adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Aprel 2021 08:45
24478
ANALİZ
A- A+

Dövlət siyasətinin əsası- ölkə vətəndaşlarının rifah yüksəlişi

Bu gün Azərbaycanda yürüdülən dövlət siyasətinin əsasında duran ən mühüm amillərdən biri ölkə vətəndaşlarının rifah yüksəlişidir. O cümlədən son illər ərzində davamlı olaraq həyata keçirilən iqtisadi və siyasi islahatlar, qəbul olunan qanunlar, uzunmüddətli dövlət inkişaf proqramları da ilk növbədə məhz bu məqsədə - Azərbaycan vətəndaşının sosial müdafiəsinin daha da yüksəldilməsinə, insanlarımızın rifah yüksəlişinin daha da sürətlənməsinin təmin edilməsinə yönəldilib.

Əlbəttə ki, dövlətimiz tərəfindən həyata keçirilən bütün bu tədbirlərin əhatə dairəsində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın yeri daha önəmlidir. Məlumdur ki, Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğı ilə əhatə etdiyi təbəqələrdən biri də Vətən qarşısında öz borclarını verərkən yaralanmış və sağlamlığını itirmiş insanlarımız, eləcə də şəhid ailələridir. Bu insanların mövcud problemləri daima Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəxsən diqqət mərkəzində saxlanılır və onların həlli məqsədilə bütün zəruri tədbirlər müntəzəm olaraq həyata keçirilir.

Bilirik ki, 27 sentyabr - 10 noyabr 2020-ci tarixlərində davam etmiş Vətən müharibəsinin nəticəsində Azərbaycanda qazilərimizin və şəhid ailələrinin sayı da artmışdır. Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən həmin insanlara tələb olunan bütün yardımların göstərilməsi üçün artıq əhatəli tədbirlər həyata keçirilməkdədir. Düşünürəm ki, bu yönümdə xüsusi əhəmiyyət kəsb edən layihələrdən biri də “YAŞAT” Fondunun yaradılmasıdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci ildə imzaladığı fərmanla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradılmışdır. Fondun adı qısa olaraq “YAŞAT” Fondu adlandırılmışdır. İlk növbədə deməliyəm ki, “YAŞAT” Fondu Ali Baş Komandanımızın qazilərə və şəhid ailələrinə qayğısının daha bir təzahürüdür. Həmçinin yeni fondun yaradılması ilə bağlı xüsusilə diqqəti cəlb edən məqamlardan biri də budur ki, Fondun vəsaiti qanunla qadağan olunmayan digər mənbələrlə yanaşı Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr) hesabına formalaşdırılacaq. Bu məqamın xüsusi əhəmiyyəti bundan ibarətdir ki, “YAŞAT” Fondu dolayısı ilə dünya azərbaycanlılarının 44 günlük Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirdikləri möhtəşəm birlik və həmrəyliyin bundan sonra da eyni təşəbbüskeşliklə davam etdirilməsi üçün əlavə bir platforma kimi də çıxış edəcək. Heç şübhəsiz belə bir təsisatın yaradılması son dərəcə müdrik və əhəmiyyətli bir addımdır.

Biz qətiyyən unutmamalıyıq ki, Vətən müharibəsində əldə edilmiş möhtəşəm tarixi Qələbəyə görə biz hamımız ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq. Cənab Ali Baş Komandanımızın da dediyi kimi, bu Qələbə bizə şəhid və qazilərimizin canları, qanları bahasına başa gəlib. Buna görə də həmin insanlara və onların ailələrinə qayğı göstərmək yalnız dövlətimizin işi deyil, hamımızın borcudur

Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır.

Təcavüzkar Ermənistan işğal müddətində işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törədib, bütün şəhər və kəndlərimizin tamamilə dağıdıb. Düşmən tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub. Bu səbəbdən bizi qarşıda çox vacib bərpa-yenidənqurma işləri gözləyir. Hazırda işğaldan azad edilmiş bir çox şəhərlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Bu istiqamətdə artıq şəhərlərin yeni baş planları hazırlanır.
“Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək, eyni zamanda, dövlət-özəl sektor tərəfdaşlığının inkişafını təmin edəcək, yerli və xarici sərmayələrin cəlb olunması üçün zəruri təşviqat işləri aparılacaq. İnanıram ki, bu fondun fəaliyyəti, həmçinin həmrəyliyimizin rəmzinə çevriləcək. Necə ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşərək böyük Zəfər qazandı, eləcə də Qarabağın dirçəlməsi istiqamətində işlərin sürətləndirilməsinə təkan verəcəkdir.

Əminə Ağazadə 

Milli Məclisin deputatı

Digər Xəbərlər