adalet.az header logo
  • Bakı 20°C
06 Aprel 2021 14:31
40767
MƏDƏNİYYƏT
A- A+

Əsl kişi filminin 50 yaşı: “Axırıncı aşırım” filmində gizlənmiş gerçək tarix

Böyük yazıçı Fərman Kərimzadənin doğum gününə həsr etdiyim məqalədə oxucularıma “Axırıcı aşırım” filmi ilə bağlı da yazı hazırlayacağıma söz vermişdim. Gün həmin gün olmasa da, söz həin sözdür!

50 il əvvəl çəkilmiş “Axırıncı aşırım” filmi Azərbaycan tamaşaçısının baxdığı və çox byəndiyi filmlərdəndi. Bunu nədən anladım? Bu filmdəki obrazların dili ilə deyilmiş sözlər atrıq xalq arasında atalar sözü, məsəl, fraza kimi işlənir.

Filmin Qəmlosundan məşhur ifadələr:“indi nöybə sənindür a, Kərbəlayi”;

“hökümət adamı görəndə əllərim gicişir”, “Abbasqulu bəyin nazıyla çox oynuyuruğ aa, Kərbəlayi “Nə oldu sənin şura hökumətin?! (İmana rişxəndlə deyilir);“Kərbəlayi oturub Qarabağlarda külli ixtiyari da verib Qəmlonun əlinə”( Səməd).

Kərbəlayının dilindən səslənən məşhur ifadələr:

“Yaxşı, bu kolxozun böyüyü, başbiləni kim olacaq”,“Mən kolxozsuz da keçinərəm!” “Cinə, şeytana oxşayırsan, Qəmlo” “Hələ səbr elə, görək, o kolxoz-molxoz oyununun axırı necə qurtaracaq” “İndi tərsinə olub kötüyü qabağa veriblər” “Sonra da gəlib deyəcəklər papağını da, ver namusunu da” “Mənə dəyən təpik sənə dəysəydi, çoxdan əlinə silah almışdın”;“Mən o İmanın heç daxmasını da tanımıram, istəyirsən ki, onun asdığı bayrağın altından keçim?”;

“Yox bəy, qaradan artıq boyaq olmaz”.

 

Bu “Axırıncı aşırım” ki, var...

 

 

Bildiyiniz kimi Fərman Kərimzadənin “Qarlı aşırım” povesti əsasında 1971-ci ildə çəkillən “Axırıncı aşırım” filmi real hadisələr əsasında yazılıb. Əgər soruşsaız ki, niyə filmin adı “Qarlı aşırım” yox, “Axırıncı aşırım” olaraq dəyişdirilib? Cavab çox sadədir: səbəb filmin qışda, qarda deyil, yayda çəkilməsidir. Əsərdə cərəyan edən hadisələr 1930-cu illəri əhatə edir və Azərbaycanın bölgələrindən birində baş verir. Müəllif sovet hakimiyyətinin ilk on illiyində kolxoz quruculuğu dövründə yaranan problemlərə, sinfi mübarizəyə, yenilənən iqtisadi, ictimai-siyasi münasibətlər zamanı ortaya çıxan ziddiyyətlərə diqqət çəkir. Dram və tarixi janrda çəkilən filmdə Həsən Məmmədov (Abbasqulu bəy Şadlinski), Adil İsgəndərov (Kərbəlayı İsmayıl), Məlik Dadaşov (Qəmlo), Hamlet Xanızadə (Talıbov), Həsənağa Turabov (Xəlil), Şəmsi Bədəlbəyli (Şabanzadə), Tamilla Rüstəmova (Növrəstə), Şahmar Ələkbərov (İman), Əbdül Mahmudov ( Bəylər), Sadıq Hüseynov (Səməd) ugurlu rolları ilə tamaşaçıların növbəti dəf sevgisini qazandılar.

 

Tarixi şəxsiyyətlər Qəmlo- Abbasqulu Ağa Şadlinski - Kərbəlayi İsmayıl

 

 

Kino mütəxəssislərinin gəldiyi qənaətə görə, film Azərbaycan kinosu tarixində əsl kişi filmi adını almışdı. Məlik Dadaşovun canlandırdığı “Qəmlo” (əsl adı Qəmbəralı Abbasovdur) quldur kimi təqdim edilsə də, 1905-18-ci illərdə Abbasqulu Ağa Şadlinski və Kərbəlayi İsmayılla birlikdə erməni daşnakları ilə vuruşub. Onlar Sovet hökumətinin Kolxozlaşdırma siyasətinə qarşı çıxıb.

