adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Fevral 2021 15:46
58517
MƏDƏNİYYƏT
A- A+

MƏMMƏD SƏİD ORDUBADİNİN NİZAMİŞÜNASLIQ FƏALİYYƏTİ

NİZAMİ GƏNCƏVİ-880

 

Məmməd Səid Ordubadi. Azərbaycanədəbiyyatında tarixi ronanın banisi. Azərbaycan ədəbiyyatında cənub mövzusunda ən parlaq əsərlərin müəllifi. Azərbaycan mətbuatının və eyni zamanda milli radiomuzda ədəbi-bədii verilişlərin qurucularından biri. Elmi və bədii yaradıcılığı ilə klassikləşən ictimai xadim. Mənsub olduğu ictimai-siyasi dünyagörüşündən aslı olmayaraq doğma xalqının maariflənməsi yolunda ömrünü şam kimi əridən Azərbaycan müəllimi!

Ədəbi-bədi, ictimai-elmi fəaliyyətinin istiqamətini müəyyən edən gətirdiyimiz tezislərin fonunda deyə bilərik ki, genişaxəli yaradıcılığa malik olan M.S.Ordubadinin elmi-bədii yaradıcılığının zirvəsi Nizami Gəncəvi və onnun obrazı ilə əbədiyaşarlıq qazanan “Qılınc və Qələm” romanıdır. Əsər Nizami Gəncəvi dövrünün tarixi salnaməsidir.

İki hissədən (kitabdan) ibarət olan, birinci kitab 1946, ikincisi isə 1948-ci ildə Azərnəşr tərəfindən çap edilən “Qılınc və Qələm” romanı Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə yazılsa da, Nizami obrazı M.S.Ordubadini çoxdan düşündürür, cəlb edirdi. “Qılınc və Qələm” in yazılmasından hələ çox əvvəllər ədibin bir sıra məqalələrində Nizaminin adı dərin məhəbbətlə çəkilir , hiss olunur ki, ölməz şairin bədii surətini yaratmaq ideyası yazıçı qəlbində çoxdan yaşamaqda, onu çoxdan düşündürməkdə imiş. “Şerimiz haqında bir neçe söz” məqaləsində Ordubadi Nizami poeziyasına, sənətkarlığına xüsusi məhəbbətini ifadə edərək yazrdı: “Nizaminin poemaları geniş, yüksək fikirlər, incə hisslər və oxucunun zövq və marağını canlandıran fəlsəfi düşüncələr xəzinəsidir ... Biz Nizaminin müharibələrə həsr etdiyi dastanlarını oxuduğumuz zaman şairin müharibə meydanlarında böyümüş bir hərb mütəxəssisi olduğunu zəni edirik. Böyük şair musiqidən və əsrində işlədilən musiqi alətlərindən söz açdığı zaman onun mahir bir bəstəkar olduğu qərarına gəlirik, Nizami bir həkimdir, bir mühəndisir .O mahir bir filosof, bir coğrafiya alimidir. O, xalqların qövmiyyət və milliyyətini təyin etmək işində bir etnoqrafiya mütəxəssisidir. Azərbaycanın iqilim və havasını və bu iqlimdə yetişən şikar heyvanlarını, əhli və qeyri - əhli quşlarını öyrənmək istəyən bir təbiət alimi Nizaminin əsərlərindən çox geniş istifadə edə bilər. ...Nizami qəhrəmanlarının varlığını təsvir etdiyi zaman oxucular onun müqtədir bir şair olmaqla bərabər , qəhrəmanlar qəlbinə malik bir insan olduğunu gorürlər”.

Bundan başqa hələ 1920-ci illərdə Nizami Gəncəvi haqqında müxtəlif məzmunlu məqalələr yazan ədib Nizaminin 800 illik yubileyinin təşkil edilməsində fəal iştirak etmişdir. 1939-cu ildən başlayaraq Bakıda nəşr edilən müxtəlif qəzet və jurnallarda, eyni zamanda yubiley ərəfəsində buraxılan “Nizami” almanaxlarında “Nizaminin dövrü və həyatı” (1939), “Böyük şairin yaşadığı mühit” (1947), “Nizami dövründə ədəbiyyat” (1947), “XII əsrdə Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri” (1943) kimi məqalələri, ən nəhayəti isə hazırladığı “Nizami” adlı (1939) opera mətni “Qılınc və Qələm” kimi nəhəng tarixi romanın ərsəyə gəlməsinə zəmin rolu oynamışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, roman çap edildikdən sonra geniş oxucu kütləsinin tələbatını ödəmək üçün dəfələrlə təkrar nəşr edilmiş, eyni zamanda 1965-ci ildə İ.Peçenevin tərcüməsilə rus dilində çap edilmişdir

