adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Fevral 2021 15:29
53311
MÜSAHİBƏ
A- A+

“Şəxsiyyətimdə iki, üç və hətta daha artıq fərd yaşayır”- MÜSAHİBƏ

Müsahibimiz şairə Vəfa Mürsəlqızıdır.

-Son zamanlar ədəbi mühitdə aktivliyin görünmür. 

-Düşünürəm ki, son illərdəki pandemiya,karantin şəraiti ilə əlaqədar olaraq hamıda bir süstlük müşahidə olunur, bu məndən də yan keçməyib.İkinci səbəb peşəmlə bağlıdır,karantinlə əlaqədar distant təhsilə keçmişik, bu da daha çox enerji tələb edir və yorur. Amma deyərdim ki,ən çox ikinci vətən müharibəsinin təsiri oldu. Mən normalda daha çox sevgi şeirləri yazıram. Son hadisələr,Gəncə və Bərdədə baş vermiş teror aktları, möhtəşəm qələbəmizlə nəticələnən döyüşlər məni romantik əhval ruhiyədən çıxardı. İçimdə hər şey barıt qoxusu verir.Yaralı qazilərimizi ,şəhidlərimizi gördükcə könlümdəki incə duyğular yerini mübarizə ruhuna verir.Yeri gəlmişkən, səni də təbrik edirəm,hər birinizi Allah qorusun,necə deyərlər həmişə ev eşiyinizdə. 

Şagirdlərim tədbirlərdə şeirlərimi söyləyir.

-Çox sağ ol. Həm müəllimə, həm də şair. Şagirdlərin yaradıcılıqla məşğul olduğunu bilir? 

-Balaca bir qəsəbədə yaşayıram. Burada hamı ətrafdakılar haqqında hər şeyi bilir.Şagirdlərim təbii ki,yazıçılıq fəaliyyətimlə tanışdılar. Müəllimliklə yanaşı məktəbdə təşkilati işlər mənim vəzifəm olduğundan yaradıcılığım xeyli dadıma çatır.Şagirdlərim tədbirlərdə şeirlərimdən parçalar söyləyir. 

- Şeirlərinə münasibət bildirirlər? 

-Şeirlərimdən ara sıra tədbirlərdə istifadə edirəm,amma hekayələrimlə onları tanış edirəm.Xüsusən, yuxarı sinif şagirdləri ilə səmimi münasibətdəyik və vaxtaşırı onları yaradıcılığımla tanış edirəm.Maraq göstərirlər,məsləhət alırlar. Şagirdlərimin arasında ədəbiyyata marağı və meyli olan uşaqlar var,onlara dəstək olmağa çalışıram. Jurnalda çap olunan hekayələrimə münasibət bildirirdilər.Daha çox "Namus","Yüz il sonra","Lili"hekayəmi sevmişdilər. 

-Müəllim obrazı şagirdlərin, cəmiyyətin gözünə ciddi obrazdır. Müasir şair obrazı isə tam ayrı . Sevgi şeirlərini görəndə, hislərlə bağlı yaradıcılıq nümunələrinlə tanış olanda nə deyirlər? 

-Haqlısan,müəllim,repetitor, özü də riyaziyyat müəllimi sevgi şairliyi ilə bir az uyumsuzluq yaradırmış kimi görünə bilər.Amma ekzotika həmişə maraqlı görünüb.Mən bu uyumsuzluğu bir əsrarəngizliyə çevirməyi bacarıram.Şagirdlərim əksərən yuxarı sinif uşaqlarıdır. Şeirlərim məni onların gözündə daha da maraqlı edir və daha yaxın oluruq.Uşaqlar onlara yaxın olan müəllimin dərsini daha həvəslə oxuyurlar.

 -Müəllim kimi daha çox özünsən, ya şair olaraq? 

