adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Fevral 2021 11:40
61711
MÜSAHİBƏ
A- A+

"... əsir düşməkdənsə özümü qumbara ilə partladmağı üstün tuturam…"

Raqil Bayramov: «Düşməni məğlub etməklə, 30 illik işğala son verib, əzəli torpaqlarımıza qovuşduq»

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının yurd, torpaq sevgisinin, işğalçıya, düşmənə layiq olduğu dərsi verməyin örnəyidir. Xalq, Ali Baş Komandan və ordu birliyində reallaşan bu qələbə günümüzün qəhrəmanlıq salnaməsidir. Özgə torpağına, özgə malına göz dikməyin aqibətinin göstəricisidir. Hər cür vandalizmə, terrora köklənən və onu həyat kredosuna çevirən erməni vəhşiliyinin layiqli cavabıdır. Və o cavab qəhrəman Azərbaycan Ordusu tərəfindən layiqincə verildi…

Qırx dörd günlük müharibənin qəhrəmanlarından biri də qazi Raqil Əlibaba oğlu Bayramovdur. Raqil Bayramov Murov, Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Bir dəfə yaralanan Bayramov sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Qazimiz müharibədə göstərdiyi qəhrəmanlığa görə baş leytenant rütbəsi alıb. Daha sonra isə prezidentin sərəncamı ilə Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə medallarla təltif edilib.

Raqil Bayramov 16 avqust 1988-ci ildə Azərbaycanın dilbər güşələrindən olan Lerik rayonunun Pirasora kəndində dünyaya göz açıb. Orta təhsilini doğulub boya-başa çatdığı Şəhid Azər Təhməzov adına Pirasora kənd məktəbində alıb. Azərbaycan Kooperasiya Universitetinin maliyyə-kredit fakültəsini bitirib. 2014-2015-ci illərdə Ağdam rayonundakı «N» saylı hərbi hissədə xidmətdə olub. Müdafiə Nazirliyinin Tədris Təlim Mərkəzində təhsil alaraq leytenant rütbəsinə yiyələnib.

Könüllü olaraq Qarabağ müharibəsinə yollanan Raqil Bayrovun döyüş yolu ilə bağlı onunla söhbətimizi sizlərə təqdim edirik.

- Raqil bəy, Qarabağ müharibəsindəki iştirakınız və döyüş yolunuz barədə məlumat verməyinizi sizdən xahiş edirik.

- Hərbi komissarlığa Aprel və Tovuz döyüşlərində könüllü iştirak etmək üçün müraciət etmişdim. İkinci Qarabağ müharibəsi başlayan zaman da yenidən könüllü yazıldım. Müharibənin ikinci günü hərbi komissarlığa çağırıldım, Gəncə şəhərindəki Əməliyyat taboruna (Kəşfiyyat) könüllü yazılandan bir gün sonra ön cəbhəyə – Murovdağa yollandım. Hərbi sirr olduğu üçün bu haqqda ətraflı məlumat verə bilməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, orada çox qalmadım. Bir neçə gündən sonra bizi Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərə yolladılar. Orada bizə verilən ilk tapşırıq Veysəlli kəndini işğaldan azad etmək idi. Gecə qurulan planlar əsasında səhəri gün sübh tezdən kəndi işğaldan azad etdik. Növbəti tapşırıq Xocavənd rayonundakı 650 m-lik adsız yüksəklikliyini və Füzuli rayonunun asfalt yolunu düşməndən azad etmək idi. Bizə gələn dəstəyin Xocavənd rayonuna daha rahat keçə bilməsi üçün həmin yolu mütləq azad etməliydik. Plan üzrə o yolu və yüksəkliyi də gec ikən düşməndən azad etdik. Sonra isə düşmənin arxasına keçdik və bir neçə kilometr irəlilədik. Çox çətin və uzun çəkən döyüşdə bizim tabor mühasirəyə düşdü. Düşmənin silahlı dəstəsinin bizə yaxınlaşdığını gördük. Doğrusu, mühasirəyə düşəcəyimizi gözləmirdik. Lakin buna baxmayaraq, qızğın döyüşlər nəticəsində, düşməni yerindəcə məhv elədik. Halbuki düşmən bizimlə döyüş vaxtı hava hücumundan başqa, hər cür silahdan istifadə edirdi…

Noyabrın 4-də Xocavənd istiqamətində gedən döyüşlərdə mühasirəyə düşdükdəri zaman yaralanan Raqil Baramov bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə xidmətinə qayıdıb.