Faktlardan da göründüyü kimi M.S.Ordubadi uzaq keçmişdən bəhs edən bu romanı yazarkən ciddi hazırlıq işləri görmüş, Yavuz Axundlunun da qeyd etdiyi kimi “300 dən artıq tarixi, ədəbi, elmi məxəzə istinad etmişdir. Hətta yeri gəldikcə mənqbələr azlıq təşkil etdiyindən müəllif çox zaman öz yazıçı təxəyyülünə qanad verməyə meyl etmişdir. Nəticədə elmi araşdırmaların məhsulundan mükəmməl bir roman ərsəyə gəlmişdir..”.

Ümumiyyətlə Azərbaycan ədəbiyyatı tarixində Nizami Gəncəvinin həyat və yaradıcılığını elmi istiqamətdə tədqiq edərək, nəticədə apardıqları araşdırmaların, tədqiqatların yekunu olaraq Nizami Gəncəvi haqqında bədii əsər yazan iki sənətkar vardır ki, Onların biri M.S.Ordubadi (Qılınc və Qələm ) digəri isə H.Araslıdır.(Şairin həyatı).

“Qılınc və Qələm” romanı ilə bağlı M.S.Ordubadi xatirələrində yazırdı:”Bu romanı 1939-cu ildə yazmağa başladım. Əsər böyük Azərbaycan şairi Nizaminin dövrünü, həyatını və ədəbi fəaliyyətini əhatə edir. Roman XII əsrin əvvəllərində Şərqdə böyük dövlət təşkil etmiş Səlcuq xanədanının süqut etməsilə yerində Eldəniz oğullarının Azərbaycan Atabəyləri adında bir dövlət təşkil etməsi, Yaxın Şərq xəritəsinin tamamilə dəyişməsi, nüfuzdan düşmüş Bağdad xəlifəsinin mövqeyini mənimsətmək üzərində gedən mübarizələr, bu mübarizələr zamanında Azərbaycanın siyasi və iqtisadi vəziyyəti tarixi vəsiqələrlə təsvir edilir. Bu romanı 1941-ci ilin may ayında bitirib Azərnəşrə verməyi düşünürəm”.

“ Bu romandan başqa Nizami yubileyi üçün 4 pərdədən ibarət opera mətni hazırlayıram. Opera Nizaminin həyatı və mühitinə aiddir.Musiqini gənc bəstəkar Əfrasiyab Bədəlbəyli yazır”

 

Görünür İkinci Dünya Müharibəsinin başlanması yubileyin təntənəli qeyd edilməsinə təsir göstərdiyi kimi, əsərin də vaxtında tamalanmasına mane olmuşdur.

Eyni zamanda tarixi bir faktı da qeyd etmək yerinə düşərdi ki, M.S.Ordubadinin “Qılınc və qələm” tarixi romanı əsasında rejissor T.Kazımov tərəfindən pyes yazılaraq 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə qoyulmuşdur. Pyes mətbuatda böyük əks-səda doğuraraq müəyyən resenziyaların yazılmasına səbəb olmuşdur. Ziya Bünyadovun “Tarixi dəqiqlik mühüm şərtdir”, Camal Yusifzadənin “Qılıncla qələmin ittifaqı” adlı məqalələri əsərin səhnə təcəssümünü əks etdirməklə yanaşı, “Qılınc və qələm” romanının süjetinin təhlilinə də yönəldilmişdir.

 

Qılınc və Qələm” romanı Azərbaycan ədəbiyyatı tarixində silsilə tarixi romanlar yazan M.S.Ordubadinin yaradıcılığında sonuncu tarixi romandır. Qeyd etdiyimiz kimi Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazını dövrünün tarixi hadisələri kontekstində ən mükəmməl şəkildə ilk dəfə işıqlandıran bədii əsərdir. “Qılınc və qələm” sözün yüksək mənasında, obrazlı təfəkkürün gözəl nümunəsidir. Bu əsərdəki təsvirlər yüzillik bir tarixin canlı təsviridir. Əsərdə bəzi təsvirlərdə macəra romanı ünsürləri, xüsusilə “Min bir gecə” nağıllarının təsiri də görünür. Romanda bu təsirləri Dilşad, Səba xanım Darrətülbağdad surətləri ilə əlaqədar olan təsvirlərdə görə bilirik.

