adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2021 10:31
25289
DÜNYA
A- A+

Meymunlar ordusu qurmaq istəyən diktator

Marksizm ideologiyasını həyatın, cəmiyyətin yaranmasında böyük rol oynayan siniflər arasındakı rəqabətdən ibarət olduğunu iddia edirdi. Bu savaşın sonunda isə Kapitalizm gələcək, sonrakı mərhələdə isə sosializm yaranacaqdı. Sosializmdən sonra isə başqa sözlə desək, tarixin ən son mərhələsi - kommunizm olacaqdı. Burada isə insanlar hər sahədə bərabər və azad olacaqdılar.

Stalin SSRİ-ni geri qalmış aqrar ölkədən qeyri-adi güclü bir dövlətə çevirdi. O, uşaqlıq vaxtından özünə qarşı çoxlu haqsızlıq görmüş, buna görə də düzgün olmayan psixoloji şəraitdə böyümüşdür. Stalin savadsız idi. O, savadsızlığını savadlılara qarşı hiss etdiyi nifrətlə gizlətməyə çalışırdı. Fizika, kimya, ədəbiyyat onun dünyası üçün yad idi. Onun dünyasının mərkəzində şiddət dayanırdı. Anasının ona məsləhət gördüyü yolu rədd edən, kiçik yaşda göndərildiyi kilsə məktəbindən qaçan bu gürcü uşağının bundan sonrakı həyatı da həmişə qayda-qanunlara qarşı çıxmaqla davam etmişdir. Rusiyadakı Çarlıq rejimini dağıdıb, yeni bir dünya qurmağa and içmiş Marksizm ideologiyasının tərafdarlarından ən inadcılı olan Stalin hərəkatın digər ardıcılları Lenin və ya Trotski kimi intellektual siyasətçi deyildi. O, sözün əsl mənasında tutduğunu qoparırdı. Bundan sonra da elə edəcəkdi. O, səbəbsiz yerə özünə Stalin deməmişdi. Yəni, Dəmir Adam...

Düşüncənin yox, şiddətin gücünə inandı

Kommunist ideologiyasının beyni sayılan Lenin xarici ölkələrdən yazdığı məqalələrlə aşağı sinfi bilgiləndirməyə çalışarkən bir tərəfdən də sanki küçələrdəkiləri silahlandırırdı. Lenin heç vaxt Stalinin psixlik dərəcəsinə çatan şiddət istəyini sevməsə də o, hər zaman sədaqətini göstərmişdi. Buna görə də o, çevrilişdən sonra həmin sistemin ikinci adamı oldu. Stalin 1922-ci ildə Kommunist partiyası Mərkəzi Komitəsində baş katib işləmişdir. Təbii ki, o vaxtlarda bu vəzifənin elə də önəmi yox idi. Bir qədər sonra isə Rusiya üçün “Baş Katib” ən önəmli vəzifələrdən biri olacaqdı.
Stalin az bir zaman ərzində bu şöbənin önəmini anladı. Bu mexanizmi əldə saxlamaq üçün qrupu daim yoxlamaq lazım idi. Stalin artıq bu işin sirrini bilirdi. Bir qədər sonra isə vəziyyəti elə ələ aldı ki, hər kəs özünü ona borclu hiss etdi. Lenin isə vəziyyəti başa düşəndə artıq iş işdən keçmişdi. Çevrilişin beyni və Stalinə səsini yüksəldə bilən yeganə insan olan Lenin artıq ölüm döşəyində idi. Stalin isə çoxdan öz adamlarını mexanizmin əsas hissələrinə yerləşdirmişdi. Lenini kimin görə biləcəyinə belə o qərar verirdi. Lenin vəsiyyətində Stalinin qabağının kəsilməsinin vacib olduğunu desə də buna əməl edilmədi. Leninin vəsiyyətinə əməl etməyənlər öz əlləri ilə necə bir canavar yaratdıqlarını çox gec anlayacaqdılar.

