adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
17 Fevral 2021 11:17
96624
MÜSAHİBƏ
A- A+

“Şagirdlərə yüksək qiymət yazmağın tərəfdarıyam”- MÜSAHİBƏ

Həmsöhbətimiz Astara şəhər 1 saylı tam orta məktəbinin ingilis dili müəllimi Babək Rzazadədir.

-Uzunmüddətli karantindən sonra məktəblər ənənəvi təhsilə geri döndü. Təhsil hazırda necə gedir, distant təhsilin boşluğunu necə doldurursunuz?

-Bildiyimiz kimi məktəblərdə karantin elan edilməsindən artıq 1 ilə yaxın müddət keçir. Keçən il martdan etibarən biz müəllimlər watsap, zoom və digər vasitələrlə dərslər keçməyə çalışdıq və demək olar ki, əlimizdən gələni etdik ki, effektli olsun. Şəxsən mən watsapla bütün dərs keçdiyim siniflərlə dərs keçdik. 11-ci sinif şagirdləri üçün yutub kanalı yaradaraq, imtahanda düşəcək bütün ingilis dilində qrammatik qaydaları paylaşdım. Feyzbuk üzərimdən buraxılış tipli sinaqlar hazırlayıb, video şəklində çəkdim və paylaşdım. Məktəbdə dərs keçmədiyim 9-cu sinif şagirdləri üçün onlayn buraxılış imtahanına hazırlıq dərsləri təşkil etdim. Görülən bu işlər düşünürəm öz bəhrəsini verdi. Artıq bu il sentyabrdan rəsmi olaraq TİMS platformasından dərslər keçdik. Mənim tədris etdiyim ixtisas humanitar yönümlü olması üstünlük oldu ki, bir o qədər də fərq olmasın ənənəvi dərs ilə. Mən aşağı sinif şagirdlərim üçün evdə böyük ekranlı televizor quraşdırdım və 1,2,6,8-ci sinif şagirdlərinə ingilis dilində video dərslər, məlumatlar yutubdan qoymaqla onlayn dərslərə şagirdləri cəlb etdim və əylənərək öyrənirdik.

Düzdür, mən həmişə şagirdlərə yüksək qiymət yazmağın tərəfdarıyam və motivasiya üçün obyektiv olduğu kimi həmdə, yüksək yazıram. Ənənəvi təhsilə döndük, şagirdlər və biz müəllimlər sevinirik. Əlbəttə distant dərs nə qədər yüksək səviyyədə olsa da razılaşıram ki, boşluqlar da olurdu. Və bu boşluqları mövzuları birləşdirməklə, daha çox çalışmaqla konpensasiya edirik.

Bildirim ki, həmdə sinif şagirdləri 2 qrupa (tək və cüt) bölündüyünə görə dərsi daha tez tədris etmək olur düşünürəm. Təhsil hal-hazırda öz axarı ilə yüksək səviyyədə davam edir.

 

Pandemiyanın yaratdığı problemlər hələ bir neçə illər təhsilimizdə öz əksini tapacaq.

 

-Distant təhsil şagirdlərdə hər hansı geriləməyə səbəb oldumu?

 

-Distant təhsil biz ona öncədən hazır olmamağımıza görə əlbəttə, mənfi təsirləri və geriləmələri də oldu. Düşünürəm bu daha çox texniki elmlərdə özünü göstərdi, amma buraxılış imtahanı verəcək şagirdlər və qəbul imtahanı verən abituriyentlərə mənfi təsiri oldu. Bütün şagirdlərin internetə heçdə çıxışı mümkün deyildi. Məhz onlayn dərslərə qoşula bilməyən şagirdlər daha çox bu mənfi təsirləri hiss edir və edəcək. İngilis dilindən mən sinifdə xüsusi səs gücləndirici qurğu vasitəsilə dinləmə mətni açıb və ona uyğun sualları şagirdlər cavablandırırdılar. Timsdə isə bu ya çətin, yada qeyri mümkün ola bilirdi. Biz müəllimlərin üzərinə çox böyük məsuliyyət düşdü və əksər müəllimlər vicdanla öz məsuliyyətlərini yerinə yetirdilər. Şagirdləri üçün müxtəlif metodlar, üsullar tətbiq etdilər ki, dərslərdən geri qalmasınlar. Məsələn, mən 6a sinif rəhbəri kimi internetə girişi olmayan iki şagirdim üçün yarım ilin sonunda bütün testləri yığıb evlərinə getdim və testləri evlərində onlara keçirtdim və həmdə onlara sevinc yaşatdım. Onların gözlərindəki sevinc hər şeyə dəyərdi. Bəli, pandemiyanın yaratdığı problemlər hələ bir neçə illər təhsilimizdə öz əksini tapacaq. Amma bunların hamısının öhdəsindən biz gələ bilərik.

