adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Fevral 2021 10:21
36583
MÜSAHİBƏ
A- A+

"Valideynlərim və sevdiklərim könüllü getdiyimdən xəbərsiz idi" - MÜSAHİBƏ

Müsahibimiz Vətən müharibəsi iştirakçısı, gənc şair Həsən Kürdü.

-Vətən müharibəsinə yola düşməyindən danışardın..

- Oktyabrın 1-i könüllü olaraq qeydiyyatdan keçmişəm. 9 oktyabr səhər tezdən zəng gəldi, bir saat sonra komissarlıqda olmağımı istədilər. Çox gözəl hiss olsa da, çox məsuliyyətli və çətin idi. Valideynlərim və sevdiklərim könüllü getdiyimdən xəbərsiz idi. Həyatımda ilk dəfə idi ki, onlara yalan danışırdım. Daha doğrusu bu ağırlıqda yalan. Salyandan 42 nəfər yola düşdük. Uşaqlar yolda toya gedirmişcəsinə sevinirdi. Heç kim qorxmurdu, heç kim çəkinmirdi. 42 nəfərin 35-i könüllü olaraq müharibəyə yollanırdı. Bir müddət tamamlanma məntəqəsində qaldıq. Hissə-hissə bizi cəbhəyə göndərirdilər. Mən özüm əsasən Qubadlı rayonunun müdafiə və mühafizəsində iştirak etmişəm.

 

Hospitalda iki ayağını itirən yoldaşlar var idi, utanırdım.

 

-Hansı çətin vəziyyətlərin oldu?

Ən böyük çətinliyimiz arxa cəbhədə gözləmək idi. Yoldaşlarım da bunu təsdiqləyər. Hər şeyə dözməyə çalışdıq. Çətinliyi belə göz ardı edirdik. Kişiyik. Kişi gərək dözməyi bacarsın. Özü də ki, elə bir yerdə. Ora gedən hər kəs başına gələcək çətinlikləri, təhlükəni göz önünə alıb getmişdi. Ona görə də, heç bir çətinliyə görə şikayət etmirdik. Mənim ayağım 3 ay axsadı. Vaxt oldu batinkanı qanayan ayağıma geyinməyə məcbur oldum. Amma bunu heç kimə bildirmədim. Desəydim əllərindən gələni edirdilər, amma yox. Deyə bilməzdim. Tibb məntəqəsində, hospitalda iki ayağını itirən yoldaşlar var idi. Utanırdım. Ayaq yarasına görə harasa müraciət etməyə utanırdım.

-Bölmənizdən şəhid və yaralılar oldumu?

-Bizim bölmənin yox, taborun şəhidləri, yaralıları var idi. Tam olaraq saylarını bilmirəm. Hamısının ruhu şad olsun. Haqlarını bizə halal etsinlər. Şəxsən tanıdığım insanları itirdim. İndi sayıram görürəm ki, sayları 30-dan çoxdur. Kəndlilərimiz, uşaqlıq dostlarım, əsgər yoldaşlarım, komandirlərim. Şəxsən tanıdığım çox insan itirdim.

 

Şair də bu vətənin çörəyini yeyir, suyunu içir.

 

-Bir şair üçün müharibə nə deməkdir?

-Bir şair üçün müharibə hər şeydən öncə borc deməkdi. Mənə komisarlıqda təkid etdilər ki, sən getmə, bizə burda lazımsan, şeirlər yazmalısan, hekayələr yazmalısan. Mən isə cavabında onlara dedim ki, şairi insanlardan seçən yeganə xüsusiyyəti şeir yazmasıdır. Şair də bu vətənin çörəyini yeyir, suyunu içir. Bu vətəndə yaşayırıqsa vətəni qorumaq da bizim öhdəmizə düşür.

-Müharibədə ən çox xatırladığın şeir hansı olurdu?

-Müharibədə ən çox Tofiq Həsənlinin "Gözəl dur çıx görüşünə, qapına bir qərib gəlib" şeiri idi. Adını bilmirəm şeirin. Əzbərimdə olan az sayda şeirlərdən biridir. Tam olaraq da olduğumuz vəziyyətə uyğun idi.

-Mülki həyata öyrəşə bilirsən?