 

Niyə oraq və çəkic?


Çevrilişdən əvvəlki sovet bayrağındakı oraq və çəkic rəsmləri işçi və kəndlilərin əməyi nəticəsində yaradılacaq yeni quruluşun simvolları olaraq qəbul edilmişdi.

Lenin ölür və meydan boşalır

Lenin 1924-cü ildə öldü və Stalin daha da sərbəstləşdi. O, öz imperatorluğunu yaratmaq üçün çalışırdı. Siyasətdəki bütün müxalifəti hiylələrlə məhv edirdi. Rəqiblərinin hamısını sürgünə göndərirdi. Amma uzaqdan da olsa ona qarşı olan iradlar davam edirdi. Hamının rəğbətini qazanmaq üçün isə siyasət dəyişdirilməliydi. Stalin öz gücünü hamıya göstərməliydi. İlk mərhələdə siyasətdəki rəqibləri gözdən pərdə asmaq üçün olan məhkəmələrdə “xalq düşməni” adlandırılır və edam edilirdi. Dəmir Adamın isə əli hər yerə çatırdı. O, Mexikoya qaçan Trotskini də tapmışdı. KQB nümayəndələri dünyanın o biri ucuna qədər gedib Trotskini öldürdülər. Stalinin ölkəni təmizləmək siyasəti yalnız rəqiblərinə yox, eyni zamanda hər bir intellektual fərdə də öz təsirini göstərirdi. Stalinin bu səhv siyasəti nəticəsində ölkənin bütün güclü beyinləri məhv oldu. Bütün bu proseslərdən sonra demək olar ki, tək güclü beyin olaraq o qalmışdı. Qısa bir vaxt ərzində bu sistem onu da hər totalitar rejimdə olduğu kimi “hər şeyi bilən lider” olaraq göstərəcəkdi.

 

Siyasi büro nədir?


Bu söz rus dilindən götürülmüşdür. 1917-ci ildə Oktyabr çevrilişindən SSRİ dağılana qədər Kommunist partiyasının ən önəmli orqanlarından biri idi. Bir sözlə ölkə və siyasətlə bağlı hər şeyə burada qərar verilirdi.

“Düşmən hər yerdə var, hətta içimizdə də!”

Stalin proletar diktaturasını şəxsi diktatorluğu ilə əvəz edərək xəyal dünyasından ibarət bir kommunist dövləti yaratmaq istəyirdi. Bu yolda heç kim ona mane ola bilməzdi. Hətta bolşeviklərin hakimiyyətdən uzaqlaşdırdığı çar belə onun qədər rahat hərəkət edə bilməzdi. Onu dayandıran bir sıra səbəblər vardı. Stalinin düşüncəsinə görə isə bunların hamısı burjuanın yeni bir siyasəti idi. O, tam sərbəst idi. Öz liderliyini qəbul etdirmək yolunda heç kim və heç bir şey Stalinin qəzəbindən qaça bilmirdi. O, hər yerdə açıq-aşkar deyirdi: “Düşmənlərimiz orduda da var, hətta ən yaxınımızda - Kremldə də!” Bu gün mehriban olduğu ən əziz adamı səhəri gün başında güllə yarası ilə ölü tapılırdı.

