adalet.az header logo
  • Bakı 13°C
16 Fevral 2021 15:23
55563
ƏDƏBİYYAT
A- A+

6 milyard nüsxə kitabı nəşr olunan lider

“Kommunizm eşq deyildir. Kommunizm düşmənləri əzmək üçün istifadə etdiyimiz bir çəkicdir.”
Mao

 

Pekindəki qız məktəbinin həyəti hər zamanki kimi uşaq qışqırıqları ilə qulaq batırırdı. Lakin bu dəfə təbii olmayan nələrsə var idi. Qızlar həmişəki kimi ip üzərindən hoppanmır, bir-birləriylə oynamırdı. Bugünkü oyunları acımasız idi. Məktəb direktorunun müavini 4 uşaq anası 50 yaşlı Zhong-yun Bianın ətrafına toplaşan uşaqlar qorxudan titrəyən qadını təpikləməyə, saçlarını yolmağa və üstünə qaynar su tökməyə başlamışdılar. Qadın sağa-sola qıvrılaraq qaçmağa çalışsa da bu onda alınmırdı. Dəyənəklər incə bədənində enib qalxmağa başlamışdı. Qan içində xırıldadı və 17 ildir işlədiyi məktəbin həyətində son nəfəsini verdi. Dəliyə dönən məktəblilər qanuna uyğun davranır, Çinin lideri Maonun arzularını yerinə yetirirdilər. Yazıq Zhongyun Maonun mədəni inqilabının ilk qurbanı idi. Amma sonuncusu olmayacaqdı...

Dünya əhalisinin dörddə birinin üzərində söz sahibi olan Mao sülh zamanı təxminən 70 milyon çinlinin ölümünə səbəb olaraq XX əsrin liderləri arasında qırılması çətin olan iyrənc rekorda yiyələnmişdi. Uzun müddət yarım milyard insan nə geyinəcəyini, nə yeyəcəyini, necə düşünüb, necə yaşayacağını öyrənənədək həyatlarının hər zərrəsi üzərində hakimlik edən Maonun çürümüş mirası ölümündən çox keçməsinə baxmayaraq hələ də qan axıtmağa davam edir.

Ata silləsi üzündən əskik olmadı


1893-cü ilin 26 dekabrında Çinin Hunan vilayətində çoxuşaqlı ailədə anadan oldu. Çin düzənliyində yaşayan milyonlarla ailənin sıradan bir uşağı kimi böyüdü. Üzərindən ana şəfqəti, amma ata silləsi də əskik olmadı. Diktatorlar siyahısındakı digər həmkarları kimi uşaqlığı çətin keçdi. Məktəblə arası yaxşı deyildi. Üç fərqli məktəbdən qovuldu. 14 yaşında ikən özündən dörd yaş böyük xalası qızıyla evləndi. Qızın adı belə yox idi. Zatən bir il sonra ölmüşdü. Mao heç bir zaman onu arvadı olaraq görmədiyini söyləyəcəkdi.

Onun uşaqlıq dövründə Çinin imperatorluq sistemindən çıxması Maonun da həyatını dəyişdirmişdi. 1912-ci ilin 1 yanvarında müasir Çinin atası olaraq tanınan Sun Yatsen Mancur imperatorluğunu devirib respublika elan etmişdi. 2 min 500 illik imperatorluğun tarixə qovuşduğu Çində yeni bir səhifə açılırdı. Artıq ölkədəki sosialistlərlə millətçilər yeni Çinin sahibi olmaq üçün döyüşəcəkdilər. 18 yaşındaykən Mancur xanədanlığına qarşı etirazlarda Mao da var idi. Inqilabçılıqla yeniyetməlik yaşlarında tanış olmuşdu. Artıq önünə nə çıxsa devirəcək və ölkəyə damğasını vuracaqdı...

Öz şəxsiyyətini arayan bəziləri kimi Mao da orduya yazıldı. Amma oranı sevmədi. Təlimlər, yüksək nizam-intizam və əmr almaq kimi şeylər onun kitabında yazılmamışdı. Qısa müddətdən sonra ordudan ayrıldı. Qayda-qanuna tab gətirməyən Mao gələcək illərdə dünyanın ən böyük toplumunu dəyənəklə idarə edəcəkdi. Qismətini müəllimlikdə axtardı. Tarix dərsi keçirdi. Tələbələri onu `pəjmürdə, corabları cırıq adam` kimi xatırlayacaqdı.

