adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Fevral 2021 13:22
50912
ƏDƏBİYYAT
A- A+

Rafiq Yusifoğlu: ZƏFƏR TARİXİ

ZƏFƏR TARİXİ


Min dəfə şükür olsun

Aləmlərin Rəbbinə!

Vətən sevgisi salıb

Hamımızın qəlbinə…


Yurduma xor baxanın

Dimdik burnunu ovduq.

Həvirləşən itləri

“İtiqovan”la qovduq…


Atalar söyləmişkən

Bir də gələr arxa su!

Arxalı köpəklərin

Yerə gəldi arxası…


Bizi qorxuda bilməz

Sizin silah yarışı,

Qapqaynar köksümüzdə

Suya dönər qurğuşun…


Yandırdığınız evlər

Sizə üz qarasıdı…

Biz qisas almalıyıq,

Hələ bu harasıdı?


Göydə “Bayraqdar” uçur,

Başınız bərk qarışıb…

Günahsız körpələrin

Sizi tutub qarğışı…


Xarıbülbül gül açdı,

Qış çevrilib yaz oldu…

Qələbə tariximiz

Qızıl qanla yazıldı…


Zəfərlə ütüləndi

Alnımızın qırışı…

Düşmənlərə verilməz

Torpağın bir qarışı…


Çaqqal sürüsü ilə

Aslan kimi döyüşdük…

Zəfər tarixi yazıb,

Biz tarixi dəyişdik…


PAYIZDA XARI BÜLBÜL


Xarı bülbül güc alıb,

Şəhidlərin qanından.

O, torpağın altında

Əsir həyəcanından.


Nə olsun ki, payızdır,

Öndən qarlı qış gəlir.

Torpaqdan baş qaldırmaq

Ona yaman xoş gəlir.


Xarı bülbül elə bil

Şipşirin bir yuxu görür...

Doğma əllər çəmənə

Uzanıb, onu dərir...


Ulduzlar gəl-gəl deyir,

Göyün yeddi qatından.

Doğma hənir eşidib,

Boylanır yer altından.


Xarı bülbül kövrəlib,

Xarı bülbül dolubdur.

İndi o, əsgərlərin

Talismanı olubdur...


Dartınır, qurcalanır,

Ürəyi tir-tir əsir.

O, doğma insanların

Görüşünə tələsir...

BU PAYIZ

HAVASINDA


Yağış yağır alnıma,

Yağış yağır üzümə.

Bu payız havasında

Yer tapmıram özümə...


Vaxtsız solan qönçələr

Ürəyimi ağrıdır...

Müharibə ürəkdən

Silinməyən ağrıdır...


Şəhidlər çevriliblər

İsaq-Musaq quşuna!

Yağan yağış qarışır

Gözlərimin yaşına...


Nur cöhrəli igidlər

Sanmayın ki, söndülər.

Vətənin damarında

Təzə qana döndülər...


Yaramızın üstünə

Səpilən duz oldular.

Başımızın üstündə

Təzə ulduz oldular...


Xəzan yarpaqları tək

Uçub ruh aləminə,

Onlar səpələndilər

Vətənin qədəminə...


Yağış yağır alnıma,

Yağış yağır üzümə.

Bu payız havasında

Yer tapmıram özümə...


TƏSKİNLİK MƏLHƏMİ


Adamın içinə yağan

həsrət yağışlarını

ümid çətirləri də

saxlamır...

Qələbə sevinci

təskinlik məlhəminə

dönsə belə,

Şəhid analarının

könül yarası

göz bağlamır ki,

bağlamır...


TƏK AĞAC


Bir zaman evimizin

Önündəki yamacda

Bir tək ağac görmüşdüm, –

Tək darıxır ağac da…


Kölgəsində görsək də

Hərdən qoyun-quzunu.

O, tək-tənha qalmışdı

Aylar, illər uzunu…


Həmişə tək qalanda

Tək ağacı düşündüm.

İçimi sazaq kəsdi,

Tənhalıqdan üşüdüm…


Gözlərimin önündən

Keçdi düzlər, yamaclar.

Düşündüm ki, xoşbəxtdi

Meşədəki ağaclar…


Dönə bilsəm kəndimə,

Özümə ev tikəcəm.