“Daşlaşan” ilk diktator o oldu

Müasir dövr diktatorlarının ilk nümunəsi olan Stalin bir çox sahədə özündən sonra gələnlər, ya da onunla eyni vaxtda yaşayanlar üçün mükəmməl bir örnək olacaqdı. O, sözün əsl mənasında “inşa edilmiş” ilk diktator idi. Stalinin liderliyi onun əfsanələşdirilməsi nəticəsində olacaqdı. O, hər şeyi bilən birisi kimi ətrafdakılara tanınırdı. Bu istiqamətdə, insanlar arasında saxta bir “birlik-bərabərlik” hissi yaratmış və bütün bunların mərkəzinə də özü “lider” olaraq yerləşdirilmişdi. Əlbəttə ki, yaranan bu boşluğu kimsə doldurmalıydı. Və bu da “Hər şeyi yaxşı bacaran bir lider”, yəni, Stalin idi. Artıq hər şey hazır idi. Sonra isə bir çox liderə ilham qaynağı ola biləcək “bütləşdirmə” dövrü başlayacaqdı. ”Səni tanıdıq, səninlə bir havada nəfəs aldıq, sənin başçısı olduğun ölkədə yaşadıq. Necə də xoşbəxt insanlarıq!” mahnısını oxuyan təhsil sistemi, yazılı mətbuat, heykəllər və bir çox ünsürün birləşməsi nəticəsində yaranan şərait Stalinin çox işinə yaradı. Ölkədə milyonlarla beyin olsa da hamısının düşüncəsi bir idi: ”Millətimizin atası bənzərsizdir və çox güclüdür!”

“Stalinin içki süfrəsində olmaq ona ən yaxın olan insanlar üçün çox önəmli idi. Moskvadan biraz uzaqda olan şəxsi evində gecə yarılarına qədər davam edən məclislər olurdu. Stalinin işçiləri hər gün başçılarının onları axşam ziyafətlərinə dəvət etməsini səbirsizliklə gözləyirdilər. Onlar bu dəvətə görə həm də həyəcanlanırdılar. Bu həyəcanın səbəbi isə qorxu idi. Əgər dəvət edilməmisinizsə deməli gözdən düşmüsünüz. Onu yaxından tanıyan hər kəs isə bunun nə demək olduğunu çox yaxşı bilirdi. Bu isə o demək idi ki, ölüm hər an qapınızı döyə bilər”.

İvan Qroznı Stalinin bədənində canlanır

Stalin mətbuatın sayəsində qısa zamanda əsl Bolşevik Çara çevrilmişdi. Stalinizm adlanan sistemin əsasında qorxuların gizlədilməsi və gizli polisdən istifadə dururdu. Əslində ruslar üçün tarix təkrarlanırdı. Sanki keçmişin dəhşətli çarı olan qorxunc İvanın ruhu Stalinin bədənində canlanmışdı.

