adalet.az header logo
  • Bakı 12°C
11 Fevral 2021 13:17
77084
MÜSAHİBƏ
A- A+

"Ətrafımda gördüyüm və öyrənməyə səbəb olan yetərincə insan var" - MÜSAHİBƏ

Danışma və eşitmə məhdudiyyətli insanlarla işarət dili ilə danışma. Müsahibimiz Asiman Cabbarovadaır.

 

- Asiman xanım, xüsusi ilə son illər "İşarət dili" yayılmağa başlayıb sanki.  Sosial şəbəkələrdə xüsusi ilə gənclərin buna maraq yaratdığını görürük, hamısı işarət dili ilə oxuduğu mahnıları və.s başqa nələrisə video şəklində paylaşır. Siz də bu işlə məşğulsunuz.

- Bəli. Elədir. Bütün hallarda sevindirici haldır. Əvvəllər çox nadir görünərdi, amma indi bir qədər həssas yanaşmaq, bu işi genişləndirib. Təki, maraq göstərənlər, öyrənənlər lap çox olsun.

- İlk növbədə bu hobbidir yoxsa iş kimi?

- Təxminən, 4-5 il öncəyə qədər yolda bu dildə danışan şəxslərə yəni məhdudiyyətli insanlara çox fərqli baxışlar vardı, narahat edici. Bunun yayılmasının müsbət tərəfi onların fərqli olmadığını göstərməyə kömək edir. O ki qaldı mənim üçün hobbi və ya iş olmasına, deyərdim ki, hazırda heç biri. Çünki nə qədər çox bilsəm də, yenə də bilmədiyim nələrsə var və öyrənmə mərhələsindəyəm. Öyrənməyimə səbəb həm şəxsi məsələlər, həm də onların bizdən bir fərqi olmadığını göstərməyə çalışan şəxslərdən biri olmaqdır. Onların fikrini, düncələrini, özünü ifadəsini başa düşməkdir.

- Hazırda Azərbaycanda 31000 danışma və eşitmə əngəlli insan var. Sizin ətrafınızda çoxdu bu cür insanlar? Yəni, öyrənmə istəyi haradan qaynaqlanır? Zərurət, yoxsa başqa nəsə?

- Ətrafımda gördüyüm və öyrənməyə səbəb olan yetərincə insan var, bəli. Amma öyrənmə səbəbim çox daha keçmişə bağlıdır deyərdim.

- Necə yəni keçmişə?

- Mən öz bacımı beyin iflicindən itirmişəm. Onun özünü ifadə edə bilməməsinin, istədiyinin nə olduğunu bildirə bilməməsi və.s Qısası, uşaq, böyük, yaşlı, gənc fərq etmir. Birinin özünü ifadə edə bilməməsinin nə olduğunu görmüşəm. Düşünün, biz adi özümü izah edə bilməyəndə özümüzdən çıxırıq. Danışa, qışqıra, göstərə bildiyimiz halda. O şəxslərdən ömür boyu bunu bacara bilməyənlər var...

- Bizdə işarət dili rus dilindən götürülüb. Azərbaycan işarət dilində olan problem odur ki, ailə içi jestika ilə elmi jestika fərqlidir. Yəni, evdə o cür danışan adam məktəbə getdikdə başqa cür öyrədilir. Bu, onların çaşdıra bilərmi?

-Əlbəttə. Çaşdırır da. Amma edə biləcəyimiz bir şey yoxdur. Bütün hallarda nə cür, necə olur olsun öyrənmək, öyrətməyə çalışmaq lazımdır. Bəzən türk dili ilə də oxşar olduğu deyilir bizim işarət dilinin, amma əlaqəsi yoxdur. Ona görə də öyrəniriksə, tam öyrənməliyik ki, tam da çatdıra bilək cəmiyyətə.

- Bəs, səbəb nədir fərqli olmağa? Məsələn, salam sözünü bir işarətlə demək olmur? Fərqli dillərdə fərqli cür göstərmək nədən qaynaqlanır? Olmaz ki, hər şeyin bir işarəsi olsun və bütün dillərdə o cür olsun ki, öyrənmək də asan olsun..

- Yox, elə ola bilməz axı. Hər dildə hər sözün fərqli mənası var. Düzdü, çaşdırıcı məqamdır, amma belədir. Səbəb deyəndəki, bir söz başqa dillərdə başqa mənaya gəlirsə, işarət dili də fərqli olacaq.

- Eyni olmasa məhdudiyyətli insanlar başa düşmür, ya necə?

- Bilirsiz, necə ki insanlar ayrı-ayrı ölkədə doğulur və o dildə ünsiyyətdə olurlarsa, bu da eyni şeydir. Bir ingilis salam verdikdə fərqli söz deyir, bir azərbaycanlı salam verdikdə fərqli söz deyir. İşarə dili də hər dilə uyğun yaranır. O ki qaldı bir sözün bir neçə işarəsi olmasına, bu ola bilər ki, yəni, bir sözün sinonimi necə var, bəzi işarələrin də sinonimi olur.

- Bizdə olan sinonimlər də fərqli mənalara çıxarır? Bir məhdudiyyətli insana bir işarənin sinonimini göstərdik də ola bilər ki, bilməsin?

- Yox, məsələn, deyirsiz ki, dadlı, ləzzətli düzdü? Bunlar oxşar işarələrlə göstərilir. İşarə dilini dərindən bilməyən biri bilməyə bilər. Çünki işarə dili asan görünə bilir, amma çox çətindir. Oxşar hərəkətlər çoxdur. Ən böyük problem də budur.

- Ümumiyyətlə, bu dili öyrənməyin asan yolu var? Olduqca çətindir və səbr tələb edən bir işdir.

- Xeyr. Sadəcə asan yolu həvəsin olmağıdır. Həvəsin, istəyin varsa, öyrənəcəksən. Başqa heç nə.

- Çətin tərəfi nədir konkret olaraq öyrənməyin? Öz ana dili kimi öyrənmək mümkündür? Ən xırda şeylərin belə işarət dili varsa, buna uzun illər lazım deyilmi? Nəticədə bu hərəkətlə olan bir şeydir. Söz deyil ki, görək...

- Əsas çətin tərəfi əllərdir, işarələrdir. Əllərin buna öyrəşməsi çox vaxt aparır. Daha sonra isə sürət. Çünki bu dildən səlis istifadə edən insanlar çox sürətli şəkildə danışırlar. (İşarə dilində yəni) Düzdü çox xırdalığı var, amma hazırda mövzu olaraq bölünüb. Kurs müddəti isə hər yerdə fərqlidir, maksimum 6 aydır.

- Gələcək üçün öz planlarınız nədir bəs? Kurs açmaq, daha çox kütləyə çatdırmaq, öyrətmək varmı? Yoxsa sadəcə özünüz danışıb, müəyyən qədər ətrafınıza öyrənəcəksiniz.

- Yox əlbəttə. Daha çox kütləyə çardırmaqdır məqsədim. Əlavə dil olaraq öyrənilməsini çox istəyirəm. Daha dərindən öyrəndikcə, mən də öyrətmək istəyəcəm. Planlarım çoxdur.

- Uğurlar arzu edirik. Müsahibə üçün təşəkkürlər.

- Mən təşəkkür edirəm. 

 

Orxan Saffari

Adalet.az