlidən bir nəfər ilə avtobusdan bir gəlirdim. O dedi. Guya Əjdər müəllim cəbhədə ikən iki erməni əsirini açıb buraxıb evlərinə...” “Sarı Camışın da yumruqları elə bu zaman stolun üstünə dəymişdi.”

“Sarı Camış” hekayəsini müharibə mövzusunda yazılmış ən mükəmməl, ən dəyərli orijinal bir əsər kimi qiymətləndirmək olar. Yazıçının böyüklüyü qələmə aldığı hadisələrin rəngarəngliyi, onu mənalandırmağı, konkret bir epizodun ifadə etdiyi ümumi cəhətləri ictimai – psixoloji planda təsvir etməyi bacarmasındadır. Obrazı daim hərəkətdə vermək, cərəyan edən hadisələri diqqətlə izləmək, real tipləri fərdiləşdirməklə obrazlar arasındakı ziddiyyətlərdən doğan konflikti zamanında həll etmək yazıçıdan böyük məharət tələb edir. Ədib obrazlı ifadələrdən yerli – yerində istifadə etməklə tipin bədii xüsusiyyətlərini qabarıq şəkildə təzahür etdirmiş, onun danışıq və hərəkətlərini özünəməxsus şəkildə dəyərləndirmişdir.

Vəliyulla Novruz