adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Fevral 2021 11:54
39784
ƏDƏBİYYAT
A- A+

Fikrət Qoca: Hər gecə Xocalıda 

Adalet.az Xocalı soyqırımının 29-cu il dönümündə Xocalıya aid yazılmış şeirləri təqdim edir:

***
Əziz Musa

"Qanlı yaddaş"

Xocalı tarixin qanlı yarası,
Qanla suvarılıb bu torpaq, bu yurd.
Yadlar əlindədir yurdun yarısı,
Daha o dağlarda ulamayır qurd.

Hamının taleyi Allaha bağlı,
Bəs niyə haqsızın işi düz gəlir?
Allah adamının sinəsi dağlı,
Allahsız dünyada bildiyin edir.

Yerdə qalacaqmı tökülən bu qan?
Bu xalqın, millətin günahı nədi?
Cəzasın alacaq günahı olan,
Dünya bilməlidi bu cinayəti.  

***

Əlibala Hacızadə

"Şəhid yuxuma girdi"

O necə vəhşət idi,
O necə dəhşət idi,
O nə müsibət idi
Başıma gətirdilər.

Elədilər min günah:
Yeri-göyü tutdu ah.
Zəhər qatdılar, Allah,
Aşıma, gətirdilər.

Qərənfilim, danış, din,
Səni dinləmək çətin.
Toyuma gəlməliydin,
Yasıma gətirdilər.

***

Valeh Rəhimli   

"Belə"

Körpə gülüm, ləçəklərin
Niyə vaxtsız soldu belə?
Sinəndəki qızartılar
Lalə, yoxsa qandı belə?

Yağ qalmadı ürəklərdə,
Qəm yurd saldı diləklərdə,
Belə zülmə fələklər də
Qan ağladı, yandı belə.

Öz evində-eşiyində
Dayanıblar "keşiyində”,
Körpələrin beşiyində
İlk kəlməsi dondu belə.

Vətən üçün yanır ürək,
Bir can nədir əsirgəyək?
Gedənlərə rəhmət deyək
Qalanların andı belə.

***
Rauf Qərib Alagöz
 
"AY BƏLALI XOCALI"

Ürəyimə bir dərdsən.
Ay bəlalı XOCALI.
B dərdini cəkənin,
Yoxdur halı, XOCALI.
Ay bəlali XOCALI.

Qəlbim yanır od kimi,
Göz yaşlarım cod kimi.
Baxma mənə yad kimi,
Dərd-bəlalı, XOCALI.
Ay bəlalı XOCALI.

Mənim qəlbim dağlıdır,
əlim-qolum bağlıdır.
Ruhum salsa haqlıdır
Qalmaqalı, XOCALI.
Ay bəlalı XOCALI.

Kəsilibdir hər yolun,
Bağlanıb sağın, solun.
Acizdir Qərib oğlun
Yox əhvalı, XOCALI.
Ay bəlalı XOCALI.

***

GÖYƏRÇİN 

Bir gecədə yanan şəhər,
Arzuları donan şəhər,
İşıqları sönən şəhər,
İlğım təki titrəyirsən şəhidlərin qəbri üstə.
Hədiyyə almış yetim uşaq təbəssümlü
“Bir an və möhtəşəm” xəyalın gəlir, gedir...
Qız-gəlinin əllərdədir,
Uçmuş ruhun çöllərdədir,
Yuxun gəlmir.
Havalar da heç düzəlmir.
Bu dünyanın səbri üstə xərclənənlər
geri gəlmir.
Xocalı!
Heykəl kimi uçurulan şəhər,
Diri-diri məzarlığa köçürülən şəhər,
Hər il ölüm günü təmtəraqla keçirilən şəhər!
Səngərləri aşa-aşa
Sənə tərəf gəlməkdəyəm.
Sağlığımda görüşməsək,
Görmək üçün ölməkdəyəm.
Bir yandan da düşünürəm:
– Bu qədər xərc, borc içində
Necə vurum ömrü başa?
Heç olmasa, ölənədək,
səni görmək arzusuyla
Xarabalıqlarda gecələyən
xəyalımda yaşa!

***

İtaliyalı şair Davide Qualtierinin "Xocalı" şeiri

Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən duyduqlarım…
inanmıram dünyada
belə cinayət ola…

Uzaq, günəşli ölkədə
25 fevral gecəsi
qarlı kölgədə
qırdılar 613 günahsız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca…

Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…

Xocalı!
qətlinə fərman verənlər –
cani
bu zülmü görənlər –
cani!
görüb-götürənlər –
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…
Tərcümə: Qulu Ağsəs

***
İlqar Rəsul

"26 fevral şeiri"

bütün gülüşlər mənə yalançı gəlir.
Hər ilin bu gününü
sanıram bəhanə edib Əzrail öldürmür, dincəlir.
Hər ilin bu günü
elə bilirəm utandığından
Allah qaçıb haradasa gizlənir...

***

Fikrət Qoca

Hər gecə Xocalıda 

Hər gecə Xocalıda 
Canım ağrıyır mənim. 
Güllələnən qocaya, 
Parçalanan körpəyə 
Ruhum ağlayır mənim. 
Hər gecə Xocalıda 
Göytürklərin ruhunda 
Yanıq yeri sızlayır. 
Gülməyi unutmuşam,
Xocalının qisasın 
Alanda güləcəyəm. 
Mən öləndən sonra da 
Xocalıda yenidən 
Dünyaya gələcəyəm. 
Bu qisası alınca, 
Ölüb-diriləcəyəm 
Hər gecə Xocalıda.