Tənha qalan ağacın

Önündə diz çıkəcəm.


Əlim sığal çəkəcək

Düyünlü gövdəsinə.

Kövrəlib hay verəcək

Ürəyimin səsinə…


Tək ağacın yanında

Təzə ağac əkəcəm.

Göz yaşımla suvarıb,

Hər nazını çəkəcəm…


Qışda küləkdən, yayda

Qoruyacam quraqdan.

Fərəhlə baxacağam

Mən onlara qıraqdan…


Doğma hənir eşidib,

Sevinəcək yal-yamac.

Daha darıxmayacaq

Tənhalıqdan tək ağac…

İSTİ YAĞIŞLAR


İçimi silkələdi ordumuzun zəfəri,

Qəlbimin dağlarında ildırımlar oynadı...

Məni xoşbəxt elədi bu qələbə xəbəri,

Uçum-uçum uçundum, gözümdən yaş qaynadı...


Xirtdəyimə söykənən həsrət dönub qılınca,

Ömrün bu qış çağında qismətim bahar imiş...

Durub qaçmaq istədim ayaqları yalınca,

İlahi, gözlərimdə nə qədər yaş var imiş!


Cavan idim bir zaman, indi qoca kişiyəm,

Bax qəlbimdə sızlayan çata, məni, bağışla.

Doğma yurdum, viranə qalan evim-eşiyim,

Qəbri uçan, ot basan ata, məni bağışla!


Heç bilirsən qınından qılınc kimi sıyrılan,

İnsanları görəndə nələr gəlir ağlıma?

Səndən gözləri yaşlı uşaq kimi ayrlıan

Nəvələri ağsaçlı qoca görüb, ağlama!


Bu taleyə tab etməz, qəlbi kövrələr daşın,

Qədərin oyunları bizi salıb çətinə.

İki oğlun, sevimli bacın, həyat yoldaşın,

Gələ bilməyəcəklər bir də ziyarətinə...


Sellər, sular süzülür saçlarımın qarından,

Yaralı xatirələr gur gürşada tələsir...

Otuz il silələnən həsrət buludlarından

Yağan isti yağışlar Bərgüşada tələsir...


ŞƏHİD NƏĞMƏSİ


Biz əbədi ruh oluruq, quşa dönürük,

Sevənlərin gözlərində yaşa dönürük,

Əbəs yerə ölmürük ki, Vətən yolunda,

Müstəqillik sarayında daşa dönürük!


Qələbəyə sonsuz ümid bəsləyirik biz,

Sizdən zəfər xəbərini gözləyirik biz.

Dönüb vətən göylərində qövsi-qüzehə,

Yurdumuzu gələcəyə səsləyirik biz...


El yolunda qan veririk, qanlar tökürük,

Təkcə bayraq qarşısında biz diz çökürük.

Ağlamayın, sızlamayın, şəhidlər ölmür,

Biz ruh olub yurdumuza keşik çəkirik...


Dar məqamda kaman kimi gərilirik biz,

Ana yurdun qədəminə sərilirik biz.

Qanımızla elə yeni həyat veririk,

Xalqın xoşbəxt günlərində dirilirik biz...

GƏRƏK YER KÜRƏSİ

VƏTƏNƏ DÖNƏ


Köksündə ürəyi çevrilib daşa,

İnsan olduğunu insan unudub.

Qənim kəsilibdir qardaş qardaşa,

Bizə Yaradanın qəzəbi tutub...


Havaya burxdıq hisi, pasağı,

Ayın da üzündə ləkə çoxalıb.

Günəşin önünü kəsib hasarlar,

Ana yurdumuzda kölgə çoxalıb....


Suya zəhər qatdıq, göylərə tüstü,

Yerdə insan üçün hava, su çatmır.

Küləyin önündə bəndlər qurmuşuq,

Anamız torpağın havası çatmır...


Bütün canlılara Yer vətən olsa,

Görərik dünyanın əvəzi yoxdu.

Elə yüklənib ki, bu yer kürəsi,

Daha fırlanmağa həvəsi yoxdu....


