adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: SÖZÜN ƏSGƏRİNDƏN SÖZÜN ZABİTİNƏ YOL GƏLƏN ŞAİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
54974 | 2021-03-12 15:50

Maşallah Məftunun 65 yaşına

 

Bəri başdan deyim ki, tanınan, sayılan, önə çıxan, diqqət mərkəzində olan və bir də imtiyazı, kürsüsü, təbii ki, həm də az-çox "cibi” olan adamların ad günlərində, yubileylərində yazı yazmaq, söz demək, badə qaldırmaq, hətta bir-birindın bəlağətli, az qala yerə-görə sığmayan sözlər söyləmək, fikirlər səsləndirmək indi günümüzün reallığıdı. Necə deyərlər, inyə ucu boyda vəzifən olsun, gör sənin şəninə hansı epitetləri söyləyəcəklər. Yalan olmasın, şeyx Nizami də, şeyx Füzuli də, Səməd Vurğun da, Rəzul Rza da, Bəxtiyar Vahabzadə də, Məmməd Araz da kölgədə qalacaq. Bax, bu mənada mən xüsusilə Söz adamları barəsində düşüncələrimi, ürəyimdəkiləri dilə gətirəndə, kağıza köçürəndə həmişə gözümün önündə böyük aydınlarımız dayanır. Onlara baxıram və barəsində yalnız öz fikir gücüm daxilində deyəcəyim sözün çəkisini, ölçüsünü hesablayıram. Istəmirəm ki, nə özüm, nə də qəhrəmanın gülünc ünvanı olsun. Bax, bu mənada onunla əyani tanışlığımın yaşı 80-ci illərə təsadüf edir. Onda bu dünyada Sovet hökuməti də var idi, onun komsomolu da. Onda bu bu dünyada Vaqif İbrahim adlı bir şair var idi, necə ki, ruhu, sözü bizimlədi... Və həmin o Vaqif İbrahimin rəhbərlik etdiyi böyük bir ədəbi birlik də Azərbaycanın sözə təşnə gənclərini bir araya yığmışdı. Bax, onda qarşılaşmışdım indi yubileyi barəsində söz yazacağım dostumla. Əslində mən onun barəsində fikrimdə, ürəyimdə hər gün yazmışam. Amma hər yerdə də səsləndirdiyim fikrimin arxasında dayanmağımın iki səbəbkarı olub. Onlardan biri sağlığında məni tez-tez arayan gözəl ruhlu, gözəl qəlbli, gözəl sözlü Nurəngiz Gün idi. Hər dəfə də zəng vuranda mənə zarafatla deyirdi ki, "Əbili, sənlə telefonla belə çox danışmağım evdə xanımını narahat etmir ki?”. İkinci səbəbkar isə( bu gün də ona ən səmimi duyğularımı ifadə etməkdən çəkinmədiyim-Ə.M.) o illərin bütün gənc qələm adamlarının əzizi olan Kəmalə Abıyevadı. Deməli, Kəmalə xanım bütün görüşlərimizdə, telefon zənglərimzdə həmin illərin uşaqlarını bir-bir xatırlayır, hər biri barəsində ürək sözünü deyir. Hətta (artıq qəhrəmanımın adını çəkməyə məcburam – Ə.M) Maşallah Məftunla bağlı narahat günlərimzidə mənə zəng vurub dedi ki, "Maşallah ermənilərə qan uddurur, amma buradakı ermənilər də ondan əl çəkmir”.

Bəli, indi bildiniz ki söhbət Maşallah Məftundan gedir. O Maşallah Məftundan ki, o, böyük Səməd Vurğun demişkən, müharibənin "daş dövrü”ndə müsəlləh əsgər oldu, silaha sarıldı. Bir zabit kimi əsgərləriylə bərabər Qarabağ müharibəsinin birinci mərhələsində bacardığı nə idisə hamısını etdi. Sonunda da ehtiyata buraxılanda kimlərsə ona öz qara eynəklərinin altından baxıb cəza kəsmək istədilər. Amma Maşallah Məftunun iradəsi və onun hamisi olan xilaskar mələklər buna imkan vermədilər. Çünki Maşallah haqq adamı, haqq şairi idi!

