adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Fevral 2021 12:21
53657
MÜSAHİBƏ
A- A+

Teatr, pandemiya və ya onlayn görüşlər ...

Gəncə Dövlət Dram Teatrı - 126-cı mövsümdə

 

Artıq bəşəriyyətin mübtəla olduğu "COVİD-19" pandemiyasının tüğyan etdiyi bu bir il ərzində hər bir sahədə olduğu kimi teatr, tamaşa və konsert müəssisələrimizdə də canlı çıxışları izləmək mümkünsüzə çevrilib. Pandamiya tüğyanı səbəbindən onsuz da böyük tamaşaçı auditoriyasının qıtlığından əziyyət çəkən teatrlarımız tamaşaçı auditoriyasını onlayn olaraq toplamaq məcburiyyətdində qalıb. Elə bu səbəbdən də indi ikinci teatr mövsümünü pandemiya müşayiəti ilə davam edirik. 2020-ci ilin martında xüsusi karantin rejiminin elan edilməsindən sonra onlayn tamaşa nümayişləri, videoformatda eksperimentlər, ara-sıra sosial şəbəkələrdə izlədiyimiz canlı teatr yayımları ilə yadda qalmağa çalışan sənət ocaqlarından biri də Gəncə Dövlət Dram Teatrıdır.

Özünün 126-cı teatr mövsümünü yaşayan bu sənət ocağında yaradıcılıq axtarışlarının nə vəziyyətdə olmasını öyrənmək üçün müsahibimiz Gəncə Dövlət Dram Teatrının direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi Əli Qasımovdur.

 

- Əli müəllim, artıq ötən ilin mart ayından pandemiya səbəbindən teatrlarımız canlı tamaşaçı auditoriyası ilə görüşə bilmir. Sözsüz ki, bu teatrların fəaliyyətinə də müəyyən mənada çətinliklər yaradır. Bu bir il ərzində teatrın fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Təbii ki, qeyd etdiyiniz kimi bu bir il ərzində pandemiya səbəbindən fəaliyyətimizi normal qaydada əvvəlki kimi tənzimləyə bilmirik. Yəni repertuarımızda olan tamaşaları tam olaraq canlı aktyor ifası ilə səhnədə göstərmək mümkünsüzə çevrilib.

Ancaq bütün bu kimi çətinliklərə baxmayaraq fəaliyyətimizi onlayn sosial şəbəkə üzərindən nümayiş etdirməklə repertuar planımızda olan tamaşaları teatrsevərlərə təqdim etmişik.

Bu məqsədlə Gəncə Dövlət Dram Teatrının Facebook sosial şəbəkəsində "Gəncə teatrının video tamaşaları və afişası" adlı səhifəsi yaradılaraq tamaşaçılarla ünsiyyət qurmuşuq.

Teatrsevərlər ilk vaxtlarda həftə ərzində iki gün daha sonralar isə həftə ərzində beş gün olmaqla tamaşalarımızı videoformatda izləyə biliblər. Bu günə kimi də tamaşalarımızı həmin qeyd etdiyim səhifədə izləmək mümkündür.

- Xüsusi karantin rejiminin elan edilməsindən sonra videoformatda eksperimentlər, ara-sıra sosial şəbəkələrdə izlədiyimiz canlı teatr tamaşalarının yayımlarına da rast gəlirdik. Gəncə Dövlət Dram Teatrı bu sahədə xüsusi olaraq aktiv çıxışları ilə diqqəti cəlb edirdi. Bu barədə nə deyə bilərsiniz?

- Bu bir il ərzində yaradıcı kollektivimizlə birlikdə qərara gəldik ki, xüsusi olaraq qeyd edilən təqvim günləri ilə bağlı qısametrajlı kompozisiyaları hazırlayıb yeni bir formatda teatrsevərlərə təqdim edək. Çalışdığımız qədər bu kimi yeniliklərə imza atdıq. Sözsüz ki, yeni formatda təqdim edilən kompozisiyalar teatrın sosial şəbəkəsində yayımlanan zamanında tamaşaçı baxışı və rəyləri ilə dəyərləndirildiyindən yeniliklərə daha çox imza atmaq üçün var qüvvəmizlə işləmək qərarını verdik. Buna nə dərəcədə nail ola bilmişiksə artıq teatrsevərlər deyə biləcək.

- 44 günlük Zəfər tariximizin qələbə xəbərini Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi də böyük sevinc hissi ilə qarşılamaqla yeni bir formatda videoçarx hazırladı. Bu barədə məlumat vermənizi xahiş edirəm.

- Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan bir çox məsələlər var ki, əsasən vətənpərvərliyin və hərbi-vətənpərvərliyin təbliği önəmli yer tutmaqla, günümüzün vacib məsələlərindən birinə çevrilməkdədir. Müharibə şəraitində yaşayan bir ölkənin gənclərinin vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsinə istiqamətlənərək, ərsəyə gətirilən hər bir sənət əsərlərində Xalq-Dövlət-Ordu birliyi daha çox hiss olunmalıdır. Bu səbəbdən, bu ruhda yazılan əsərlər günü-gündən daha çox təbliğ olunmalı, onların sırasında daha çox maraq doğuran səhnə əsərləri geniş tamaşaçı auditoriyasına təqdim edilməlidir. Yaradıcı kollektivimiz hələ qələbədən öncə ordumuzun zabit və əsgərlərinə dəstək məqsədi ilə bir sıra videoçarxlar hazırlayaraq sosial şəbəkə vasitəsilə təqdim edirdi. Daha sonra 44 günlük Zəfər tariximizin qələbəsini geniş bir formada təbliğ etmək məqsədilə şair, dramaturq Aydın Murovdağlının "Alın yazısı" poeması əsasında hazırlanan, torpaqlarımız uğrunda rəşadətlə döyüşən, doğma Qarabağımızda erməni qəsbkarlarını diz çökdürən Milli Ordumuza dəstək kompaniyası çərçivəsində ekranlaşdırılan videoçarx maraqla qarşılandı. Videoçarxda "Alın yazısı" poemasından parçalar yer almaqla Ali Baş Komandan, Zəfər Sərkərdəsi, cənab İlham Əliyevin də çıxışlarının bir hissəsi toplanmaqla tamaşaçı auditoriyasına təqdim olundu. Həmçinin qeyd etmək istəyirəm ki, burada Azərbaycanın ikinci Böyük Vətən müharibəsində əldə etdiyi uğurlar Gəncədə doğulub boya-başa çatan Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Comərdi Qəssab, Mirzə Şəfi Vazeh, Cavad xan kimi tarixi şəxsiyyətlərinin obrazlarının dilindən söylənilir.