-Mənə elə gəlir ki, mənim şəxsiyyətimdə iki,üç və hətta daha artıq fərd yaşayır.Bu fərdlərin heç biri digərinə maneə yaratmadan mövcuddur. Rəssamlıq qabiliyyətim, tikiş və naxışsalmaya meylim,yazarlığım və müəllimliyim bir-biri ilə yaxşı yola gedir. Amma təbii ki, mən müəllim olaraq doğulduğumu hiss edirəm.

 Müəllimdə yazıçılıq, şairlik qabiliyyəti mütləq olmalıdır

-İki obraz səninçün çətin deyil?

 -İki obrazı əlaqələndirdikdə əslində bir müəllimdə yazıçılıq,şairlik qabiliyyəti mütləq olmalıdır.Eyni zamanda da sənət adamında pedaqoji yanaşma, psixoloji nüfuzetmə olsa ortaya daha keyfiyyətli iş çıxar. 

-“Sevgi bu dünyanın xəyanətidir”. Bu sözlərlə sevgiyə böhtan atmırsan? 

-Məncə yox .Bir sevginin yaranması başqa bir sevginin bitməsi deməkdir. Övladlar böyüyür və valideyn sevgisini az da olsa öz övladına olan sevgi ilə əvəz edir.İnsan sevdiyi uğrunda vətənini tərk edir,dinindən dönür. Deməli həmişə tərəzinin bir gözü ağır gəlir. 

Xəyanəti bağışlamağı öyrəndim

-Qadın bətnindən doğulan kişi niyə sonradan qadına xəyanət edir? 

-Yeniyetməliyimdə "hər şeyi bağışlayaram xəyanətdən başqa"-deyərdim. Zaman keçdi və xəyanətsiz həyatın mövcud olmadığını dərk etdim,hətta xəyanəti bağışlamağı öyrəndim.Əslində, insanın ömrü irili xırdalı,önəmli önəmsiz xəyanətlərlə doludur.Vəsf etdiyimiz durnalar da hər payız vətənə kiçik xəyanət edir. Heç nə əbədi deyil,sevgi hissi də. Bütün hisslər onlara hansı rasursdan baxdığına bağlıdır.Hər şey şəkil dəyişir,hamı gedir. Bəlkə də xəyanət adlandırdığımız o şey heç mövcud deyil və eqomuzu tətmin etmək üçün nəyi isə və ya kimi isə yanımızda saxlamaq istəyidir. Kişi də qadın da fərddir və zamanla bezir,yorulur,getmək zərurəti duyur.

-Şəkillərdə Qarabağa sevinirik deyirdin. Bəs, indi necə sevinirsən?

 -Həə,Emin, ikinci vətən müharibəsini o qədər ağır keçirdim ki, hətta səhhətimdə izlər qoydu.Düşüncəm, hadisələrə baxışım tam dəyişdi.Tam səmimiyyətimlə deyirəm ki,vətən mənim üçün hər şeydir və bunu bu günlərdə daha aydın anladım.Şuşanın fəthi mənim üçün elə böyük sevinc oldu ki,sözlə ifadə edə bilmirəm.Şükür ki,daha doğma torpağımızın bütövlüyü təmin edildi.Və bu böyük qələbədə payı olan hər kəsə minnətdaram! 

-“Dəyişdi axşam məni, 
Dəyişdi sabah məni, 
Cənnətdəki yerimi 
Dəyişdi Allah mənim.”

Hələ də hamı səni dəyişə bilir? Bu zəiflikdəndir,inamdan, ya? 

-İndi belə düşünmürəm.İnsanın içində bir yerə qədər itirmək qorxusu olur.Və bu qorxu olduğu sürəcdə başqalarının səni dəyişməsi labüddür,çünki seçmək hüququnu başqalarına verirsən. Məncə indi öz yerimi mən özüm seçirəm. Hər kəs öz yerini özü seçir,sən bu yeri dəyişmək istəməyincə bunu heç kim edə bilməz. 

- Yeni hansı yaradıcılıq nümunələrin və planların var? 

-Kitab çapı haqqında düşünürəm. İnşallah qismət olarsa,şeirlərimi və hekayələrimi bir kitaba toplamaq istərdim. 

Söhbətləşdi: Emin Piri