Hələ gənclik illərimizdən maraqlı şeirlərilə ədəbi ictimaiyyətin diqqətini çəkən Maşallah Məftun ali təhsilini Moskvada davam etdirəndə də gündəmdə qalmışdı. Çünki o, həm sözün, həm də Azərbaycanın məftunu idi. Hətta publisist yazılarının birində işlətdiyi "kərpic” sözü o dövrün böyük səlahiyyət sahibi olan adamlarından birinin simvoluna çevrilmişdi. Yəni həmin şəxs bu gün də yaddaşda həm də o sözlə qalıbdı. Maşallah Məftun isə şeirlərilə, misralarıyla. O misraların ünvanı da Azərbaycandı! Maşallah yazır ki:

 

Kimini mal edir, kimiyə maldı,

Kiminə zəhərdi, kiminə baldı.

Kimlər bu dünyada əbədi qaldı?!

Bu haqqın sədası başlara batsın...

"Dünya mənim, dünya sənin, dünya heç kimin”.

 

Talelərdən keçən yollar dumanlı,

İrəli açılan qollar gumanlı,

Kəsilən ağaclar, kollar gümanlı...

Axır baltasını adamlar atsın...

"Dünya mənim, dünya sənin, dünya heç kimin”.

 

Ömür hər bəndənin gümüş çayıdı,

Azı da, çoxu da Tanrı payıdı.

Insanlıq, insanın haqqı-sayıdı,

Çoxu ətəyindən qoy daşı atsın...

"Dünya mənim, dünya sənin, dünya heç kimin”.

 

Insanın insanlıq arzuları tək,

Dünyanın dünyəvi barı, varıtək,

Arazın ibrətli saf suları tək,

Məmmədin sözləri hər kəsə çatsın...

"Dünya mənim, dünya sənin, dünya heç kimin”.

 

Maşallah Məftunun böyük şairimiz Məmməd Araza ünvanladığı bu şeiri mən təkrar-təkrar oxumuşam. Və hər oxunuşda da xalq şairinin məşhur misrasının Maşallah Məftun yozumunu fərqli-fərqli çalarlarda görmüşəm. Anlamışam ki, sözün əsgəri və zabiti olan Maşallah Məftun sözün hara getdiyini də, Azərbaycanın sabahını da görür və izləyir. Ona görə də yazır ki:

 

Odların içindən çıxan millətim,

Kölə zəncirini qıran millətim,

Zülmət gecələri yaran millətim,

Ilhamla, inamla gedir sabaha!

 

Adi bir vətəndaş yanaşmasıyla bu bəndin qatlarına işıq salmağa çalısan, onda görərsən ki, millətimizin hardan yol başlayıb hara üz tutduğunu şair sadə və səmimi bir şəkildə qələmə alıbdı. Bu sadə və səmimi tərənnümün içərisində pafos yox, yalnız və yalnız sevgi var. Və yaxud gözəl şairəmiz Nurəngiz Günün ölməz xatirəsinə yazdığı "Sən oldun” şeirini ötəri bir hisslə gözdən keçirmək mümkün deyil. Çünki bu şeirdə həm vəsf var, həm təqdimat var, həm də tərənnüm. Şeiri oxuduqca onun ünvanladığı həmin xanımı da, şairəni də gözünün önünə gətirirsən. Onunla bir növü həmsöhbətə çevrilirsən.

 

Sən oldun, günəşin, güllərin dostu,

Sən oldun, ayların, illərin dostu,

Sən oldun xınalı əllərin dostu,

Sən oldun, sən oldun, yenə sən oldun!

 

Ayrı bir aləmdən gələn sən oldun,

Kövrələn biz olduq, gülən sən oldun,

Bizi bizdən yaxşı bilən sən oldun,

Sən oldun, sən oldun, yenə sən oldun!

 

Tanrı göylərində mələk oldun sən,

Sevgi qanadında dilək oldun sən,

Ürəklə yaşadın, ürək oldun sən,

Sən oldun, sən oldun, yenə sən oldun.

 

Bircə sözümüzdən bizləri duyan,

Nə vaxtdı yatmısan, bir diksin, oyan!

Jaləni, Müjganı kimsəsiz qoyan,

Sən oldun, sən oldun, yenə sən oldun!

 

Elə buradaca əlavə edim ki, Maşallah Məftun özünün "Güllərin soyqırımı” poemasını unudulmaz Nurəngiz Günün xatirəsinə, əslində isə onun ömürlüyünə ittihaf edib. Mən həmin poemanı oxuyarkən bir daha əmin oldum ki, istedad və sevgiylə yazılan hər söz, hər misra solmayan çiçəkdi, bədirlənmiş aydı. Bax, bu mənada Maşallah Məftunun "Güllərin soyqırımı” poeması mənim nəzərimdə həm də Nurəngiz Gün abidəsidi.

