adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Fevral 2021 12:09
59402
MÜSAHİBƏ
A- A+

Şair Tərlan Əbilov: "Haqsızlığa nə vətəndaş kimi, nə də bir yaradıcı insan kimi susmağı sevmirəm" - MÜSAHİBƏ

Şair Tərlan Əbilov Adalet.az saytına müsahibə verib.

- Tərlan bəy, Cənubda yaşayır, Cənubda da yazıb yaradırsınız. Necədir Lənkəran ədəbi mühiti? Bakı mühiti yaxşıdır gördüyünüz qədər, yoxsa ora?

- Hər bir yerin öz özəllikləri, öz gözəllikləri var, elə Lənkəran ədəbi mühitinin də. Klassik şeirlə müasir şeirin quvuşduğu yerdi bizim ədəbi mühit. Əvvəllər daha gur, daha qaynar idi, yaxşı imzalar çıxırdı bu mühitdən. Sonradan anlayanlar oldu ki, həyatla üz-üzə qala bilmək üçün yaradıcı olmaq bəs eləmir, bir ara dəyişdi mühitdəki ab-hava. Azərbaycan ədəbiyyatında özünü təsdiq etmiş imzalar mətbuatda seyrəlməyə başladı...Hal-hazırda hər yerdə olduğu kimi burda da ədəbiyyata maraq yenidən artıb, günün ağırlığını üzərindən atmaq üçün az-çox istedadı olan hər kəs şeirə, hekayəyə üz tutub. Xeyirli-uğurlu olsun..

- Yazıçılar Birliyinin Lənkəran şöbəsi ilə bağlı əvvəllər heç də yaxşı fikirlər səslənmirdi. Sanki bir az sönüklük varmış kimi. Sizin münasibətiniz necədir bu məsələyə? Elə idi, yaxud elədir hazırda da?

- Maraqlar üst-üstə düşməyəndə həmişə belə olur. Nə vaxt dövlət tərəfindən Azərbaycan Yazıçılar Birliyinə olunun yardımlardan bölmələrə də ayrılsa, bu iş nisbətən həllini tapacaq, sönüklük aradan qalxacaq, elə bilirəm. Çünki tədbir keçirtməyə də, qonaq qarşılamağa da vəsait lazımdır. Vasait ayrılmayan bölməni necə ayaqda saxlamaq olar? Telefon, işıq pulunu dünənə qədər ödəyə bilməyən bölmədən nə ummaq olar? Yəqin ki, elə buna görə AYB-nin Lənkəran Bölməsinə son sədr təyini də ədəbi kriteriyalara uyğun olana deyil, imkanı olan birinə hesablandı...

Düşünürəm ki, bölmənin hal-hazırki vəziyyəti barədə əhatəli fikir demək hələ tezdi. Şair İltifat Saleh dünyasını dəyişəndən sonra 6-7 ay olar ki, bölməyə sədr yazıçı Qafar Cəfərli təyin olunub. Bu 6-7 ay ərzində bölmədə təmir işləri gedib. İllər sonra AYB-nin Lənkəran bölməsinin orqanı olan "Şəfəq" jurnalı yenidən işıq üzü görüb, 6-7 rayonun yazıçı və şairlərini özündə birləşdirən bölmədə jurnalın təqdimat mərasimi keçirilib, bu da başlanğıc üçün pis deyil, təki gözə qum səpmək olmasın...

- Əksər yazarlar şəhərdə yaşadığına görə mühit də burada olur. Bəs, bir yaradıcı adam mühitdən uzaqda necə rahat olur? Həm də, çox vaxt rayonlarda yaşayanlar da bir müddət sonra üz tutur şəhərə. Deyəsən, sizi rahatladan yer elə rayon mühitidir...

- Rahatlıq adamın içində olur, yaşadığı yerdə yox və adam harda olmasından, harda yaşamasından asılı olmayaraq öz sevdiyi işi görəndə rahat olur. Və mənə görə həmişə əsl yaradıcı adam mühitin yetişdirdiyi yox, özü öz mühitini yetişdirə, yarada bilən adam olub.

- Hazırda Cənubda yazıb-yaradanlardan kimləri məsləhət görərsiniz oxumağa?

- Qardaşxan Fərzini, Bəxtiyar Əliyarı, İslamı, Xilqət Talıbovu, Nurəddin Rəhimovu, Tofiq Həsənlini, gənclərdən Müşfiq Cəbini, Cavid Qasımovu, Fateh Səfərovu...

- Son vaxtlar demək olar, ancaq əruzda şeirlər yazırsınız. Amma əksər şair-yazarlar da deyir ki, əruzun vaxtı gedib, əruzda yazmaq mənasızdır. Düz deyirlər?

