adalet.az header logo
  • Bakı 12°C
17 Fevral 2021 12:31
29384
MƏDƏNİYYƏT
A- A+

NƏSRƏDDİN TUSİ VƏ NİKOLAY KOPERNİK - Etibar Əliyev yazır

NƏSRƏDDİN TUSİ-820

Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında yazır: "Xacə Nəsir marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülaku xana deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə yanaşdı: "Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək? Nəsir cavabında söylədi: İzn verin, bir nəfər dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsrəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirlər. Nəsrəddin xana deyir: "Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyindən həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə rahatlıq hökm sürər." Nəsrəddinin sözü Hülaku xanı elə inandırır ki, o, rəsədxanın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar buraxır. Və rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsrəddin Tusi rəsadxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edib. Burda tədris məqsədləri üçün istifadə olunan Yer və Göy qlobusları hazırlanıb. Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi.

Amerika fiziki, Əbdüs Salamla birgə 1979-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Stiven Vaynberq “Müasir elmin mənbəyi” adlı möhtəşəm kitabında yazır: “Bir çox alimlər Nikolay Kopernikin ət-Tusi tərəfindən düşünülmüş “Tusi cütlüyü” adlanan planetlərin hərəkətinə dair həndəsi konstruksiyasından istifadə etməsinə xüsusi əhəmiyyət verirlər. Mübahisəli məqam yaranıb: Kopernikin “Tusi cütlüyü” haqqında hansısa ərəb mənbələrindən məlumatı olubmu, yoxsa bunu özü düşünüb?”

Zəruri qeyd: Məntiqlə yanaşsaq deyə bilərik ki, Nikolay Kopernik özünün "heliosentrik sistemi" təlimində "Tusi cütlü"yündə istifadə edib.

Əslən azərbaycanlı alim filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı, hüquqşünas, dövlət xadimi Nəsirəddin Tusinin (17 fevral 1201– 26 iyun 1274) doğum günüdür.

Nəsrəddin Tusinin əsas əsərləri bunlardır

Şərh əl-İşarat (20 ildə hazırlanmış)

Şəkl ül-Qita (Tam dördtərəfli haqqında traktat)

Zic-Elxani (Elxani astronomik cədvəli)

Təcrid əl-Əqaid (Əqidənin təcridi)

Təcrid əl-Kəlam (Kəlamın təcridi)

Təcrid əl-Məntiq[24]

Təhrir-i Öqlidis (Evklidin şərhi)

Təhrir əl-Məcəsti

Əsas əl-İqtibas (İqtibasın əsası)

Meyar əl-Əşar (Şeirlərin meyarı)

Əxlaq-i Nasiri (1235)

Əsilətun- Nəsiriyyə

Övsaf-ül Əşraf

Risalə fil-İmamə (İmamətə dair traktat)

Cəbr və qədər (Cəbr və ixtiyar risaləsi)

Cələul-Hesab (Taxta və qum vasitəsilə hesablama)

Həll əl-Müşkilat (Problemlərin həlli)