Müharibə zamanı necə oldu ki, yaralandınız. Xatırlayırsınızmı o anları?

- Döyüşdə yaralanmaq, şəhid olmaq müharibənin yazılmamış qanunlarından biridir. Kimisi tank, kimisi minamyot qəlpəsi ilə yaralanırdı. Mənim də qismətimə snayperlə yaralanmaq düşdü. Məndə dörd daraqlıq güllə vardı, onun yarısından istifadə etmişdim. Düşündüm ki, düşmən yaxınlaşdıqca daraqdakı güllələr bitəcək, ona görə də üstümdə olan güllələri darağa doldurmaq lazımdır. Elə oldu ki, mən darağı çıxarıb güllələri ona yerləşdirmək istəyəndə qolumdan snayperlə vuruldum. Snayperlə yaralandıqdan sonra ilk olaraq məni Füzuli rayon Xəstəxanasına apardılar. Orada 2 həftə müalicə aldıqdan sonra Ucar rayon Xəstəxanasına, daha sonra isə Xocavənd rayonunda yerləşən Hərbi Hissənin Tibb Məntəqəsinə gətirdilər. Müalicəm başa çatdıqdan sonra xidmətimi davam etdirmək üçün əvvəlcə Xocavənd rayonuna, oradan isə Kəlbəcər rayonuna yollandım. O zaman artıq müharibə bitmiş, zəfər elan olunmuşdur. Məndən başqa tağımda yaralanan və şəhid olan əsgərlərimiz də var idi. İtkilərimizə baxmayaraq, hərbçilərimizdə ruh düşgünlüyü yox idi, hamımız bir nəfər kimi əlimizə silah alıb döyüşə davam edirdik. Bu dəfə də şəhidlərimiz, itkilərimiz oldu. Onların şəhid olarkən söylədikləri son sözləri, vəsiyyətləri, o anları sözlə ifadə etmək çox çətindir. Şəhidlərimizdən biri mənim əsgərim olmuş Mirxəyal Valeh oğlu Kərimzadə idi. Mən yaralanan zaman mənə ilk tibbi yardımı o göstərmişdi. Sonra yanımda şəhid oldu. Doğrudur, şəhidlik hər insana nəsib olmur. Lakin, mənimlə birlikdə çiyin-çiyinə döyüşən əsgərimin gözümün önündə şəhid olmaşı mənə çox təsir etmişdi. Mən oradan təxliyə olunub qayıdanda Mirxəyalın nəşini özümlə gətirdim. Qardaşımla əlaqə saxladım və Mirxəyalın ailəsinə bildirdik ki, övladınız şəhid olub. Onu doğulduğu Lənkəran şəhərində dəfn etdik. Nə qədər acı olsa da, deyim ki, döyüş vaxtı hər saniyə, hər dəqiqə yanımızda bir əsgər şəhid olurdu. Bizim 4 qrupumuz var idi. Həmin qruplara nəzarət edən komandirimiz Səməd Hüseynov da həmin döyüşdə yaralandı. O, yaralı vəziyyətdə məni yanına çağırıb dedi: “Bu vəziyyətdə nə edə bilərik? Sənin fikrin nədir?”.

Mən əlimlə bir göstərib göstərib dedim ki, “əsir düşməkdənsə özümüzü qumbara ilə partladaq, həm də bizimlə birlikdə bir neçə düşməni də məhv edək”. Biz üç tağım komandiri hər zaman bir yerdə olurduq. Sabirabad rayonundan olan tağım komandiri Nurlan Zeynalov dedi: «Buradan geri dönüşümüz çox güman ki, olmayacaq. Əgər aramızda sağ qalanlar, qazilərimiz olarsa şəhid olan qardaşlarımızın məzarını ziyarət edib, əsgər salamı versin». Xocavənddə bizim taborda ilk şəhidimiz də elə Nurlan Zeynalov oldu. Füzuli rayonuna daxil olan zaman Fərid adlı bir əsgərimiz ürək nahiyyəsindən, digər bir əsgərimiz isə başından vuruldu.