Akademik İsa Həbibbəyli “Böyük ədəbiyyat nəhəngi-Məmməd Səid Ordubadi” monoqrafiyasında yazır : “Qılınc və qələm” Nizami Gəncəvinin və müasirlərinin romanı, Nizami epoxasının ədəbiyyat üslubunda yazılmış tarixidir. Məmməd Səid Ordubadi hələ keçən əsrin 30-40-cı illərində keçmiş sovet ideologiyasının xalqa soykökünü, tarixini unutdurmaq, manqurtlaşdırmaq vəzifələrini dövlət səviyyəsində həyata keçirdiyi bir zamanda "Qılınc və qələm" tarixi romanını yazmaqla Azərbaycanda milli-mənəvi özünüdərk proseslərinin tarazlığını qoruyub saxlamağa, dərinləşdirməyə şərəflə xidmət göstərmişdir”.

“Qılnc və qələm” romanında yazıçı ideyanı müasirləşdirmək xatirinə tarixi modernizə edir. Nizaminin, onun yaxın dostu Fəxrəddin və Qızıl Arslanın parçalanmış Azərbaycanı (Şimali və Cənubu Azərbaycanı) millətə istiqlaliyyət qazandırmaq məqsədilə birləşdirmək cəhdləri buna misal ola bilər. Romanın yazıldığı illər Cənubi Azərbaycanda milli dövlət uğrunda gedən mübarizə illərinə təsadüf edildiyindən M.S.Ordubadi bu ideyanı tarixdə də axtarmağa səy göstərmişdir.

“Qılınc və qələm” romanında Nizami ilə yanaşı, Xaqani, Məhsəti xanım, Əbülüla, Cahan Pəhləvan, Məhəmməd, Qızıl Arslan, Əbülmüzəffər, Şirvanşah III Toğrul, kimi onlarla başqa tarixi simalar iştirak edir. Lakin Nizami dühasının surəti öz dolğunluğu, canlılığı, hərtərəfliliyi ilə bu şəxsiyyətlərin hamısından yüksəkdə durur. Yazıçı Nizaminin şəxsi həyatını, məhəbbətini, ailə mühitini, onun siyasi, ictimai, fəlsəfi və ədəbi görüşlərini kolliziyalarla sıx əlaqədə açıb göstərir.

Böyük Nizaminin bədii surətini yaratmaq , onun yaşadığı mürəkkəb dövrü təsvir etmək, əlbəttə ki, hər bir ədəbiyyatçı üçün çətin olduğu kimi , M.S.Ordubadi üçün də olduqcq çətin məsələ idi. Məşhur “Qılınc və qələm” romanında Məmməd Səid Ordubadi bu çox çətin məsələni özünəməxsus bədii-fikri səviyyəsində və ustalıqla həll etmişdir. Cəsarətlə seçdiyi vəzifəni layiqincə yerinə yetirmək üçün yazıçı bir çox tarixi mənbələrdən, qədim əlyazmalardan, sənədlərdən geniş istifadə etmis, bunları tədqiqatçı alim səbri və fədakarlığı ilə diqqətlə öyrənmiş, bədii əsərində yeri gəldikcə bu mənbələrdən qiymətli parçalar vermişdir.Azərbaycan ədəbiyyatında öz tarixi-inqilabi romanları ilə möhkəm mənəvi kök salmış M.S.Ordubadi bütün əsərlərində olduğu kimi “Qılınc və Qələm” romanında da uzaq tarixi keçmişi, tarixi çəxsiyyətləri obyektiv surətdə canlandırır, hadisələrin və xarakterlərin ictimai mahiyyətini düzgün göstərir, tarixin hərəkətverici qüvvəsi kimi xalq həyatını və mübarizəsini real cizgilərlə, eyni zamanda romantik ruhda təsvir edir.

