adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"Sentimental Pasient" - Orxan Saffari yazır

Orxan Saffari
61998 | 2021-03-23 16:49

Səhər açılıb. Günəş də çıxıb, külək də əsir. Belə olanda da hisslərim əsir-yesir olur. Bilmirəm niyə, kimə, nə üçün darıxıram. Səhər 6-da yatıb, elə səhər 9-da da oyanıb, azmış kimi ac və siqaretsizəm. Yemək də var, siqaret də, amma belə qalmağa məcburam. Ac qalmağı hardasa anlayaram, amma siqaretsiz niyə qalım ki?!
Dərd budur e, həkim qədeş, dərd budur!


Qutuda olan son bir gilə siqareti çəkməmək üçün özümü zorla saxlayıram. Nədi-nədi ağciyərlərimi, mədəmi, qaraciyərimi yoxladacam deyə. Hə, deməmişəm ki, sizə.  Mən bir müddətdir, bir neçə dəfə qan qusmuşam. Bildiyiniz qan. O zəhrimar xəstəliyə tutulanlar qusandan. Özü də, axşam "Delikatesdə" boğazımı yaşlayanda. Başımı qaldırıb, qırıq, kirli güzgüyə baxanda ağlamaq da istədim, açığı. Amma ağlamadım. Yaxşı, razıyam, bir az əl-ayağa düşdüm. Atamla danışdım, bir-iki dosta dedim, kefli idim deyə, bir az vida misalı danışdım.

Bu dünyadan belə bir adam keçdi zad.

Əl-Qərəz. İndi tək dərdim siqaretdir. Mən bu sonuncu siqaretlə yaşadığım eşqi qadınla da yaşamamışam heç. Siqareti çox çəkən adamlar bilər ki, bu necə bir zulumdur. Zülm yox ha, zulum.

Bir də görürsən, gecə siqaretin bitdi. Çıxa da bilmirsən çölə, ərinirsən, yəni, konkret öl canın çıxsın. Ciyərlərin bildiyin üzünə qayıdır, ağır danışır səninlə.

Bu dəmdə, elə bu yerdə nə olsa yaxşıdır? Evdən çıxmışam, taksidəyəm. Gedirəm xəstəliyimlə tanış olmağa. Bax, mən deyiləm, sizsiniz. Bayaqdan özümü bu qədər tut, bu qədər sıx, gəl ciyərdən yarımış taksi sürücüsü siqaret yandır. Alə, səni kül olasan, heç yeridi?! Gərək sən də xərçəng olasan? At da o zibili!

Hələ Fidan da var. Hal-qəziyəni ona da demişəm. Zəng edir. Yaman narahatdı. Fidan məni çox istəyir. Yəni, belə hiss edirəm. Özümə də deyir tez-tez. Mən də ona. Bəlkə də sevirik. Amma içimizdə, gizli-gizli. Nəysə. İndi bu soxhasoxda aşk-meşk danışmayaq. Fidan bu yazıyla bitəcək, xatırlanacaq qız deyil. Ona ayrıca bir yazı lazımdır. Ümumiyyətlə, Fidan mənim üçün "uzun söhbətdir"

Telefonda dostumla danışıram. Hacı ilə. İlhamı deyirəm də. Yaxşıların dostu, əmisi. Hacılarla o qədər məzələnirəm ki. Amma İlham yadıma düşür. İlham Kəbleyilər içində ən yaxşı Məşədi, Məşədilər içində də ən yaxşı Hacıdır. Bircə bir pis xüsusiyyəti var, ucuz kafelərdən çıxmış, böyük sənətdən danışan bir müğənni tapıb saxlamır. Nəysə, öz işi, öz həciliyidir.

**"

Xəstəxana dəhlizində həyat eşqi ilə alışıb yanan, amma təəssüf hissi ilə qeyd etməliyəm ki, ömürlərinin sonuna o qədər də çox qalmayan adamlar açığı mənə qəribə baxırdı. Mən nisbətən sağlam, gözə gəlimli idim. Deyəsən, onlar mənə elə baxırdı ki, əlacları olsa, sağlamlığımı hissələrə bölərdilər. İçlərində bir qoca kişi də var idi. Üzündən mundarlıq yağırdı. Açığı, mən görünüşə görə qiymət verən adam deyiləm, amma bütün hallarda bu da önəmlidir. İçimdə dedim, öləcəyiksə, birinci bu qoca kaftar ölsün. Söz arası yaşını da öyrəndim. 86 a kişi, 86. Özü də, keçmiş milis. İndi burda Sovetlərdən danışmaq istəmirəm, amma yenə də bu kişi ölsün, Tanrım.

Açığı, onu da deyim, bayaqdan özümü nə qədər qorxutmamağa çalışsamda, azcana tırsıram. Həyəcan gəlib bir vaqon. Əlavə də bir vaqon ekşin sevənlər, macəra, həyəcan axtaranlar. İçimdə elə qəribə hiss var ki, fillər sevişir desəm, yalan olmaz.


Həkimimi gözləyə-gözləyə ciyərlərim pərdəni təmiz qaldırıb. O, deyəsən, kimin bədənində dayandığını bilmir, amma eybi yox, mən indi ona bir-iki kurs müalicə edib, ağıllandıraram

***
Nəhayət, uzun siqaretsizlikdən, təqribən, 5 siqaret çəkə biləcəyim vaxtdan sonra həkimim də gəldi. Salamlaşdıq, danışdıq, müayinə olunduq, ortaya çıxdı ki, sən demə, ciddi bir şey yox imiş. Ağzımdan gələn qan isə öskürəkdən partlayan kapiliyyar damarlar imiş. İlahi, bayaqdan beynimdə nə qədər şey qurmuşam. Birinci siqareti atacam, içməyəcəm, elə edəcəm, belə edəcəm. Həkimin bu diaqnuza o qədər sevindim ki, istədim, çıxam o 86 yaşlı nursuz kişiyə deyim, mən kəfəni yırtdım. Hara qədər dirənəssən, qoca. Hətta daha da irəli gedib, xəstəxananın dəhliniz də "hamınız öləcəksiniz" qışqırmaq istədim..

Amma mən belə adam deyiləm. Bunu sevincimi ifadə eləmək üçün dedim. Uzun sürən analizlərdən sonra xəstəxananı tərk elədim. Ac idim, ağzımdan da pis qoxu gəlir. Yaxşı ki, bu maska var. Hərdən karantinə görə təşəkkür də eləmək istəyirəm. Qadın kimi əzizlədiyim o bir gilə siqareti yandırdım. Xəstəxananın qarşısında havaya bir qullab vurub tüstü buraxdım. Öskürək yenidən başladı. Yenə eyni cür, yenə qan. Amma pis olmadım. Qusdum bu ömrə, bu günə qusa biləcəyim qədər. 

TƏQVİM / ARXİV