adalet.az header logo
  • Bakı 18°C

Ay başı bəlalı qədeş - Orxan Saffari yazır

Orxan Saffari
44959 | 2021-03-11 14:46

Həyatda ən sevmədiyim insanlar, həddən artıq mədəni olan insanlardır. Baxmayaraq ki, özüm tezyovuşan adamam, amma nədənsə, heç cür yovuşa bilmirəm onlara. Əstəfurullah, yanlış anlamayın, özüm də mədəniyyətsiz insan deyiləm o qədər, amma yenə də nə bilim e, hal-qəziyyə belədir. Özü də, diqqət etsəniz, o adamların hamısı bir-birinə oxşayır, standartdırlar. Danışıqları da, geyimləri də eynidir. Elə bil, hamısı bir dədənin belindən gəlib. 

Onlar adətən “kostyumlu” adamlar olurlar. Ya da içlərində qara kostyum, qırmızı qalstuklu bir adam olur. Geyim ritualdır. Onsuz da, mən həmişə belə demişəm ki, necə geyinirsənsə, o cür düşünürsən, yaxud da, düşündüyün kimi geyinirsən. Xahiş edirəm, bu sözümü qəribçiliyə salmayın. 

O adamlar ki, hamıya təşəkkür edirlər, hamıya minnətdardırlar. 

O adamlar ki, daim əlləri sinələrində, boynu bükük vəziyyətdə sağ ol deyirlər adamlara. Ən kiçik mübahisələrdən belə qaçırlar. Onlar heç vaxt heç kimə güldən ağır söz deməz, nadir hallarda söyüş söyərlər. Siqaret çəkməzlər, içkini isə çox məcbur etsən, bəlkə 50 qram. Bu adamlar həmişə, hamıdan ehtiyatını güdüb, çıxarlarını fikirləşir. Daim iş və ev arasında var-gəl etməkdədirlər. Heç vaxt çətinə düşmürlər, problemləri olmur. Şəxsən mən bu cür adamlarla ünsiyyət qura bilmirəm, sıxılıram onlardan. 

Məncə, insan bir az da əxlaqsız olmalı. Heç olmasa, ömründə bir dəfə içib dava etməli, kimisə vurmalı, gücü çatmasa başına daş çırpmalı, bıçaqlamalıdır. Məsələn, kafedə mübahisə zamanı qəfədanı qarşısındakının başına vurmağı da bacarmalı. Sevdiyi qızın qardaşı və qardaşının dostları tərəfindən meşədə döyülməli. Heç olmasa, ömründə bir dəfə 3 bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilməli, yox yerdən kəllə-beyin tramması alıb, qabırğası əzilməli. Ən azı ömründə bir dəfə təklənib döyülməlidir. Cəmi bircə dəfə qəsdən sürət həddini aşıb maşını aşırtmalıdır. Gecəni bölmədə keçirməli, hətta lazım gələrsə, ömürdən 1 il, 3 il, 5 il ayırıb məhbəs həyatı da yaşamalıdır. 

Baxırsan, elə adamlar var ki, yaşı otuzu, qırxı adlayıb, di gəl, danışası bir maraqlı xatirəsi yox. Heç vaxt məktəbdə, universitetdə qız üstündə dalaşmayıb, sevdiyi qızın məhəlləsinə getməyib, oğurluq etməyib, vurublar baxıb, söyüblər qaçıb. Məncə, bu cür hadisələr artıq mədənilik yox, bir az da “ağciyərlikdir.” Həyatı bir az da yabanı şəkildə, yaxud da toyuq kimi yaşamaqdır.
 
İnsanın gəncliyi çılğın, hadisə dolu keçməlidir, fikrimcə. Xüsusi ilə də ədəbiyyat adamı üçün. Adını unutduğum bir dahi təxminən bu cür deyirdi; -

Həddən artıq mədənilik də bir növ əxlaqsızlıqdır. * Həyat-çətinlikləri ilə daha maraqlı olur. Bəzən səni yaşamağa məcbur edən, elə məhz başına gələn çətinliklərdir, ay başı bəlalı qədeş. 
 

TƏQVİM / ARXİV