adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2021 14:31
27515
MƏDƏNİYYƏT
A- A+

“Brilliant Dadaşova xoşlamır ki, işinə qarışım” - MÜSAHİBƏ

“1 ildir ki, bizdə teatrlar fəaliyyət göstərmir, tamaşaçılar darıxıb. Əsl tamaşaçı teatr üçün darıxıb. Çünki bizə zənglər olur, internetə yazıb soruşurlar. Şeksprin vaxtında da hər yeri epidemiya bürümüşdü. Epidemiya sonrası teatrlar açılan müddətdə Şekspir ən yaxşı əsərlərini yazmışdır. Teatrlara da ən yaxşı münasibət məhz onda yaranmışdı. Əvvəl Londonda 2  teatr var idisə, sonradan sayı 12-yə çatmışdı”. “Ədalət” qəzetinin qonağı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdir.

-Deyirlər, aktyor olmursan, aktyor doğulursan. Bu fikrə münasibətiniz ...

-Aktyorda istedad olmalıdır. Amma bu istedadı hər gün inkişaf etdirmək lazımdır. Bunun üçün ölkəmizdə Mədəniyyət və İncəsənət Universiteti var. Baxın, 90-cı illərdə Universitetdə tədrisi rus dilində olan ixtisaslaşma bağlandı. Hansı ki, o dövrün aktyorları vardı, işləyirdilər, baş rolu canlandırırdılar, amma görürdüm ki, savad yoxdur. 4-5 il bundan qabaq həmin adamlar 7-8 nəfər idi. O vaxt Universitetin prorektoru ilə danışdıq və rus qruplarını bərpa etdik. Bilirsiniz, necədir, Universitetlə Teatr əlaqədə olmalıdır. Elə olan halda həm dərs keçirsən, həm təcrübə. Bu çox vacib məsələdir. Məhz rus qrupları bərpa olunduqdan sonra həmin işçilər həm savad aldılar, həm də aktyor kimi çalışdılar. Bir sözlə, mükəmməl oldular.

“Səhnəyə qayıtmaq üçün müddət lazımdır”

-Bu gün teatrlarımızın qapıları bağlıdır. Karantinin davam etməsi, təbii ki, sənətə də təsir edir...

-Belə bir söz var, ən yaxşı pianoçu ən azı gündə 1-2 dəfə pianoda ifa etməlidir. Əgər ondan onu alsanız, məşq edə bilməsə, onun üçün çətin olacaq. Söhbət ondan getmir ki, aktyor mətni əzbərləsin. Aktyorun səhnəyə qayıdışı üçün güclü məşqlər lazımdır. Kino ilə teatrın arasında çox böyük fərq var. Sizə bir nümunə çəkim, bizdə Çexov festivalı keçirilirdi və iki tamaşa o vaxt bizim teatrda olmalı idi. Həmin festivalda Çarli Çaplinin nəvəsi iştirak edirdi. Onun nəvəsi tamaşada tək idi. Bu adam 1 gün səhərdən axşama kimi səhnədə gəzirdi. Mən ondan soruşanda ki, niyə gəzirsiniz? Dedi, mən səhnə ilə tanış olmalıyam. Səhnə məni qəbul eləməlidir. O, bütün günü səhnədə gəzirdi. Elə bil ki, divarlarla danışırdı. Bu səhnə onun deyildi. Qonaq gəlmişdi, ona görə öyrəşirdi. Bizim aktyorlar da 1 ildir ki, evdə yoxdurlar. İndi onlar evə qayıtmalıdırlar, oraya isinməlidirlər. Səhnəyə qayıtmaq üçün müddət lazımdır. İnanıram ki, bu yaxınlarda icazə verilər ki, 3-4 nəfər aktyor gəlib məşq etsin. Bu proses olmalıdır.

-Hələ karantindən öncəyə də nəzər salsaq, gənclərin teatrlara marağının bir o qədər də olmadığının şahidi olarıq. Az sayda gənc teatrlara üz tuturdu. Gənclərin teatrlara marağının az olmasının səbəbi nədir?

­-Mənə elə gəlir ki, bu proses vaxtaşırı baş verir. Bəlkə də, siz xatırlamazsınız. Bir müddət video vasitəsilə film izlənməyə başlanıldı. Həmin müddət ərzində teatra maraq azaldı. Daha sonra insanlar canlı ünsiyyət istədilər və teatrlara üz tutdular. Teatrda yenidən canlanma baş verdi. Sonra internet əsri formalaşdı və teatra rəqib mühit yarandı. Deməzdim ki, bu hal daimi baş verəcək. Təbii ki, proses vaxtaşırı xarakter daşıyır. Bax, 1 ildir ki, bizdə teatrlar fəaliyyət göstərmir, tamaşaçılar darıxıb. Əsl tamaşaçı teatr üçün darıxıb. Çünki bizə zənglər olur, internetə yazıb soruşurlar. Şeksprin vaxtında da hər yeri epidemiya bürümüşdü. Epidemiya sonrası teatrlar açılan müddətdə Şekspir ən yaxşı əsərlərini yazmışdır. Teatrlara da ən yaxşı münasibət məhz onda yaranmışdı. Əvvəl Londonda 2  teatr var idisə, sonradan sayı 12-yə çatmışdı.