Sevgidir qoruyan bəşəriyyəti,

Vicdandır, ağıldır hər dərdə dəva.

İnsan olduğunu dərk etsə insan,

Gülşənə çevrilər torpaq, su, hava...


Didərgin salmışıq onu ürəkdən, –

Gərək ilahi ruh bədənə dönə!

İnsanı kiçildər kiçik vətənlər,

Gərək Yer kürəsi vətənə dönə...


ÖLÜMƏ MƏHKUMDU

HƏKİMSİZ ÖLKƏ


Onun geyimi tək üzü də ağdı,

Tərtəmiz, ağ xalat götürmür ləkə.

Həkim el güvənən bir uca dağdı,

Ölümə məhkumdu həkimsiz ölkə...


Bir vaxt qu quşuna qaz deyənlərin,

Külək fəryadını ərşə daşıyır.

Mənə ucuz dərman yaz deyənlərin,

Ucuz cəmdəyini porşe daşıyır...


Mərdlərə çatarmı namərdin ərki?

Ləkə vurarlarmı qəlbin pakına?

Elə bilirdlər ki, bu yazıq həkim

Borclluymuş bunların zati-pakına...


Susubdur bir yekəqarın yanında,

Üzünə çökübdür xəfif bir kədər.

Pula pul deməyən harın yanında,

Olub hörməti də maaşı qədər...


Axırı belədir ağ edənlərin,

Yetmir köməyinə mülkü, sarayı...

Bir vaxt həkimlərə lağ edənlərin,

Gözündən boylanır imdad harayı!


Həkim virusları almır eyninə,

Hamı evdə qalıb, o işə gedir.

Elə bil kəfəni geyib əyninə,

Qorxunc əzrayılla döyüşə gedir...


Tərləyib eynəyi, göynəyir içi,

Görünməz eləyib duman işığı.

Xəstə cəmiyyəti sağaltmaq üçün

Hələ bəs eləmir iman işığı...

SABUN VƏ QİYAMƏT ELÇİSİ


“Ay baba, Yer kürəsini sabunlayıb yumaq olsaydı,

canımız qurtarardı tez-tez əllərimizi sabunlayıb yumaqdan…”

Nəvəmin sözlərindən


Heyrətdən çiçək də dönüb daş olar,

Başına min oyun açıblar Yerin.

Bu acgöz, qaniçən, cəllad naşılar

Dünyanı nə hala salıblar görün?


Dəliyik, qanmazıq ya biz, ya bunlar? –

Maska taxanlara baxıb qımışdım…

Əlimi yusam da, bu gün sabunla,

Dünyadan əlimi çoxdan yumuşdum…


Bəs biz harda idik bu çağa kimi?

Bir şey duymurduqmu seldən, doludan?

Qına çəkilməklə tısbağa kimi

Qorunmaq mümkünmü gələn bəladan?


Vəlvələ yaradıb qorxu canında,

Yazıqdı, bədbəxtdi bu el, bu ulus…

Acgöz insanların nəfsi yanında

Toya getməlidi koronavirus…


Gəlir üstümüzə bir qorxunc bəla,

Onun səbəbini duyasan gərək.

Əlləri yumaqla iş bitmir, bala,

Dünyanın özünü yuyasan gərək…


Əsil üz görünər boya itəndə,

Haqqın öz meyarı, ölçüsü gələr…

Abır olmayanda, həya itəndə

Yerə qiyamətin elçisi gələr…


Səhraya çevrilib nə qədər gülşən,

Çiçək açılmasa, bülbül ötərmi?

Natəmiz əllərlə bu günə düşən

Dünyanı yumağa sabun yetərmi?!…


TƏMİZ ƏLLƏR


Qəlbdən keçənləri əzrayıl duyub,

Virusla qorxudur ellərimizi...

Hər gün neçə dəfə sabunla yuyub,

Spirtlə silirik əllərimizi...


Düşmənin əmrinə olub müntəzir,

Çox daşlar atmışıq biz dost dağına...

İndi küçələrdə viruslar gəzir,

Hamımız dönmüşük ev dustağına...


Çıxmağa qorxuruq el arasına,

Elə bil dönübdür ölkə yumağa,

Gedə də bilmirik dostun yasına,

Hər əl qadirdimi ləkə yumağa?