-Hər halda distant təhsilin nədəsə müsbət cəhətləri olmamış olmaz.

-Distant dərslərin müsbət cəhətləri əlbəttə oldu. Bildiyimiz kimi,distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Bundan əlavə, vaxtın çox hissəsini şagirdlər müstəqil şəkildə məşğul olurlar. Şagirdlər müstəqil işləmək vərdişini daha da inkişaf etdirdilər. Distant təhsil şagirdin utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə internet lazımdır. Övladlarının cavabını, dərsə hazırlığını valideynlər də izləyə bilirlər. Telekommunikasiya vasitələrindən şagirdlər daha yaxşı məqsədlər, təhsil üçün istifadə etməyi öyrəndilər və bir növ bunu vərdişə çevirdilər. Vaxt itkisi olmadan şagirdlər biliklərini əldə etdilər.

-Cocuq Mərcanlıda da hərbi həyatınız olub. Bu kənd qayıdışın bir növ siqnalı idi. Fikirlərinizdə hansı dəyişikliklər yaratdı?

- 2013-14-cu ildə hərbi xidmətimi Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində keçdim. Yaxşı xatırlayıram, döyüş növbəsində olarkən durduğum istiqamətdən bir tərəfə baxıb Lələ-Təpəni, digər bir tərəfdə Araz çayı boyunca olan çöllükləri və İran İslam Respublikası kəndlərini görürdüm. Günəş dağın üzərinə şəfəq saçanda doğma torpağı həsrətlə seyr edərdim. Və bir vaxtlar bizim, babalarımızın yurdu olduğunu xatırlayırdım və içimdə bir qəhər məni boğurdu. Amma həmdə mən o əraziləri seyr etməyi çox istəyirdim. Çünki oralar mənə doğma və isti gəlirdi. Və əmin idim ki, biz bir gün o torpaqlarıma qovuşacağıq. Cocuq-Mərcanlıda təkcə bir ailə yaşayırdı. Oqtay əminin ailəsi, o da çoban idi. Arzulayırdım ki, bir gün bu kəndə qayıdım və abad kəndi, evlər,məktəb, kənd camaatı ilə rastlaşım. Həsrətlə baxdığım o dağlara gedə bilək. Aprel döyüşləri zəfərindən sonra Cocuq-Mərcanlıda məktəb binası və abad kəndi seyr etmək təbiiki çox qürur verirdi. Vətən müharibəsi zəfəri isə hər bir azərbaycanlı kimi məni də çox xoşbəxt etdi. Artıq arzumuz reallaşıb. Torpaqlarımıza qovuşmuşuq. Bir gün şagirdlərimlə Cəbrayıl-Cocuq Mərcanlı, Füzuli, Şuşa, Ağdama İmarət stadionunda Qarabağ FK un qələbəsini seyr etməyə getmək artıq mümkün və yaxın görünür.

-Sonradan magistr təhsili də aldınız. Magistrın bir müəllim kimi sizə hansı üstünlükləri var?

- Magistr təhsili almaq həmişə arzum idi. “Təhsil almaq üçün heç zaman gec deyil və bütün əldə etdiyin bilik, diplomlar sənin pasportun, uğur açarın olacaq” deyirəm tələbələrimə.

Bütün günümü kursda, axşamları isə üniversitet dərsləri və gecələr dərs hazırlığı. Bütün bunlar çox çətin idi. Amma mən təhsil yolunda çətinlikləri, ən əsası isə o çətinliklərə sinə gərib uğur qazanmaqdan zövq alıram. Mənə hər yerdə, əsasən kənddə sual verirlər ki, bu ixtisas və təhsil sənə nəyi verdi? Onsuz yenə orta məktəbdə müəllimsən. Mən isə bu mənim arzum idi. Təhsildə yeni mühit, yeni macəralarla rastlaşdım. Niyə MBA? Mən öz ixtisasım üzrə davam etsəydim məcburən LDU seçəcəkdim yenə, mən isə şəhərdə təhsil istədim. Daha çox inkişaf istədim. MBA ancaq Bakıda olduğundan oranı seçəcəkdim və seçdim. Mən şəhərdə yüksək səviyyəli kurslarda, MİQ hazırlığı, magistr hazırlığı, General English dərslərini keçdim. Rayonda isə yalnız abiyuriyent və şagirdlərlə işləmək olur. Mən öz ixtisasım üzrə yeni təcrübələr qazandım, daha da inkişaf etdim. İngilis dili müəllimləri qrammatik cəhətdən güclü ixtisaslı olsalar da, adətən danışıq dilində çətinlik çəkirlər. Mən isə speakingi (danışıq) magistr təhsili alaraq inkişaf etdirə bildim.

