adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
24 Mart 2021 12:39
27047
KRİMİNAL
A- A+

“Lotu Qulinin” yaxınını öldürən “Lənkəranskinin” adamı hakim qarşısında

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 29-da Bakının Keşlə qəsəbəsində baş verib. Z.İsmayılov “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib. Nəticədə T.Babayev hadisə yerində ölüb. A.Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi “Kalaşnikov” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

Məlumata görə, Z.İsmayılov vaxtilə “qanuni oğru” Rövşən Caniyevin (“Rövşən Lənkəranski” - 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilən T.Babayev isə digər “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli” - 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada öldürülüb) klanına daxil olub.

Hadisənin kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində baş verdiyi bildirilir.

Z.İsmayılovun barəsində qəsdən adam öldürmə, iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.