Təmiz arzuları apardı sellər,

Təbəssüm itəndə, qəm üzə çıxar...

Rüşvət virusuna yoluxan əllər

Çətin ki, sabunla təmizə çıxa...


Özümüz salmışıq borca dünyanı,

Daha insanlara hava, su çatmır.

Yarası qan verir qoca dünyanın,

Elə bil onun da havası çatmır...


Yağış əlac etmir solan güllərə,

Qəlbimdə nə qədər ağrı, acı var.

Bu çirkli dünyanın təmiz əllərə

Bilirsən nə qədər ehtiyacı var?!


TACLI VİRUS VƏ TƏMİZ HAVA


Təmizlik yaradır koronavirus,

Anlaya bilmirik onu biz amma.

Gəlib ki, məhv edə natəmizləri,

Gəlib ki, dünyanı sala nizama...


O, nə “mən öl” bilir, nə də ki “sən öl”,

Düşübdür hamının kürkünə birə.

Gəlib hasarları söküb dağıda,

Azman cibgirlərin cibinə girə...


Vaxtı yox kimisə əzizləməyə,

Bu balaca varlıq əsir hirsindən.

Gəlib bu dünyanı təmizləməyə

Barıt tüstüsündən, zavod hisindən...


İnsanı səsləyir insan olmağa,

Deyir ki, öyünmə pul-para ilə.

Deyir ki, pis günə qoyduğun Yeri

Necə təmizləyim mən para ilə?!


Deyir: –Pis işlərin bədəlini sən

İndi öz taxtınla-tacınla ödə!

Bəlkə də gəlib ki, bu taclı virus

Bütün tiranları tacından edə....


O, təmiz olmağı, insan olmağı

Sağalmaz dərdlərə dəva gətirib.

Hava təmizlənib o gələn gündən, –

Özüylə bir təzə hava gətirib...


Yaxşının öz yeri, pisin öz yeri,

Dünyada hər şeyin öz qiyməti var.

Allahın işinə qarışanların

Qiyamət günündə qiyaməti var...


GƏRƏK TƏMİZLƏYƏK

DÜŞÜNCƏMİZİ


İnsan tək yaşamaq çıxıb yadından

Bu bəşər övladı lap ağ eləyir...

Biri yarasaya, biri siçana

Biri də ilana barmaq eləyir...


Hamı yadırğayıb əkib-biçməyi,

Hamı top düzəldir, bomba düzəldir...

Biri hara gəldi soxur burnunu,

Biri döş qabardır, omba düzəldir...


Deyirəm bəlkə də bu bir sınaqdı,

Bu virus məlhəmdi yaramız üçün?

Axı nə şeydi ki, iman dəyişmək

Cinsini dəyişən yaramaz üçün?


Göydən daş yağmazmı dolu yerinə

Meydan oxuyanda bəndə göylərə?

Əgər belə getsə robot gəlinlər,

Ərə veriləcək robot bəylərə...


Calaq olunubdur yaxşı yamana,

Öküzü kəl edər gönü dəyişmək?!

Həsrətik meyvənin ləziz tamına,

İndi dəbə minib geni dəyişmək...


Qutab bişirən də kitab çıxardır,

Ucuz tamadalar məclisdə coşur.

Alim də, çoban da, qarpızsatan da

İndi şeir yazır, nəğmələr qoşur...


Hamı şan-şöhrətə salıbdır meyil,

Bu ana təbiət lap cana doyub...

Dünyanı bu günə viruslar deyil,

Dünyanı bu günə adamlar qoyub...


Qiyamət gözləyir bizi qabaqda,

Toya getməlidi bu virus hələ...

Allahın işinə qarışanları

Tanrı girinc edib bir virus ilə...


Gəl, koronavirus, dönüm gözünə,

Etdin lovğaların dilini gödək...

Bəlkə indi gələ ağlı başına,

Hərə öz işinin dalınca gedə...


Bizi bu günlərə salan nə olub?

Edilən günahı düşünməliyik.

Evdə qalmaq ilə iş bitmir hələ,

Biz evdə sabahı düşünməliyik...