-Sözün düzü ilk günlərdə öyrəşmək çox çətin idi. Yeriyəndə elə bilirdim ayağımın altında mina var. Gecələr yuxum qarışırdı, bəzən özümdən xəbərsiz qəribə sözlər danışırdım. İndi daha yaxşıyam. Bəhs etdiyim kimi, itirdiyim insanlar mənə çox təsir etdi. Ona görə də psixologiyamın yerinə gəlməsi üçün yəqin bir qədər də zamana ehtiyac var.

 

Bütün olanların yuxu olduğunu düşünürəm.

 

-Müharibədən sonra insanın həyata baxışı dəyişir.

- İnsanın həyata baxışı çox dəyişir. Qorxu hissini itirirsən. Bu məncə yaxşı hal deyil. Hələ də tam anlamıram ki, nə, necə oldu? Orda olanlar yuxu idimi? Mən həqiqətən müharibədə iştirak etdimmi? Mənim də bu qələbədə payım varmı? Hərdən bütün olanların yuxu olduğunu düşünürəm. Fikrim çox qarışıqdı. Həddindən artıq çox.

-İki kitabın dərc olunub. Düzü, bu barədə mən də indi bilirəm.

-Hə, kitablarım 3 il əvvəl dərc olunub. Xəbərsizlik deyəndə ki, mənim o zamanlar indiki qədər kütləm yox idi. İndi kitabım çıxsa yəqin ki çox adam paylaşar, saytlar dərc edər. O vaxt isə belə deyildi. Çox az kütlə tərəfindən tanınırdım. Yeri gəlmişkən onu da deyim ki, yaxın ərəfədə müharibədə yazdığım kitabım çap olunacaq. Ondan yəqin ki, xəbərin olacaq. O kitabda orda baş verənlər, döyüşə girənlərin, döyüşdən çıxanların dedikləri, yaralıların başlarına gələnlər, şəhid ailələri ilə müsahibələr qeyd olunacaq.

-“Xalqın şairi” telelayihəsinə qoşulmuşdun. Doğrudanmı əsl şeiri kütlə, səs həll edir?

- "Xalqın şairi" mənim üçün özümü yoxlamaq üçün şans idi. Ora çıxdım və öz hesabıma finala qədər adladım, ikinci yerin sahibi oldum. Düşünürəm ki, 21 yaşlı, heç kimin tanımadığı bir adam üçün böyük uğurdur. Hər şeyi kütlə həll edirsə sən artıq kütlədən asılı biri halına gəlirsən. Kütlədən asılı olmağa düzgün baxmıram. Amma o da baxır kütlənin səndən nə istədiyinə, səndən nə gözlədiyinə. Mən kütləmdən razıyam. Onların sayəsində az da olsa sevilmişəm, yaradıcılığımı sevmişəm. Çox sağ olsunlar. Ümumiyyətlə gözüm heç vax şöhrətdə olmayıb, müharibədən sonra isə heç ola bilməz. Bir neçə dəfə sosial şəbəkələrə əlvida demək ağlımdan keçib. Amma bəzi məsələlərdə görə bu alınmayıb. Gələcəkdə necə olacağını bilmirəm. Oranın şou olduğunu deyə bilmərəm. Özümdən götürürəm. Mən kənddən ora gələn, heç kimin tanımadığı, "day-dayı" olmayan bir insan idim. Şeirlərimin hesabına o yerə qədər gələ bildim.

-Həmin zaman bu gün istedadına inandığımız, çox ciddi şairlər belə layihələri şou sayıb qoşulmadı.

-Orda çox istedadlı şairlər də var idi. Bəziləri səhv şeir seçimi ucbatından finala adlaya bilmədilər. Məncə onlardan biri Elşən Mehdi idi. Elşən mənim o müsabiqədə bir nömrəli namizədim idi. Səsləndirdiyi şeir isə , münsiflərin zövqücə olmadı desəm yanılmaram. Bəzi şairlərə haqsızlıq olunduğunu da söyləyə bilərəm. Məsələn Ümüd Abbas mütləq finalı görməli şair idi. Heç vaxt ora qatıldığım üçün peşman olmaram. Ora mənə çox şey qazandırdı.

 

Söhbətləşdi: Emin Piri