adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Telefon əhvalatı - Orxan Saffari yazır

Orxan Saffari
52182 | 2021-03-12 11:10

- Gəl, zəng edək, camaatla məzələnək.

- Keçən dəfə söydülər də, tay bəsdi.

- Əşşi, səndəki, söysünlər də. Üzümüzə söymürlər, tanımırlar ki?

 

... Düzü, belə şeylərdən bir az qorxurdum da. Birdən polisə verərlər, birdən nəsə olar. Həm də, elə həmin ərəfələrdə dayım oğlunu buna görə polislər tutmuşdu da. Amma biz ona baxanda toya zada getməli idik. Sən götür, zəng elə polisə, denən ki, Neftçilərdə körpünün altında bomba var. Aləm dəymişdi bir-birinə.

Bu hadisəni də yanımdakı dostuma danışanda “ə, biz polisə zəng eləmirik ki. Heç nə olası deyil. Birinci dəfə deyil ki, edirik” dedi, açığı, bir az özüm də meyilliyəm deyə razılaşdım....

Yəqin ki, o dövrün telefon manyakı olanlar var aranızda.. Maraqlı idi amma. Müasir texnologiya burulğanında açığı, belə həyəcanlı hadisələrə ehtiyac da duyuram..

Dostumla həmişə ki kimi ağzımıza gələn nömrələrə zəng edib, filankəs burdadı, filankəsi olar? deyib özümüzü belə bir əyləncə qururduq. Amma bir dəfəsində başqa cür oldu.

***

- Alo, salam, xala, Aytəni olar?- danışanın səsindən yaşlı qadın olduğunu hiss edib belə dedim.

Cavab məni əməlli həyəcanlandırdı;

- Aytən hamamdadı, kimsən bala?

İlahi, bu nə idi? İndi nə deyim? İlk dəfədir ki, belə bir şeylə qarşılaşıram. Dostum mənə baxır həyəcanlanır, mən də ona. Bir-birimizə işarə edirik ki, nə deyim? az qala dəstəyi də atırdım üstünə...

Tez özümü toplayıb cavab verdim;

- Sinif yoldaşıdır, xala, Elnur..

Həyəcandan öz adımı da demədim. Həm də nə olar olmaz deyə, guya bir az da ehtiyat elədim..

- Bıy, bağışla bala, səsin dəyişib, tanımadım. Anan necədi?

Həm həyəcanlanıram, həm də özümü yandırmayıb cavablar verirəm. Artıq gecdi. Hələ bir azdan Aytən də gələcək..

- Yaxşıdı, xala, salam deyir o da deyib, bəlkə sonra zəng edim, Aytən gələndə, dərslərin yerini soruşacaqdım onsuz dedim.

-Sən də salam de anana, yox, gəldi Aytən, ala danış deməyi ilə kürəyimin arasından soyuq bir tər necə getdisə...

- Hə, Elnur, necəsən, yenə cədvəli götürməmisən sən, avara?- Aytənin səsi telefonun o başından ayaqlarımı əsdirdi..

Dostum isə qıraqdan səsini tutub gülür, əli ilə danışmağımı işarə edirdi..

-Alo, səsin gəlmir, Elnur..

-İlahi nə cavab verim axı? – içimdə deyib, Aytənə artıq bir cavab verməli olduğuma ayıldım..

- Hə. Aytən, sabahın dərslərini soruşacaqdım..

- Elnur sənsən? səsinə nə olub?- sözündün sonra anladım ki, danışan artıq mən deyiləm..

-Amma artıq bu oyunu uzatmağın bir adı yox idi. Telefonu söndürməyə də qorxdum. Birdən nömrə yazandısa telefon? Həm də, qorxsam belə, bir az da özüm istəmirdim, danışmaq istəyirdim..

- Aytən, bağışla, mən elə belə zəng vurmuşdum, səni tanımıram, bilmədən oldu, xalaya heç nə deyə bilmədim- dedim...

Dedim, yəqin, ağzından çıxanı deyib, telefonu söndürücük..

