adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Fevral 2021 15:53
62641
MARAQLI
A- A+

Daşnaksütyun partiyasının edəcəyi bir iş yoxdur - Ermənistanın baş nazirinin 1923-cü il məruzəsi (16-23-cü maddələr)

əvvəli burada

16. Seymdə baş verən anlaşmazlıqları heç bir kompromislə yatırtmaq mümkün deyildi. Bir partlayış qaçılmaz idi.

Gürcülər bizim onların çiynində lazımsız yük olduğumuzu, biz olmadan da öz işlərini rahatlıqla həll edə biləcəklərini başa düşürdülər. Azərbaycanlıların isə tək bir arzusu vardı: tezlikə türklərlə birləşib Bakıya girmək. Türklərin zəfərlərindən sonra azərbaycanlıların Cənubi Qafqaz Federasiyasına ehtiyacları qalmamışdı. Gürcülər onlara lazım deyildi, erməniləri isə düşmən olaraq görürdülər.

Parçalanma zamanı gəlmişdi.

26 may, Seym Cənubi Qafqaz xalqları arasında savaş və sülh mövzularıyla bağlı əsaslı fikir ayrılıqları olduğuna diqqət çəkərək səlahiyyətlərindən imtina etdi.

Eyni gündə və eyni binada Gürcü Milli Şurası Gürcüstanın müstəqilliyini təntənə ilə elan etdi.

Bir gün sonra eyni addımı Azərbaycan da atdı.

Növbə Ermənistana gəlmişdi.

Biz müstəqilliyimizi elan etməli idikmi? Öz dövlətimizi qurmaq və onu yaşatmağa gücümüz varmıydı?

Bu suallar gülünc və lazımsız idi. 1918-ci il mayın sonlarından seçim etmək üçün nə yer, nə də zaman vardı. rarix bizi bəlli bir hala gətirib çıxartmışdı. Cəsarətimizi toplamaq və bunu həll etmək məcburiyyətində idik, çünki yox olmaq istəmirdik. Ermənistana sahib çıxmalı idi, əks təqdirdə onu sonsuza qədər itirəcəkdik. Kiçik bir tərəddüd res nullius (sahibsiz əşya) vəziyyətini doğuracaqdı və bu halımızla qonşularımı olan türklər, gürcülər və tatarlar üçün qənimət halına gələcəkdik.

28 may tarixində gecənin yarısı Mərkəzi Milli Şura Ermənistanı müstəqil dövlət və özünü bu dövlətin ən yüksək suveren hakimiyyəti olaraq elan etdi.

17. 22-26  may tarixlərində Sərdarabad, 25-28 may tarixlərində də Qarakilsə döyüşləri baş tutdu.

Erməni xalqı öz varlığını qorumaq üçün bütün gücünü ortaya qoymuşdu. Heç şübhəsiz ki, bu çətin müharibələr xalq kütləsinin (çünki artıq ordu yox idi) sərgilədiyi bu qəhrəmanca dirəniş (xüsusilə Qarakilsə ətrafında) türklərin gözündə bizim əhəmiyyətimizi bir o qədər artırdı və sülh əldə edilməsinə imkan yaratdı.

Bu dəfə artıq Ermənistan Respublikası adına hərəkət edən və Milli Şuradan səlahiyyət almış erməni nümayəndələr yenidən Batumiyə qayıtdılar və 4 iyun günü müqavilə imzalandı.

Erməni xalqının həyatında bu yeni bir dövr idi; keçmişdə itirilən dövlət sisteminin yenidən doğuş dövrü.

18. 1 Avqust Yerevanda ermənistan parlamenti işə başladı və ilk hökümət quruldu.

Məclis yenə eyni Milli Şura üzvlərinin mövcud sayını üç qat artırılaraq yaradılmışdı. Üzvlərin arasında 6 müsəlman, 1 rus və 1 Yezidi kürdü əlavə olunmuşdu. Üstünlük Daşnaksütyunun əlində idi. Bizim fraksiya 47 səsdən 18-inə sahib idi və başqa heç bir fraksiya ilə blok qurmadığı üçün parlamentin sabit mərkəzi və bəlli bir siyasi kimliyi yox idi.

Hökümət də sabit deyildi. İlk 10 ay ərəfəsində nazirlər kabineti dörd dəfə dəyişdi, fəqət bu hökümətlərdə baş nazir həmişə eyni adam idi.

