adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 Aprel 2021 11:56
44809
ƏDƏBİYYAT
A- A+

"Gizilti"- Yalçın Cavad yazır

Çiskin hava sırtıq küləklə əlbir olub insanların zəhləsini tökür, onları tələsdirirdi. Səhərin açılmasına baxmayaraq göy üzünün qara buludları alatoranlıq salmışdı, sanki səhər yox, yorğun axşam idi. Yolda şütüyən avtomobillərin asfaltla öpüşündən yaranan fışıltılar ahəng yaradırdı.


Tərlan dayı dayanacaqda durub avtobusunu gözləyirdi. Baxışları, qarşısında görsənə bilən məsafədən daha uzaqlara dikilmişdi. Yorğun baxışlar rentgen şüaları kimi tikililəri asanlıqla dəlib keçirdi. O baxışlar yalnız zamanla ölçülə biləcək uzaqlara, arxada qalan illərə, bir daha geri qayıtmayacaq zamana zillənmişdi. Narın yağış küləyin şilləsindən Tərlan dayının sifətinə dəyib dağılırdı. Papağın altından bayıra tökülən ağarmış saçları, ağappaq bığları və dünya görmüş ağ saqqalı yağışın damcıları ilə sulanırdı. Yolun uzaq döngəsindən qırmızılı-ağlı avtobus görsəndi. Məsafənin uzaqlığından Tərlan dayı avtobusun nömrəsinə baxmadı, baxsa belə, nömrəni seçməyəcəkdi. Avtobus dayanacağa yaxınlaşana qədər Tərlan dayı laqeyid-laqeyid uzaqlara baxırdı. Avtobus dayanıb qapılarını açan kimi Tərlan dayı bir anlıq uzaq yolçuluqdan, keçmişindən geri döndü. Gözlərini astaca qaldırıb avtobusun nömrəsinə baxdı. Gözlədiyi avtobus gəlmişdi. Kişi tələsmədən avtobusa qalxdı. Avtobusa girən kimi çölün soyuqluğunu canında hiss elədi. Bədəninə yayılan istilik barmaqlarına çatanda ucları gizildəməyə başladı. Tərlan dayı bu giziltini tanıyırdı, bilirdi. Barmaq  giziltiləri onda həm xoş, həm də kədərli xatirələrini oyadırdı. Xoş xatirələr onu uşaqlıq illərinə, Şuşanın qarlı şaxtalı havasına, balaca Tərlanın tay-tuşları ilə oynadığı uşaq oyunlarına qonaq edirdi. Onu hər gün evə, şəhərə çökən qaranlıq ötürərdi. Evə girər-girməz botuları çıxardıb ayağını neftlə yanan peçə dirəyər, islanmış toxunma yun əlcəklərini bir tərəfə atar, əllərini peçin isti dəmirinə yaxın tutardı. Ayaqlarından yayılan istilik gəlib barmaqlarının ucunda toxtayar, onları gizildədərdi. Bu cansıxıcı giziltinin ağrısından vaxt olmuşdu ki, balaca Tərlan dözməyib ağlamışdı. Ertəsi gün ağrıları unudub, bir də olmayacaq kimi soyuq, qarlı küçəyə atılırdı. Bu şirin xatirələr Tərlan dayının üzünü güldürməmiş yerini acı xatirələrə, oğlu Rövşənin faciəsinə verirdi. İndi avtobusda hiss etdiyi barmaq giziltisi yarasının qaysağını qoparır, o dəhşətli günlərə, anlara qaytarırdı. Xəyalən qayğısız uşaqlıq həyatına qayıdıb öz ömrünü yenidən yaşamaq istəyirdi. Ömrünü qışa çevirən barmaq giziltisindən canını qoymağa yer axtarırdı. Tərlan dayı oğlu Rövşənin ölümündən sonra heç vaxt baharı hiss eləməmişdi.
Avtobus yolların əyriliyindən dənizin dalğalarında çırpınan gəmi kimi yırğalana-yırğalana gedirdi. Bir cavan oğlan bir az tərəddüd etdikdən sonra qalxıb yerini Tərlan dayıya verdi. Tərlan dayı nəzakətlə təşəkkür edib oturdu. Yanında cavan qız da oturmuşdu. Qızın diqqəti əlindəki telefonda idi. Zərif barmaqları ilə elə hey telefonun ekranına sığal çəkirdi. Al qırmızı boya çəkilmiş uzun dırnaqları hərdən telefonun şüşəsinə dəyib ət ürpədən səs çıxardırdı. Tərlan dayı bu səsə fikir vermədən, sakitcə pəncərədən çölə baxırdı. Xəyalındakı fraqmentlər avtobusun pəncərəsindən film kimi ötən görüntüləri əvəz edirdi.