-hihih-Aytən güldü....

o kürəyimin arasından bir nəğmə kimi ötüb keçən tər təzədən keçib bədənimi sızlatdı. Anında beynimdə xəyallar canlandı.Aytənlə görüşürük, görəsən, gözəl qızdı? Sevəcək məni?.....

- Həqiqətən bağışla Aytən, bilmirdim belə olacaq- özümü toplayıb dedim..

- Eybi yox, amma gözlə bir azdan danışaq- yavaşca dedi..

-Nömrəni bilmirəm axı, ağlıma gələni yazdım deyəndə nömrələrini dedi.

491 04 86...

- Yaxşı, Aytən, telefonun başında zəngini gözləyirəm..

- Dəstəyi yerə qoyan kimi telefon sevgimə mənfurcasına şahidlik edən dostumla həyəcanlı danışmağa başladıq..

- Oydaaa, bu nədi idi? hihihi, neyləyək, ə?

- Orxan, ver mən də danışım-dostum dedi.

Açığı, qəzəbləndim. Beynimdə necə saf xəyallar qurmuşdum, ver mən də danışım nədi? Etiraz elədim. Amma onun da xətrinə dəyməyəcək formada. Yoxsa, sonra deyərdi ki, telefonda danışdığın bir qıza görə mənə elədiyin hərəkətə bax!

Dostumla necə danışaq, nə deyəcəyimin planlarını qurduq. Harda olsa zəng edəcəkdi..

Bəs birdən etməsə?- içimdə dedim

Özüm də cavab verdim;- Yox əşşi, Aytən eləməz elə. Zəng vurmasa, elə niyə desin? hazır söyüb söndürərdi də. Səsimdən xoşu gəldi onun da- deyirdim ki, zəng gəldi.

Aytəndi....

- Alo, salam-utana-utana cavab verirəm, təzədən bir də üzr istəyirəm, beləcə danışırıq.

Nə danışacayıq ki? Harda oxuyursan, harda qalırsan, görünüşün necədi, səsin nə qəsəngdi, neçənci sinifdə oxuyursan, hətta ən yaxsı hansı dərsləri oxuduğumuza qədər, nələri sevib sevmədiyimizi də.

Beləcə, həmin gün Aytənlə bir xeyli danışdıq, amma nə o görüşək dedi, nə də mən. Utandırdıq..

Aytənin oxuduğu məktəb şəhərdə idi. Hər gün onunla bağlı xəyallar qururam, hər gün saatlarla danışırıq. İndi düşünürəm, necə də gözəl idi.. Dostum da hər gün soruşur, amma bu, bir az da pisimə gedirdi..

***

-Aytən, görüşək, səni görmək istəyirəm- danışdığımız günlərin birində dedim. Daha doğrusu, sonuncu danışığımız oldu həmin gün..

- Mən də istəyirəm, amma utanıram, Elnur..

Həə. Bu qədər danışsaq da, mən ona adımın başqa olduğunu demədim. İlk başda istəyirdim, amma o, məni bu adla sevmişdi deyə, ürəyim gəlmədi. Elə bildim, adımın Elnur olmadığını desəm, daha mənimlə danışmayacaq. Axı, o Elnuru sevirdi...

Həm də, görüşmək istəməməyinin səbəbini həm utanmaq olduğunu dedi, həm də dedi ki, qorxuram, məni bəyənməzsən, çirkinəm...

Nə illah elədimsə, olmadı. Yalan- gerçək daha bu nömrəyə zəng çatmayacağını da dedi. Deyəsən, telefon xəttləri dəyişəcəkdi.. Amma zəng edəcəyini də dedi..

Mən çox gözlədim, zəng gəlmədi..

Hər axşam yenə başqa-başqa nömrələrə zəng edirdim ki, bəlkə bir ümid yenidən onlara düşə bilərəm. Düşmədim.. Məktəblərinə qədər getdim, görmədim. Görmədim deyəndə, bilmirdim. Amma həmin məktəbdə oxuyan bütün çirkin qızlara baxdım. Görəsən, hansı çirkindi Aytən? Ən çirkin qızları görəndə onun olmağını istəmirdim. İndi hərdən düşünürəm, görəsən, Aytən nə edir, gözəlləşibmi?!

TƏQVİM / ARXİV