adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AQİL ABBAS: DOLMA YEMƏY İSTİYRƏM, KOTLET YEMƏY İSTİYRƏM…

AQİL ABBAS
96779 | 2021-04-25 12:45

(Qədir Rüstəmovun ov macəraları)

(Əvvəli burada)

(IV yazı)

Qədir Xallı Şahini nə qədər sancsa da möhkəm dost idilər. Və bu dostluğu əhatə edirdi Tahir abi, Axundov Rizvan, Kürd Faxı, Süleyman, Neftbaza Rizvan, Paşa müəllimin oğlu Şahin, Alik (Allahverdi Əliyev), Surxay Əlibəyli, Qarın Vahid, Vaqqılı, Məllim Asif, Futbolist Adil (Nadirov Adil, «Qarabağ»ın oyunçusu, kapitanı, məşqçisi, təsisçisi və prezidenti olub) və Ağdamın şahı Allahverdi Bağırov, amma heç vaxt bizimlə ova getməzdi.

Alik ov sevən deyildi. Xallı Şahinin balaca qardaşıydı, çox mütaliəli, həddindən çox yumor hissi olan, istədiyi adamla məzələnməyi, mırt tutmağı bacaran bir oğlanıydı. Ümumiyyətlə, Əliyev qardaşları hamısı çox savadlıydılar. Orta və ali məktəblərinin Azərbaycan bölməsini bitirmələrinə baxmayaraq, rus dilini tum kimi çırtlayırdılar. Çox gənc rəhmətə getdi.

Bir Məllim Asif vardı, indi də var. Qacarlar nəslindəndi. Alverlə məşğul idi, indiki dillə desək, bizneslə. Rus dilini mən ingilis dilini bildiyim kimi bilirdi. Rusiyaya gedəndə əsasən Alik ona tərcüməçilik edərdi. Bir gün Alik deyir ki, ə, avara, sən bir dəftər tut, ticarətlə bağlı öyrənmək istədiyin sözləri yaz, mən də qarşısına uruscasını yazım, öyrən də. Day mənim zəhləmimi tökmüsən. Məllim Asif səhər tezdən bir dəftər gətirir, verir Alikə. Alik dəftəri açır, birinci sözü oxuyub uğunub gedir. Dostlar deyir nəyə gülürsən?

Alik:

- Ə, görün bunun birinci öyrənmək istədiyi söz nədi? - və oxuyur; - Gejə qalassınız?

Alikin zarafatlarını ayrıca yazacam.

Deməli,səhər-səhər çıxdıq üzü güləbətinə – Ağcabədiyə. Gözlənilmədən Alik də bizə qoşuldu. Yolboyu hərdən Moskva-Leninqrad səfərlərində uşaqlarla necə məzələnməyindən danışır, qaradinməz Qədirin də üzü gülür.

- Qədir, istəyirsən səni də bir dəfə Leninqrada aparım? Düzdü, Ağdam kimi gözəl şəhər deyil, amma adamın Allahı var, Ağdamdan bir az böyükdü.

Qədir:

- Deyəsən, mənlə də məzələnirsən.

- Allah eləməsin.

Söhbətə mən qarışıram:

- Qədir, o Rəmişlə niyə yola getmirsən?

- Məllim, Rəmiş adamdı? Heş onnan Əzrayıl yolayedə bilmir. Sən Leyli Məjnunnan oxuyursan, bir də gördün uyudu getdi Əsli Kərəmnən çalmağa. Oxumağın da yadından çıxır, başdıyırsan ona qulaq asmağa. Ayax verəndə də yadınnan çıxır ki, nəyi oxuyurdun. Allahın bir bəlasıdı da. Onnan yer üzünə bir də gəlmeyjək.

Gəldik Ağgölə. Göl ördəklə, qazla, qaşqaldaqla doludu. Çox qəribədir, Tanrı onlara necə bir duyğu veribsə, heç vaxt güllə məsafəsinə gəlmirlər. Görünür, barıtın qoxusunu tuta bilirlər. Ha fırlanırıq əlimizə ov keçmir. Üç saat keçdi, bir dənə də quş vura bilmədik.