Qurulan ilk hökümətlə koalisiya idi (Daşnaklar, Gənclər və müstəqil bir müdafiə naziri). Koalisiya hökümətinin sağlam  bir bünövrəsi yox idi, çünki parlamentdə zəmanətli çoxluğa sahib deyildi (gənclər tez-tez daşnaklardan ayrılırdılar). Ən önəmlisi də koalisiya hökümətini təşkil edən partiyalar arasında proqram əsasında bəlli bir anlaşma yox idi. Partiyamızın hökümətə qarşı göstərdiyi münasibət də bu mövzuda bir əngəl yaratmaqda idi.

19. Çox vacib bildiyim və aşağıda açıqlayacağım bir səhvi də burada qeyd etmək istəyirəm.

Ermənistan demokratik respublika idi. Daşnaksütyun buna qarşı deyildi, həmçinin bu mövzuda israrlı olmuşdu. Respublika parlamentar dövlətlərin sahib olduğu qurumlara sahib idi. Xalq təmsilçilərindən obarət təkməclisli hüquqi orqanı və ona qarşı cavabdeh olan bir hökümət var idi. Parlament sözündən bəhs etdiyim dövrdə fəaliyyət göstərən dörd partiyanın və etnik azlıqların təmsilçilərindən ibarət idi və daha sonra demokratik prinsiplərə uyğun olaraq yaradıldı. Hökümət öz səlahiyyətlərini hüquqi orqanın almaqda idi (Ermənistanda prezident yox idi) və ona cavabdeh idi.

Formal olaraq belə idi.

Amma gerçəklik isə fərqli idi.

Gerçəkdə bizim partiya həm hüquqi orqanını, həm də höküməti öz idarəsi altında almaq istəyirdi. Açığı bir diktatorluq elan etməyə cəsarətimiz (və imkanımız) yox idi. Və parlament çərçivəsində də qalmaq istəmirdik. Ermənistanda ittihadçı bir xətt izləməyə çalışırdıq (demokratik idarə bayrağı altında partiya diktatorluğu).

Nəticədə hakimiyyət ikibaşlı hala gəldi; hakimiyyət rəsmən parlamentə və onun qurduğu hökümətə, feilən isə partiyaya və onun orqanlarına aid idi.

Təbii ki rəsmi və qeyri-rəsmi olaraq tətbiq olunan bu iki hakimiyyət növü bir-birini əngəlləməkdən başqa bir şey deyildi. Rəsmi şərtlər partiyanın azad və çevik davranmasına, öz iradəsini ortaya qoymasına imkan vermirdi; partiyanın müdaxilələri də hökümətin öz uyğun bildiyi formada hərəkət etməsini əngəlləyirdi. Bu vəziyyət koalisiyanın qurulması içini çox çətinləşdirirdi. Həqiqətən də koalisiya hökümətinin yad ünsürləri özlərinə aid olmayan hökümətdən kənardakı, müdaxilə edə bilmədikləri partiya qurumlarında bəlli edilmiş siyasətləri tətbiq etmək məcburiyyətində qalırdılar.

Yazda partiyanın səlahiyyətli orqanının verdiyi işə uyğun olaraq bu həssas mövzuda bir hesabat hazırlayaraq partiya konqresinə təqdim etdim. Mənim hesabatım Konstantinopolda təşkil olunan toplantıda oxundu.

Burda isə bu mövzuda sadəcə bir neçə sətirlə kifayətlənəcəyəm.

20. Noyabr ayında sülh elan olundu. Almaniya və onun müttəfiqləri məğlub oldular.

Alman dəstələri təcili Gürcüstanı tərk etdilər. Türklər də öz əvvəlki sərhədlərinə çəkildilər.

Ayın sonunda  ingilis dəstələri – bizim müttəfiqlərimizin dəstələri – Batumiyə girdilər. Biz yeni ümidlər bəsləməyə başladıq. Sanki bizim Cənubi Qafqazdakı vəziyyətimiz əsaslı şəkildə dəyişəcəkdi. Çünki qaliblər və Tiflisdə alman dəstələrinin yerinə gələnlər bizim müttəfiqlərimiz idi. Biz də ortaq düşmana qarşı eyni cəbhələrdə döyüşmüşdük. Təbii ki biz almanlarla cici-bacı olan gürcülərə və aşkaranə türklərin tərəfinə keçmiş azərbaycanlılara nisbətdə ingilislərin xüsusi dostluğuna layiq görüləcəkdik.

Yenə yanılmışdıq. İngilislər hər hansı bir fərq qoymurdular. Bizim onların müttəfiqi olduğumuzu sanki bilmir, ya da unutmuşdular. Gürcülərə və azərbaycanlılara qarşı sərgilədikləri comərdlik qəti şəkildə gözlənilməyən və anlaşılmayan vəziyyət idi. Əlbəttə biz ingilislərin bu münasibətindən məmnun olmadıq və onların vəfasız olduğunu düşündük. Bu anlaşılmaz vəziyyəti öz yozumumuzla açıqlamaq ən asanı idi. Onların vəfasız olduğu nəticəsinə vardıq və içimiz rahatlıq tapdı. Amma bu vəfasızləğən səbəbini araşdırmadıq.