Mina kimi ora-bura sürüklənirdi. Bu vəziyyət 1919-cu ilə kimi davam etdi. Şanxayda Çin Kommunist Partiyasına(ÇKP) daxil olub partiya ideoloqlarından biriylə tanış oldu. Partiyanın məramnaməsi xoşuna gəlmiş və bunu dəstəkləmişdi. Marks, Engels kimi sosialist ideoloqların əsərləri əlindən düşmürdü. Həmin günlər sadəcə əqli dünyası deyil, şəxsi həyatı da dəyişirdi. Arvadlarından ən çox sevdiyi Yang Kai-hui ilə tanış oldu. Yenə də bu alovlu eşq Maonu saxlaya bilməyəcəkdi. Kai-hui sonradan qələmə aldığı xatirələrində Mao ilə aralarında saysız-hesabsız `yaxalamaq-əfv etmək` seanslarından bəhs edəcəkdi.

Kommunizmdə özünü tapan ruh


Ruhundakı boşluğu kommunist ideallarla dolduran Mao önündə açılan yeni dünyaya bərk-bərk sarıldı. Bu ehtirası ona partiyada sürətlə yüksəlmək yolunu açmışdı. Qısa zamanda radikallığı ilə məşhurluq qazandı. 33 yaşında ikən keçmiş hərbi fərari Mao Çinin cənubundakı kəndçilərdən ibarət 500 nəfərlik silahlının cavabdehi olmuşdu. Qəddar xarakterinin ilk nümunələrini burada sərgiləyəcəkdi. Xalqa işgəncələr və edamlarıyla...

Mao həmin il üç uşağının anası Kai-hui-ni tərk edərək 18 yaşlı Gui-yuanla evləndi. Maonun çox yaşlı və dəyərsiz biri olduğunu düşünən gənc qız nə etsə də qismətindən qaça bilmədi. Bir il keçmişdi ki, Jiangxi-dəki kommunist dövlətin rəhbərliyinə gətirildi. Artıq o `Rəhbər Mao` idi. Ilk fəaliyyəti isə ona qarşı çıxanları məhv etmək oldu. Bu məhv etmənin hesabını 5 minə yaxın müxalif ödəmişdi. Milliyətçi Homindan Partiyasının ÇKP-yə qarşı mübarizəsində keçmiş arvadı Kai-hui öldürüldü. Bu onun qəddar ruhunu daha qəddarlaşdırdı. Həyat yoldaşının Maonu lənətləməyi rədd etdiyi üçün millətçilər tərəfindən edam edilməsi Maonu yıxmışdı. Sonralar` Mən yüz dəfə də ölsəm, onun ölümünü yuya bilmərəm` demişdi xatirələrində.


`Böyük Yürüş` xalqla əlaqəsinin uğuruydu


Mao hər uğurlu diktator kimi xalqla əlaqə qurmağın peşəkarı idi. 1934-cü ildə millətçilər tərəfindən sıxışdırılıb əsas bazadan qaçmaq məcburiyyətində qalanda bu qaçışı usta bir manevrlə `Böyük Yürüş`ə çevirməyi bacaracaqdı. Çinin cənubundakı Qırmızı Ordu ilə birləşmək üçün 80 min tərəfdarıyla 9 min 650 km-lik uzun yürüşə çıxdı. Hər kilometrdə arxasınca soyuqdan donmuş cəsədlərlə dolu yol cizgisi buraxmışdı. Uzun yürüşün sonunda sağ qalan adamlarının sayı cəmi 20 min nəfər idi. Hər nə qədər bu yürüşün böyük hissəsini taxtda daşınaraq keçirsə də jurnalistlərə piyada qət etdiyini deyəcək və özünə `xalq adamı` makyajını vuracaqdı.
II dünya müharibəsinin başlamasıyla ölkədəki kommunistlərlə millətçilər hakimiyyət uğrunda mübarizələrinə ara verdi. Artıq bir düşmən var idi: ölkəni işğal edən yaponlar. Maonun kommunistləri rusların, Çan Kayşekin rəhbərliyindəki millətçilər amerikalıların dəstəyini alaraq yaponlara qarşı amansız mübarizəyə başladı.