M . S Ordubadadi təsirli epizodnarla göstərir ki, şahların bütün səylərinə , cəhdlərinə baxmayaraq, böyük şair sarayda yaşayib-yaratmaq təklifindən saray şairi olmaq imkanından qəti surətdə imtina edir. Ölməz şairin sadə həyat tərzini sevməsi və bununla iftixar etməsi həqiqətdir, bunu tarixi mənbələr də təsdiq edir. Yazıçı, şəksiz , həmin tarixi məlumatlara əsaslanmışdır. Məsələn, XIII əsirin məşhur hind şairi, özünü Nizaminin şagirdi hesab edən Əmir Xosrov Dəhləvi yazmışdır. O,(yəni Nizami...Ə.M.) zərxara və zərbafta geyimləri sevməzdi. Köhnə,sadə libas geyməyi özünə şərəf bilirdi. Yer və Göy onun malikanələri idi, o isə bir parça köhnə həsirin üstündə əyləşərdi... sərvətdən, vardan məhrum idi.

M. S. Ordubadi göstərir ki, Nizamini hətta sevgi çağırışları da saray mühitinə cəlb edə bilmir. Saray şairi Əbülülanın qızı Məhtəb xanım gənc İlyası – Nizaminin sevir. Gəncə hökümdarı Əmr İnancın qızı Qətibə şairə pərəstiş edir, onu bütün varlığı ilə sevir, lakin Nizami sadə kəndçi qızı Rənanın məhəbbətini və mühitini üstün tutur, onlara sədaqətini heç bir başqa səadət və mənsəb vədlərinə dəyişmir.

M.S.Ordubadinin xidməti həm də bundadır ki, o, yuxarıda qeyd etdiyimiz kimi, obyektiv tədqiqatçı məharəti ilə yazıçı təxəyyülünü üzvü surətdə birləşdirilmiş və nəticədə Nizami surətini layiq olduğu yüksəklikdə canlandırılmışdır .

“ Qılınc və Qələm” romanında Nizami filosof, siyasi və ictimai xadim , böyük vətənpərvər və humanistdir . Gənc İlyas Nizami şairə Məhsəti xanımın köməyi ilə Zəncanlı Əxi Fərruxun ümumi qardaşlıq ideyaları ilə tanış olub , bu əqidənin mətanətli tərafdarları sırasına keçir.

Yazıçı xalq içərisində doğulmuş bu əqidənin necə yazıldığını , gənc Nizamiyə necə təsir göstərdiyini, onun dünyagörüşünün yetkinləşməsində nə cür böyük rol oynadığını bədii ümumiləşdirilmiş lövhələrlə əks etdirir. Kəndlərdən birində Babək nəslindən olan Canpolad şairdən Əxi Fərruxla tanış olub-olmadığını soruşur . Qoca Canpolad Nizamini əxilərin ideyasını öz əsərlərində ilhamla təbliğ etməyə çağırır . Qocanın arzusu budur ki, şair yer üzündəki bütün insanları , bütün xalqları birliyə , qardaşlığa səsləsin .

Romanın sonrakı fəsillərində biz həmin ideyaların Nizami zəkasında və yaradıcılığında necə dərin kök saldığını , necə parlaq poetik obrazlarla əbədiləşdirildiyini görürük . Şair əməkçilərin qardaşlıq və bərabərlik dövləti haqqında arzularını öz poemalarında ifadə edir, sadə əmək adamlarının nəcib sifətlərini tərənnüm edir.

“Qılınc və qələm” yüksək fəlsəfi , əxlaqi və siyasi ictamai fikirlərlə çoxk zəngindir.Bu qiymətli və böyük tərbiyəvi əhəmiyyəti olan fikirlərin bir qismi bilavaistə müəllifin – Ordubadinin fikirləri, bir qismi də bilavasitə Niaminin fikirləridir. Romanda, o yerdə ki Nizami danışır, onun dilində təbiət, cəmiyyət, əxlaq – tərbiyə və s. haqqında sözlər Nizaminin əsərlərində olan fikirlərlə tam uyğun gəlir. Məsələn, “Sevgi Fəlsəfəsi yerinə həyat fəlsəfəsi” fəslində Nizaminin dili ilə varlıq, inkişaf ,hərəkət, səbəb, nəticə , idealist fəlsəfə, təriqətlərin tənqidi və s. haqqında deyilən sözlər Nizaminin əsərlərindəki fikirlərə tam uyğun gəlir. “Qızıl Arslan” , “Nizami və Əbubəkir” fəsillərində ədalətli şah haqqındakı fikirlər də Nizaminin fikirlərinə tam uyğundur.

