adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Mart 2021 11:10
34909
MÜSAHİBƏ
A- A+

"Dövlət qulluğunda çalışmaq mənlik deyil" - MÜSAHİBƏ

Yazar, tərcüməçi Rüstəm Mirzəyev Adalet.az-a müsahibə verib.

-Rüstəm bəy, ədəbi mühitdə bir qədər az tanınırsınız. Bu, nə ilə əlaqədardır? Özünüz istəmirsiniz, yazdıqlarınız tanıtdıra bilmir, yoxsa başqa bilmədiyimiz nəsə var? Və tanımayanlara necə tanıdaq sizi?

- Mirzəyev Rüstəm. 1981-ci ildə anadan Bakıda anadan olmuşam. İxtisasca hüquqşunasam, 14 ildir bu sahədə çalışmışam. ANS TV, Əzizbəyov rayon məhkəməsində işləmişəm. Amma sonra gördüm ki, bu iş mənlik deyil. Daxilən çürüdür, mənəvi iztirablar yaşadır mənə. 2015-ci ildən başlayaraq romanı yazdım. Amma 2000-ci ildən yazılar yazıram. Romanınorijinal dili Rus dilidir. Yəni, özüm də Rus dilliyəm, rus bölməsində oxumuşam. Kitabın ilhamını da Braziliyadan almışam. Hazırda da tərcümə fəaliyyəti ilə məşğulam.

- İxtisasca hüquqşünassınız. Bir müddət də fəaliyyət göstərmisiniz. Nə oldu bəs sonra? Yazıçı olmaq hüquqşünas olmaqdan yaxşıdır? 14 il sonra hiss elədiniz ki, bu sahə sizlik deyil? Bizdə hüquqşunas yazarlar çoxdur, olub, bəziləri də sizin kimi deyib, yəni, yazıçılıq mane olub...

- Səbəblərdən biri də budur. Başqa səbəblər də var idi məndə. Hüquq sərtlik tələb edir. Yazıçılıq isə yox. Mənim yazıçılığım tam məşğul olmağa imkan vermədi bu sahə ilə. Hiss elədim ki, ədəbiyyat sahəsi mənə daha çox yaxındır. Ümumilikdə isə, sərbəstlik sevən adamam, disiplini həyat, dövlət qulluğunda çalışmaq mənlik deyil. O mühit sıxır məni.

- Adətən hüquqşünaslar detektiv əsərlər yazır. Siz niyə yazmadınız? Həm də Rus dillisiniz. Bizdə bunun da nümunəsi də var. Məsələn, Çingiz Abdullayev.

- Kitabımda detektiv yerlər də var, amma tam olaraq mənlik deyil.

- Dedektiv janrı ciddi qəbul etmirsiz?

-Tam olaraq elə deməyək, amma mənlik deyil o qədər də. Üstünlük vermirəm, mövzularım, yazılarım digər janrlardadır. Əsasən, miks janrdadır. Daha çox aktual və cəmiyyətdə tabu sayılan mövzulara üstünlük verməyə çalışıram.

-Hazırda tərcüməçisiniz. Ədəbiyyatla əlaqəsi varmı, yoxsa başqa sahə üzrə tərcümələrdir?

- Qismən. Ciddi, böyük ədəbi əsərlərə girişmirəm. Amma ara-sıra hekayələr, elmi işlər və s. tərcümə edirəm.

- Əlavə dillər də bilirsiniz. Portuqal dili. Yazıçı üçün ən böyük özəllikdir o dildə oxumaq, yazmaq...

-Bəli. Orijinal başqadır. Mənim düşünən dilim ruscadır, danışdığım Azərbaycan. Rusca düşünüb, rusca yazıram.Əsərləridə ruscadan oxumaq daha rahatdır mənim üçün.

-Kitabınız Braziliya səfirliyinin dəstəyi ilə çıxıb?

- Bəli, onların dəstəyi oldu, sağ olsunlar. Gediş-gəlişim var, arada çalışmışamda onlarla qeyri-rəsmi, tanıyırlar məni. ANS bağlanandan sonra iş üçün müraciət etmişdim. Münasibət də ordan yaranmışdı. Müraciət etdim, dəstək oldular.

-Bəs niyə bizim qurumlara müraciət etmədiniz? Məsələn, AYB-yə...

- Dəstək olarlarsa, müraciət edərəm ora da. Mənim kitabım çıxanda heç kimi tanımırdım. Amma indi çoxdur tanıdıqlarım. Bəzilərini şəxsən tanıyıram.

-Kimləri tanıyır, oxuyursunuz?

-Zahid Sarıtorpaq, İlqar Rəsul, Nəriman Əbdürrəhmanli, İmir Məmmədli, Zahid Sarıtorpaq. Kitabımı imkan olduqda tərcümə üçün verəcəm həm də Zahid bəyə. Tərcümə fəaliyyətini də çox bəyənirəm.