Abbasqulu Ağa isə bolşeviklərə qoşulur. 28 iyul 1920-ci ildə Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik “Qırmızı tabor” dəstəsi ilə Naxçıvana gəlib. Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşib. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq edib. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurub, burada ingilis-daşnak işğalına son qoyub. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.

Mərdliyi ilə seçilən Qəmbəralı Abbasov və Kərbəlayi İsmayıl isə Türkiyəyə yollanırlar. Mustafa Kamal Atatürk onlara burada qalmağı tövsiyə edir. Lakin Qəmlo Türkiyədə qalmır və yenidən Azərbaycana dönür.

Bir neçə il sonra Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir.

Qatıldığı məclisdə ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. O, 1931-ci ildə qətlə yetirilir.

Töhfə xanım ərinin ölüm xəbərini alınca ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur.

Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür.

 

Şəxsiyyətlərin gerçək taleyi

 

 

Kitab çapa çıxdıqdan sonra Qəmlonun yaxınları yazıçı Fərman Kərimzadəyə məktub ünvanlayaraq qoçaq insan kimi ad çıxaran Qəmbəralı Əlirza oğlunun bədii obrazının təhrif olunmasına öz etirazlarını bildiriblər.

Türkiyədə qalan Kərbəlayi İsmayılı isə ermənilər öldürmək istəsələr də, bunu gerçəkləşdirə bilmirlər. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə İğdır ilinin Daşburun kəndinə gəlir. Bu elə bir vaxt idi ki Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaklar at oynadırdı. Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizədən qalib çıxa bilir. Kərbəlayi İsmayıl Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. O, ömrünü sonuna qədər Iğdır vilayətində yaşayır və 1948-ci ildə 78 yaşında dünyasını dəyişir. Kərbəlayi İsmayıl son nəfəsində bu sözləri dilinə gətiri: “Vedibasarda oğlum, qardaşım uşaqları var. Məzarımı yol kənarında qazın ki, buraya yolları düşərsə, hiss edim”.

Kərbəlayi İsmayılın dəfn olunduğu qəbiristanda onun şərəfinə abidə ucaldılıb. Bu abidə həm də Qərbi Azərbaycandakı topaqlar uğrunda mübarizə aparan şəhidlərin xatirəsinə həsr edilib.

Hər il aprelin 28-i ərəfəsində İğdır ilinin Daşburun kəndində Kərbəlayi İsmayılın anım günü qeyd edilir. Kəndin ərazisində həmyerlimizin məzarı üstə ucaldılan abidənin ətrafında mitinq keçirilir. XX əsrin əvvəlində ermənilər tərəfindən türk xalqına qarşı törədilən soyqırıma etiraz səslənir.

“Axırıncı aşırım” filminə gəldikdə, “Qəmlo” “Abbasqulu bəy”i öldürdüyünə görə, Adil İsgəndərovun canlandırdığı “Kərbəlayi” tərəfindən həyatına son qoyulur. Amma bu səhnə senzuradan keçmir. “Kərbəlayi” qəhrəman kimi qələmə verilmiş hesab olunur və bu, qadağan edilir.

Rejissor Kamil Rüstəmbəyov bu səhnəni yenidən çəkir. Bu dəfə “Qəmlo”nu “Kərbəlayi” deyil, “Xudayar”ın qardaşı öldürür. Yeni versiyada “Kərbəlayi”nin adamlarının birinin dilindən “Kərbəlayi Qəmlonu gəbərtdi” cümləsi də ilk çəkilişdən qalıb.

Əslində, Abbasqulu Ağanın 1930-cu ildə Sovet “KQB”si tərəfindən öldürüldüyü ehtimal edilir.

Filmdəki Hamlet Xanızadənin canlandırdığı “Talıbov” obrazı həqiqətdə Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olub. Bütün bunlar tarixi faktdır.

Bu il 50 yaşı olan film 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında nümayiş olunub. Aktyor Adil İsgəndərova "ən yaxşı kişi obrazı"na görə II mükafat, aktyor Həsən Məmmədova "ən yaxşı kişi rolu"na görə mükafat verilib.

 

Əntiqə Rəşid