Artan gücü və hakimiyyət mövqeyi ilə çinli liderin iştahı da artırdı. Heç bir zaman heyranlıq sıxıntısı çəkmədi. Xüsusilə qadınlar baxımından. Həyatına girib, öz həyatına `son verən` qadınlardan biri də Gui-yuan olacaqdı. Maodan beş uşağı olmuş, bunlardan biri ölərkən, digərlərini də millətçilərdən qaçış əsnasında Maonun əmriylə tərk etmək məcburiyyətində qalmışdı. Həyatının qalan hissəsini uşaqlarını axtarmaqla keçirmiş, amma ən böyük zərbəni Maonun yenidən evləndiyini eşidəndə almışdı. Bir daha özünə gələ bilmədi. Rusiyadakı ruhi dispanserlərdən birində yatarkən Mao tarixə keçəcək anlamda damğasını vuran dördüncü arvadı Jiang Qing ilə yaşamağa başlamışdı.


Artıq Çinin bir ağası var


Maonun gücü gedərək artırdı. 1941-ci ildə ÇKP-nin üzvlərinin sayı 700 minə çatmışdı. Lakin bu kafi deyildi. Ona könüllü, qəlbən dəstəkdən əlavə sorğu-sualsız arxasınca gələn kütlələr lazım idi. Beləliklə, insan həyatının hər zərrəsinə uzanan qanunlar silsiləsi hazırladı. 1942-ci ildə `xarici dildən istifadə etmək` adlı qanun layihəsi hazırlandı. Partiya əleyhinə çıxmaq, hətta bunu dilə gətirmək qadağan olundu. Bunu edənlər agent ittihamıyla cəzalandırılmağa başlandı. 1945-ci ildə Mao nəzarəti tam olaraq ələ keçirmişdi.
II dünya müharibəsinin bitməsiylə kommunistlərlə millətçilər arasında ittifaq sona çatdı. Hakimiyyət üstündə mübarizə yenidən başlandı. Uzun və qanlı mücadilənin sonunda Mao Amerikanın dəstəklədiyi millətçiləri məğlub etmişdi. Millətçilər Formoza adasına gedərək Tayvan adıyla tanınan Millətçi Çini qurdular.

Artıq Çinin bir ağası var idi: Mao. Pekində Tianenmen qapısı önündə Çin Xalq Respublikasının yaradıldığını elan edəndə Çində yeni bir səhifə açılırdı. Kütlələr `çox yaşa rəhbər Mao!` deyə çığırırdı. Amma o gün Çinin necə bir bəlanın içinə düşdüyünü bilmirdilər. Mao 550 milyon insanın mətbəx ağası olmuşdu...

Gücə ac olan bir çox diktatorlar kimi Mao da qəribə davranışlar sərgiləməyə başladı. Sevdiyi balığı min km uzaqdan plastik torbalar içində gətirtmək, uzun müddət çimməmək, dişlərini heç vaxt yumamaq və hətta ölkənin fərqli yerlərində tikdirdiyi 50-dən çox evin hovuzlarında yenə də ölkənin müxtəlif yerlərindən gətirilmiş gənc qızlarla vaxtını keçirmək kimi.


Çinin qapıları bağlanır


Kapitalistlərin təsirindən qorxan Mao 1949-cu ildə ölkənin qapılarını bağladı. Vətəndaşlarının səyahət etməsini qadağan etdi və ölkədəki bütün xariciləri qovdu. Bu tətbiq etmələr ancaq və ancaq onun ölümündən sonra aradan qalxacaqdı. Həmin vaxtlar Tibetin şimalını işğal etdi və məmləkətin canına meydan oxuyacaq bir layihəyə imza ataraq ` Böyük addım` siyasətini həyata keçirdi. Cəmiyyəti yenidən təşkilatlandıracaqdı. 1958-ci ildə sahildə yaşayan hər kəsə `nəzarət etmək daha asan olacaq` səbəbiylə əmr verdi. Mao bu nəhəng addımla kəndli kütləsini bir anda sənaye toplumuna çevirməyi ağlına qoymuşdu. Hədəf dəmir istehsalında İngiltərəni keçmək idi. Kəndlərdən boşaldılan kütlələr əmək düşərgələrinə yığıldı və amansızcasına işlədilməyə başlandı. Dünənin kəndliləri səhər oyananda fabrik işçiləri olmuşdu. Mao kommunizm adıyla bu günki yarı faşist, yarı kapitalist Çinin amansız inkişaf həmləsinin toxumlarını atmış oldu. Insan çox idi. Ölənə qədər işlədilmələri də bir problem olmazdı!