... Bəlkə də ədəbiyyat adamları, daha çox ədəbi tənqidlə məşğul olanlar Maşallah Məftunun yaradıcılığına mənim münasibətimi qəbul etməyəcəklər. Amma birbaşa demək istəyirəm ki, mən Maşallahın oxucusu kimi onun misralarında heç vaxt ütü görmədim, heç vaxt pafosla, nə də heç vaxt da Maşallah Məftunun sözünün arxasında gizlin istək, gizlin yanaşma ilə də qarşılaşmadım. Bütün hallarda Maşallahın özünəməxsus poeziyası elə özü kimi də bir bütövlük ifadə etdi. Yəni necə duydu, necə hiss etdi, necə yaşadısa, fikirləri də, düşüncələri də o cür ortaya qoydu. Mənə elə gəlir ki, onun döyüş həyatı sözünün sərrastlığını daha da artırıbdı. Bu mənada stolüstü kitabım olan "Gəlimli-gedimli gülləri açılan, güllələri saçılan dünya” kitabında bütünlüklə oxuyub başa çıxdığım şeirlərin hamısında mən Maşallahla üz-üzə oturdum. Burdakı şeirlərin hamısı elə bil ki, birnəfəsə yazılıb. Istər bu şeirlər Qarabağ atlarına ünvanlansın, istər türk əsgərinə, istərsə də qələm adamlarına, söz xridarlarına... Yəni demək istəyirəm ki, bu şeirlərin hamısının üzü də, astarı da halallıqdı, səmimiyyətdi, gerçəklikdi. Maşallah yazır ki:

 

Xocalım – yanmış külümdən,

Yanmış əlim, yanmış dilimdən,

Qorqud-Oğuz ellərindən,

Türk əsgəri, salam olsun!

 

Gözümdə şəkərim, balım,

Könlümdə ulu memarım,

Ağarmış saçım, saqqalım,

Səninlədi, salam olsun!

 

Və yaxud:

 

Salam, türk məzarı, salam keçmişim,

Salam, tariximin yazılan günü.

Salam, varlığımın möhürü, himni,

Qəlbimin hayqıran nəğməsi, ünü,

Haqqı göstərərsə mizan- tərəzi,

Göylərdə, yerlərdə türkümün izi...

 

Tanrı sevgisindən yaranıbdı türk,

Nankor süfrəsində qınanıbdı türk,

Vurduğu xiymələr sökülən deyil,

Nə qolu, nə dizi bükülən deyil!

Salam, bu dünyaya gəldiyin günə!

 

Zənnimcə, bir hissəsini təqdim etdiyim bu şeirlərdə söhbət türkçülüyün tərənnümündən getmir. Əksinə, bu şeirlərdə türkə olan sayğıdan, sevgidən və ən vacibi isə özünüifadə etmkdən gedir söhbət. Elə bu səbəbdəndir ki, Maşallahın türk aydınlarına, türk paşalarına ittihaf etdiyi şeirlərin hamısında onun özü də birmənalı şəkildə görünür. Deməli, bu, əvvəldə dediyim kimi, sevgi və istedadın birbaşa təqdimatıdı.

Mən Maşallah Məftunun 65 yaşının addım səslərini açıq-aşkar eşitdiyim bu məqamda onunla bağlı düşüncələrimi, fikirlərimi bir az pərakəndə şəkildə ifadə etməyə çalışarkən ağlımda olan bir məqamı da unutmamağa çalışdım. Bu da Maşallahın dostluğa dözümü, həm də dostluğa olan inancıdı. Yəni Maşallah Məftun bir şəxsiyyət olaraq öz poetik varlığıyla mövcud xarakterini cilalayıb. Ona görə də mən Maşallahın dostları arasında müxtəlif zümrədən olan insanların varlığına çox təbii baxıram və bunu onun halal haqqı kimi qəbul edirəm. Istər bu çevrədə Maşallahın döyüş dostları, əsgərləri olsun, istər qələm dostları, istər millət vəkilləri, istər adi məhəllə adamı... bütün hallarda Maşallah dost dediyinə məftundur. Elə mən də bu məftun dostuma öncə və öncə can sağlığı, yaradıcılığında isə yeni-yeni şeirlər, poemalar, publisist yazılar qələmə almağı arzu edirəm. Axı onun gözəl publisist qələmi də var. Deməli, SÖZ Maşallah Məftunun həm özüdü, həm qibləsidi, həm sevgisi. Yaşın mübarək, qardaş!

TƏQVİM / ARXİV