-  Mənim elə bir öhtəçiliyim yoxdu, ancaq əruzda, yaxud hecada, yaxud da sərbəstdə yazım. Yəni ki, əsas şairin hansı formanı seçməsi deyil, fikrin hansı formanı diqtə eləməsidir..Və mənə görə kimsə əruzun vaxtı keçib deyir deyə əruzda yazmaq mənasız deyil, hər hansı formada mənasız yazmaq mənasızdır.

- Belə çıxır ki, əruz haqqında mənfi danışanlar əruzda yaza bilməyənlərdir və yaxşı yazan görəndə paxıllıq edirlər?

- İstedadın varsa, sənə paxıllıq eləyən də, səni sevəndə olacaq, təkcə əruzda yaza bilməməyə görə deyil bu sancılar, bu sıxıntılar...

- Özünüzün ən yaxşı əruz şeiriniz hansıdır? Hansı ki, əruz sevməyənlər bunu oxuyub, əruzu sevsinlər, sevə bilsinlər..

- Mənim durub deməyimlə deyil ki, bu, əruzda yazdığım ən yaxşı şeirimdi, kim oxusa, sevəcək. Hər hansı bir şeirin də insanlar kimi öz taleyi olur. Uğurlu olanda yazdığım məni qane etməsə belə, yenə hərə bir səbəb tapır əruzu sevməyə... Ona görə seçim kimi hansısa şeiri ortaya qoymaq çətin məsələdir.

- Bəs, Talış dilində necə, şeir yaza bilirsiz?

- Xeyr...

- Tərlan bəy, amma görünən odur ki, bölgələrdə mühit həqiqətən də zəifdir. Təbii ki, müxtəlif səbəblər var. Amma heç cür dirçəltmək olmazmı? Həmişə sönük olacaqmı? Faiz nisbəti ilə bölgə şair-yazarları şəhərdəkilərdən geri qalır...

- Bu bölgə şəhər söhbətini heç vaxt anlaya bilmədim də mən. İnsan insan doğulubsa, dünyanın hər yerində insandı, o cümlədən şair də, yazıçı da. Yenə bizdən əvvəlki illərlə müqayisə olunsaydı, qismən razılaşmaq olardı. Hal-hazırda internet dövrüdü, məlumatlanmaq, inkişaf etmək, dərc olunmaq üçün hər cür şərait var.

- Tərlan bəy, sizi həm də həmişə etirazçı ruhda, hər şeylə barışmayan, hər şeyi və hər adamı qəbul etməyən biri kimi tanımışıq. Ədəbiyyatda da mövqeyiniz bu cürdür tam olaraq? Hazırda ədəbiyyatın üzdə olan qurumu AYB-dir. Bir şair olaraq AYB fəaliyyətinə münasibətiniz necədir?

- Etiraz eləməyin özü də cürbəcür olur, əsaslı, əsassız. Mən heç vaxt durub heç nədən heç nəyə etiraz edən olmamışam. Hər hansı bir iş nöqsanlı görülürsə, həmin görülən işə münasibət bildirməyə haqqı çatan etiraz da etməlidiR təbii ki. Bəli, haqsızlığa nə vətəndaş kimi, nə də bir yaradıcı insan kimi susmağı sevmirəm. AYB-yə münasibətimə gəlincə, orda da əsl yaradıcı insanlara haqsızlıqlar çoxdu. Mükafatlandırmalardan tutmuş, sıralarına üzv kimi qəbul olunmaq söhbətinə qədər. Maraq var deyə ehtiyacı olanlardan çox, yardıma ehtiyacı olmayanlara yardım olunur, dəllalıq baş alıb gedir orda. Bu da görülən bütün yaxşı işləri kölgələyir...

- Necə düşünürsüz, AYB sədri Anar getsə, yerinə başqası gəlsə, müsbət nələrsə olacaq, yoxsa elə eyni?

- Şəxsən mən elə bu gün də Anarı ordan getmiş kimi hesab edirəm. Sanki AYB-ni Anar yox, bir qrup iş düzüb-qoşa bilən ədəbiyyatdan incik adam idarə edir...

- Bu gün ədəbiyyatda gənc nəsillə yaşlı nəslin də ulduzu barışmır. Bəzən yaşlı nəslin nümayəndələri bunu gəncliyin çılğınlığı, bəziləri də tərbiyəsizliyi, yekəxanalığı hesab edir. Siz necə düşünürsüz? Yaşlı nəsli bəyənməyən gənc nəsil haqlıdır, yoxsa gəncləri bəyənməyən yaşlı nəsil?

- İstedad həm də iddia məsələsidi. İddian olmasa, heç nəyə nail olmazsan, istedadlı gənclərin də iddialı olması normaldır. Amma bu, o demək deyil ki, istər yaşlı nəsil, istər gənc nəsil qarşı tərəfə sayğıyla yanaşmağı unutmalıdır. Hər iki nəslə sayğı, sevgi, səbr arzulayıram.

- Müsahibə üçün təşəkkür edirik.

- Çox sağ olun. Mən də.

 

Orxan Saffari