Kənd təsərrüfatındakı əhali boşaldıqdan sonra kolxoz sistemi də lazım olan ərzağı tədarük edə bilmədi. Qısa zamanda aclıq başladı. Maonun cavabı şərhsiz idi: “ Aclıqdan ölürlərsə, daha çox işləsinlər!” Böyük Addımın milyonları öldürdüyünü və bu siyasətdən imtina etməyin vacib olduğunu söyləməyə cəsarət edənlər əks inqilabçılıq ittihamıyla həbsə salınırdı. Bunların arasında Müdafiə naziri Peng Dehuai də var idi. Lider əsla yanılmazdı...

Mao ölkənin milli gəlirini Qobi səhrasındakı nüvə bazasına xərcləyərkən təxminən 38 milyon insan( bəzi mənbələrə görə 38-45) bu siyasətdən qaynaqlanan aclıq və xəstəlikdən ölmüşdü. Tarixin bu ana kimi gördüyü ən böyük qırğın idi. Çindəki məktəb kitabları isə bunlardan əsla bəhs etməyəcəkdi. Kitablara görə 1959-61-ci illərdə meydana gələn fəlakətlərə görə bəzi sıxıntılar yaşanmışdı.
Mao dünyanın gözündən uzaq bir şəkildə daha da ağla gəlməz hərəkətlər etməyə başlamışdı. Yanındakı adamların adlarından sıxılır, onları rəqəmlərlə çağırırdı. Ölkədə din qadağan olunmuş, əksini edənlər güllələnmişdi. Mao qadınların bəzənməsini, uzun ətək geymələrini, dikdabanla gəzmələrini qadağan etmiş və ölkədəki hər kəs Mao modasını təqib etməyə məcbur olmuşdu. Yaşıl köynək və şalvardan ibarət zövqsüz moda qısa zamanda Çini təsiri altına almışdı.


Mədəni inqilabla mədəniyyət məhv edildi


Mao hər kəsin həyatına burnunu soxma əməliyyatını bitirdikdən sonra 1966-cı ildə tarixi yenidən yazmağa başladı. Ölkənin başına on il davam edəcək bəla açırdı. Bunun üçün istifadə etdiyi `Böyük inqilab`, daha sonrasa `mədəni inqilab` tarixə keçəcəkdi. Maonun israrıyla ölkə keçmişə aid dörd köhnəni məhv etməyə başladı. Bunlar mədəniyyət, fikirlər, adətlər və ənənələr idi. Onun fikrincə ` yenilikçi düşüncələr` və `kommunizmin düşmənlər`i məhv edilirdi. Əsrlərə meydan oxuyan tarixi binalar yerlə bir edildi. Bu işlərdə xüsusilə ziyalılar işlədilirdi. Maonun lənətindən kimsə canını qurtara bilmirdi. Müəllimlər, yazarlar işgəncəyə məruz qalır, operalar, teatrlar, filmlər inqilabçı təbliğata uyğun olaraq qurulurdu. Maonun arvadı xanım Mao-Jiang Qing ərinin ölüm dəzgahının dişlərini yağlamaqda gecikməmişdi. Öz başına ölüm dəstələri quran və əsdirdiyi fırtınayla ən qüdrətli qadınlar siyahısında öncüllərdən olan Qing bir zamanlar özünün oynamaq istədiyi rolların yüzlərlə aktrisasını edama göndərərkən gözünü qırpmamışdı. Mao belə arvadı haqqında ` Jiang Qing bir əqrəb qədər öldürücüdür` demək məcburiyyətində qalmışdı.


