adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Nağarursuz, ala siz? Mənəm e, virus! - Orxan Saffari yazır

Orxan Saffari
43862 | 2021-02-23 16:42

Yəqin ki, Covid19-un(kod adı; corona virus) ölkəmizdə ilk xəbərlərinin yayılma vaxtı gedən söz-söhbətlər yadınızdadır. Ortaya olduqca maraqlı məsələlər çıxdı ki, əslində, millət olaraq virusla əməlli-başlı məzələndik. Əminəm, virusun dili olsa, deyərdi, nağarursuz, ala siz? Mənəm e, virus!

Əvvəl-əvvəl heç kimin inanmadığı bu virusa bildiyin bayram kimi yanaşdıq. Yavaş-yavaş hər yer bağlanır, insanlar bunun oyun olduğunu düşünüb, tətilin dadını çıxardır. Təbii, işsiz qalanlar da ayrı məsələ. Amma yenə də ölkədə tətil abu-havası var idi. Xüsusi ilə tələbələr, şagirdlər.

Amma sonrakı proseslərdə elə şeylər baş verdi ki, bir daha necə də absurd, həm də bir o qədər maraqlı olduğumuzun fərqinə vardım.

Məsələn, ölkənin baş epidemoloqunun çıxıb "Qurana and içərəm ki, bizim ölkədə virus yoxdur" deməsi, ardınca ölkədə kütləviləşən virus və elə həmin epidemoloqun qardaşının virusa yoluxma xəbəri..

Virusdan əvvəl ilk zərbəmiz bu oldu, məncə.

Bildiyin absurdizm, bildiyin komediya. Hazır ssenaridir, götür çək..

Ümumiyyətlə, virus real həyatda bir cür, sosial şəbəkələrdə də bir cür yayıldı. Elə internet virusları kimi. Təbii, son ana qədər dirənən, ümidini, inamını itirməyən adamlar, sosial şəbəkədə tələblər edirdilər.

Virus tutulanların Çində ölüm anları paylaşılırdı. Bizimkilər də deyirdi ki, niyə bizdə Çindəki kimi yıxılıb ölən yoxdur? Hanı e, bu virus tutanlar, biz niyə tanımırıq" və.s. Yəni, virus kimlərisə öldürməsə, inanan deyildik deyəcəm, öldülər, yenə də inanmadıq.

Sonra yavaş-yavaş ətrafımızdakı adamlar, özümüz tutmağa başladıq və virusa qarşı inamsızlar ordusu yenidən hücum elədi ki, yalandan deyirsiz, oyuna alət olmusunuz! Siyasətdir!

Ümumiyyətlə, virusun ən maraqlı tərəfi ona inanmayanların bunu sübut etməsi, sonradan inananların da başqa cür etməsi, davalar, söyüşlər...

Hələ virusa tutulanların buna inanmayanlara "gəl, mən sənə virus salım, sən də bax" kimi hədə-qorxuları.

Həqiqətən də maraqlı günlər idi. İnanmadıq, inandıq, qorunmadıq, qorunduq, bunların hər ikisi etməkdən yorulub başını buraxdıq.

Virusa inanmayanlarla və inanlar arasında maraqlı məsələlər daha çox oldu. Məsələn, mən adam tanıyıram ki, virusa yoluxub evdə müalicə aldı, yanına heç kim gəlmədi deyə incimişdi ki, virus olanda nə olar? Bir kilo banan nə olan şeydi , sən onu alıb gəlmirsən yanıma?

Sonra başladı virusdan ölənlər. Bu dəfə də inamsızlıq oldu. Ortaya söz-söhbətlər çıxdı ki, həkim bir qohumuma 2 min verdi, dedi, gəl ölənə virus yazaq zad. Bir qisim adamlar bunun yalan olduğunu, bir qisim adamlar da başlarına gəldiyini dedi. Yalan olduğunu deyənlər artıq dillənməyə başladı ki, 2000 nədi? 1000-cə manat verin, adımızı virus tutan qoyaq. Yaşlılar, xroniki xəstəliyi olanlar öldü ilk başda. Sonra keçdi gənclərə. Hələ ölənlər ən birinci kişilər idi deyə, qadın kişi söhbətləri də bir yandan başladı.

Amma zarafat bir yana, bizdə olan virusun özü də mırt idi. Bilinmirdi nə olacaq, necə olacaq. Deyəsən, virus tacını(oxu; başını) əməlli-başlı itirmişdi. 

Hələ ilk başlarda virus tutanların bunu hamıdan gizlətməyi...Qohum-əqrəbadan, qonum-qonşudan ayıbdır...

Adama nə deyərlər, necə baxarlar? Məsələn, mən özüm test verəndə ilk başlarda, qonşular gördü ki, həkimlər qoruyucu geyimdə gəlib. Düz, bir ay mənə yaxın durub dindirən olmadı.

Həəəə. Gəldi maskalanma məsələləri. Bir xeyli də bu çək-çevir oldu ki, maska qoruyur, yoxsa yox. Hələ ölkədə qəfil yaranan maska qıtlığınından, spirtin tapılmamağından danışmayaq. Nə qədər xırda detalı da qoyuram bir qırağa.

İctimai adamlar virus tutanda, bir tərəfdən də söyüş virusuna tutuldu ki, yalan danışma, alçaq! Oyun qurmusuz.

Sonra daha da kütləviləşdi, ortaya qərarlar çıxdı ki, bunlar başqa bir aləm idi. Bütün qərarlar lağ-lağıya qoyuldu, amma burda haqq payı da yox deyildir. Elə indi də.

Heç karantin günlərində küçəyə məhdudiyyətli çıxma zamanı gedən söhbətlərdən danışmıram. Həmin dövr icazəsi olanlar yuxarı zümrə sayılırdı. Onlar smslə çıxanlara aşağıdan yuxarı baxır, sosial şəbəkələrdə də yandıq verirdilər. Evin damında yeyib-içmək verən kim, gizli-gizli fəaliyyətlər, onların tutulma anı. Polislərin vətəndaşların arxasına düşməsi, onların qaçıb evinə girməsi və.s və. ilaxır.

Ümumiyyətlə, bu bir il də olanlardan çox danışmaq olar. Elə xırda məsələlər var idi ki, gülməmək əldə deyil.

Təbii, ən kədərli tərəfi artıq kütləvi inanmağa başlamaq idi ki, buna qədər də nə qədər yaxınlarımız, tanışlarımız köçdü həyatdan. Amma yenə də inanmayanlar oldu. Məsələn, mən adam tanıyıram, virus tutub ciddi-ciddi deyirdi ki, ay camaat, adi qripdir, boş verin, mən tutmuşam, müalicə alıram, amma inanmıram virusun olduğuna...

Düzdü, virus hələ də davam edir, eyni hallar, eyni məsələlər yenə də var. Bütün hallarda maraqlı anlar idi, olur da. Amma ümid edək ki, hər şey yaxşı bitəcək, biz də ancaq bu günlərə baxıb güləcəyik.

TƏQVİM / ARXİV