-Cənub zonasında əvvəllər qız uşaqlarının təhsildən yayınmasından şikayətlər olurdu. İndi vəziyyət necədir? Və ya belə sorunlar varsa bir müəllim kimi hansı dəstəyiniz, köməyiniz olur?

- Bəli, Lerikdə işlədiyim illərdə müəyyən qədər bu problemləri sezə bilirdim. Amma onsuz orda şagird sayı siniflərdə çox az idi. Amma Astaraya geri dönüş edəndən sonra açığı bu problemlər nə Şahağacı kəndində işlədiyim zamanda, nə də yaşadığım kənddə bu problem demək olarki rast gəlinmir. Gənc müəllim kimi mən yenə bir qədər ehtiyat edirdim ilk illərdə. Amma özümü, xarakterimi cəmiyyətdə gənc müəllim kimi tanıtdırdıqdan sonra bu və bu kimi problemlərlə qarşılaşmıram. Elə ən böyük dəstəkçilərim şagirdlərimin valideynləridir. Rayonumda tələbələrim arasında çoxlu sayda intellektual, yüksək savada malik, yüksək balla ən öndə gedən ali təhsil müəssisələrində təhsil alan qız tələbələrim var. Və onları şagirdlərimə nümunə göstərirəm, onlarla görüşdürürəm. Bu da qız şagirdləri və valideynlərinə yaxşı təsir edir.

- Eyni zamanda MiQ hazırlığı, digər tədris müəssisələri, Təhsil Nazirliyinin keçirdiyi qrant layihələrində qalib olmaq. Bütün bunları birgə necə bacarırsınız?

-Mən kasıb ailədə böyümüşəm və geyimimdən tutmuş, dəftər ləvazimatlarına qədər hər bir şeyimi bacı və qardaşlarımla bölüşmüşəm. Valideynlərimin bütün günü işləyib, zəhmətə qatlaşmağını görmüşəm. Özümə söz verirdim ki, böyüyüm və onları işıqlı günə çıxarım. Bunun üçün isə bir işıq yolum var idi. Təhsil! Bəli, təhsil aldım, amma işə başlayandan sonra təkcə ailəmə yox, cəmiyyət, dövlət üçün də xeyirli, layiqli vətəndaş, müəllim olmağı məqsəq qoydum. Məni tanıyanlar bilir ki, mən bu işləri sadəcə daha çox pul qazanmaq üçün etmirəm, bu mənim iç dünyam, mənim peşəmə sevgimdən irəli gəlir. Bəli, mən çox yoruluram, hətta o qədər ki, işdən axşamlar telefonlara, vatsapa cavab vermək üçün enerjim qalmır. Hələ sinif rəhbəri işi, məktəb fənn metodbirləşmə sədri, kursda metodist müəllim, 100 dən çox abitutiyent hazırlığı, məktəb dərsləri, MİQ, Qrant layihəmin işi. Mən bunları planlayıram. Demək olar ki, hər gün hər birinə müəyyən zaman ayırıram. İstirahət günüm yoxdur. Rayonun ictimai həyatında da fəal iştirak edən gənclərdənəm. Bilirəm bir gün istirahət etsəm növbəti gün işlər bir-birinə dolaşacaq. Ancaq bu işləri sevirəm, güc tapıram. Uğursuz olanda üzülməməyə çalışıram, təcrübə kimi baxıram bütün uğursuzluqlarıma. Mücadilə etməyi sevirəm. Bir sözlə işimdən zövq alıram.

25 şagirdə hazırlığı təmənnasız keçirəm

 

-Kənd müəllimliyini sonradan rayon mərkəzinə dəyişdiniz. Buna səbəb nədir?