Onu da deyim ki, çox zaman düşmənin silah-sursatını ələ keçirib onları öz silahları ilə məhv edirdik. Ermənilər yüz metrlik məsafədən bizə tanklardan atəş açıb qaçırdılar. Günlərlə ac qalırdıq, yorğun olurduq. Ancaq hər dəfə rayonlarımızın, kəndlərimizin işğaldan azad olunmas xəbərini eşidəndə bütün aclığımızı, susuzluğumuzu, yorğunluğumuzu unudurduq. Qələbə xəbərləri bizə ruh yüksəkliyi verirdi… Döyüş xatirələrim çoxdur, yalnız onlardan bir neçəsini sizinlə bölüşdüm.

- Müharibədən sonra qazilərə cəmiyyət tərəfindən göstərilən münasibət barədə nə deyə bilərsiniz?

- Haqq savaşımızdan sonra biz qazilərə çox böyük hörmət və ehtiram görürük. Onların sevgi və qayğılarını, dəstəklərini hər zaman üzərimizdə hiss edirik. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Azərbaycan xalqı öz qazisinə, şəhidinə dəyər verən xalqdır.

- Müharibə dövründə tez-tez erməni əsgərlərinin döyüşdən imtina etməsi ilə bağlı xəbərlər eşidirdik. Bu haqda nə deyə bilərsiniz?

- Düşmən Azərbaycanın güclü və rəşadətli ordusu qarşısında tab gətirməyib, çıxış yolunu geri çəkilməkdə, qaçmaqda görürdü. Nəticə artıq göz qabağındadı. Zəfər paradında nümayiş olunan hərbi qənimətlər məhz ermənilərin öz tanklarını, digər hərbi texnikalarını döyüş meydanlarında qoyub qaçdığını bir daha sübut etdir.

- Sizcə, qazanılan bu qələbəmizi təmin edən əsas hansı amillər oldu?

– Bu, tək mənim yox, Azərbaycan xalqının ortaq fikridir ki, qələbəmizin kökündə duran əsas amillərdən biri gənclərimizin Vətən sevgisi idi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, vətən sevgisi bizi qələbəyə gətirdi, vətən sevgisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi. Eyni zamanda, bu qələbədə ilk öncə Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi rolu vardı. Sentyabrın 27-dən sonra yaşadığımız günlər tariximizin unudulmaz və parlaq səhifəsi oldu. 30 il ərzində gözlədiyimiz, arzuladığımız nəticəni cəmi 44 gündə əldə etdik. Bu qələbənin qazanılmasında dövlət başçımızın cəsarəti, uzaqgörənliyi, vətənpərvərliyi, liderə xas olan bütün keyfiyyətləri əsas rol oynadı. Prezident-xalq birliyi, hərtərəfli hazırlıqlı yenilməz Azərbaycan Ordusu qələbəmizin əsasını təşkil etdi. Bu qələbə ilə bütün dünyaya sübut etdik ki, torpaqlarının işğalı ilə barışmayan mübariz Azərbaycan xalqı var. Düşməni məğlub etməklə, həm də regionda qara ləkə olan erməni faşizmini məhv etdik. Onu da deyim ki, ön cəbhədə hər bir sıravi əsgərimizdən generalına kimi hər kəs qələbə üçün döyüşürdü. 30 illik doğma torpaqlarımıza qovuşmaq arzusu, ruhyüksəkliyi bizi düşmən üzərində qələbə qazanmağa vadar etdi. Həmçinin, arxa cəbhədə olan xalqımız, onların dəstəyi, qələbə istəyi, torpaqlarına qovuşmaq arzusu qələbədə əsas rolu oynadı. 44 günlük müharibə zamanı mülki əhalidən, xalqımızdan yüksək səviyyədə maddi və mənəvi dəstək gördük. Bu müharibədə biz nələrə şahid olmadıq? Dəmir yurmuq kimi birləşdik, hər kəs əlindən gələni etdi, bacardığı qədər dəstək oldu. Doğrudur, Müdafiə Nazirliyi geyimdən tutmuş yeməyə, silah-sursata qədər, hər cür bizi təmin etmişdir, demək olar ki, heç nəyə ehtiyacımız yox idi. Ancaq arxa cəbhədəki insanlarımızın birlik olub bizi düşünmələri döyüşçülərimiz üçün çox xoş idi. Ona görə də xalqımla, azərbaycanlı olmağımla fəxr edirəm. Onu qeyd edim ki, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirakıma görə medallarla təltif olunmuşam. Həmçinin, leytenant kimi qatıldığım müharibədə nümunəvi xidmətimə görə baş leytenant rütbəsinə layiq görülmüşəm. Qazilərimizə, döyüşdə iştirak edən hərbçilərimizə və şəhid ailələrinə göstərdiyi xüsusi dəstəyə, diqqət və qayğıya görə Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı bildiririk.