Qayıdıb bu yolu təzədən keçək?

Bizə dərs olmadı Nuhun gəmisi?

Təkcə bu çirklənmiş dünyamızı yox,

Gərək təmizləyək düşüncəmizi! –

Bəlkə xilas edə düşüncə bizi...

TANRI QƏZƏBİMİ

TUTUB BƏŞƏRİ


Bizim dünyamızda nə çox cihaz var?

Qorxunc sıldırımın ucundayıq biz.

Düşmür əlimizdən mobil cihazlar,

Bilmirik kimlərin ovcundayıq biz...


Günahsız fağırın gözü dağlanıb,

Səsimiz çıxmayıb, daşa dönmüşük.

Biz də ayağına cihaz bağlanıb,

Göyə buraxlan quşa dönmüşük...


Peşmansan kiməsə salam verəsən,

Bilirlər getdiyin küçəni belə.

Çətin ki, gizlicə çiçək dərəsən,

Görürlər qəlbinin içini belə...


Bizi izləyirlər qarabaqara,

Düzlükdən dəm vurub, basırlar gopa.

Qorxmurlar dənizlər coşa, qabara?

Qorxmurlar dünyada qiyamət qopa?


Odlara tullayıb yazıq həkimi,

Müdir “Qalanvaqen”, “Cip” hayındadı.

İnsanlar qırılır qarışqa kimi,

Bu acgöz harınlar cib hayındadı...


Biz necə barışaq bu ömür ilə?

Doğma ola-ola yada dönmüşük.

Çox su aparacaq bu xəmir hələ,

Hamımız hörüklü ata dönmüşük...


Qalıbdır kasıbın unu tabaqda,

Harınlar ləzzətlə izləyir bizi...

Bir Allah bilir ki, hələ qabaqda

Daha nələr, nələr gözləyir bizi?!


Deyəsən yaxındır dünyanın sonu,

Yer-göy üsyan edir, qalxıb ayağa...

Bəşər maskalanıb, qorxur ki, onun

Üzünə göylərdən tüpürcək yağa...


Aldandıq tamahın “bal nəfəsi”nə,

Yaxşıca alınıb köpümüz indi...

Biz qulaq asmadıq Haqqın səsinə,

Şeytan əlindədi ipimiz indi...


Vallah yaxındadır, məhşər yaxında,

Qarışıq salmışıq xeyiri, şəri.

Hamımız yatmışıq fil qulağında,

Tanrının qağışı tutub bəşəri...


Dünyada nə qədər qəlbi sınıq var,

Düşüb zalımların birə kürkünə.

Hələ qarışdadır ağır sınaqlar,

Şükür edəsiyik hələ bu günə...

NİQAB VƏ MASKA


Niqaba lağ edənlər,

Hicabı pisləyənlər

İndi maska taxırlar.

Xırdaca, bapbalaca

Virusdanmı qorxurlar?


Bildilərmi boş yerə

Deyilmiş niqab, yaşmaq?

İnsana çox yaraşır

Təmiz adla yaşamaq,

Ləyaqətlə yaşamaq.


Niqab çox ucadaymış

Kinayəli sözlərdən. –

Qadını qoruyurmuş

Virus dolu gözlərdən...


SÜRÜŞMƏ


Xiffət çəkən dinclik, sevinc taparmı?

Xəbərin var ürəyimin çatından?

Çapıb məni haralara aparmır? –

Düşəmmirəm qəmin köhlən atından...


İnanmıram hər yetənə yar uya,

Yarımadıq, ömür çatdı yarıya,

Ürəyimə düşən dərin yaraya,

Fayda varmı cəvahirdən, altundan?!


Duymursanmı bu nə qar, nə yağışdır? –

Hikmət nuru taleyə bir naxışdır,

Acgöz insan, bir özünü yıgışdır! –

Səda gəlir göyün yeddi qatından!


Sel kükrəyir, dağ sürüşür, nəfəs dər!

Alnımıza yazılıbmış bu qədər!

Günahımız gör böyükmüş nə qədər, –

Yer də qaçır ayağımız altından...


