adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Fevral 2021 15:31
44143
ƏDƏBİYYAT
A- A+

Kenquru... - Əhməd Orucoğlu yazır

Qapının zəngi çalındı.Qapını açdım. Alt mərtəbədəki qonşu idi. İçəri dəvət etdim. Qonşum içəri daxil oldu. Xoş-beşdən sonra kasıb komamıza göz gəzdirib, gəlişinin səbəbini açıqladı.

-Elçiliyə gəlmişəm.

Məni gülmək tutdu:

-Deyəsən ,qapını səhv salmısınız.

-Səhv-zad salmamışam,düz gəlmişəm.

-Mənim qızım yoxdur. Gözümün ağı-qarası bircə oğlum var.

 Qonşum gözlərini süzdü:

- Elə gözünün ağı-qarası bircə oğluna elçiliyə gəlmişəm. Mənim kiçik qızım sizin oğlunuza aşiq olmasaydı, mən heç vaxt sizin qapınızı döyməzdim.

- Aaa...bu da təzə çıxdı?

- Təzə niyə? Siz televizora baxmırsınız? Feysbukda, yutubda olmursunuz? İndi fərq eləməz,oğlan qıza elçi düşdü, ya qız oğlana.

- Görəcək günlərimiz varmış.

- Burada qəribə heç nə yoxdur. İndi yeməklərimizdən tutmuş adətlərimizə qədər Avropasayağı olmalıdır. 

- Öz milli yeməklərimizə, adətlərimizə nə gəlib?!

- Onlar XX əsrdə qaldı. İndi XXI əsrdir. Bizim nəvələrimiz Marsda, Ayda yaşayacaqlar.

- Biz də onları görmək üçün Aya gedəcəyik?

- Bu indi bizə təəcüblü görünür. 10-15 ildən sonra adi hal olacaq. Səhər aerobusa minib axşam Marsda olacaqsan. Keçək əsas məsələyə. Bizim necə imkanlı adam olduğumuzu bilirsiz. Bu barədə danışmağa dəyməz. Maşından tutmuş təyyarəyə qədər varımızdır. Sakit okeanda adalarımızın sayı yoxdur.

- Bilirəm,amma...

- Ammasız, filansız.Mən şəhərdə handa bir varlı adamın qapısına getsəydim əliboş qayıtmazdım. Indi neyləyim ki, qızım sizin oğlunuzu bəyənib. Nə etmək olar? Sevginin gözü kor olur.

- Mən şokdayam, heç bilmirəm sizə nə deyim.

- Şoka-zada düşmək lazım deyil, oğlunuzu yola gətirin. Mənim qızım bir neçə dəfə oğlunuzu görüşə dəvət edib, oğlunuz gəlməyib. Feysbukda da ona cavab yazmayıb. Qızımın fikri qətidir, məni göndərib elçiliyə. Bir "hə" deyin? nişan gününü təyin eləyək.

- Başa düşmədim, nişan üzüyünü siz gətirməlisiz?

- Biz niyə, adətimiz var. Nişanı oğlan gətirər.

- Adətimizə görə elçi də oğlan düşər.

- Ay qonşu, sən şükür elə ki, başqa ölkələrdəki kimi sənin oğluna imkanlı adamın mavi oğlu elçi düşməyib.

- Iraq olsun.

- Mənim qızımın xasiyyəti tünddür. Bu günə kimi onun bir sözünü iki eləyən olmayıb. Birdən oğlun çaşıb eləyər, razı olmaz, onda bizdən inciməyin. Böyük qızıma da istədiyi oğlanı vermədilər. Qızım da məcbur olub oğlanı götürüb qaçırtdı. İndi atası ona bir ada bağışlayıb orada xoşbəxt yaşayırlar. Sənin də oğlun istəsə ona da bir ada bağışlayarıq, gedib orada yaşayar. Əlbəttə, hər bir ana istəyər ki, uşağının toyunu eləsin. Sənin də arzun var.

- Mənim arzum oğluma istədiyi qızı almaqdır.

- Qonşu, sən niyə oğlunun yerinə danışırsan?

- Nə deyirəm ki? Oğlum gələr? deyərəm. Razılıq versə, xəbər eləyərəm gələrsiniz.

Qonşunu yola saldım. Çox keçmədi oğlum gəldi. Məsələni ona danışdım. Oğlum daş atdı, başını tutdu. Qonşumun qızı barədə bəzi xoşagəlməz sözlər də dedi. Mən də zəng eləyib qonşuma xəbər elədim ki, bu baş tutan iş deyil.

Səhəri oğlum evə gəlmədi, yaman narahat idim. İki gündən sonra oğlum mənə mesaj göndərdi ki, ana,məni təbrik eləyə bilərsən. Mən artıq evliyəm. Burada ana kenqurular balalarını kisələrində gəzdirirlər. Mən də kisədə gəzirəm, amma anamın yox.

-Ana qurban olsun arvad kisəsində gəzən boyuna. Kenquru qədər də olmadım.