adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Necəsən, gəlməyənim? - Orxan Saffari yazır

Orxan Saffari
59311 | 2021-02-11 16:20

Açığı, səndən başqasını necə sevmək olar, bilmirəm. Bəlkə də təcrübəm yoxdur, bəlkə də tək sevdiyim sən olmusan deyə belə düşünürəm, amma bir onu bilirəm ki, səndən başqasını sevmək, səndən başqasının yolunu gözləmək, darıxmaq mənlik iş deyil. Mən bu işləri ürəyimə həvalə edə bilmərəm.. Ümumiyyətlə, könül işlərinin başını buraxalı çox oldu..

Ona görə yox ki, sən getdin hər şey bitdi, daha yaşamaq olmayacaq. Məsələ bu deyil. Onsuz da, sən getdiyin o yoldan nə qədər dönməyən var. Bilirsən, əgər sənin həyatında mənsiz nələrsə olursa, deməli, mənə sənsiz də olar. Amma bizsiz olan hər şey.. Nə bilim. Qəbullanmaq çətindir bir az.

İndi mən düzələcəm də. Mən yaxşı olacam, bilirəm. Vaxt gələcək, ta bu qədər düşünüb, bu qədər darıxıb sevməyəcəm. Amma bu da o demək deyil ki, əbədiyyən belə olacaq. Allah qorusun, gecənin birində ansızın bir mahnı səni yadıma salıb anamı ağladacaq mənim.

Nə edərəm? Bilmirəm...

İndi bizim halımız elədir ki, heç özümüz də bilmirik nə oldu. Necə oldu, niyə oldu. Biz niyə sevdik, niyə ayrıldıq. Yaxşı ayrıldıq ayrıldıq, gəlimli-gedimli dünyadı, sonra niyə barışmadıq? Nə oldu axı?!

Necə deyirdi Özdemir Asaf abimiz?

"ölüm gibi bir şey oldu 
ama kimse ölmedi"

Off. Hələ Cemal Sürəyyası var bunun. Yahya Kemalı var. Var da, var.

Gör, aramızda neçə şeir, neçə şair var bizim.

"rastgele yürürken aklına geleyim
sızlasın için"

Nə şeirlər deyildi, nə şeirlər yazıldı, getdin, səndən də geriyə belə belə yazılar qaldı...

Amma get..Get, yollar haramın olsun.

İndi isə hər şey dəyişib. Mən də, sən də, hisslərimiz də. Hərdən içimdə elə qəribə bir hiss, qəribə bir darıxmaq, bir təlatüm olur ki, elə bilirəm, bu dəqiqə Monqollar 4-cü yürüyüş edəcək.

Ta məndən əsər-əlamət qalmayıb e, o adam deyiləm mən. O yerə-göyə sığmayan, o dəli-dolu adamsan dediyin məndən geriyə çox da şey qalmayıb. İndi dəli-dolu tərəfimin ancaq dolu hissəsi qalıb. Toxunsan, içimi tökəcəm.

"Sana içimi döksem, beraber toplayırmıyız?"

İndi bütün bunların, olanların fonundan geriyə ancaq xəyallar qalır. Həmişə arzu edirdim, düşünürdüm ki, görəsən, bir gün xəyallarım reallaşacaq, gerçəkləşəcəkmi? İndi ancaq bunu düşünürəm; görəsən, bir gün reallıqlar xəyala dönəcəkmi?Səninlə bağlı real hisslərim xəyala dönəcəkmi, hə?

İndi sənin üçün darıxmaq mənim üçün bir gerçəkdir. Qalıb, bunu xəyala çevirmək. Onsuz da,
Hardasa darıxdığımız biriləri mütləq ki, var, sadəcə, edə biləcəyimiz bir şey yoxdur. .

Mənim o darıxdığım biri də sənsən, heç bir şey edə bilmədiyim, əlimdən nəsə gəlməyən də...

- Necəsən, gəlməyənim?

 

TƏQVİM / ARXİV