Avtobus Şəhidlər Xiyabanın yaxınlığında  dayandı. Tərlan dayı bayaqdan əlində tutduğu pulu sürücüyə verib  avtobusdan düşdü və Şəhidlər Xiyabanına tərəf addımladı. Oğlunun şəhid olmasından 21 il keçməsinə baxmayaraq Tərlan dayı hər gün oğlunun qəbrini ziyarət edirdi. Saatlarla qəbrin kənarında oturub oğlu ilə danışırdı. Gah uşaqlığından, gah da ölümündən sonra yaşadıqlarından söz açırdı. Hər dəfə də əllərini sinə daşına qoyub oğlunun nakam ömrünə hönkür-hönkür ağlayır, oğlundan heç bir nişanə qalmamasına  gileylənirdi. Yayın istisində belə oğlunun sinə daşının soyuqluğu Tərlan dayının barmaqlarını gizildədir, ürəyi barmaqlarının ucunda döyünürdü.


Rövşən müharibədən qabaq Moskvada Tibb İnstitutunda oxuyurdu. Rayonlarımız ard-arda işğal olunanda dözməyib, təhsilini yarımçıq qoyub, vətənə qayıtmışdı. Cəmi bir gecə evdə qalıb könüllü cəbhəyə getmişdi. Bir neçə ay döyüşəndən sonra Ağdərə yaxınlığında ağır yaralanaraq əsir düşmüşdü. Əslən qarabağlı olan Tərlan dayı tanıdığı bir neçə Ağdərə ermənisinin köməyi ilə oğlunu əsirlikdən qurtarmış, qışın soyuq vaxtlarında oğlunu kürəyində Tərtərə qədər gətirmişdi. Həmin vaxt Tərlan dayının barmaqlarını don vurmuşdu. Təlaşdan, həyəcandan, ağrı-acıdan oğlunun kürəyində keçinməsini hiss eləməmişdi. Yol boyu Rövşənlə söhbət edib, ona necə toy edəcəyindən danışmışdı. Bir bir tanışlarının qızlarının adını çəkmişdi, amma kimi alacağını onun ixtiyarına vermişdi. Tərtərin  hərbi hospitalında Rövşənin bir neçə saat əvvəl vəfat etdiyini biləndə ağlamamışdı, sakit-sakit baxmışdı. Gizildəyən barmaqlarının soyuğundan ürəyi donmuş, lal-kar olmuş, heç kimlə kəlmə kəsməmişdi. Tərlan dayı ağır qara buludlar kimi dolmuşdu, amma yağmamışdı. 
İndi Tərlan dayı Rövşənin qəbrinə yaxınlaşanda qəbrin yanında qadın və cavan oğlan gördü. Düşündü ki, yandakı qəbrin ziyarətinə gəliblər. Lakin çata-çatda cavan gəlinlə arağaş oğlanın Rövşənin qəbrinin üstündə  durduqlarını görüb təəccübləndi. Salam verib  qadına diqqət kəsildi, zəndlə  baxsa da, tanımadığına əmin olub cavan oğlana tərəf çevrildi. Gəncin gözləri Tərlan dayıya o qədər tanış gəldi ki, qeyri-ixtiyari cavanı bağrına basdı. Tez özünə gəlib kənara çəkildi.


- Qızım, siz kimsiniz? Mənim oğlumun qəbrinin üstündə nə işiniz var? Mən sizi tanımadım axı.


Qadın dolmuş gözləri ilə Tərlan dayıya baxıb


- Tərlan dayı, necə də qocalmısan, - deyib ağladı.


- Qızım, ağlama, de görüm sən kimsən  və məni hardan tanıyırsan ?


- Tərlan dayı, mən Sevdayam. Siz məni tanımırsınız, mən Rövşənlə  Moskvada Tibb İnstitutunda oxumuşam.


Tərlan dayı bir az da həyəcanlandı.


- Qızım, Rövşənin tələbə yoldaşısan?