Alik də yorulub, kök adam, zorla nəfəs alır. Hərdən də çığıra-çığıra deyir:

- Evimizə getmək istiyrəm. Dolma yemək istiyrəm, kotlet yemək istiyrəm.

Uşaqlar da gülür. Sonra Alikin bu sözləri düşmüşdü ağdamlı uşaqların ağzına. Kimsə çayxanada bir az tez duranda, soruşanda ki, ə, hara gedirsən?

Deyirdi:

- Evimizə getmək istiyrəm, dolma yemək istiyrəm, kotlet yemək istiyrəm.

Alik yorulub qayıtdı maşınlara tərəf. Biz isə bir-birimizdən bir az aralı oturub ördəklərin havaya qalxmasını gözləyirik. Dostlardan biri də fırlanır qarşı tərəfə, hərdən güllə atır ki, ördəklər uçsun, qalxsın havaya.

Birdən düz önümdəki qamışlıqdan yalan olmasın 20-25 ördək mənə tərəf qalxdı. Mən də ördəklərə baxıram. Uşaqlar da çığırırlar ki, at, at. Təxminən 20-25 metr hündürlükdən uçur ördəklər. Salbayla da salmaq olar. Mən də baxıram. Uşaqlar gördü ki, atmıram. Bir də eşitdim ki, Qədir qışqırır:
- Məllim, yerə yat, ördəklər səni vurdu!

Ördəklər beləcə uçdu getdi, uşaqların atdığı güllələr də boşa çıxdı, mən də oldum lağ yeri. Dilxor oldum, dedim gedim maşınların yanına ey, məndən ovçu olmaz.

Ha getdim, maşınları tapa bilmədim. Azdım. Gördüm ki, uzaqdan bir daxma görünür. Hava da soyuq, gölə girmişəm ayaqlarım da islanıb. Üz tutdum həmin daxmaya. Xeyli yol gedəndən sonra daxmaya çatdım. Gördüm daxma nədi, kürsülü iki otaqdı. Eyvanı da var. Otaqların qapısından qıfıl asılmışdı.

Əyləşdim pilləkanda ki, uşaqlar əvvəl-axır axtarıb məni tapacaqlar. Bir saat keçdi, gələn olmadı. Çox uzaqlardan hərdən zəif güllə səsi gəlir.

Köpəyoğlu «Motorolla»sı da mənim bəxtimdən hələ buralara gəlib çıxmamışdı. Bir yarım saat da oturdum və gördüm ki, uzaqdan bir maşın gəlir. Siftə elə bildim ki, bizim uşaqlardı, məni axtarırlar. Maşın yaxınlaşanda gördüm ki, UAZ-dı. Camaat UAZ-lara «kolxoz sədri maşını» deyirdi.

Maşın gəldi və yanımda saxladı. Sükanın arxasından geyimli-geçimli, qalstuklu, elə kolxoz sədrinə oxşayan bir oğlan düşdü. Mən onu tanımasam da o, məni tanıdı.

- Aqil müəllim, burda niyə oturmusan?

Dostları itirmişəm, oturub gözləyirəm ki, gəlib tapacaqlar.

- Keçib içəridə dincələrdin də.

- Qapıda qıfıl var axı.

Güldü. Əli ilə qıfılı çıxartdı.

- Qıfılı bağlamıram. Hamı da bilir. Ona görə asmışıq ki, heyvanlar girməsin içəri.

- Onda heç olmasa cəftə vurun da?!

- O da bizim ağlımıza gəlməyib.

Keçdik içəri. Burda istirahət etmək üçün hər şey vardı, hətta televizor, soyuducu, balonla işləyən qaz plitəsi.

- Üşümüsən, bir stəkan isti çay içək, sonra səni uşaqların yanına apararam. Qoruğu gəzəndə maşınları gördüm. Hələ Qədirlə də görüşdüm. Qədirin xətrinə bir söz demədim, mən bu qoruğun müdiriyəm. Özüm də Avşar balasıyam, qurdalasaq qohum çıxarıq.

