adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Fevral 2021 21:26
25979
SAĞLAMLIQ
A- A+

Neftçilərin peyvənd olunmasına başlanılıb

Dəniz obyektlərində çalışan neftçilərin karantində olan birinci qrupunun COVID-19 infeksiyasına qarşı peyvənd olunmasına artıq başlanılıb.

SOCAR-dan Adalet.az -a bildirilib ki, bu qrupdan olan şirkətin əməkçiləri dənizdəki iş yerlərinə karantin müddətini tam keçdikdən sonra göndəriləcək, iş növbəsini başa vurub qayıtdıqdan sonra isə vaksinasiya qaydalarına uyğun olaraq, ikinci dəfə peyvənd olunacaqlar. Vaksinasiyadan keçmiş və ya COVID-19 infeksiyasına yoluxaraq orqanizmlərində anticism yaranmış işçilərin isə karantində saxlanılmadan birbaşa işə cəlb ediləcəyi nəzərdə tutulur. Hazırlanmış plana əsasən, bütün dəniz neftçilərinin qısa müddətdə və mütəşəkkil qaydada peyvənd olunmaları üçün qrafik tutulub, zəruri tədbirlər görülüb.

Xatırladaq ki, pandemiya müddətində neft və qaz hasilatının davamlılığının təmin edilməsi və dəniz obyektlərində çalışan işçi heyətin infeksiyaya yoluxmasının qarşısının alınması məqsədilə növbəli iş rejimində çalışan personal indiyə qədər növbədən əvvəl karantin zonasında COVID-19 testindən keçirilir və 7 gün ərzində həmin zonada yaşamalı olurdu. Yalnız təkrar test nəticəsində infeksiyaya yoluxmadıqları təsdiq olunduqdan sonra onlar dəniz obyektlərinə göndərilirdilər. Pandemiyanın yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ölkəmizin bütün aparıcı şirkət və müəssisələri kimi, SOCAR da xüsusi iş rejiminə keçmiş, dəniz obyektlərində ənənəvi şəkildə tətbiq olunan 15 günlük iş növbəsinin 30 günədək uzadılması məqsədəuyğun sayılmışdı. Lakin iş və istirahət günlərinin illik sayı dəyişməz qalsa da, bu iş rejimi və dəniz neftçilərinin karantində keçirməli olduğu əlavə günlər onlar üçün əlavə psixoloji və sosial gərginlik yaradırdı. Bu zaman işin təşkili baxımından müəyyən çətinliklər yaranır, əlavə vəsait və resurslar sərf olunurdu. Odur ki, 30 günlük iş rejimindən ənənəvi rejimə keçirilməsi imkanları daim araşdırılırdı.

Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində respublikamızda vaksinasiya proseslərinə dünyanın aparıcı ölkələri ilə eyni vaxtda başlanılması əhalinin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaradıb, dərin minnətdarlıq hissi ilə qarşılanıb. Ölkəmizdə vaksinasiya prosesinin belə tezliklə start götürməsi SOCAR-ın dəniz obyektlərində ənənəvi növbəlilik rejiminin bərpa olunması üçün də əlverişli imkan yaradıb. Yaranmış imkanı yüksək dəyərləndirən SOCAR-ın rəhbərliyi dəniz neftçilərinin ilk növbədə peyvənd olunması xahişi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib və bu müraciət müsbət cavablandırılıb.

Qeyd edək ki, SOCAR-ın dəniz obyektlərində 10 mindən çox işçi fəaliyyət göstərir.