- Bəzi hərbi ekspertlər bu müharibənin digər müharibələrdən fərqləndiyini deyirlər, siz bu məsələdə nə deyə bilərsiniz?

- Müharibə özü siyasətdir, onu da ağılla idarə etmək lazımdır. Əgər hərbi ekspertlər bu müharibəni digərindən fərqləndirirlərsə, demək ki, uğurlu siyasətin nəticəsi olub. Ali Baş Komandanın məqsədyönlü siyasəti, düzgün idarəetməsi, iradəsi, təmkini, səbri, xalqının ona inamı nəticəsində 30 illik həsrətə son qoyuldu. Təbii ki, bu nüanslara görə İkinci Qarabağ müharibəsi digər müharibələrdən fərqləndi.

- Qələbə hissini yaşamaq necə hissdir?

- 30 il işğal altında olan torpaqlarımızı mənfur düşmənlərdən azad etdik, üçrəngli şanlı bayrağımızı o torpaqlarda dalğalandırdıq. Buna yalnız sevinmək olar. Düzdür, minlərlə şəhidimizin qanı, qazilərimizin sağlamlığı bahasına başa gəlib. Qələbəni asan qazanmadıq. Hər qarış torpaq üçün savaşdıq, döyüşdük. Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbir diləyirəm.

- Müharibə hər bir iştirakçının həyatında silinməz izlər buraxır. 44 günlük müharibə ilə bağlı sizin fikirlərinizi bilmək maraqlıdır.

- Doğrudan da bu müharibə ömrümüzdə silinməz izlər buraxdı. 44 günün hər dəqiqəsi, hər saniyəsi bizim üçün bir xatirədir, unudulmaz anlardır. İtkilərimiz oldu, müharibədir, olmalıdır. Hər birimiz bunu gözə alıb döyüşə getmişdik. 44 günlük müharibə bir ömür yaddaşımdan silinməz xatirələr, izlər buraxdı. Mən fəxr edirəm ki, müharibə iştirakçısı oldum, Böyük Vətən müharibəsinin qazisiyəm.

- Maraqlıdır, ordudan təxris olub evə qayıdan zaman yaşadığınız hissi necə ifadə edərdiniz?

- Evə qayıdacağım günü hər kəs kimi mən də səbirsizliklə gözləmişəm. Hər an ailəmə qovuşmaq xəyalı ilə yaşamışam, onları düşünmüşəm. Çünki ailəm üçün, anam Amana xanım üçün, övladlarım Aytən, Rəşad, Banu üçün çox darıxmışdım. Onlara tezliklə qovuşmaq istəyirdim. Allahıma min şükürlər olsun ki, məni ailəmlə qovuşdurdu.

- Erməni vəhşiliyi ilə bağlı nə deyə bilərsiniz?

- Ermənilərin dəhşətli dərəcədə necə vəhşi olduqlarını bütün dünya bilir. Gəncə, Tərtər, Bərdə şəhərlərində dinc əhaliyə qarşı edilən terror, işğal zamanı məscidlərimizdə saxladıqları donuzları və başqa misalları göstərmək olar. İşğal altında olan rayonlarımızın ermənilər tərəfindən viran qoyulması, yerlə-yeksan edilməsi hər kəsə bəllidir. Erməni vəhşiliyi barədə həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam, Şuşa, Cəbrayıl və Füzuli rayonlarına səfəri zamanı şəxsən özü söyləyib göstərmişdi. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dünya ölkələrinin səfirlərini, xarici diplomatları məhz işğaldan azad edilmiş torpaqlara, terror edilən ərazilərə apararaq göstərməsi erməni vəhşiliyini əyani şəkildə birbaşa dünyaya nümayiş etdirmiş oldu.

- Bundan sonra nə işlə məşğul olacaqsınız?

- Hazırda özəl şirkətlərin birində mühasib işləyirəm. Yəqin ki, bu sahədə işimi davam etdirəcəyəm. Əgər bundan sonra da vətənimin mənə ehtiyacı olarsa, yenə də hər an döyüşə getməyə hazıram.

 

Söhbətləşdi: Sevinc Məhərrəmqızı