Romanda Nizaminin dilində şairin əsərlərində olmayan fikirlər də vardır. Məsələn xəlifəliyə qarşı mübarizə, Azərbaycanın birləşdirilməsi ideyası və s. kimi . Lakin belə fikirlər əsərdə az yer tutur. Əsərdə elə yerlər də vardır ki, orada Nizaminin fəlsəfəsi, estetik və siyasi ictimai fikirləri, arzuları müəllifin öz üzərindən qopan fikirlər, arzular kimi səslənir. Məsələn, “Gözələ” və “Pürsaət kəndində” fəsillərində Nizaminin utopiyasını , bərabərlik , qardaşlıq haqqında humanist fikirlərini müəllif ölməz ideyalar hesab edir . Belə hallarda Nizaminin müdrük nəsihətləri , mütərəqqi fəlsəfi - əxlaqi görüşlərilə müəllifin görüşləri arasında bir-birini tamamlayan bir ahəngdarlıq yaranır .

M. S. Ordubadi Nizamini öz qəhrəman xalqı, gözəl vətəni ilə fəxr edən böyük vətənpərvər kimi təsvir edir. Nizami dərin iftixar hissi ilə qeyd edir ki, azərbaycanlılar Şərqdə yüksək mədəniyyətin yaradıcıları olmuşlar . O, öz yaxin dostlarını və həmfikirlərini bu çoxəsrli mədəniyyəti qorumağa , inkişaf etdirməyə çağırır. Bunun üçün isə azadlıq , istiqlaliyyət , yadelli qəsibkarlara və hökmdarlara qarşı mübarizədə xalqın sarsılmaz birliyi lazımdır . Nizami öz dostu – xalq qəhrəmanı sərkərdə Fəxrəddinə deyir : “ hökmdarları diz çökdürəcək yeganə bir qüvvə olmuşsa və varsa , o da yalnız xalqın birliyidir . . . Bütün xalqın birliyi-Fəxrəddin surəti romanın əsas qəhrəmanlarından biridir . Babək nəslindən olan bu milli qəhrəman xalqın işinə sadiq , mərd, mübariz oğlandır . Nizami romanda xalqın zəkasını, istedadını təcəssüm etdirirsə , Fəxrəddin elin düşmənə zərbə vuran əli, kəskin qılıncıdır. Qılınc və qələmin döyüş rəşadəti xalqa şərəflə xidmət edir . Romanın əvvəlində Fəxrəddinin də Nizami kimi hələ çox gəncdir . Şair onunla uşaqlıqdan ömrünün axrınadək dostluq edir, ayrılmır . Onların dostluğunu möhkəmləndirəcək elə sədaqətdir . Nizaminin müdrük məsləhətlərini diqqətlə dinləyən, onlara əməl edən Fəxrəddin ölkənin siyasi həyatında , Azərbaycan xalqının xilafət əsarətinə qarşı mübarizəsində çox mühüm rol oynayır .

M.S.Ordubadi yeri gəldikcə romanda Nizaminin estetik görüşlərini də ədəbiyyat və incəsənətin ictimai vəzifələrinə, sənətkarın vətəndaşlıq borcuna münasibətini , baxışlarını da göstərir . Nizami deyir ki , söz ustasının ən yüksək ləyaqəti xalq içərisində yaşamaq , xalq üçün yazıb yaratmaqdır . Şair heç şübhə etmir ki , həyata şah saraylarının uca qülləsindən baxaraq yalnız ali cəmiyyətn üçün , şahlar və əyanlar üçün , həm də sərvət naminə yazanlar , sadə xalqın ehtiyac və dərdlərinin duymayanlar , zamanın mühüm siyasi-ictimai hadisələrinə biganəlik göstərənlər böyük sənət əsərləri yaza bilməzlər . Nizami romanda deyir : “ Layiqsiz və xain hökmdarları tərif edən şairlər zinətli sütunları altında bəslənən tor atanların vəzifəsini bitirirlər .Öz yazdıqları mədhamələrlə avam xalqın şüurunu aldadıb ovlayaraq , xaqanların və xəlifələrin pəncəsinə tapşırırlar . Onlar yazan mədhnamələr də Azərbaycan kəndlisini qırıb məhv edən silahların cərgəsində işlənir . Qarət və talanlarda , haqsızlıq və xəyanətlərdə onların qələmləri də iştirak edir”.

