adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Mart 2021 14:04
14033
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: QAR YAĞIŞI...

Bakı bu sınaqdan da çıxa bilmədi

 

Biz həmişə qarın yağmasını çox böyük səbirsizliklə gözləyirik. Elə bil yanıldım. Daha çox qarın yağmasını uşaqlar arzulayırlar. Bizim məmləkətə də qar hələm-hələm yağan deyil. Ildə bir-iki dəfə yağsa, min şükür! Əgər qarın yağması balacaları, uşaqları sevindirirsə, böyükləri də bir çox halda dilxor eləyir.

Ən azından ona görə ki, Bakıya qar yağanda bütün yollar vaxtında təmizlənmir, xidmət sahələri yetərincə fəaliyyət göstərmir, işıqlar tez-tez sönür, qazın təyziqi aşağı düşür, avtobus dayanacaqlarında insanlar beş dəqiqə əvəzinə yarım saat, bir saat marşrut gözləyirlər. Soyuq və çovğunlu havada dayanacaqda durub uzun müddət avtobusun gözlənməsinin nə olduğunu o hissləri yaşayan insanlar daha yaxşı bilirlər.

Heç nə dəyişmədi. Bu dəfə də, yəni yanvarın 24-ü və 25-də ölkə ərazisində və eləcə də Bakıda qar yağanda, şaxta düşəndə, yollar buz bağlayanda insanlar olmazın əziyyətilə üzləşdilər. Düzdü, yanvarın 24-də Bakının mərkəzi küçələri və prospektləri qardan təmizlənsə də, ucqar yerlərdə vəziyyət çox ağır idi. Məsələn, Yeni Günəşlidə səhər saatlarında avtobuslar arasındakı interval 5 dəqiqə olmasın baxmayaraq, onlar heç bir saata gəlib çıxa bilmirdilər. Hətta taksilər belə qarlı və çovğunlu havada şəhərə getmirdilər ki, yollar buz bağlayıb, avtomobil sürüşür, qəza törədə bilərik. Həmin günlər Bakı şəhərində 79 adam yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 39-nu xəstəxanaya yerləşdiriblər.

Öncədən hidremetroloqlar əlaqədar qurumları xəbərdar eləsə də, deyəsən onlar qışa tam hazır deyildilər. Bakı Şəhər Kommunal Xidməti lazımi texnikalardan və eləcə də duz qarışıq qumdan bütün yollara səpə bilməmişdilər. Ona görə də şəhərin yüksək yaşayış yerlərində - Yeni Yasamalda, Badamdarda, Yeni Günəşlidə insanlar nəqliyyat sarıdan çox çətinliklə üzləşdilər. Hələ biz işıqların tez-tez sönməsini, qazın təyziqinin aşağı düşməsini, suyun verilməsində fasilə yarandığını demirik. Xırdalanda yaşayan yaxın qohumlarımdan biri bildirir ki, 23-ü axşamdan 25-nə kimi işıqlarımız söndü, suyumuz kəsildi. Nə yaxşı ki, qazımız gəlirdi. Düz iki gün nə su, nə də işıq oldu.

Hansı ki, bütün qurumlar öncədən bildirirdilər ki, onlar qışa tam hazırdılar. Hava şəraitindən asılı olmayaraq, bütün problemlər vaxtında həll ediləcək. Amma camaat bunun əksini gördü. Insanlar gördü ki, soyuq və çovğunlu havada Bakıda işıqlar söndü, qazın təyziqi aşağı düşüdü və bir çox yaşayış yerlərinə su verilmədi. Üstəlik də dayanacaqlarda o soyuq havada insanlar saatlarla avtobus gözləyirdilər. Bəlkə də avtobus sürücülərinin bir o qədər günahı yox idi. Çünki Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirirdi ki, yollar buz bağladığına görə, bəzi avtobuslar dayanacaqlara vaxtında çata bilmir, ləngimələr olur, sərnişinlər çətin anlar yaşayırlar. Biz Bakı Nəqliyyat Agentliyini qınamırıq. Ən azından ona görə ki, metropolitenin işləmədiyi bu 4-5 ayda onun yükünü Nəqliyyat Agentliyi çəkir.

Belə baxanda bayaq dediyimiz kimi, biz nə sürücüləri, nə də agentliyi qınayırıq. Əgər Bakı şəhərinin bütün avtomobil yolları vaxtında qardan təmizlənsəydi, yollara qum qarışıq duz tökülsəydi, heç vaxt belə problem yaşanmazdı. Amma yaşandı. Və bu problemi yaradanlar da həmişə olduğu kimi, indi də heç bir nəticə çıxarmır.