- Tarixi qan yaddaşımız olan 20 yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqaədar olaraq "Vətən əmanəti" adlı videoçarxda maraqla qarşılandı. Ümumiyyətlə təqvimdə bu kimi günlərlə bağlı maraqlı sujetlərlə zəngin videoçarxların hazırlanması yaradıcı kollektiviniz üçün artıq ənənəvi hala çevrilib.

- Tamamilə düz qeyd etdiniz. Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi üçün bu kimi təqvim günlərində tarixi hadisələrlə bağlı videoçarxların hazırlanması deyərdim ki, həm də böyük maraqdan irəli gəlir. Kollektivimiz bu kimi videoçarxların hazırlanması prosesində böyük həvəslə çalışırlar. Qeyd etmək istərdim ki, yaradıcı kollektivimiz tərəfindən hazırlanan "Vətən Əmanəti" videoçarxında düşmənin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, həmçinin 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 gün ərzində torpaqlarımızı yağı düşməndən azad olunması şeir formasında əks edilib. Videoçarxda Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun və İqbal Nemətin şerləri səsləndirilib. Həmçinin, Şəmistan Əlizamanlının mahnılarından istifadə olunub.

Həmçinin qeyd etmək istəyirəm ki, Gəncə Dövlət Dram Teatrının təqdimatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan "Qayıdış" adlı qısametrajlı film üzərində də yaradıcılıq işlərini artıq yekunlaşdırmışıq. 16 dəqiqəlik bu qısametrajlı filmdə Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən hadisələr öz əksini tapıb. Film geniş tamaşaçı auditoriyasına təqdim olunub.

- Bildiyiniz kimi ölkə başçısı 2021-ci ili "Nizami Gəncəvi ili" olaraq elan edib. Bu məqədlə yaradıcı kollektiviniz hansı layihələr üzərində işləmək niyyətindədir?

- Artıq yaradıcı kollektivimiz bu məqsədlə ilkin addımını atıb. Belə ki, Nizami Gəncəvinin anadan olmasının 880 ili ilə əlaqədar olaraq dahi şairin "Xəmsə"sinin motivləri əsasında yeni bir kompozisiya videoçarx şəklində hazırlanaraq tamaşaçı auditoriyasına təqdim olunub.

Nizami Gəncəvi irisinin təbliğ edilməsi istiqamətində bundan sonra da kollektivimiz yaradıcılıq imkanlarından daha geniş formada istifadə edəcəkdir. Belə ki, teatrımızın III rüb repertuar planında gənc rejissor Elşad Əhmədovun səhnələşdirdiyi və hazırlayacağı "Sirlər xəzinəsi" pyesinin məşqlərinə başlanacaq. Tamaşanın Dövlət sifarişi ilə hazırlanması üçün artıq Mədəniyyət Nazirliyinə müraciət olunub.

- Repertuar planından söz düşmüşkən növbəti rüblər ərzində hansı tamaşaların hazırlanmasını planlaşdırırsınız?

- Qeyd etdiyim kimi artıq III rüb üçün Nizami Gəncəvinin 880 ili ilə əlaqədar olaraq "Sirlər xəzinəsi"nin motivləri əsasında səhnələşdirilən eyni adda tamaşanın hazırlanmasını planlaşdırırıq. Həmçinin qeyd etmək istyirəm ki, Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinin müraciətindən sonra möhtərəm cənab Prezidentimizin Gəncə teatrsevərlərinə eləcə də Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivinə böyük bir hədiyyəsi olan yeni əsaslı binanın tikilməsidir ki, bu ilin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır. Bu da bizim həm 127-ci teatr mövsümünün açılışı zamanına təsadüf edir həm də IV rüb üçün nəzərdə tutulur.

Təbii ki, əsaslı yeni tikilən binanın yaxın zamanlarda təhvil verilməsi kollektivimiz qarşısında böyük yaradıcılıq uğurlarının əldə edilməsi üçün imkanlar açır. Yeni teatr binasının açılışı həmçinin IV rüb üçün yerli yazarlarımızdan biri olan, dramaturq Nüşabə Əsəd Məmmədlinin "Cavad xan" tarixi dramı üzərində yaradıcılıq işlərinin başlanmasını planlaşdırıırq.

Bu tamaşanın da paytaxtdan dəvətli bir rejissor tərəfindən və Dövlət sifarişi əsasında hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciətimiz olub. Ümid edirəm ki, hər iki pyes üzərində yaradıcı kollektivimizin işi uğurlu alınacaq.

- Uğur olsun!

 

Söhbətləşdi,

Anar Burcəliyev,

Teatrşünas