“Doğrudan da məndə bir əzəmət vardırsa , o mənim deyil , Azərbaycan xalqınındır , çünki mən bu məmləkətin oğluyam . . . Şair öz ilham mənbələrindən ayrıldığı zaman, kütlələrin içərisindən çıxıb dörd divarın içərisində nazlandığı və mürgülədiyi zaman onun təbi nə vasitə ilə genişlənə bilər? O haradan ilham ala bilər? Cahanşümul şair olmaq cahanın hadisələri içərisindən süzülüb çıxmaq lazımdır. Bir şairin təbi nə qədər işıqlı olursa-olsun, saray içərisindən bir günəş kimi işıq sala bilməz”.

Nizami həyat və sənətin müxtəlif problemləri barədə Qətibə ilə və başqa personajlarla söhbət edir, mübahisə edir. Onu çox şey düşündürür – varlığın mahiyyəti, həyatın mənası, sevgi və insanın ictimsi borcu, dövləti idarə üsulları, xalqların mədəniyyəti, qadının cəmiyyətdə rolu... Bu məsələlərin hər biri haqqında rəyini söyləyərkən Nizami zəmanəsinin qabaqcıl , tərəqqilər, humanist şairi və mütəfəkkiri kimi fəsildən – fəslə oxucunun nəzərində bütün tükənməz mənəvi əzəməti ilə ucalır. Onun qadın azadlığı məsələsinə münasibətində böyük insanpərəstliyi xüsusilə aydın görünür. Nizami öz əsərlərində yazdığı kimi , romanda da qadınların zəka , istedad və sənətdə kişilərdən heç də əskik olmadığlarını dönə-dönə qeyd edir, qadın hüquqlarını müdafiə edir , qadınların cəmiyyətdəki , gənc nəsillərin tərbiyəvi işindəki rolunun yüksək qiymətləndirir. Əsərin fəsillərindən birində Nizami qızların musiqi və mahnılarını , şeirlərini dinlədikdən , onların rəqslərinə tamaşa etdikdən sonra deyir : “Mən bu gün bir daha qadının incəsənət işlərində kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm . Burada öz sənətlərini nümayiş etdirən qadınlar incəsənətin ən yuxarı dərəcəsini mənimsəmişlər . Buna çox da təəccüb etməməliyik , çünki qadının özü də təbiətin bir çox möcüzələri çərgəsində incəsənət adlanır . Bunun üçün də mən hörmət bəslədiyim böyük İran şairi Firdovsi ilə qadın məcələsində barışa bilmədim . Böyük Firdovsi bu məclisdə olsaydı , özünün tərbiyə qanunları əleyhinə yazdığı şeirlərini cırıb atardı”.

Nizami qadın azadlığı haqqında fikirlərinin , həyatda , mübarizədə əməli işi , çoxcəhətli fəaliyyəti ilə də təsdiq edir – onun sözü ilə əməli arasında qırılmaz birlik var . Çox çətin şəraitdə, həyatını müdhiş təhlükə altına salaraq, Nizami şairə Məhsəti xanımı cahillərin , din fanatiklərinin divanından xilas edir, onun sürgündən vətənə qayıtmasına nail olur, böyük şairəni qayğıkeş oğul kimi öz öz evində qoruyub saxlayır.

Bu tarixin romanın elmi tədqiqatlarda təhlili məsələlərinin kulminasiya nöqtəsində isə Yavuz Axundlunun adı durur. Buna görə də təhlillərimiz zamanı Y.Axundlunun fikirlərinə müraciətimiz təbiidir. Y.Axundlu M.S.Ordubadini ədəbiyyat tariximizdə tarixi roman janrının banisi kimi dəyərləndirərk yazır: “Məmməd Səid Ordubadi Azərbaycan tarixi roman məktəbinin banisi kimi şöhrət qazanmışdır. Ədibin tarixi romanları ilə Azərbaycanda milli tarixi romançılıq ənənəsinin əsas prinsipləri də formalaşmışdır. Böyük tarixi romançı Məmməd Səid Ordubadinin romanlarından hər biri əhatə etdiyi epoxanın kamil sənət güzgüsüdür. “Qılınc və qələm” tarixi romanı Azərbaycan tarixinin Nizami dövrünün ədəbi salnaməsidir. Yüksək sənətkarlıq nümunəsi olan bu möhtəşəm bədii əsər Azərbaycan ədəbiyyatında tarixi roman janrının zirvəsində dayanır. Əsərdəki obrazlar tarixiliklə bədii təfəkkürün vəhdətindən yoğrulmuş parlaq, bənzərsiz surətlər kimi Azərbaycan ədəbiyyatını zənginləşdirir. “Qılınc və qələm” tarixi romanı XII əsr tarixinin də misilsiz zəngin mənbəyi sayılmağa layiqdir. “Qılınc və qələm” tarixi romanı ədəbiyyatşünaslar üçün olduğu qədər tarixçilərdən ötrü də əhəmiyyətli qaynaqdır. “Qılınc və qələm” Nizami Gəncəvinin və müasirlərinin romanı, Nizami epoxasının ədəbiyyat üslubunda yazılmış tarixidir”.