Baş ağrısına, diş ağrısına tək dərman: Qırmızı kitab


1966-cı ilin mayında Maoya yaradılan şəxsiyyət kultu özünün pik həddinə çatdı. Üzərində şəkli olan nişanlar yaxalardakı yerini tutdu. Maonun sözlərindən ibarət olan Qırmızı Kitab misra-misra əzbərlədilməyə başlanıldı. Bu kitabda nələr yox idi ki?! ` Bütün insanlar ölməli. Amma ölüm əhəmiyyətinə görə fərqli ola bilər` deyirdi `uca lider`.

Mədəni inqilab əsnasında düşmən kimi tanıtdırılan universitetlərdə qırğınlar başladı. Inqilaba qəlbən bağlı olan gənclərdən ibarət könüllü Qırmızı Mühafizəçilər universitet müəllimlərini kütlə içərisində sürüyür, bəzən də linç edərək öldürürdülər. Evlərə girir, kitabları yandırır, şəkilləri cırır, keçmiş mədəniyyətə aid nə vardısa məhv edirdilər. Çünki yaranan boşluğa qırmızı mədəniyyət yerləşdiriləcəkdi. Amma təəssüf ki, bu uşaq doğulmadan öncə Çin nəhəng bir səhraya dönəcəkdi.

Ölkədəki bu qırğınlar nəticəsində siyasi piramidanın rəhbərliyində olanlar da öz payını aldı. Çinin qoca dövlət başçısı Liu Shaoo-chi( Mao rəsmiyyətdə partiya rəhbəri olsa da ölkəni felən idarə edirdi) də Mao tərəfindən özünə rəqib görüldüyünə görə həbs olundu. Yəqin ki, həbsxanada döyülmək səbəbindən orada dünyasını dəyişdi. Xanım Mao da Shao-chinin arvadına kiçik uşaqlarının gözü qarşısında işgəncə vermiş və qadını 10 illik həbsə məhkum etmişdi. Ər-arvad Maolar ölkəni əllərində saxlayırdı.


Mao da ölür...


Lakin Maonun bütün cəhdlərinə baxmayaraq bu dövran belə davam etməyəcəkdi. 1972-ci ildə diktator 80 yaşında idi. Müalicəsi olmayan bir xəstəliyə yoluxmuşdu. Görmə qabiliyyətinin azalmasına görə ətrafdakılarının ayaq uclarına basaraq yeriməsi əmr edilmişdi. Nə olursa olsun rəhbəri narahat etmək olmazdı. Həyatının son dövrlərinə yaxın keçmişinin uğurlarıyla fəxr edən və hakimiyyətdən devrilmiş krallarla bağlı şeirlərə könül vermişdi.

1976-cı ilin 9 sentyabr gecəsində saat 10-da əcəl Maonun qapısını döydü. “Mao da ölümlü birisi” deməyə cəsarət edənlərin əks inqilabda günahlandırıldığı ölkədə Mao da ölmüşdü. Tiananmen meydanına toplanan minlərlə insan dizlərini döydü. Kimsəylə bənzəri olmayan rəhbərləri ölmüşdü. Göz yaşları sel olub axdı. Dizləri döyülməkdən sivrildi. Maonun mumiyalanmış cəsədi meydanda nümayiş olundu. Hələ də oradadır.

Aradan 30 ildən çox zaman keçib. Maonun mirası Çinin simasının dəyişməsinə baxmayaraq hələ də yaşamağa davam edir. Ölkə hər nə qədər nəhəng sənaye istehsalıyla kapitalist dünyasının dayaq nöqtələrindən birinə çevrilsə də partiyası rəhbərlərinin xatirəsini yaşatmağa davam edir. Beləliklə Mao əfsanəsinin son istehsal tarixi də təxirə salınmış olur.

Bəlkə də öz sonunu ən yaxşı xüsusiləşdirən özü olmuşdu. 1975-ci ildəki çıxışında “Ölümlərin də faydası vardır. Ən azından torpağı gübrələyərlər” deyərək...