Stalinin lüğətində “səbr”, “gözləmək” və digər sözlər yox idi. Hər şey bir anda baş verməliydi. O zaman Rusiya da qısa bir zaman ərzində kənd paltarını çıxarıb sənayeləşmiş ölkələr sinfinə qatılacaqdı. Ancaq bir problem var idi. Stalinin işçilərinə verəcək pulu yox idi. Bu problem çox asanlıqla həll edildi. Madam ki, proletar diktaturası yaradılacaqdı, deməli pula heç ehtiyac qalmırdı. İşçilər onsuz da pulsuz işləyəcəkdilər. Bütün bunları düşünən lider ölkədə sənayeləşmə siyasətini irəli sürdü. O, bütün torpaqları milliləşdirdi və əkinçilik məhsullarını öz əlində topladı. Artıq heç kəs özbaşına iş görməyəcəkdi. Nə qədər məmulat lazımdırsa hamısını Moskvadakı “böyüklər” təyin edəcəkdi. Belə ki, 1917-ci ildəki çevrilişin səbəblərindən biri də torpaq islahatını keçirmək, sahibkarların torpaqlarını əllərindən alıb kəndlilərə paylamaq idi. Yazıq ruslar yağışdan çıxıb yağmura düşmüşdülər. Stalin ölkədəki hər şeyi mərkəzləşdirmək üçün beşillik planı reallaşdırmağa başladı. O, istədiklərinə çatdı da. Böyük böhran 1930-cu ildə bütün kapitalist ölkələrini məhvə doğru apararkən Rusyada inanılmayacaq dərəcədə böyük irəliləyiş baş verdi. O, böyük sürətlə sənayeləşirdi. Bütün ölkə başdan-başa fabriklərlə əhatə olunmuşdu. Hökumətin zorla fermalara əl qoyması, fermerlərin zorla mərkəzə tabe olması, dünənin kəndlilərinin bir anda sənaye işçilərinə çevrilməsi ilə ictimai quruluş alt-üst olmuşdu. Qarşı çıxanlar “əks inqilabçılıq”da günahlandılaraq edam edilmiş, milyonlarla “pulsuz işçi” ya ağır iş şərtlərindən, ya da Kulak kimi yığma düşərgələrindəki işgəncələrdən vəfat etmişdi. Bunlardan xilas ola bilənlərsə əkinçiliyin mərkəziləşdirilməsinin uğursuzluqla nəticələnməsindən sonra baş verən qıtlığın qurbanı oldular. Bu amansız dövlət terrorunu həyata keçirən isə, adını eşidən hər kəsi qorxuya salan, Rusiya gizli təşkilatı KQBnin atası sayılan NKVD idi. Bu təşkilat 30-cu illərdə diktatorun əlində insanları qorxu altında saxlamaq üçün tək silah idi. NKVD agentləri bütün müxalifətçiləri çox asanlıqla tapırdı. Ardınca isə gərəksiz sorğu-sual, şər və ölümlər gəlirdi. Stalinin özünü və bu amansız sistemi qorumaq üçün yaratdığı sistemin işçilərinə belə güvənmirdi. O, müxalifətçilərlə bərabər həm də təşkilat üzvlərini öldürürdü. Rusiya sanki terrorun içində terror yaşayırdı. Hətta 11 sentyabr hadisələrindən sonra məşhur olan terrorla savaş fikri də Rusiyaya aid idi. Diktator artıq bəyənmədiyi insanları dövlətin düşməni deyil, terrorist kimi öldürürdü.

Böyük təmizlik: İnsan yoxdursa, deməli problem də yoxdur!

Stalin 1936-38-ci illər aralığında lider olmaq niyyəti ilə hər sahədə törətdiyi terror nəticəsində bir çox “xain” və “müxalifətçi”ni öldürtdürmüşdü. Bu illər aralığında baş verənlər tarixdə böyük təmizlik adlanır. Bu illər çox vaxt həmin dövrdə insanların sanki qənimi olan NKVDnin o vaxtki başçısı Nikolay Yazovun adı ilə əlaqələndirilərək “Yazov rejimi”adlandırılmışdı. Bu illərdə təxminən 500 min insan öldürülmüş, qalanları isə katorqalara göndərilmişdi. Stalin bu siyasətini qısaca “İnsan yoxdursa, deməli problem də yoxdur ”deyə adlandırmışdı.

Dünyanın bitdiyi yer: Kulak

Stalinin rejimi Hitlerin rejimindən daha öndə idi. Çünki, onun xüsusi düşərgələri var idi. Bu düşərgələr gizli təşkilat olan NKVDdə yaradılan Kulak (İslah əmək düşərgələri) təşkilatına aid idi. Qısa bir vaxtdan sonra isə bütün düşərgələr Kulak adlandı. Bu düşərgələrdəki insanların sayı 500 min ilə 2 milyon arasında idi. Sovet dövründəki qeydlərə görə, 1929-1953-cü illərdə Kulaklarda 14 milyona yaxın insan öldürülmüşdü. 1934-1953-cü illərdə 1 milyon 54 min insan bu düşərgələrdə sənayeləşmə sahəsində amansız şəkildə çalışdırıldıqdan sonra ölmüşdülər. Vaxtilə özü də bir Kulak məhkumu olmuş, ədəbiyyat sahəsində Nobel mükafatçısı, müxalifətçi rus yazıçısı Aleksandr Soljenitsın orada yaşadıqlarını “Arxipelaq Kulak” adlı əsərində yazmış və bunun sayəsində “İnsanların işlədilərək öldürüldükləri” yerlər aşkarlanmışdı. Bu cür düşərgələr Qorboçovun dövrünədək mövcud olmuşdur.

