adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Mart 2021 18:22
23195
SİYASƏT
A- A+

 Solovyovun “azərbaycanlı travması”

Söhbətə başlamamışdan əvvəl sizə sosial şəbəkədə başıma gələn bir əhvalatı danışım, sonra sözümün “mustafa”sın deyərəm. Sosial şəbəkələrdə işimlə bağlı həmişə aktiv olmuşam və günüm qaçqın və məcburi köçkünləri aşağılayan bəzi üzdəniraq “soydaşlarımız”la dilləşmək- dalaşmaq olurdu. Bəzi vətəndaşımızı qarabağlılara qarşı qaldıran B.B adlı profildən yazan bir gənc xanım vardı. ( müəyyən səbəblərə görə, profilin adını bütöv yazmıram) Qadın elə nifrətlə “qaçqınlar”, “köçkünlər” deyirdi ki, elə bil əbədi düşmənlərindən danışırdı. Xüsusən, onun “yurdunuzu qoyub qaçdınız”, “Bakıya gəlib adam oldunuz”, “Bakını qoyub dərəyə-təpəyə çətin dönəsiniz” deyib acı sözlərlə qəlbimizi sındırırdı. Sanki yurdu öz xoşumuzla atıb gəlmişdik, sanki yurdumuzu erməniyə özümüz peşkəş çəkmişdik.

Ünvanını dəyişmiş nifrət

Sözün həqiqi mənasında, hər dəfəsində mülayimliklə onun düşündüyü kimi olmadığını anlatmağa çalışırdım. 5 il erməni-rus hərbi birləşmələrinin qarşısında nəinki kişilərin, eləcə də, qadınların , uşaqların, hətta yaşlıların mətanət göstərməsi, təmkinlə o bombardmanın qarşısında yurdunu tərk etməməsini, bu səbəbdən Qaradağlı, Ağdaban, Malıbəyli- Quşçular, Kərkicahan, Başlıbel faciələrinin, Xocalı soyqrımının yaşandığını söyləyirdim. Qadının bütün iradlarına, aşağılamalarına mümkün qədər səbrlə cavab verirdim . Bir neçə qarabağlını da səfərbər edib onun cavabını yetərincə verirdik. Qadın daşı ətəyindən tökmürdü ki, tökmürdü. Dediyini deyirdi və onun belə rəyləri məni dəli edirdi. İlahi, insan öz soydaşlarına qarşı niyə bu qədər nifrə eləsin ki?-deyə çox düşündüm. Bir gün fikirlərimdən qənaətə gəldim ki, o bir ermənidir və açdığı profildə sadəcə Azərbaycanlı adı ilə fəaliyyət göstərir. Və fikirlərimi ona yazdım. And içdi ki, tər-təmiz azərbaycanlıdır, erməni ilə yaxından, uzaqdan heç bir əlaqəsi yoxdu.

Maraq məni yenə bürüdü. Qadına “niyə qarabağlılara, daha doğrusu köçkünlərə qarşı nifrət dolusan” sualı verdim. Onun ürəklə “əcəb eləyirəm” sözündən sonra ” xanım , sən Allah hansı köçkün səni yandırıb ki, o bir nəfərin acığını böyük bir obanı təhqir etməklə yanğınına su tökürsən?Adını de, tapaq cəzalandıraq, sən də sakitləş, normalına dön, qarabağlıların da qulağı dincəlsin ”
Təbii ki, qadın mənim bu məsləhətimdən sonra tərbiyəsini sərgiləyib, məni görüntüdən “blok” etdi. Bir müddət qadını görmədim, yadımdan çıxdı. Günlərin bir günü tanınmış bir köçkün həmkarımla söhbət edərkən, o, təsadüfən həmin profilin adını çəkdi. Mən qadının həmişə sosial şəbəkələrdə köçkünlərə qarşı aşağılayıcı fikirlər yazdığını dedim. Həmkarım əvvəl “ola bilməz” desə də, sonra: ” onu qınama, bir vəzifəli köckün o qadın gənc və gözəl ikən- qız vaxtı ona yanında iş verib. Sonra həmin qızla eşq macərası yaşayıb. Bir gün qız hamilə olduğunu və “tədbir” görməyin gecikdiyini vəzifəli “köçkün sevgilisi”nə bildirir. Ailəsi-uşağı, üstəlik vəzifəsi olan haramzada “sevgili” onu hədələmiş və onu ofisindən qovmuşdur. Hətta uşaq doğulandan sonra uşağa atalıq belə verməmişdi”.
Məsələ məlum oldu. Mənim təsadüfən dediyim fikir düz çıxmışdı. Qadın bir köçkünün qisasını bütün köçkünləri söyməklə, onlara nifrət bəsləməklə çıxardığını anladım. Üzülsəm də, həmin xanıma belə bir mesaj yazdım: “Xanım nifrətinizin səbəbini öyrəndim və anlayışla qarşılayıram. Amma çalışın, nifrətinizi o vəzifəli köçkünə yönəldin! Çünki, sizin həyatınızı bütün köçkünlər qaraltmayıb. Yalnız bir nəfər sizi bədbəxt edib və hazırda yaşayır. İmkanınız varsa, o bir nəfərlə əlləşin”. İndi soruşacaqsınız, bu mövzu indi niyə yadına düşdü? Açıqlayım...

Solovyovun “travması”

Hamımıza, o cümlədən dünyaya məlumdur ki, Rusiyanın tanınmış ermənipərəst aparıcısı Vladimir Solovyov bütün zamanlarda Azərbaycana qarşı nifrəti ilə seçilib. Dəfələrlə Azərbaycanda olmasına, hörmətlə qarşılanmasına baxmayaraq nifrəti zərrə qədər də azalmayıb. Əksinə artıb, kükrəyib. Hətta, Azərbaycanının 44 günlük Vətən müharibəsindən qazandığı qələbəni gözdən salmaq üçün öz efirindən ağlına gələn iftira, iddia, böhtan söyləməkdən çəkinmədi.

Düzü həmişə mənim kimi, əminəm soydaşlarımı da bir azərbaycanlı olaraq, bu nifrətin səbəbi əməllicə narahat edib, düşündürüb.

Axır ki, ötən gün Solovyovun “əbədi nifrət”inin səbəbi bəlli olub. “Səbəb”də haralarda yayılsa yaxşıdır: sosial şəbəkələrdə!
Deyilənə görə, Solovyov keçmiş həyat yoldaşının ona azərbaycanlı ilə xəyanət etdiyini söyləyib. Hətta az qala ağlaya-ağlaya deyib ki, azərbaycanlıların günahı böyükdür:“Məni Azərbaycana nifrətdə və ermənipərəstlikdə ittiham edirlər. Ancaq boş yerə …Niyə fərqli mövqe tutmalıyam ki? Azərbaycana qarşı nifrətimin səbəblərini bilirsinizmi? İndiyə qədər ilk həyat yoldaşımın azərbaycanlı ilə mənə necə xəyanət etdiyini unuda bilmirəm!Keçmiş həyat yoldaşımın dediyinə görə, azərbaycanlılar yataqda daha aktivdilər. Ancaq arvadımın görüşdüyü oğlan adi bir tərəvəz satıcısı idi. Bu nüans mənim üçün çox alçaldıcıdır “

Ay səni Solovyov!Adə, sənin arvadın bir azərbaycanlı ilə görüşüb də, bütün azərbaycanlılarla görüşməyib ki...?Sən çalış nifrətini arvadını əlindən alan tərəvəz satana yönəlt, xalqla nə işin?

Əntiqə Rəşid