adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Qarabağda sağlam görüşənədək - Orxan Saffari yazır

Orxan Saffari
57547 | 2021-02-19 14:32

Dünən- Fevralın 18- i yenə bir mina xəbəri gəldi. Tərtər rayon sakini Bəxtiyar Mahmudov minaya düşərək həlak olub. Özü də, bu, ilk gedişi deyilmiş və bir dəfə qardaşı Şəhriyar Mahmudovla icazəsiz keçdiklərinə görə barələrində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülmüşdür. Şəhriyar həbs olunub, mərhum Bəxtiyar isə cərimə olunmuşdur. Amma bu da kar etmədiyinə görə yenidən cəhd edib və bədbəxt sonluq ortada.

Bu ilkdirmi?! Yox. Son olacaqmı?! Ümid edirik!

Bəs, niyə bu qədər təhlükə olduğu halda adamların həyatlarını heçə sayırlar? Nəyin arxayınlığıdır? Əzizlər, o torpaqların dili olsa, bizə xəbərdarlıq edərdi. Torpaq da bu 30 il də bizi yaddan çıxarıb, indi-indi üz-gözümüz öyrəşir, bəlkə bir az səbr edək, tanış olaq?

Düzü, işğaldan azad olunan torpaqlarda minaya düşənləri görəndə daha çox kədərlənirəm, nəinki müharibə vaxtında düşüb şəhid olanlara..

Ona görə ki, aydın məsələdir, əsgərin başına gələ bilər, amma bu adamlara nolub? Nə olub, adamlar? Qaçhaqaçdır? Erməni təzədən gəlib girdi? Girə bilməz də. Azərbaycan əsgəri icazə verməyəcək, bəs, hara tələsirsən, ölümə?

Yəqin ki, müharibədən sonra yayılan xəbərləri, videoları gördünüz. Bir ailə isə yerli dibli maşında minaya düşdü.

Həmin videolara baxanda başqa cür həyəcanlanırsan, baxandan sonra başqa cür. 30 ildir torpağını görməyən adam 30 gün də dözmür, arvad-uşağı yığır, ordan da qohum-əqrəbaya, insanlara video çəkir ki, baxın, ay camaat, bu torpaqlara işğaldan sonra ayağı dəyən insanlar biz olduq!

Və budur, çox keçmir ki, konservaya oxşayan maşının şəkilləri yayılır. Təbii, heç biri də sağ çıxa bilmir.

Lazım idi? 30 il e, 30 il. Döz də, qurban olum. Bilirsən özü də, bilirsən ki, mina var, hər an düşə bilərsən. Ora bələd olan əsgər də düşür, sən nəyə güvənirsən? Bu nə arxayınlıqdır erməni yaşadığı yerə? İkinci məsələ, əlli dəfə xəbərdarlıq edirlər, cərimələyirlər, yenə eyni şey. Vallah, hamı istəyir, oralı olan da, olmayan da.

Yəqin, o iki qardaş da yadınızdadır. İkisi də getdilər rayon görməyə, indi biri heç görə bilməyəcək, biri də görməyə gedəndə əziyyət çəkəcək yerimək də.

Hər dəfə bu xəbərlər gələndə deyirsən, yəqin bununla bitdi, Daxili İşlər Nazirliyi müraciət edir, ANAMA deyir, vəziyyət pisdir, getməyə çalışmayın, qanunsuz keçməyin, amma kimə deyirsən? gizlin keçib gedirlər. Tuturlar, cərimə edirlər, yenə eyni şey.

Fevralın ikisi 3 nəfər də minib öz qaz 31-nə gedib, həsrətə son qoymaq istəyiblər. Qoydular. Biri həyatına son qoydu, digər ikisi sağlamlıqlarını məhdudlaşdırdılar.

İcazə verin, şəhidlərə üzülək, icazə verin, yaxınlarınız şəhidlərə kədərlənsiz, qazilərə kədərlənsiz, daha sizin axmaq cəsarətinizə yox.

Getməyin, ay adamlar, getməyin!
Gedirsiz, qayıda bilmirsiz. Elə gedin ki, həmişə gedə bilərsiz. Ani həvəsin, həyəcanın qurbanı olmağa dəyməz. O torpaqlarda daha erməni yoxdu, amma onların mənfur əməlləri hələ də qalır.

Kimliyindən asılı olaraq getməyin, nələrdənsə, hansısa yollardansa istifadə etməyin. Mina adam tanımır, necə ki, ANAMA-nın əməkdaşı belə düşə bilir.

Sabiq məmur Şakir Hacıyevin ailə üzvləri ilə birlikdə həlak olduğunu da unutmayın, digərlərini də. Heç kimi. Ümumiyyətlə, təhlükə olduğunu unutmayın. O torpaqlar bizimdir, o torpaqlara hamımız gedəcəyik, amma gəlin, hələlik səbr edək.

Qarabağda sağlam görüşənədək.

TƏQVİM / ARXİV