 

21. Dekabrın əvvəllərində Gürcüstan-Türkiyə müharibəsi başladı, amma çox davam etmədi. Türklər Gümrüdən Pəmbəkə qədər hərəkət edərək Qarakilsəni ələ keçirəndə, gürcülər bundan yararlanmış və Ermənistanın Lori bölgəsinə əsgər yerləşdirmişdilər. Fəqət türklər geri qayıdandan sonra gürcülər Lorini boşaltmaq istəmədilər. Əksinə, hər fürsətdən yararlanaraq orada yerlərini möhkəmləndirmək istədilər.

Bölgədə yaşayanların etirazlarını amansızcasına yatırtdılar. Lori ermənilərlə gürcülər arasında bir münaqişə mövzusu, ən ciddi sərhəd problemi oldu.

Bizə təzyiq etmək üçün Gürcüstan bizi dünyadan feilən qopardı və öz sərhədlərimiz içərisinə məhkum etdi. Qaçqınlarımızı bəsləmək üçün xaricdən gətirilən buğda belə Gürcüstanda bir çox əngəllə qarşılaşır, yerinə gedib çatmırdı.

Gürcüstan Lorini işğal etdi, dəmiryolunu bağladı. Biz mühasirə içində qaldıq. Bu, artıq həqiqətən müharibə səbəbiydi. Loridəki bəzi erməni kəndlərinin ayağa qalxması və gürcü hökümətinin sərt tədbirləri isə birbaşa müharibə üçün səbəb oldu. Hökümət erməniləri kəsmək üçün sanki bir səbəb axtarırdı.

Ordumuzda xidmət edən rus əsgərlərin provakasiyaları da çox güman bəlli bir yol oynamışdı. Gürcüstanda hökümət hər cəhdlə rus ünsürünü (ki, bu ünsür Tiflisdə çox güclü idi) zəiflətməyə, onun təsirini qırmağa və dövlət aparatını milliləşdirməyə çalışırdı. Bu məqsədlə rus məmurlarını və əsgərlərini işdən çıxarır və Gürcüstandan kənara göndərirdi.

Ordumuzda çoxlu rus əsgər xidmət edirdi və bunların Tiflisdə (bəlkə də Denikinin könüllü dəstələrində də) əlaqələri vardı. Hərbi əməliyyatların başladılması üçün çox lazım olan düşmənlik atmosferini yaratmaq məqsədilə bizim hərbi çevrələri də çox güman onlar ayağa qaldırmışdılar.

Müharibə cəmi üç həftə davam etdi. 31 dekabr ingilislər müdaxilə etdilər və sülh bərqərar oldu. Lori müvəqqəti olaraq tərəfsiz bölgə elan edildi, orada ingilis komissarın idarəçiliyində ortaq Erməni-Gürcü hakimiyyəti təsis edildi.

Beləcə müharibə bizim baxışımızdan müsbət nəticəylə bitdi. Məqsədimizə qismən çatmışdıq (dəmiryolu əlaqəsi də ingilislərin varlığı sayəsində yenidən təmin edildi). Buna rəğmən müharibə bizi bir çox şeyləri düşnməyə vadar etdi. Cəmi-cümü 4-5 aylıq dövlət idik və bir yığın ehtiyacı olan ölkə müharibə aparırdı. Ən yaxın münasibətlərimizin yaranması vacib olan qonşumuzla döyüşürdük Çünki dünya ilə sadəcə Gürcüstan üzərindən əlaqə qura bilərdik.

Biz bunun fərqində idik və səmimi olaraq gürcülərə dostluq ab-havasında yaşamaq istəyirdik. Fəqət bacara bilmədik. Bu mövzuda müstəqil Gürcüstanın bizə qarşı sərgilədiyi münasibətlə yanaşı bizim öz gücsüzlüyümüz, siyasi qətiyyətimizin olmaması və dövlət aparatını idarə etməkdə çəkdiyimiz çətinlik də vacib rol oynadı.

22. Burada şimalişərq sərhədlərimizdə və ölkə içində davamlı şəkildə apardığımız müharibələri də xatırlayaq.

Biz Azərbaycanla rəsmi müharibə vəziyyətində idik, çünki Qarabağda əslində elə döyüşürdük də.  Qazaxda da tez-tez döyüşlərə girirdik. Ölkə daxilində də Ağbaba, Zod, Zəngibasar, Vedibasar, Şərur-Naxçıvan və s. yerlərdə yerli müsəlman xalqla bir çox qanlı döyüşlər baş tutdu.