- Xaricdə ədəbi fəaliyyətiniz nə yerdədir ədəbiyyat üzrə, xüsusi nəsə bir iş görürsünüzmü?

-Mənim əsas məqsədim Braziliyada özümü tanıtmaqdır hələki. Kitabım və yazılarım orada elektron versiyada yayımlanır, amma istəyirəm, daha çox tanınım. Braziliyayla bağlı gələcək üçün daha böyük işlər planlayıram. Məsələn, bizim müəllifləri o dilə çevirmək, öz kitablarımın süjti əsasında ssenari yazıb, teleserial çəkdirmək və s.

- Onda sizin əsas oxucularınız xarici oxuculardır. Braziliyadan baxanda bizim mühit necə görsənir?

- Deməzdim əsas xarici oxuculardır, lakin kifayət qədər braziliyalı tanışım var. Kənardan mühitimizə olan baxışa gəlincə, yaxın 5-6 ilə qədər Braziliyada əksər adamlar Azərbaycanı heç tanımırdı. İlk Avropa, İslam oyunlarından sonra tanıdılar. Müharibə isə necə lazımdır bizi tanıtdı orada. Məsələn, San-Paulu şəhərində yaşşayan və kasıb ailədən olan Marlon adlı 10 yaşlı uşaq bizim əsgərlərə dəstək məktubu yazmışdı və hətta 30 real məbləğ, yəni, bizim pul ilə haradasa 10 manat belə göndərmişdi. Bizim savaşımızın haqq olmasının braziliyalılar tərəfindən dərk edilməsi, özü bir qələbədir məncə və biz daima bunu aşılamalıyıq bütün dünyada, o cümlədən Brazilyaya da. Ümumiyyətlə, Braziliyada olduqca kasıb təbəqənin yaşadığı "favela"deyilən rayonlar mövcuddur böyük şəhərlərdə. Eynən Türkiyədəki gecəqondular kimi. Çox pis vəziyyətdə yaşayırlar. Lap pis. Təsəvvür edin, həmin Marlon elə rayonların birində yaşayır. Məktubda da bizi tanıdığını, sevdiyini yazmışdı. Bir azərbaycanlı kimi mən çox fərəhləndim bundan. Ədəbi mühitə gəlincə, bu məsələdə vəziyyət acınacaqlıdı. Belə ki, bizim ədəbiyyatımız və ümumiyyətlə, mədəniyyətimiz haqqında təsəvvür orada demək olar ki, sıfır dərəcəsindədir. Və bunun üzərində gələcəkdə ciddi çalışmaq lazımdır.

- Sizin romanın ümumi məzmunu nədir, bu kitabı niyə oxumalıdır oxucu?

-Birincisi, Braziliyadakı reallıqlarla üst üstə düşür. Bir növ bizim 90-cı illərə oxşayır orada baş verən olaylar. Yəni, Azərbaycan oxucusuna tanış gələcək həm də. İkincisi, insanlarımız arasında Brazililiya haqqında təsəvvür də yanlışdır. Ağlımıza ancaq futbol, kofe, karnaval gəlir adını eşidən də. Amma elə deyil. Əslində çox təzadlı və nəhəng bir ölkədir. Elə yerlər var Braziliyada, sanki Mərkəzi Avropadakı kimi özünü hiss edirsən və əksinə, elə ştatlar var ki, Afrika dövlətlərindən demək olar, heç fərqlənmir hər barədə. Romanın isə, əsas xətti sevgidir, əbədi, ölməz insan sevgisi, janrı isə, miks, yəni qarışıqdır. Detektiv elementi də var dediyim kimi. Ekşn də, tarix də, melodrama da var.

- Ümumiyyətlə, Braziliyada yazar mühitinin vəziyyəti necədir? Senzura varmı, məsələn? İstənilən yazar istədiyi məmuru tənqid edə, yazılar yaza bilirmi?

- Orda bu məsələdə senzuradan söz belə gedə bilməz. Kim nə istəyir yazır. Senzura anlayışı ümumiyyətlə yoxdur. Düzdür, 1980-cı illərə kimi ölkə hərbi diktatura rejimində yaşayıb. Amma hazırda demokratiyadır. Yazı bir kənara, televiziya da tam sərbəstdir və dövlətin siyasətindən asılı deyil. Amma orada oliqarxlar, yəni, ölkənin ən zəngin insanları var. Və onları tənqid etmək daha təhlükəlidir.

- Mafiadırlar?

- Ondan da üstün. Dövlət içində bir dövlət. Dövləti dolayı yolla təmsil edirlər. Əllərində informasiya resursları, televiziya kanalları falan var.

