adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Mart 2021 13:15
74482
MÜSAHİBƏ
A- A+

"O kruqlarda bəzən zəif, ədəbiyyat olmayan mətnlər də paylaşılır..." - MÜSAHİBƏ

Gənc şair Sonuncu Orxan ADALET. AZ saytına müsahibə verib. 

 

- Orxan Zaman, Sonuncu Orxan, Orxan Əlibəyov... Bir neçə təxəllüsün olub, bu imzalar altında yazmısan. Daha çox hansısan? Ədəbi portretin daha çox hansı təxəllüsün altında gizlənib? Yəqin ki, tez-tez bu cür dəyişimin səbəbi də özünü axtarmaq cəhdləridir.. 

 

- Sonuncu Orxan. Bu, mənə daha çox doğmadır. Digər imzalarda yadlıq hiss edirəm. Birincini istəməyərəkdən seçmişəm, təxəllüs olsun deyə. İkincisini məşhur soyadın daşıyıcısı olduğum üçün (Əlibəyovlar Azərbaycanda tanınmış nəsildir, əsilzadəlik titulumuz var). Üçüncüsü isə sırf özümə məxsusdur. Bu imza daha maraqlı və daha ədəbidir, mənə görə. 

 

- Baban Cəmil Əlibəyov da yazıçı idi. Görmürsənmi babanı? Necə xatırlayırsan? Yəqin ki, bütün yazdıqlarını oxumusan.. 

 

- Görmüşəm. İki-üç dəfə söhbət də etmişik. Şeirlərimi oxuyub, müəyyən düzəlişlər də etmişdi. Nurlu çöhrəsi var idi. Səsi tutulmuşdu, dediklərini güc-bəla ilə eşitmək olurdu. Ona görə çox narahat etmək istəmirdim onu, az-az yanına gedirdim. Yazdıqlarından "Özümü axtarıram", "Qış macərası", "Qızıl at və torpaq", "Zəmanələrlə üz-üzə" kitabını oxumuşam. "Zəmanələrlə üz-üzə" memuardır. Bizim nəslin keçmişinə yer verilib orda. Babamgilin uşaqlıq xatirələri, bəyliyə görə çəkdikləri məhrumiyyətlər, sovet vaxtı təqib olunmaqları və s. Bu mənada mənim üçün həmin kitab daha maraqlıdır. 

 

- Orxan, şeir yazırsan ancaq. Adətən müəyyən dövrdən sonra görürük ki, şairlər də nəsrə keçir. Xüsusən də gənclər..Həm də, sənin şeir tərəfin sanki bir qədər görünmür. Yaxud da, özün görünməyi istəmirsən qabarıq şəkildə.. 

 

- Şeirdən başqa hansısa ifadə formasında özümü sınamamışam. Bəlkə də, alınar. Amma eksperiment aparmamışam. İndi ifadə formasına görə nəsr daha populyardır və daha ciddi qəbul olunur. Şeirə bir az dırnaqarası münasibət var. Amma bu poeziyanın tamamilə bir ifadə forması kimi sıradan çıxdığını deməyə dəlalət etmir. Bob Dilan Nobeli şair kimi almışdı. Mən nəsrə keçərəmmi, keçmərəmmi, bilmirəm, açığı. 

 

- İki şeirlər kitabın var. "Sevgi sonatası", "Çəhrayı yuxular". Birinci kitabın bir neçə il əvvəl çıxıb, ikinci təzəlikcə. Bu qədər aradan sonra reaksiya görə bildinmi? Necə düşünürsən? Adətən, şeir kitabı çox olanlar da ciddi qəbul olunmur. Davamlı olacaqmı səndə də? Yoxsa, itib-batmasin deyə çap edirsən? 

 

- Səmimi deyirəm. İtib-batmasın deyə çap edirəm. Heç vaxt şeirlərimə ciddi, kütləvi reaksiya olmayıb. Çünki şeirlərimin parıltısı yoxdur. Vurucu misralar yoxdur məndə. Ona görə insanlara maraqlı gəlməmişəm. Bəlkə də, hardasa kimsə təklikdə o şeirləri oxuyub təsirlənər, məni sevə bilər, amma bu heç vaxt kütləvi olmayacaq. 

 

- Onda özün belə istəyirsən demək ki.. Narazılığın da yoxdur. Çünki hərdən mənfi reaksiyalar da olur ki, bu nə şeirlərdir, qurudur, heç nə yox. Qıcıqlanmırsan belə olanda? Janr olaraq ədəbiyyat adamları söhbəti bilir, amma hər oxucu intellektual olmadığı üçün qınana, tənqid oluna bilirsən... 

