adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Fevral 2021 13:59
84000
MARAQLI
A- A+

Daşnaksütyun partiyasının edəcəyi bir iş yoxdur - Ermənistanın baş nazirinin 1923-cü il məruzəsi (31-34-cü maddələr)

əvvəli burada

 

31. Dekabrın 1-i (ya da 30 noyabr) bizim heyət Gümrüdə türklərlə müqavilə imzaladı. Bu müqavilə amansız Batumi müqaviləsindən çox da fərqli deyildi.

Eyni gün içində Vratsyan höküməti iqtidardan düşdü və iqtidarı bolşeviklərə verdi.

Bolşeviklər Ermənistana girdilər və heç bir müqavimətlə rastlaşmadılar. Bu, partiyamızın qərarı idi.

Bu qərarı verəndə biz iki məqama diqqət etmişdik: Birincisi, istəsək belə dirənə bilməzdik, uduzmuşduq və gücsüz idik; İkincisi, Rusiyaya söykənın Sovet iqtidarının dövlət sistemini qoruya biləcəyini umurduq. Biz özümüz bunu edə bilməmişdik və çətin ki bundan sonra da edə bilərdik.

Ölkəni bolşeviklərin əngəlsiz şəkildə idarə etməsi məqsədilə yeni iqtidara qarşı müsbət davranmaq və onun quruculuq işlərinə kömək etmək istəyirdik.

Bu qərar səs birliyi ilə qəbul edilməmişdi.

Bunu qəbul edə bilməyən adamlar da vardı. Onlar bolşeviklərdən yaxşı bir şey gözləmirdilər. Məğlub olacağımızı bilsələr də, dirənməyi və mübarizə aparmağı təklif edirdilər. Bu təklif rədd ediləndə bəziləri ölkəni tərk etdilər.

Partiyanı bolşeviklərə yaxınlaşdırmağı və onlarla siyasi bir blok yaratmağı təklif edənlər də vardı. Onlar “solçu daşnaklar” adı altında ayrıldılar və bolşevik ruhlu bir bəyannamə yaydılar. Fəqət uğurlu olmadı. Bolşeviklər bu bəyannamələrin səmimiyyətinə şübhə etmişdilər.

32. Fevral qiyamına qədər keçən iki ay yarım müddətində ölkəni bolşeviklər idarə etdilər. Nikbinlərin ümidləri gerçəkləşmədi. Rusiyadan gözlənilən siyasi və maddi yardımlar gəlmədi. “Özbaşınalıq və təzyiq”dən  ibarət bir rejim quruldu.

Mahiyyətcə hər cür diktatorluq təzyiq deməkdir və başqa cür də ola bilməz. Hər cür inqilabi iqtidar mübarizə zamanı qərarlı və fövqəladə tədbirlərə əl atmaq məcburiyyətindədir. Bu qaçılmaz bir tələbdir və əşyanın təbiətindən qaynaqlanmaqdadır. Fəqət bolşeviklərin Ermənistanda gerçəkləşdirdiyi amansızlıqların xarakteristik bir özəlliyi vardı: bunlar məqsədsiz və nisbi idilər.

Bolşeviklər ilk mərhhələlərdə kifayət qədər siyasi gedişlərdən istifadə etsəydi (ki, sonralar bunu etdilər), onların Ermənistandakı vəziyyətləri tamamilə sığortalanacaqdı. Çünki ölkədə əks cərəyanlar yox idi. Fəqət bolşeviklər bunu anlamırdılar. Lazımsız yerlərdə əksinqilabçılıq axtarır və xalqı özünə qarşı çıxmağa təhrik edirdi.

Fevral qiyami tamamilə bolşeviklərin öz əsəridir. Onların təzyiqlərinin, özbaşına davranışlarının, ölkə iqtisadiyyarının son qalıqlarını da bitirən və onsuz da ac olan xalqı son tikələrindən məhrum edən bitib-tükənməyən müsadirələrinin nəticəsi idi.

Daşnaksütyun bu qiyamın təşkilatlanmasına qatılmamaq və ona qarşı çıxmaq mövqeyində idi.

Bilirəm, qiyamdan əvvəl olduğu kimi daşnaklar bəzi kəndlərdə (məsələn, Kotakykda) hazırlıqlara hər hansısa formada bulaşmışdılar. Amma bu, partiyamızın işi deyil, ayrı-ayrı işçilərin cəhdləri idi. Yalnız qiyam baş tutandan sonra partiyamız hərəkətə keçdi və bu dəfə kütlənin ardınca sürüklənərək özü yaratmadığı bir hərəkatın başına keçdi.