- Heç öldürülən, sıxışdırılan yazıçılar var həmin oliqarxlar tərəfindən?

- 1970 və 1980-ci illərin əvvəllərində ölüm hadisələri çox olub. Amma indi iqtisadi təzyiq olur. Məsələn, biznesi olan yazıçıları, vergi orqanları, qaydasız rəqabət və digər buna bənzər üsullarla sıxırlar. Braziliya həqiqətən kənardan göründüyü kimi deyil. Məsələn, hələ də rasizm var. Yüksək elita da bir nəfər də qara dərili yoxdur. Güclü iqtisadiyyata rəğmən, bürokratiya və rüşvətxorluq baş alıb gedir. Ümumi vəziyyət də o qədər yaxşı deyil. Bizim 90-cı illərin müəyən nüansları orada hələ də davam edir.

-Tərcümələrdən danışdıq. Sizi qane edirmi dili bilən bir insan kimi? Bizdə narazılıq çoxdur tərcümə fəaliyyəti barədə. Siz necə düşünürsünüz?

- Oxuduğum qədəri ilə pis deyil. Dövlət Tərcümə Mərkəzi tərəfindən tərcümə olunanları oxumuşam, hamısı qüsursuz, əla. Lakin, bəzi başqa nəşriyyatlarla bağlı narazılığım var. Bəzilərini həm orijinal, həm də bizim dildə oxumuşam. Çox kobud səhvlər var.

- Rus dili ilə bağlı ümumi fikirlər çoxdur. Rusdilli yazarlar, hətta danışanlar belə sanki bir "eqolu" olur. Məhz dilə görə...

- Rus dil yox, həm də təfəkkür məsələsidir. Mən qəbul etmirəm yuxarıdan aşağı baxmağı. Heç bir halda. Çünki, təkəbbür həm günah, həm tərbiyəsizlik, həm də daxili aləmin yoxsulluğu deməkdir məncə. Nə olsun rus dillisən, bilirsən. Bu halda daha sadə olmalısan. Mənim yaxın ətrafim hamısı rusdullidir, amma görməmişəm siz dediyinizi. Mən rusdilli olsam da, azərbaycanlıyam, bununla fəxr edirəm, evdə də Azərbaycan dilində danışıram. Rus dili ancaq lazım olduqca, işlə bağlı. Rus dili çox yaxşıdır amma. Məsələn, baxın, bu dəqiqə internetdə bir məlumatı rusca da axtaraq, bizim dildə də. Rusca daha çox məlumat əldə etmək mümkündür. Və yaxud çar dövründə Rusiyada elit ailələrində belə şey var idi ki, uşaqları fransızca öyrədilirdlər. Puşkin, Lermontov, Tolstoy və digər məhşur yazar və şairlər hamı bu mərhələdən keçib. Eyni zamanda, buna baxmayaraq, ana dillərini heç vaxt unutmamış və öz əsərləri ilə onu bir az daha zənginləşdirmişdilər. Bizdə gərək uşaqlara xarici dillər öyrədək. Tək rus deyil, ingilis, fransız, alman, ispan və s. Çünki, müasir zamanda bu olduqca vacibdir. Əslində, mən öz dogma dilimdə rahat yaza bilmirəm və bunu özümə ən böyük qüsur bilirəm əslində. Halbuki, belə olmamalıdı...

- Bir yazıçı üçün rus dili daha zəngindir, yoxsa Azərbaycan? Hansı zəngindir?

-Rus dili. Çalarlar çoxdur, ifadə tərzi çoxdur. Rus dilində mənfi şey odur ki, bizim dil kimi şirinlik yoxdur. Sünilik var. Murad Acı adlı bir türkoloq yazmışdı ki, rus dili - sünidir. Düz deyirdi. Bizim dildə isə, sünilik yoxdu, çox şirindir, musiqi kimi. Layladı sanki.

- Siz onda Azərbaycan dilində heç vaxt yazmayacaqsınız?

-Yazaram, amma effektiv olmayacaq. Bu yaşdan sonra da gecdir, məncə. Odur ki, həmişə rusca yazacam, və yazılarım Azərbaycan dilinə tərcümə olunacaq.

- Rüstəm bəy, son olaraq özünüzü bizə hansı dildə və hansı sözlə ifadə edərdiniz?

- Daxili azadlıq və şablonlardan kənar yaşayan, ən əsası üstü bəzək – içi təzək prinsipindən, yəni zahiri görkəmi üstün tutmaqdan və zamanı çoxdan keçmiş mənasız adət-ənənələrdən qaçan, çürük feodal-patriarxal təfəkkürdən tamamilə uzaq olan birisi kimi...

 

Söhbətləşdir; Orxan Saffari