-Düşünürəm, öz fərdi inkişafım üçün rayon mərkəzi daha effektivdir. Bununla yanaşı, mən hələ kənd məktəbində işləyəndə kursda işləyirdim. Rayon mərkəzində də çoxlu abituriyentlərim var idi. Kurs rayon mərkəzində yerləşir. Və mən hələ kənddə işlədiyim zaman hal-hazırda işlədiyim Astara şəhər 1 saylı tam orta məktəbi 10 B təmayül sinfi üçün ingilis dili müəlliminə ehtiyac yarandı. Mən dəvət olundum və şagirdlərlə o qədər bir-birimizə doğma olduq ki, həmin şagirdlərim 18 nəfərdən 15 nəfəri yüksək balla universitetlərə qəbul olundular. Məktəbi o şagirdlər mənə o qədər sevdirdi ki...Mən kənddə yaşayıram və kəndimizdən marşrutla, taksi ilə işlədiyim məktəbə getmək bir saat zaman alır. Axşamlar isə evə gəlmək üçün marşrut belə tapmıram, taksi ilə gəlməli oluram. Yəni, mən rahatlıq üçün rayon mərkəzini seçməmişəm. Əksinə, daha çox yoruluram. Öz kəndimdə həftə sonu hazırlıqlar keçirəm və kənddəki 100-ə yaxın şagirdim yaşadığım Deqədi kənd məktəbi və ətraf kənd məktəb şagirdləridir. Qeyd edim ki, 25 şagirdə mən hazırlığı təmənnasız keçirəm. Kəndimizdən olan ilk polis leytenantı, Tarix müəllimi, müxtəlif ixtisaslarda oxuyan tələbələrim var. Məhz onlarla fəxr edirəm. Onlar hər mənimlə görüşə gələndə mənə “müəllim” deyəndə mənə dünyaları verirlər. Mənim tələbə və şagird əsgərlərim mənim nömrəmi götürüb hərbi hissədən mənə zəng edəndə çox xoşbəxt oluram. Həmişə onlara dəstək olmağa çalışıram. Artıq kiçik kəndimiz öz gənc ziyalı və tələbələri ilə özündən söz etdirir. Mənim də onları yetişdirməkdə xidmətlərim var. Mən hələ tələbə olandan onları hazırlaşdırırdım. Kəndimiz və ətraf kəndlərdə təmənnasız ixtisas seçimi edirəm. Bir sözlə mən rayon mərkəzində işləməklə yanaşı kənddə də işləyirəm.

-Şagirdlərlə aranız necədir? Dost ola bilirsiniz onlarla?

-Bir cümlə yazmaq istəyirəm. Mənə dostlarını say deyəndə ancaq şagirdlərim olmuş tələbələrimi sayıram. Bütün gözəl anlarımı, istirahət günlərimi onlarla keçirirəm demək olar ki. Bir misal deyim, mən keçən il noyabr tətilində Bakıya getdim 3 günlük. Və hər üç günü yalnız tələbələrimlə görüşdüm, vaxt keçirtdim. Gecəni də məni onlar buraxmadılar, evlərində qonaq qaldım, baxmayaraq, bacım və qardaşım şəhərdə yaşayır. Mən onları belə görə bilmədim. Bu sözlərdə heç bir mübaliğə yoxdur. Mən tələbələrimi o qədər çox istəyirəm ki, heç kəsin onlara haqsızlıq etməyinə dözə bilmərəm. Şagirdlərimi hər kəsdən qorumağa çalışıram.. Necə bacarıram onlarla dostluğu? Səmimi oluram, dost oluram. Onları səmimi qəlbdən sevdiyimi onlara ilk görüşdən göstərməyə çalışıram. Onlarla onların yaşıdı kimi davranıram. Onları heç zaman əzmirəm. Oğlan şagirdlər səhv edəndə fərdi söhbət edirəm adətən çay süfrəsində. Əyləncə üçün onlarla futbol, voleybola vaxt ayırmağa çalışıram. Onları anlayıram, mühakimə etmirəm. Amma dərsdə başqa cür davranıram. Artıq öyrəşiblər buna. Onlar iki Babək müəllim tanıyır. Sinifdəki və çöldəki. Hər ikisini çox istədiklərini deyirlər. Həmişə deyirəm ki,Müəllim savadlı olsa və dərs metodu düzgün istiqamətdə olsa sinifdə dərsi musiqi ilə keçsədə şagirdlər onun dərsini qəbul edəcək. Birdə həmişə şagirdlərimə deyirəm ki, arzularınızın dalınca gedin.

Söhbətləşdi: Emin Piri