Və bu mövzuda da Azərbaycanın bizə qarşı düşman mövqeyində olduğu şübhəsizdir. Eynilə Türkiyə və Azərbaycanda tərəfindən qaza gətirilən yerli müsəlman xalqın dövlət tərəfdarı bir xəttinin olduğu da mübahisizdir. Vacib olan budur ki, biz öz vəziyyətimizi yaxşılaşdırmaq üçün lazım olan tədbirləri nə içəridə, nə də ölkədən kənarda tapa bildik. Azərbaycan ilə az-çox qəbuledilə bilən bir modus vivendi (müvəqqəti razılıq, həll) tapa bilmədik. Müsəlman bölgələrində inzibati metodlarla sistem qura bilmədik. Silahdan istifadə, ordu yerləşdirmək, yıxmaq və qətliam törətmək məcburiyyətində qaldıq. Hətta bu mövzularda da uğursuz olduq. Ki, bu da şübhəsiz iqtidarın prestijini sarsıtdı. Vedibasar, Şərur-Naxçıvan kimi vacib məntəqələrdə öz iqtidarınızı silah gücü ilə də qura bilmədik, uduzduq və geri çəkildik.

23. 28 may 1919-cu il müstəqilliyimizin bir illiyində parlament Ermənistanı “birləşmiş” elan etdi, başqa sözlə türk hegemonluğundan qurtulması ehtimal olunan erməni torpaqlarının da mövcud Ermənistan torpaqlarına qatıldığını elan etdi. Bu addım Türkiyə ermənilərinin bir qismi tərəfindən öz haqlarının qəsb edilməsi olaraq dəyərləndirildi, çünki bunun Türkiyədə erməni məsələsi bucağından çox təhlükəli olduğunu düşünürdülər. Çox səs-küy saldılar, etiraz etdilər və Türkiyədəki erməni məsələsi yenidən daha sıx formada Rusiyadakı erməni məsələsi ilə qarşı-qarşıya gətirildi. Həm ölkədaxili, həm də xarici liberal burjuaziya bu hərəkəti Daşnaksütyun tərəfindən həyata keçirilən özbaşına hərəkət olaraq dyərləndirdi və ona qarşı daha da hirslə davranmağa başladı.

Bu etiraz və təlaşların heç bir əsaslı dayağı yox idi. Bir qəsb niyyəti, bir partiya tələsindən söz gedə bilməzdi və bu addımın Türkiyədəki erməni məsələsinə zərər verməyəcəyi sonralar başa düşüldü. May bəyannaməsi Türkiyədə erməni məsələsinə zərrə qədər təsir etmədi, hətta heç kim fərqinə belə varmadı.

Yenə az sonra gördük ki, bu bəyannaməni hazrılayanları Ermənistanın siyasi çəkisini artıqmaq və Avropadakı diplomatik çalışmaları asanlaşdırmaq ümidləri boşuna imişş Avropa diplomatiyasının gözündə vəziyyət heç bir formada dəyişməmişdi. Bizim parlamentin təkcə bəyannaməsi; lazım olan hərəkətlərlə dəstəklənməyən bu bəsit alət gerçəklərin təsirini dəyişdirə bilməzdi. Parisdəki milli nümayəndəliyimizin də buraxılması gözlənilə bilərdi, amma bu da edilmədi. 28 maydan sonra da Avropada  iki diplomatik təmsilçilik (Cümhuriyyət heyəti və Milli heyət) yan-yana fəaliyyət göstərməyə davam etdi. Ki, bunlar eyni mövzunu, eyni yerlərdə və eyni çevrələrdə müdafiə etməkdə təlimatlandırılmışdılar. Yalnız öz aralarında səlahiyyət mübarizəsi aparan bu iki orqanın fəaliyyətlərini ucuzlaşdırmaq daha da çətinləşdi. Beləcə bizim Avropadakı cəbhəmiz parçalandı. Ermənistanda isə liberal üsnürlərlə koalisiya şansı çətinləşdi və bu səbəbdən partiyamız daha çox təcrid olundu.

Bizi Birləşmiş Ermənistan heyətini yayımlamağa sürükləyən psixoloji tələblər asanlıq açıqlana bilər.

Bizim izlədiyimiz və heyəti haqlı olan siyasi mülahizələr də anlaşıla bilər. Yalnız gerçək budur ki, bu heyət hər hansı bir müsbət nəticə vermədi; mənfi nəticələri olduğu isə dəqiqdir (daxili anlaşmazlıqlar və mübahisələr).

ardı var...

Dilimizə uyğunlaşdıran: Eminquey