- Hə Tərlan dayı. Həm tələbə yoldaşı idim, həm də həyat yoldaşı.


Tərlan dayı az qaldı özünü itirsin.


- Necə yəni həyat yoldaşı? Rövşən evlənməmişdi axı.


Sevda gözlərinin yaşını silib:


- Biz instituta bir yerdə qəbul olmuşduq, Rövşən çox yaraşıqlı, mərd, dürüst adam idi. İlk günlərdən bir-birimizi sevmişdik. İnstitutu bitirib evlənməyi düşünürdük. Lakin müharibə aman vermədi. Şuşa işğal olunandan sonra Rövşən dedi ki, mən mütləq vətənə qayıtmalıyam, torpağım  uğrunda döyüşməliyəm. 92-ci ilin yayında Azərbaycana qayıtmamışdan bir neçə ay əvvəl biz Moskvada ZAQSa getdik, nikah bağladıq. Ondan sonra iki ay bir yerdə yaşadıq. Sonra Rövşən qayıtdı Azərbaycana. Mən isə Moskvada qaldım, təhsilimi davam etdirdim. Mənə bir neçə məktub da göndərmişdi. Son məktubu 92ci ilin dekabrında yazmışdı. Müharibədən, döyüşlərindən yazmışdı. Qələbə çalacaqlarına çox inanırdı. Ondan sonra bir daha məktub gəlmədi. Bir neçə ay sonra Yusif doğuldu. Mən körpə uşaqla həm oxuyurdum, həm də dolanmaq  üçün işləyirdim. Vətənə qayıtmağa qorxurdum. Rövşənə olan hədsiz sevgimə hər şeyi qurban vermişdim. Amma tək qalmışdım. Rövşəndən çoxdan xəbər yox idi. Valideyinlərim məni anlamazdı.  Nə edəcəyimi bilmirdim, ona görə uzun illər Moskvada qaldım, min bir əziyyət çəkdim.  Yusifin 10 yaşı olanda ata-anama hər şeyi danışdım. Əvvəl çox əsəbləşsələr də, sonradan məni bağışladılar və mən qayıtdım Bakıya. Bakıda Rövşəni çox axtardım,  amma tapa bilmədim. Bir ay əvvəl  Rövşənin ad, soyadını internetdə axtarışa verdim. Təsadüfən qarşıma çıxan bir səhifədə Rövşənin 93cü ildə şəhid olduğunu öyrəndim. Bir aydır qəbrin axtarırdım. Bu gün  gəlib burda tapmışıq.
Tərlan dayıya baş verənlər yuxu kimi gəlirdi. Həyəcandan dizləri titrəyir, bu qarma-qarışıq söhbətlərdən baş açmağa çalışırdı.

- Bu cavan oğlan Rövşənimin oğludur? Gözləri Rövşənimin gözləridir! - deyib, qadından cavab gözləmədən  oğlanın boynuna sarıldı. Hönkürtü ilə elə ağlayırdı ki, elə bil indicə ürəyi dayanacaq.
- Hə, Tərlan dayı, Yusif Rövşənin oğludur, sənin nəvəndir.
Tərlan dayı göz yaşları içində nəvəsinin üzündən, gözündən öpür, sanki 21 il əvvəl itirdiyinin  vüsalına qovuşurdu.
Baba və nəvənin qucaqlaşmasına baxan Sevdanın göz yaşları sel kimi axırdı.  İllər sonra bir atanın oğul yadigarına qovuşmasına çox sevinirdi.
Tərlan dayı Yusiflə qol-boyun üzünü  Sevdaya tutdu:
- Bəlkə də o vaxt oğlumun məndən xəbərsiz evlənməsini eşitsəydim, bağışlamazdım. Amma indi Allaha şükür edirəm ki, nə yaxşı ki, o bu işi görüb.
Bir azdan Sevda və Yusif sağollaşıb getdilər.
Tərlan dayı əllərini sinə daşına qoydu,  21 ildə ilk dəfə  oğlunun qəbri üstündə sevinirdi.  Bir də  Tərlan dayı soyuq sinə daşına qoyduğu  barmaqlarına diqqət elədi. İllərlə gizildəyən, ona gün verib işıq verməyən barmaqlarına istilik gəlmişdi. O istilik ki, 21 il donmuş qəlbinə yol tapırdı, buzlarını əridirdi.