Qürrələnmə, Stalin, səndən də hiyləgər Hitler var!

Ağlının qüsursuzluğuna inanan hər diktator kimi Stalin də məsləhətlərə qarşı sanki qulaqlarını bağlamışdı.Burnunun ucunu görməməsi II Dünya müharibəsində ona baha başa gələcəkdi.

1939-cu ildə müharibənin ən qızğın dövründə Stalin Hitlerlə bu müddət ərzində bir-birlərinə hücum etməyəcəklərinə dair müqavilə imzalayır. O düşünürdü ki, bu müqavilə nəticəsində ona heç kim dəyib-dolaşmayacaq. Müqavilə imzalandı və onlar Polşanı aralarında bölüşdürdülər. Stalin düşünürdü ki, “Qərbi Burjua mədəniyyətini məhv etmə işini” Hitlerin öhdəsinə buraxmaq daha yaxşı olardı. Bu, Stalinin yeni bir hiyləsi idi. Amma Hitlerin daha hiyləgər planları var idi. Stalin əsgərlərinin və Almaniyadakı cəsuslarının “Almanlar bizə hücum etməyə hazırlaşır” kimi sözlərini yaxın dostu Hitlerə qarşı olan yeni bir təxribat kimi qiymətləndirir və fikrində inadla dayananları ağır şəkildə cəzalandırırdı.
Almanlar o günə qədər görünməmiş ən möhtəşəm quru hərakatına (Barbarossa Əməliyyatı) imza ataraq 3 milyon əsgərlə hücuma keçdilər. Rusları pambıq kimi əzdilər. Stalin bu məğlubiyyətdən sonra bir neçə gün otağından çıxmadı. Stalinin bu hərəkətinin səbəbi Hitler haqqında yanılması idi. O, bu sahədə özünə güvəndiyi üçün yanıldığını asanlıqla qəbul edə bilmirdi. Stalin çaşqınlıq içində idi. Onun çaşqınlığının bir səbəbi də ordudakı minlərlə parlaq beyinli insanı “potansial müxalifət” adı ilə 1930-cu ildə repressiya zamanı öldürtdürməsi idi. Buna görə də nə edəcəyini bilmirdi və bu problem onun üçün artıq bir imtahan idi. Stalin bu böyük xalqdan onun üçün savaşa biləcək bir ordu yetişdirməli idi. İkinci dünya müharibəsi tarixi, ən əsası da Rusiyanı və onun sevimli liderini dəyişdirəcəkdi.

Stalin də ən azından Hitler qədər bic idi. O, Hitlerdən də çox insan öldürmüşdü. Stalinin totalitar rejimi daha çox dayanmışdı. Hitlerlə müqayisədə daha bacarıqlı lider idi. O, sadəcə zalımlıqda Hitleri üstələməmiş, həm də insanın daxilinin nə qədər çürüyə biləcəyini göstərmişdir.