“Qılınc və qələm” tarixi romanı Azərbaycan Atabəyləri dövlətinin möhtəşəm ədəbi abidəsidir. Məmməd Səid Ordubadi “Qılınc və qələm” tarixi romanında qılıncın məsuliyyətini və şərəfini qələmin qüdrəti ilə təsbit etmişdir. Eyni zamanda, qələmin də qüdrət və məsuliyyəti böyük sənətkarlıqla mənalandırılmışdır. Nəticə etibarilə bu əsər ölkə maraqları miqyasında qılıncla qələmin birliyi zərurətinin ədəbi həllidir. Uzaqgörən müdrik yazıçı qılıncın və qələmin ittifaqına böyük gələcəyə “bütün Azərbaycanı hazırlamaq” işinin əsas qayəsi kimi baxmışdır. Romanda Nizami Gəncəvinin sərkərdə Fəxrəddinə dediyi aşağıdakı sözlər ölkənin taleyində qılıncın və qələmin vəhdətinin diqqət mərkəzinə çəkilməsinin zəruriliyi barədə yazıçının görüşlərini daha aydın şəkildə başa düşməyə şərait yaradır: “Sənə bir məsləhət verəcəyəm. İndi ki qılınc və mizraq işlətməyə, ox və kaman işləri ilə məşğul olmağa həvəsin vardır, onları yaxşı öyrən. Mən də qələm işlərində yüksək mərtəbə əldə etməyə çalışacağam. Bunların ikisi də bizə lazımdır” .

“Qılınc və qələm” tarixi romanındakı “qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir” kimi fikirlər qılıncla qələmin birliyinə çağırışın ifadəsi kimi səslənir.

Yavuz Axundlu “Qılınc və qələm” əsərini Azərbaycan ədəbiyatını və tarixini saxtalaşdırmağa cəhd edən sovet ideologiyasına qarşı da tutarlı cavab kimi dəyərləndirirdi: “Məmməd Səid Ordubadinin qılıncla qələmin birliyi ideyasını tarixi romanda keçmiş epoxanın fonunda ifadə etməsi həm də əsas mətləbin sovet ideologiyasının diqqətindən yayındırılması üçün düşünülmüş bədii forma kimi görünür. Bəlkə də “Qılınc və qələm” tarixi romanını özünü zor gücünə fəhlə-kəndli hökuməti kimi elan etmiş və ziyalını, yəni qələmi arxa plana keçirmiş sovet dövlətinə bu işin sonrakı aqibəti barədə xəbərdarlığı idi”.

Bu mənada “Qılınc və qələm” müstəqil Azərbaycanın romanıdır. Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında ümid etdiyi qılıncın və qələmin birliyi əsasında yaranan milli dövlətçilik ideyası Azərbaycanda dövlət müstəqilliyinin qurulması ilə həyata keçirilmişdir”.

Tarixi modernizə edib, bu qənaətə gəlirik ki, dahi söz ustadının əziz xatirəsinə həsr edilmiş “Qılınc və Qələm” romanının adı da müasir dövrümüzlə, xüsusilə Vətən Müharibəsində əldə etdiyimiz qələbə ilə çox səsləşir.Belə ki, metanomik yanaşma ilə deyə bilərik ki, 2020-ci il ərazi bütövlüyümüzün bərpası anlamında qılınc ili kimi yaddaşlara hopduğu kimi, 2021-ci ilin də milli birliyimizin təntənəsi fonunda dahi Nizaminin qələminin, elminin, mənəviyyatının xeyir-duası ilə böyük qayıdış erasını Müstəqil dövlətimizlə həyata keçirəcəyik.

 

Əlimuxtar Muxtarov

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Gəncə Bölməsi, Nizami Gəncəvi Mərkəzi