 

- Baxır, hansı reaksiyaya qıcıq oluram. Məsələn, bu gün biri yazıb ki, bu cızma-qaraya şeir demək də çoxdur hələ. Hansı ki, o adam nə vaxtsa bir roman yazıb, o romanda təxmini belə bir cümlə var:"Oğlan köpüklü amerikano içdi, köpük dodaqlarına yayıldı". Amerikanonun sadə, köpüksüz kofe olduğunu bilmir, bunun yazdığı rəyə bax. Belə dəxlisiz adamların rəyinə qıcıqlanıram. Amma tutaq ki, kimsə desə ki, şeir alınmayıb, buna qətiyyən qıcıqlanmaram. Əksinə, təəssüflənirəm ki, şeirin zəif tərəfi nədir? Amma son şeirmə ("Balıq" poetik silsiləsi) maraqlı reaksiyalar da oldu. 

 

- Özünün ən yaxşı şeirin hansını hesab edirsən ki, müsahibəni oxuyanlar gedib o şeiri oxuyaraq istedadına bələd olsunlar, səni tanısınlar ? 

 

- "Sənə vurulmuşam əslində..."  bu ən sevdiyim şeirimdir. 

 

- Orxan, ədəbi mühitdə də səni çox susqun görürük. Həm ümumi hadisələrə, həm də ədəbi proseslərin özünə.. 

 

- Belə daha yaxşıdır. Heç kimə qaynayıb-qarışmamaq. Nəyəsə xatir kimisə tərifləməmək, kiminləsə çay içməmək, pivə içməmək, lüzumsuz söhbətlər dinləməmək. Beləsi daha rahatdır mənim üçün. Hadisələrə reaksiya vermək məcburiyyətim yoxdur. İnsanın belə lüksü olmalıdır, məncə. 

 

- Nəyəsə xatir kimisə tərifləmək deyəndə "kruq ədəbiyyatı" anlayışını nəzərdə tutursan? 

 

- Yox. Kruqun olmasa belə, bəzən oturub çay içdiyin, araq vurduğun, evində çörək kəsdiyin, siqaret çəkdiyin adamı məcburiyyətdən tərifləyirsən. Sabah üz-üzə gələndə sənlə mübahisəyə girişməsin deyə. Pulun olmayanda çay alsın deyə. Siqaret istəyəndə ürəklə versin deyə.(gülür) 

 

- Necə baxırsan bu "kruq" söhbətinə? Səncə, olmalıdır? Əksər ədəbi mühit adamları pisləyir, amma elə özləri də "kruqdur". Ümumiyyətlə, bunu həqiqətən pisləmək lazımdırmı? Dünya ədəbiyyatının o qədər yazıçısı var ki, onlar da zamanında "kruq" olub. Amma bizdə buna az qala əxlaqsızlıq kimi baxılsın. 

 

- Birmənalı münasibət göstərmək olmur. Bunun yaxşı tərəfi odur ki, "kruq"un səni müəyyən mənada əlini çörəyə çatdıra bilər. O da bir yerə kimi. Məsələn, mən nə sosial şəbəkələrdə, nə ədəbi mühitdə tanınmıram. Amma Ayxan məşhurdur. O hansısa yazımı paylaşanda yaxşı-pis reaksiyalar gəlir. Amma özüm paylaşanda reaksiya çox az olur. Bu mənada yaxşıdır. Amma bir tərəfdən də görürük ki, o kruqlarda bəzən zəif, ədəbiyyat olmayan mətnlər də paylaşılır və yüksək səviyyədə təbliğ olunur. Bu, pisdir. 

 

- İctimai olaraq da ədəbi proseslər də səni maraqlandırmır? Məsələn, Azərbaycan Yazıçılar Birliyi. Münasibətin necədir, ədəbiyyatı layiqincə təmsil edə bilirlər? 

 

- Məncə, Yazıçılar Birliyini tənqid hədəfinə çevirmək kultu artıq köhnəlib. Bu artıq qəhrəmanlıq sayılmır. Vaxtında Seymur Baycan, Rasim Qaraca, Şərif Ağayar yıxıb-sürüyüblər və düşünürəm ki, AYB ilə haqq-hesab çürüdülüb. 

 

- Fəaliyyətləri göz qabağında olsa da, münasibət birmənalı deyil. Tərifləyirlər də, pisləyirlər də. Yaradıcı gənc kimi sənin öz mövqeyin necədir? Fəaliyyətlərini bəyənirsən? 

 

- Birlik olaraq ədəbiyyat adına hansı işləri görüblər? Bunu demək üçün onların fəaliyyətini izləmək lazımdır. Mən AYB haqqında ancaq tənqid oxumuşam. Hər halda yaxşı işləri də var onların. Amma hansı işlər görüblər və görürlər, gördükləri iş hansı səviyyədir, müasir yanaşmalara nə qədər adekvatdır, bilmirəm. Onun üçün də AYB-nin fəaliyyəti haqqında heç bir fikrim yoxdur. Yalandan hamı tənqid edir deyə mən də tənqid edə bilmərəm. 

 

- Müsahibə üçün təşəkkür edirik. 

 

- Çox sağ olun, mən də təşəkkür edirəm. 

 

Söhbətləşdi; Orxan Saffari.