İki diktator əl-ələ digərinə qarşı

Stalin ordusunu yığanadək almanlar çoxdan rusları öldürmüş, Ukraynanı və Leninqradı tutmuşdular. Topların səsi hətta Kremldən də eşidilirdi. Stalin güclü alman ordusunun hücumları qarşısında əyilmir, inadla vuruşurdu. İş çətinə düşəndə isə yanındakı generalların məsləhətlərinə qulaq asırdı. Bunun nəticəsində isə müharibə onların lehinə çevrilərək “Böyük Vətən Müharibəsi ” adlanmışdı. Stalin - Dəmir Adam bunlarla da kifayətlənməyərək Hitlerə qarşı mübarizəsində Tanrıdan da yardım istəmişdi. Bu “dini bir savaş”dır deyən rus lideri uzun zaman öncə bağlatdırdığı kilsələri 1942-ci ildə yenidən açdıracaqdı.
Rusların inadı nəticəsində faşistlər əvvəl rus torpaqlarından, sonra isə Şərqi Avropadan qovuldular. Hitler qərbdən Amerika və İngiltərə, şərqdən isə Rusiya tərəfindən sıxışdırıldığından intihar etdi və o zaman hələ çox adamın fikir verməməsinə baxmayaraq meydan Stalinə qaldı. Maraqlıdır ki, Müttəfiqlər “ öz vətəndaşlarını qıran” bir diktatorun yardımıyla “öz irqlərindən olmayan milyonlarla insanı öldürən” bir başqa diktatoru məğlub etmişdilər. Bir tərəfdən Stalin faşistlərdən yaxa qurtardıqdan sonra Şərqi Avropalıların müstəqilliklərini də əllərindən alacaqdı və o ölüb getdikdən sonra da yaratdığı qəddar sistem 1990-cı illərin əvvəllərinədək nə qədər insanın həyatını məhv edəcəkdi.

Con Vayne üçün sui-qəsdçilər göndərilmişdi
Stalin bir filmin aludəçisi idi. Axşamlar Kreml sarayında tez-tez generallarla birgə həmin filmə baxardı. Belə ki, İkinci Dünya Müharibəsi bitənə yaxın, ruslar Berlini ələ keçirəndə Stalinin verdiyi ilk əmrlərdən biri Hitlerin film arxivinin Moskvaya aparılması olmuşdu. Onun ən sevimli aktyorları isə Çarli Çaplin, Klark Qable, Spencer Traci, Conni Veismüller və kovboy filmlərinin dəyişməz aktyoru Con Vayne idi. Stalin Con Vaynenin olduğu bütün filmləri izləsə də ona qarşı bir nifrəti vardı. Kovboy filmlərinin kommunist ideologiyası ilə baş -başa gəldiyinə inanan lider iki KQB agentini Amerikada Vayneni öldütmək üçün göndərir. Stalin öldükdən sonra hakimiyyətə gələn Xruşşov bu qərarı ləğv etdirəcəkdi.

Stalin: Yeni Dünya Sisteminin ən pis adamı

Müharibədən sonra yeni dünya sistemini quracaq Tehran, Yalta və Potsdam konfransları zamanı İngiltərə və Amerika dövlət başçıları Çörçill və Ruzveltə necə inadkar bir lider olduğunu göstərən Stalin Qızıl Ordu tərəfindən almanlardan təmizlənən Şərqi Avropa ölkələrini sovet təsiri altına salmağı da bacarmışdı. Yenə Stalinin səyləri nəticəsində Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmuşdu. Stalin belə bir dövlətin və ona qarşı olan hörmətin daim xəyalını qurardı. Lakin Stalin terroru hələ də bitməmişdi. Bu terrorun qanunlarına əsasən qəhrəman rus əsgəri əsir alına bilməzdi. Əsir düşən bütün rus əsgərləri vətən xaini hesab edilirdi. “Rus ordusunda geri çəkilmək düşmən üzərinə hücumdan daha çox cəsarət tələb edir!” cümləsi boşuna deyilməmişdi. Savaşdan sonra əsir düşən rus əsgərləri dəyişdirilmir, geri qayıda bilənlər isə edam etdirilirdi. Stalinin ilk evliliyindən olan oğlu Yakov da Almanlara əsir düşür və o düşərgələrin birində həlak olur.
Dəmir Adam müharibə zamanı sürgünə göndərdiyi insanların da geri qayıtmaqlarına icazə vermirdi. Stalin almanlarla əməkdaşlıq etməsi səbəbi ilə başda Krım Tatarları olmaqla, Ukraynadakı polyakları, Odessadakı rumları, Qafqazdakı çeçenləri və inquşları Sovet diyarının dörd bir tərəfinə səpələmişdi. Onların doğma vətənlərinə geri qayıtmaları uzun illərə başa gələcəkdi.