“Teatr aktyorun evi olmalıdır”

-Teatrınızın adı demək olar ki, qalmaqallarda hallanmayıb...

-Mən sizinlə söhbətə başlamazdan öncə nə soruşdum, teatra münasibətiniz necədir? Bilirsiniz, bunu niyə soruşdum?! Mən Rus Dram Teatrına gələndə bu sahəyə aid biri deyildim. İxtisasca iqtisadçıyam. Mən Teatra gəlib məşqləri ki, gördüm, maraqlı gəldi. Həmin məşqlər teatrın özündən daha maraqlı idi. Sən rejissorun fantaziyasını kəşf edirsən. Bu prosesi görəndə insan xəstələnir, teatr xəstəsi olur. Teatrı istəməsən, münasibətin olmasa, heç nə də olmayacaq. Teatra maaş almaq, pul mənbəyi kimi baxmaq lazım deyil. Teatrın mühafizəçisindən tutmuş aktyor heyətinə kimi birinci sualım həmişə o, olub ki, teatra münasibətiniz? Əgər o, hesab edirsə ki, teatr onun evidir, deməli, hər şey yaxşı olacaq. Aktyorların xarakteri fərqli ola bilər, lakin onları bir şey birləşdirməlidir-Teatra münasibət. Teatr aktyorun evi olmalıdır. Əgər teatr sənin ikinci evin deyilsə, çox çətin olur. Bu çox vacib məsələdir. Deyim ki, teatrı evi kimi qəbul etmək bir məsələ kimi ortalığa qoyulmur. Bunu sən hiss edirsən. Hiss edirsən ki, ya evindir, ya evin deyil. Evi olmayanlar teatrdan ayrılıb gedir. Bizdə isə gedənlərin sayı azdır. Tutalım, 10 nəfər işə gəlibsə, ondan 8-i qalır.

-Mənə maraqlıdır, bir evdə 2 yaradıcı insan. Sənət müzakirələri olurmu?

­-Bizim ailədə birinci gündən belə bir mühit formalaşdı. Brilliant xanım xoşlamır ki, mən onun işinə qarışım. Nə də o, mənim işimə qarışmır. Çox yaxşı bir mühit var. Çalışırıq ki, evimiz ayrı olsun, işimiz də ayrı. Brilliant xanımla işləyən musiqiçilər bunu yaxşı bilirlər ki, məşq olur və s. onların işlərinə qarışmıram. Məsələn, mən deyə bilərəm ki, bu mahnını Brilliant xanımdan yaxşı oxuya bilərəm. Amma ürəyimdə (gülür). Hərdən olur ki, baxıram ki, Brilliant xanım hansısa mahnını oxumaq istəyir. Deyirəm, bu nə mahnıdır, bəstəkar yazıb?! Amma onu oxuyub düzəldəndən sonra baxırsan ki, böyük bir əsərdir.

“Otağımın qapısı işçilərimin üzünə açıqdır”

-Övladınız incəsənətdə deyil. Nə musiqidədir, nə də teatrda...

-Övladımız beynəlxalq münasibətləri bitirib. Tarixi, siyasəti gözəl bilir. Dilləri təmiz bilir. Çox gözəl savad alıb. Hərdən gəlib teatra baxır və iradını da bildirir. Onun iradlarını dinləyirəm, qulaq asıram və nəticə çıxarıram. Bütün iradları dinləmək lazımdır. Bu bizim üçün vacibdir. Teatrda uşaq tamaşaları qoyanda baxıram ki, kimin 5-6 yaşlı uşağı var. Soruşuram ki, nəvəniz nəyi oxuyur, nə ilə maraqlanır? Tamaşanı kim üçün qoyurlar? Özün üçün qoymursan ki, tamaşaçı üçün canlandırırsan.

-Böyük bir teatra rəhbərlik etməyin məsuliyyəti çoxdur?

-Çox gözəl bir məsəl var. Deyirlər, uşağa tərbiyə vermək istəyirsənsə, əməlinlə onu göstər. Bu məsəl çox xoşuma gəlir. Mən hər kəsdən tez gəlib hamıdan gec gedirəm teatrdan. Hər zaman otağımın qapısı işçilərimin üzünə açıqdır. Məndə yoxdur ki, 2-ci gün, yaxud 4-cü gün saat 5-də qəbuldur. Aktyorlar yaradıcı insanlardır, onların məşqləri ola bilər. Ona görə də nə zaman istəsələr, rahatlıqla gəlib fikir söyləyə bilərlər.

-Çox sağ olun ki, dəvətimi qəbul edib mənə müsahibə verdiniz...

-Mən sizə təşəkkür edir və kollektivinizə uğurlar arzulayıram.

Rövşən Tahir