33. Qiyamın nəticəsində bolşeviklər Ermənistanın mərkəzindən çıxarılaraq kənar bölgələrə (Şərur və Qazax) sıxışdırıldı. O dəqiqə “Ermənistanı Xilas Komitəsi” qurularaq iqtidarı ələ keçirdi və mübarizəni yönləndirdi.

Daxili savaş 1 ay yarım davam etdi.

Bizim çevrələrdə qiyama qalxa xalqın uğursuz olmasını və məğlub olmasını bolşevik qüvvələrin üstünlüyü ilə yozmaq populyardır. Mən fərqli düşünürəm. Bəli, həqiqətən də yaxşı mübarizə apardılar, həqiqətən də qəhrəmanlıq göstərdilər, amma bolşeviklər... bizimkilər deyil. Bizimkilər yaxşı savaşa bilsəydilər elə ilk həftədə düşməni Qəmərli və Yelenovka cəbhələrində əzə bilərdilər (antibolşevik Gürcüstan dirənməkdə idi, bolşeviklər kənarda dəstək ala bilmirdi və öz qüvvəlləri də çox az idi). Bərbad savaşmağımızın səbəbi istəksizlik deyildi (istəksiz olsa qiyama qalxmazdıq və qiyamın ilk günlərində Yerevanda gördüyümüz coşqu olmazdı); öz gücümüzə güvənmirdik və qələbəyə inanmırdıq.

Qiyam öz-özünə, şüursuz bir hərəkət idi. Gözləmədyimi formada baş tutdu, bir an coşdu və o dəqiqə də söndü. Qiyamçıların yaxşı savaşdığı halda Sovet iqtidarının devrilə biləcəyini demirəm. Xeyr, məğlubiyyət qaçılmaz idi (xüsusilə də Gürcüstan zəiflədikdən sonra). Biz Ermənistandakı bütün bolşevikləri susdura bilərdik (qiyam bir qədər mütəşəkkil olsaydı bu çətin deyildi). Fəqət geridə Qızıl ordusuyla birlikdə Rusiya vardı. Ermənistanın kəndlisi, ya da Daşnaksütyun Partiyası ona qarşı dirənə bilməzdi. Yalnız bunu söyləmək istəyirəm ki, qiyam la əvvəldən məğlubiyyətə məhkum idi, çünki zəfərə inam yox idi.

34. 2 apreldə bolşeviklər Kanakirə çatanda və Yerevanı işğal edəndə biz Yerevanı tərk edərək Baş Gərnidən Dərələyəzə hərəkət etdik. Qiyamlar və partiyaçılarla birlikdə haraya və nə üçün getdiyini bilməyən bir kütlə də hərəkətə keçmişdilər.

Qaçılmaz məğlubiyyət artıq gerçəkləşmişdi. İki-üç ay ərzində Dərələyəz və Zəngəzurda baş verənlər artıq bir mübarizə deyil, can çəkişməsi idi.

Yerevan məğlub olduqdan sonra Dağlıq Ermənistanın Sovetləşdirilməsi gündəmə gəldi. Hətta bizim orada olmağımızın hadisələrin gedişatını sürətləndirdiyini də deyə bilərəm.

Biz Dağlıq Ermənistana keçərək yerli xalqı gücləndirəcəyimizi və dirəniş bacarıqlarını artıracağımızı düşünürdük. Uduzan və geri çəkilən milis dəstələrinin, xüsusilə qorxudulmuş kütlənin əhvalının çöküşünü və çarəsizliyini sürətləndirə biləcəyinə diqqət etməmişdik. Yerli xalq bizə birtəhər baxır və qonaqpərvərlik göstərmirdi. Heç görünməməyimiz daha yaxşı idi. Amma onların son tikəsinə də ortaq olurduq.

İstəmədən onların həyatına xaos gətirmişdik.

Hərbi güc günbəgün əriməkdə idi. Bizimlə gələn ac və yerli xalqdan məmnun olmayan əsgərlərin bir qismi evlərinə qayıtnağı düşünürdülər. Türkiyə ermənilərindən olan qruplar (silahlı və silahsız) tez bir zamanda Araza çatmağa və oradan da İrana keçməyə çalışırdılar. Yerli xalq ordunun dağıldığını, mühitə hakim olan idarəsizliyi görür və öz gücündən şübhələnməyə başlayırdı.

Yazın sonlarında demokratik cümhuriyyətin son qərargahının olduğu Zəngəzuru təmizlədilər.

Ermənistan tam olaraq Sovetləşdi.

 

ardı var...

Dilimizə uyğunlaşdıran: Eminquey