adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Mart 2021 12:12
28208
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbi ilə “AzerGold” arasında əməkdaşlığa dair razılaşma sənədi imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında qarşılıqlı əməkdaşlığa dair razılaşma sənədinin imzalanma mərasimi keçirilib.

Adalet.az-ın məlumatına görə, onlayn formatda keçirilən tədbirdə sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar.

Sənədə əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Həmçinin ali məktəbin müxtəlif ixtisaslarının bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin istehsalat təcrübəsinə, elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi sənəddə öz əksini tapıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin bir çox yerli, transmilli şirkət və müəssisələrlə səmərəli əməkdaşlıq etdiyini bidirib. O şirkətlərlə əlaqələrə xüsusi önəm verdiyini qeyd edərək, bunun tələbələrin istehsalat təcrübəsində iştirakı və gələcəkdə iş imkanları ilə təmin edilməsi baxımından zəruri olduğunu vurğulayıb. “AzerGold” QSC-nin qısa müddət ərzində uğurlu fəaliyyətini yüksək qiymətləndirən E.Qasımov Bakı Ali Neft Məktəbinin tələbələri üçün gələcəkdə burada istehsalat təcrübəsi və iş imkanlarının yaradılmasından məmnunluğunu ifadə edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, “AzerGold” QSC davamlı və dayanıqlı inkişafı təmin etmək üçün peşəkar kadr bazasının möhkəmləndirilməsi istiqamətində Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları və elmi təşkilatlarla sıx əməkdaşlıq edir.

“Bugünə qədər 7 ali təhsil ocağı ilə əməkdaşlığa dair sənəd imzalanıb. Həmçinin ötən il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə imzalanmış memoranduma əsasən, peşə təhsili sahəsində əməkdaşlığa başlanılıb. Bundan başqa, ali məktəblərlə əldə olunmuş müvafiq razılaşmalara uyğun olaraq peşə-ixtisas təhsili alan 133 tələbənin “Çovdar” Filiz Emalı Sahəsində təcrübə proqramında iştirakı təşkil edilib. Müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlara “AzerGold” QSC tərəfindən sertifikatlar təqdim olunub, fərqlənmiş 11 nəfər məzun daimi işlə təmin edilib” – deyə Z.İbrahimov əlavə edib.

Tədbirdə hər iki müəssisənin aidiyyatı bölmələrinin əməkdaşları da iştirak edib.