HƏYAT EŞQİ


Gözəlliyə, sədaqətə baş əyən

İnsan oğlu sevə bilməz riyanı.

Qəlbimizə iman nuru düşəndən

Çin elədik neçə şirin röyanı!


Sinəsində çiçək bitən daşa bax,

Ürəkdəki sevgiyə bax, yaşa bax!

Haqqımızdı insan kimi yaşamaq,

Kim görüb ki, bu həyatdan doyanı?


Həsrət odu sinəmizi dağlayır,

Ümid bizi bu dünyayaya bağlayır,

Ay çıxanda sevgi seli çağlayır,

Gün çıxanda ürək nura boyanır.


Könlümüzü gözəlliyə verəndə,

Təbəssümü çiçək kimi dərəndə,

Qönçələyən budaqları görəndə,

Qəlbimizdə həyat eşqi oyanır.


Yusifoğlu, gördün ağı, qaranı,

Ürəyində hikmət nuru yaranıb,

Bu dünyada qədrini bil hər anın,

O dünyada vaxt onsuz da dayanır…

NAMUS MEYARI


Ay “feminist” xanımlar,

bir özünüz düşünün:

Ulu Burla xatunu, Nigarı salın yada!

Namus meyarıdırsa, əgər qadın kişinin,

Demək qadından uca məxluq yoxdu dünyada.


Niyə qara yaxdınız azadlığın rənginə?

Namus uca deyilmi mirvaridən, altundan?

Gör “azadlıq” istəyi sizə salıb nə günə! –

Az qalır ki, yer qaça ayağımız altından!


El qoyan qaydalara baxmaq mümkünmü gendən?

Qadına yaraşarmı hər məclis, hər ziyafət?

Əsil kişilər üçün dünya yaranan gündən

Əxlaq meyarı olub qeyrət, namus, ləyaqət...


Kim quruda bilər ki, çağlayan göz yaşını?

Zatı qırıq olanlar bunları duya bilməz.

Namus uca eləyər ərənlərin başını,

Ləyaqət ləkəsini Kür, Araz yuya bilməz...


Olmaqmı istəyirsən yol ötənin “qonağı”?

Baxmaqmı istəyirsən hər “nemətin” dadına?

Qanunlardan ucada durur elin qınağı, –

Kim haq verər sənin tək “azad” qıza-qadına?


Namuslu anaların yer titrəyir ahından,

Bu elin, bu obanın ayaqlarına döşən!

Yalvar, tövbə et, bəlkə keçdilər günahından,

Ayağa qalxa bilməz elin gözündən düşən...


Qadın sədaqətiylə bizi ucaldar göyə,

O, bizə arxa olar elin ən dar günündə.

Baş əyin ərənlərin başı dik olsun deyə

Özünü fəda edən anaların önündə,

Özünü fəda edən bacıların önündə...


ANONİM KİŞİ


Üzün yoxmu öz adınla üzə çıxmağa?

Maska altda gizləyərmi kişi üzünü?

Kişi qəfil büdrəyəni qoyarmı lağa?

Kişi kimi deməlidi kişi sözünü...


Özgələrin kölgəsində baş qatanları,

Əvvəl axır tanıyacaq bu el naşı tək.

Gizli-gizli bostanıma daş atanları,

Zaman özü tullayacaq sapand daşı tək.


Quyruğunu ələ verdin, keçib iş-işdən,

Harayına səsləyirsən indi hamını.

Sən almaqmı istəyirsən nurlu günəşdən

Öz kölgəli həyatının intiqamını?


Maskalanıb gizlənməsin kişilər gərək,

Kişi quyruq bulayarmı axı yadlara?

Başqa adlar arxasında kölgələnərək,

Kölgə salmaq istəyirsən nurlu adlara?!


Mən getsəm də, çıxmayacam elin yadından,

Çox olacaq xatırlayıb ananım, kişi.

Sənin qəlbin qovrulacaq hikkə odunda,

Halın niyə pərişandı, “Anonim kişi”?


Qabaq-qənşər döyüşlərdə batmaz div ona,

Öz nəfsinə heç olarmı əsir kişilər?

Namərdləri açıq-aşkar çəkər divana,

Yaxşılığı gizli edər əsil kişilər...