Meymunlar ordusu qurmaq istəmişdi

Gülməlidir, amma Stalin 1920-ci illərdə alimlərdən meymun-insan qarışığından yeni bir irq yaratmalarını istəmiş və belə bir əmr də vermişdi ki, onlar çox güclü, qüvvətli, lakin həm də axmaq olsunlar. Az yesinlər, çox işləsinlər. Rus lider bu yeni irqdən həm orduda, həm də dəmiryolu tikilişində istifadə edəcəkdi. Bu fikrin sahibi isə iki canlının birləşməsindən yeni bir irqin yaranacağını inadla iddia edən və nəhayət Kremlin diqqətini çəkən məşhur rus bioloqu İlya İvanov idi. Buna görə də Qara dəniz sahillərində İvanov üçün xüsusi bir araşdırma mərkəzi qurulmuşdu. Lakin İvanovun bu cəhdi baş tutmur və o, NKVD tərəfindən tutularaq Qazaxıstana sürgün edilir.

Rusiyanı nüvə aləminə daxil etməyi bacarır

Stalin müharibədən sonra ordusunu çox güclü şəkildə silahlandırdı. O, kapitalizm dünyasıyla müharibənin labüd və qaçınılmaz olduğunu düşünürdü. Müharibədən sonra əsarəti aldığına aldığı Şərqi Avropa ölkələrinin kapitalizm dünyası ilə arasında sərhəd olacağını düşündüyü üçün bu ölkələrdəki kommunist partiyalarını iqtidara gətirməyə qərar vermişdi. İllərlə öz xalqına qan qusduran diktator indi də Şərqi Avropa xalqlarına eyni ağrılı-acılı günləri yaşadırdı. Stalin Dünya Müharibəsindən sonra öz şəxsi problemlərinin həllinə girişdi. Burjua mədəniyyəti əsas hədəfi idi. Bu sahədə isə Stalinin heç sevmədiyi Qərb ölkələri əllərindəki silahlarla sovet Rusiyasından öndə idi. Belə olan halda onun ölkəsinin də nüvə bombası olmalı idi. Bu sahədə işə başlanıldı. Rus fiziklərinə yaxşı işləmələri üçün mükəmməl şərait yaradıldı. Hətta Stalin NKVD-ni əmanət etdiyi ən önəmli adamlarından biri olan Lavrenti Beriyaya “Fizikləri hələlik rahat buraxın, sonra nə vaxt istəsək onda asarıq” deyəcəkdi. Beləliklə Rusiya 1949-cu ildə atom, 1953-cü ildə isə hidrogen bombasına sahib olur. Stalin çox qısa bir vaxt ərzində SSRİ-ni zor gücü ilə sənaye ölkəsinə çevirməyi bacarır.

Stalin ən böyük üçüncü rusdur
Rus tarixinin ən önəmli və böyük şəxsiyyətlərinin kim olduğunun ölkə daxilində araşdırılması zamanı əvvəlki Sovet lideri İosif Stalin üçüncü yerdə olmuşdur. Lakin həmin zamanın BBC Moskva müxbiri bu kampanyanın dövlət tərəfindən hazırlandığına aid fikir bildirmişdi. Rusiyanın ən böyük televiziya kanallarından biri olan“Rossiya”nın hazırladığı bu anketdə birinci yeri Rus şahzadəsi Aleksandr Nevski, ikinci yeri isə islahatçı başçı Pyotr Stolıpin tutur.

Stalin olsan da ölümdən qaça bilməzsən

Stalin Kremldə onu hədəfləyən sui-qəsdçi qrupu tapmışdı və yeni bir təmizlik hərəkatına başlayacaqdı ki, əcəl buna mane oldu. Artıq heç nə onu xilas edə bilməzdi. Nə nüvə bombası ilə gücləndirdiyi ölkəsi, nə dünyanı daim qorxuda saxlayan Qızıl Ordusu, nə də hamıya yuxarıdan aşağıya baxan tunc heykəlləri.