- Bura sənin iş yerindi?

- Yox, amma iş yeri kimi istifadə edirəm də. Buranı vaxtilə Ali Sovetin sədri vardı ey, Məmməd İsgəndərov, o tikdirmişdi. Deyirlər tez-tez bura ova, yemək-içməyə gəlirmiş. Həmin vaxtlar Ağgölün qaravulçusu itmişdi, iki aydan sonra meyiti tapıldı. Öldürüb qayığın altına bağlamışdılar. Deyirlər ondan sonra day İsgəndərov buralara gəlməyib.

Qəşəng bir çay dəmlədi. Çay içəndən sonra əyləşib maşına, getdik uşaqların yanına.

Babat ov eləmişdilər. Dovşan da vurmuşdular. Qədir də bir yaşılbaş ördək vurmuşdu. Qaşqaldaqları dəri-boğaz edib taxmışdılar şişlərə. Maşınları da üzbəüz saxlayıb kapotların üstündə süfrə açmışdılar. Bala-bala vururdular özləri üçün. Bizi görəndə hamısı qoruğun müdiri ilə opüşüb-görüşdü.

Xallı Şahin dedi:

- Sağ ol də, qardaş, heş vaxt bizi incitmirsən.

O da gülüb dedi:

- Hamınızı həmişə Qədirə qurban edirəm.

Gördüm ki, hamı qaşqaldaq yeyir, Alik kotlet. Təəccübləndim.

Xallı Şahin:

- Ə, qardaş mənimdi, bu qarınqulunun xasiyyətinə bələdəm, ona görə axşam Xanıma katlet bişirtdirmişdim.

Xanım Şahingilin anası idi.

Qədir üzünü tutdu qoruq müdirinə (adıyla dedi, təəssüf ki, ad yadımdan çıxıb):

- Sən ki həmişə maa görə uşaqlara hörmət eliyirsən, mən də deyirəm saa borjdu qalmıyım.

Əlini qoydu qulağının dibinə, bülbülləri açdı, buraxdı. Hamı əlini süfrədən çəkdi. Ağlımız yoxuydu ki, özümüzlə maqnitofon gəzdirək, nələr itirmişik.

Bu yerdə yadıma Eldar Baxışın Qədirə həsr etdiyi şeiri düşdü.

Toydan sonra,

Ağdamın cayılları,

Qabığını kəsdilər Qədirin,

Ciblərini gəzdilər Qədirin.

Ağzını açıb

boğazına da baxdılar Qədirin.

Gördülər

Səsdən başqa heç nəyi yoxdu

Buraxdılar.

… İndi nə Qədir var, nə Xallı Şahin, nə Neftbaza Rizvan, nə Kürd Faxı, nə Alik, nə Tahir abi (Axundov Tahir), nə Paşa müəllimin oğlu Şahin, nə Qarın Vahid, nə Vaqqılı, nə Surxay Əlibəyli, nə Futbolist Adil. Nə də çox vaxt ovdan qayıdandan sonra qənimətləri bişirtdirib zarafatlaşa-zarafatlaşa restoranında yeyib-içdiyimiz Ağdamın şahı Allahverdi Bağırov. Qalan mənəm, Axundov Rizvandı, Süleymandı, bir də Məllim Asif. Biz də yox kimi idik, amma Qarabağ azad olundu, indi varıq!

Onların heç biri Ağdamın azad olunduğunu görə bilmədi. Amma bir təsəllim var, Qədir İstanbulda xəstəxanada yatanda gördüm komadadı, geri dönüş yoxdu. Bərkdən qulağına çığırdım:

- Qədir, Ağdamı qaytardıq!

Və palatadan çıxdım çölə, hönkür-hönkür ağladım. İndi bu sözləri yazanda da… Sonra həkim dedi ki, Qədir reaksiya verdi. Təsəllim odur ki, Qədir Ağdamın qayıtmağını eşitdi və rahat getdi Tanrı dərgahına.

TƏQVİM / ARXİV