Tennis diplomatiyasının memarı idi


Amerikan stolüstü Tennis Milli Komandasının 1971-ci ildə Çin səfəri dünya siyasi tarixinin ən önəmli olaylarından biri idi. Tennisçilər kommunistlərin Çini ələ keçirməsindən sonra ölkəyə gələn ilk amerikalılar idi. Bu işin memarı isə onların gəlməsinə izn verən Mao olmuşdu. Soyuq müharibənin isti günlərində Koreya və Vyetnam müharibəsinə görə münasibətləri gərgin olan iki ölkə tennisçilərin oyunuyla buxarlanmış, bu gün də davam edən xüsusi əlaqələrin təməli atılmışdı. Tennisçilərin ardınca yumşalan münasibətlərin yaratdığı gizli görüşlər nəticəsində ABŞ prezidenti Nikson 1972-ci ilin fevralında Pekinə səfər edərək bütün dünyanı təəccübləndirmişdi. Bəzilərinə görə bu hadisə insanın aya uçması qədər inanılmaz idi. Mao həmin vaxtlar SSRİ ilə aralarında yaşanan gərginliyə görə (iki ölkə fərqli kommunizmləri müdafiə edirdi) Amerika kimi bir ölkəylə münasibət quraraq eyni zamanda nə qədər praqmatik olduqlarını göstərmişdi.


Xanım Mao da ərindən geri qalmırdı


Jiang Qing zalımlıqda ərindən geri qalmamış, hətta mədəni inqilabın ən öndə gələn nəzəriyyəçilərindən biri olmuşdu. Keçmişdə aktrisa olduğuna görə kütlələri coşduran filmlərin bel sümüyü idi. Partiya daxilində üç dostuyla qrup yaratmış, daha sonradan bu qrupa Maonun onları çağırdığı kimi ` dördlü dəstə` deyilmişdi. Mao öldükdən sonra bu dəstə də təsirini itirdi. Qısa zamanda gözdən düşdülər və 1980-ci ildə idarəçilikdə həddini aşmaq ittihamıyla ÇKP tərəfindən məhkəmə önünə çıxarıldılar. Çinin xaricə qapılarını açan Deng Tiaoping televiziya ilə yayımlanan məhkəmə prosesiylə yeni bir eranın başladığını işarə verirdi. Xanım Mao 1991-ci ildə səhhətinə görə azad edildi və sonradan intihar etdi.


Mədəni inqilab necə bəlaydı?


Maonun 1966-76-cı illər arasında Çinin başına hördüyü ən bəlalı və qanlı corab idi mədəni inqilab. Rəhbər bununla yeni bir ölkə qurmaq istəyirdi. Adətə, ənənəyə və elmə müharibə elan edildi. Ziyalılar, savadlılar əmək düşərgələrinə salındı. Buddist rahiblər həbs edildi. Budda heykəli yıxıldı. Konfutsinin yazıları yandırıldı. Müsəlmanlara zorla donuz kəsdirildi. Məktəblər bağlandı. Hər kəs hər kəsin casusu oldu. Maonun beyinləri təmizləyən qırmızı mühafizəçiləri inqilabın qarolçuluğunu etdi və yüz minlərlə(bəzi qaynaqlara görə bir milyon) insan öldü. Bu günkü Çində bu dövr ` on illik xaos` ya da `on illik bəla` olaraq tanınır və dərs kitablarında bəhs olunmur.
 

Dünyanın ən çox nəşr olunan kitabı: Qırmızı Kitab


Mao da hər diktator kimi öz fikirlərinin bütün dərdlərə dərman olduğuna inanırdı. Və təbii ki, bu düşüncələrini kitab etməyə gecikməmişdi. 1964-76-cı illər arasında təxminən 5-6.5 milyard nüsxə dərc olunan kitab XX əsrin ən çox oxunan kitabı olmuşdu. Dinin qadağan olunduğu ölkədə müqəddəs kitab kürsüsünə yüksəlmiş, xüsusilə mədəni inqilab dövründə hər çinlinin üzərində daşıması məcburi olmuşdu. Daşımayanı Qırmızı mühafizlər döyürdü. Kitabı oxumayanın bu döyülmələrdən sonra `beyni` açılırdı. Qərblilər cibdə daşınma boyda olduğuna görə bu kitaba `balaca Qırmızı Kitab` adını vermişdilər. Kitabda Maonun həyata dair hər cür düşüncəsi maddələr halında sıralanmışdı.

 

Tərcümə: Emin Piri