adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2021 12:37
37925
SİYASƏT
A- A+

“REVANŞ NİYYƏTLƏRİ ERMƏNİSTANIN SONU DEMƏKDİR"

20-ci əsrin sonlarından, SSRİ-nin dağılması ərəfəsində vəziyyətdən istifadə edərək, havadarlarının köməkliyi ilə torpaqlarımızın 20 faizini işğal edən Ermənistan, otuz ilə yaxın münaqişənin dinc yolla həll olunmasına hər vasitə ilə mane olurdu. Beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazilərimizin danışıqlar vasitəsi ilə, dinc yolla geri qaytarılması üçün çalışsaq da, erməni tərəfi qərbdəki havadarlarının dəstəyi ilə status-kvonu saxlamağa cəhd edirdi.

Ermənistanın başında duran cinayətkar dəstə, eyni zamanda “yeni ərazilər” iddiası ilə tez-tez təxribatlar törətməkdən belə çəkinmirdi.

13 aprel tarixində ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu barədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, “Ermənistan münaqişənin həllini istəməyib. Əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şeyi edirdilər. Onlar nəhəng istehkamları, müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyiblər”.  Rəsmi İrəvanın hərbi cinayətkar olduğunu vurğulayan Prezident:   “Ermənistan Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə bildilər”- deyə  qeyd edərək, işğal altında qalan torpaqlarımızın azad olunması üçün Müzəffər Ordumuzun qələbə ilə başa çatdırdığı 44 günlük Vətən Müharibəsi zamanı ermənilərin törətdiyi cinayətlərdən də danışıb.  “Müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi.  Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir. Ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər. Bir çox kəndlər erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalana bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər”.

Qəhrəman əsgərlərimizin qarşısında tab gətirməyərək, demək olar ki, bütün hərbi texnikasını və çoxsaylı canlı qüvvəsini itirərək məğlubiyyətini etiraf edərək  kapitulyasiya edən Ermənistanın revanşist qüvvələri, yenə də işğalçı niyyətlərini gizlətmirlər. Artıq demək olar ki,  hərbi gücü qalmayan Ermənistanın bu cür axmaq çağrışları gülünc görünür.  Çıxışında bu məsələyə də toxunan Prezident İlham Əliyev bildirdi ki, “Rəsmi İrəvanın revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir. Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq.Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb. Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik.

Gənc nəsil tarixi həqiqətləri bilməlidir. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri. Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin.Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var”.

 Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir.

İnkişaf üçün Azərbaycan daxilində, eləcə də sərhədlərdən kənarda stabilliyə ehtiyac var. Bizim əsas narahatçılığımızdan biri risklərlə bağlıdır və onları minimallaşdırmaq üçün addımlar atacağıq. Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir. Bu, stabilliyə töhfədir. Əlbəttə ki, Ermənistan tərəfindən revanş cəhdləri riskləri sıfır olmalıdır.

 Azərbaycanın bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyini və beynəlxalq hüququn tərəfdarı olduğunu vurğulayan Prezident İlham Əliyev bir daha məsələnin siyasi yolla həllinin tərəfində olduğunu göstərdi. “ATƏT-in Minsk qrupu regionda dinc həyatın nizamlanması üzrə öz təkliflərini hazırlayır. Elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir.  Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq. Hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil. Ermənistan müxalifəti panikadadır. Azərbaycanafobiya, Türkofobiya əvvəllər də olduğu kimi ən böyük məsələdir”. 

             

Ölkəmiz həmişə konstruktiv mövqedə olub. Münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq, çünki biz münaqişədən əziyyət çəkən tərəfik.

 

Hazırladı: Rüstəm Hacıyev