Bir neçə fakt da yanvarın 24 və 25-də respublikanın avtomobil yollarında və Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı xatırlamalar yada salmaq istəyirik. Çünki qeyri sabit hava şəraiti ilə əlaqədar olaraq hələ bir neçə gün öncə Baş Dövlət Yol Polisi İdarəsinin İnctimai Qurumlarla Əlaqələr şöbəsi bütün sürücülərə müraciət edərək metereoloji şəraiti nəzərə almağı, ara məsafəsi saxlamağı, avtomobillərdə qış şinindən istifadə edilməsi, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə yola çıxmamağı və eləcə də təcrübəsiz sürücülərin sükan arxasında əyləşməməsini tövsiyə etmişdi.

Bir çox sürücülər bu xəbərdarlıqlara əməl etsələr də, bəziləri yol polisinin bu məsləhətlərinə qulaq asmamış və qeyd etdiyimiz nöqsanlara yol verərək avtomobillərin sükanı arxasında əyləşmişdilər. Nəticədə həmin günlər 12 yol-nəqliyyat hadisəsi baş vermiş, 1 nəfər dünyasını dəyişmiş, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Respublikanın Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yanvarın 24-də səhər saatlarında zəncirvari qəza baş vermişdi. Belə ki, metereoloji şəraiti nəzərə almayan sürücü sürət həddini aşaraq avtomobili aşırmış və digər avtomobillər də bir-birilə toqquşmuşdu. Nəticədə qəza zamanı bir nəfər dünyasını dəyişmiş, bir nəfər isə xəsarət almışdı. Hansı ki, həmin sürücülər yol polisinin tövsiyələrinə əməl etsəydi, yol nişanlarına diqqət yetirsəyidi və hava şəraitinə uyğun sürət həddi seçsəydi, bu qəzalar baş verməzdi. Əksər hallarda bu cür mürəkkəb hava şəraitində belə qəzalar qaçılmaz olur.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli bizimlə söhbətində bildirdi ki, bir qayda olaraq hidremetroloqlar əhaliyə xidmət göstərən bütün qurumları öncədən hava şəraiti ilə əlaqədar məlumatlandırır. Bizə də belə mürəkkəb havayla bağlı əvvəlcədən bilgi verilmişdi. Biz də həmin məlumata əsasən həm respublika əhəmiyyətli yollarda, həm də şəhərlərdə sürücülərə diqqətli olmağı tövsiyə etmişdik. Və öncədən bildirmişdik ki, onlar respublika əhəmiyyətli yollarda, qarlı və sürüşkən havada ara məsafəsi saxlasınlar, avtomobillərin şinlərini qış mövsümünə uyğun quraşdırsınlar, texniki cəhətdən nasaz avtomobillə yola çıxmasınlar və hava şəraitini mütləq nəzərə alsınlar. Təəssüf ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər bizim dediklərimizi diqqət mərkəzində saxlamamış, sürət həddinə əməl etməmiş, yol nişanlarına biganə yanaşmış və nəticədə belə ağır qəzalar baş vermişdi.

Polis baş leytenantı Toğrul Nəsirli onu da bildirdi ki, martın 1-dən 5-ə qədər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bax, sürücülər yenə diqqətli olmalı, mütləq mənada hava şəraitini nəzərə almalı və ona uyğun da sürət həddi seçməlidir. Birmənalı olaraq texniki cəhətdən nasaz nəqliyyat vasitəsilə avtomobil yollarında hərəkət edilməməli, təcrübəsiz sürücülər sükan arxasında əyləşməməlidilər.

Ümumiyyətlə, istər qış, istərsə də payız mövsümündə bütün sürücülər nəqliyyat vasitələrinin texniki göstəricilərinə xüsusi önəm verməlidilər. Yəni həmin avtomobilin şinindən tutmuş digər zəruri hissələrinə qədər hamısı mövsümə uyğun həyata keçirilməli, avtomobil yollarında hətəkət edərkən metereoloji şəraiti nəzərə almalı, birmənalı olaraq ara məsafəsi saxlamalıdılar. Bu cür qaydalara əməl etməklə onlar mövcud təhlükədən həm özlərini, həm də digər hərəkət iştirakçılarını sığortalaya bilərlər.