1953-cü ilin mart ayının 5-də cangüdənləri Stalini yerdə yıxılmış şəkildə tapdılar. Həmin anda ən yaxın və əsas adamlar yığışdılar. Amma qəribədir ki, heç kim ona kömək etmək barədə düşünmürdü. Stalin bu vəziyyətdə ikən, onlar heç nə etməyərək, liderin ölməsini gözləyir, bir tərəfdən də onun yaratdığı bu gücü necə bölüşdürəcəkləri barədə danışırdılar. Əsas olan isə bu idi ki, heç kəs ona kömək etməyə can atmırdı. Hətta sonradan şahidlik edəcək qorumalardan biri Beriyanın “liderimiz rahat formada yatır. Narahat olmayın.” deyərək həkimlərin müayinəsini uzun müddət ləngitmişdi də.

6 mart 1953-cü il səhəri radionu açan əhali bu anonsla sarsıldı: “Böyük Leninin silahdaşı, yoldaşı, iddialarının davamçısı, SSRİnin uca öndəri, Kommunist partiyasının ən müdriki Stalinin ürəyi artıq dayanmışdır”.

Allah zirvəsinə qədər yüksəldilmiş Stalin ölmüşdü. Rəsmi sənədlərdə infarkt keçirdiyi yazıldı. Amma, ən yaxın adamları tərəfindən zəhərləndiyi iddiaları heç vaxt gündəmdən düşmədi. Həmin gün o otaqda Stalinin ölümünü gözləyənlərdən biri - Nikita Xruşşov SSRİ-nin yeni başçısı oldu.

O vaxt ağlınız hardaydı?
Xruşşov Stalini lənətlədikdən sonra bir iclasa gedir və orda nitq söyləyərkən bir adam qışqıraraq onun sözünü kəsir:”Sən də onun yanındakı adamlardan biriydin. O vaxt onu niyə xilas etmədin bəs?”
Xruşşov əsəbiləşdi: “Kimdir o qışqıran?”

Elə bil qurbağa gölünə daş atdılar. Sakitliyi süzən Xruşşov sakit bir səs tonuyla davam etdi: “İndi anladız niyə xilas etmədiyimizi...”

Bütü yıxan Xruşşov oldu

Diktatorun dəfn mərasimi dəbdəbəli oldu. İllərdir onun ucalığını qəbul etmiş əhali göz yaşlarında boğuldu. Stalinin nəşi mumiyalanaraq Leninin mumiyasının yanında yerləşdirilsə də 1961-ci ildə, gecənin birində səssiz-sədasız, gizlicə oradan oğurlanaraq Kremlin çöl divarlarının qarşısındakı abidə məzarlardan birində basdırıldı. Stalin bütünü dağıdansa, 1956-cı ildə keçirilən partiya konfransında - gizli yığıncaqda Stalini və zamanını lənətləyərək bütün partiya rəhbərlərini heyrətləndirən Xruşşov olacaqdı. İlk dəfə kimsə “Kral Çılpaqdır” deməyə cəsarət edə bilmişdi. Xruşşovun gizli yığıncaqda “Stalin qəddar bir qatildir!” demişdir və bundan sonra başlayan zaman axınında Stalinin etdikləri unudulmuş, əmrləri geri alınmış və nəhayət onun bütləşdirilməsinə son qoyulmuşdu. Lakin bütün bunlara baxmayaraq, Dəmir Adamın kök saldırdığı proletar diktaturası - bir tərəfdən Qızıl Ordu, digər tərəfdən KQB 90-cı illərin əvvəllərində Soyuq Müharibə bitənədək həm Rusiyaya, həm də dünyaya qan uddurmağa davam edirdi.
Bu gün dəqiq hesablana bilməsə də, Stalin rejiminin qurbanlarının sayı 40 milyona çatır. Bu rəqəm də onu diktatorların başçısı etməyə bəs edir.

Tərcümə: Emin Piri