adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: NƏ VAXTDI Kİ, YAZMIRAM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
60370 | 2021-04-24 10:16

Gəlib dayanmışam bilgisayarın önündə. Içimdə bir az tərəddüd, bir az da da xof var. Əslində bunlar ikisi də məni son bir ayda heç tərk etmirdilər. Məşhur filmlərimizdə deyildiyi kimi, “qarabaqara düşüblər ardımca”. Nəfəs almağa imkan verməyiblər. Öz-özümə düşünmüşəm ki, görəsən bunun səbəbi nədi? Niyə yaxam qalıbdı xofla tərəddüdün əlində. Nəhayət ki, anladım bunu və anlayandan sonra özümü toparlayıb yaxınlaşdım bilgisayara. Təbii ki, bilgisayar yazarımız Gülər xanım da bu məqamda dəstək oldu mənə. Elə-belə guya ortalığa deyirmiş kimi söylədi ki, “müəllim, çoxdandı köşə yazmırsan”. Bax, elə bu da oldu ipucu.  Başladıq, mən söyləməyə, Gülər xanım isə yazmağa.

Bəli ömrümün elə çağıdı ki, solan hər çiçək, düşən hər yarpaq yaddaşımı da titrədir, ürəyimi də. Əslində yaddaş titrəmir, diksinir. Ona görə ki, həmin o düşən yarpaqla, solan çiçəklə mənim bir güvəncim, bir ümidim, bir üz tutduğum ünvan bitir, tamamlanır, xatirəyə, yuxuya, xəyala çevrilir. Belə xatirə, yuxu, xəyal olanlardan biri də həyatımda özəl yeri olan və təkcə mənim üçün deyil, həm də xalqım üçün çox böyük aydınlarımızın hakk etdiyi mərtəbəni qazanmış Hətəm Quliyev. Son dərəcə sadə və səmimi, zarafatcıl, diqqətcil, həm də əsl məclis adamı olan Hətəm müəllim heç nəyi gözündən qaçırmırdı. Üzümə baxan kimi ürəyimi oxuyurdu. Əhvalımı dəyərləndirib, könlümü ovudurdu. Hər dəfə də “Ay Əbülfət, sən sevin ki, ayaq üstəsən. Sən sevin ki, ətrafın var. Sən sevin ki, az-çox xətir-hörmət qazanmısan. Sən yaza bilirsən...”. Doğrusu, ilk məqamlarda Hətəm müəllimin mənim üçün sevinc mənbəyi tapmasına, sevinc ünvanı tapmasına o qədər də sevinmirdim. Düşünürdüm ki, mənə xoş olsun deyə söyləyirdi bu fikirləri. Lakin günlərin birində Elmlər Akademiyasındakı otağına getdim. Yeni kitabımı aparmışdım Hətəm müəllimə. Bu kitaba da ön sözü yazıçı, hamının sevimlisi Seyran Səxavət yazmışdı. Təqdim etdim kitabı. Aldı, vərəqlədi və üzümə baxa-baxa dedi. Haqqında bu ön söz yazılan, bu şeirləri yazan adam niyə sevinməsin axı. Bax, onda mənə çatdı Hətəm müəllimin dediyi. Və illər sonra, daha dəqiq desəm, ötən il xalq yazıçısı Elçin Əfəndiyevin barəmdə yazdıqlarını oxuyan Hətəm müəllim mənə zəng etdi. Hal-əhvaldan sonra soruşdu ki, sevinirsənmi? Mən də birbaşa cavab verdim, özü də lap çox sevinirəm, Hətəm müəllim. Telefonun o biri başındakı böyük alimimiz mənim ürək dolusu dediyim bu cavaba elə ürək dolusu da güldü. Bildim ki, nə demək istəyir. Bunu bilməmək olmazdı...

Yaddaşımdakı xatirələrin birini vərəqləyirəm. “Azərbaycan” nəşriyyatının pilləkənində dayanmışdım. Birdən Hətəm müəllimin maşını binanın önündə dayandı və məni çağırdı:

  • Niyə durmusan orda, yaxın gəl görüm.

Yaxınlaşdım. Görüşdük. “Otur maşına” – dedi. Təbii ki, keçib əyləşdim. Hal-əhval tutub soruşdu ki, hara gedirsən. Mən də hesabat verirmiş kimi tam səmimi şəkildə bildirdim ki, 20 Yanvara gedəcəm, ordan da evə. Yaxşı. Elə mən də 20 yanvara gedirəm, aparım səni ora kimi.

Amma maşın üzü əks istiqamətə dayandığından hiss etdim ki, Hətəm müəllim hardasa başqa iş dalınca gedir. Odur ki, təşəkkür edib maşından düşmək istədim, qoymadı. Bir az sərt şəkildə “otur”, - dedi, - Axı 20 Yanvara gedirəm” – söylədi. Söhbət edə-edə 20 yanvar istiqamətinə gedərkən telefonla hansısa xidməti yığdı, taksı sifariş verdi. 20 Yanvardan Masazıra, yəni mənim yaşadığım ünvana. Təəccüb içindəydim. Gəlib çatdıq. Taksi bizi gözləyirdi. Düşəndə əlini cibimə saldı. Taksinin puludu, özün verərsən – dedi...

Bu xatirə yarpağını elə-belə yazıma köçürmədim. Sadəcə, o böyük alimin nə qədər qayğıkeş, diqqətcil olduğunu kiçik bir detalla təqdim etmək istədim. Və Hətəm müəllimin hərdən mənə dediyi iradlarını, həyatla, yaşamla bağlı məsləhətlərini düşünə-düşünə onun təkcə mənə yox, hər kəsə qarşı nə qədər böyük ürəkli, insanpərvər olduğunu xatırlamamaq zənnimcə, haqqı görməmək kimi bir şeydi. Amma neyləyim ki, bəzən hər şeyi yazmaq, hər şeyi oxucuyla bölüşmək, lap elə ən doğma adamınla pıçıldaşmaq belə ya mümkün, ya münasib,  ya məsləhət olmur. Məncə bu fikirləri hər kəs öz baxış bucağı altına qiymətləndirə biləcəkdi. Ruhun şad olsun, Hətəm müəllim!

*** 

Indi sözün bütün mənalarında  kökləndiyim sim ancaq kədər notudu. Əlimi ona toxunduranda bir sızıltı keçir içimdən. Həmin o sızıltı hardasa həm xatirədi, həm əks-sədadı, həm də mənim özümə bir dərsdi. Əgər  söylədiyim hər üç məqamı şərh etsəm, onda nə dediyim, daha doğrusu, nə yazdığım bəlli olacaq. Mən də oxucuları o qayğıdan qurtarmaq üçün elə içimdə indiki anıma hakim olan hissləri sözə çevirməyə çalışıram. Və həmin sözlər də xatirə yarpaqları olur. Belə ki...

Onunla qiyabi tanış idim. Daha doğrusu, mətbuatdan. Sonra həyat elə gətirdi ki, o, çalışdığım redaksiyaya gəldi. Gəlişiylə bir hay-küy də gətirdi. Səsindəki ərkyanalıq, həm də bir az qaynarlıq adamı dərhal özünə çəkirdi. Mən onun səsinə iş otağından dəhlizə çıxdım. Və gördüm ki, həmin vaxtlar “Ədalət”in baş redaktoru olan yazıçı, millət vəkili Aqil Abbasla söhbət edib zarafatlaşır. Dərhal tanıdım. Aqil Abbas da məni görən kimi dedi ki, Ramiq müəllim, yazılarını ver Əbülfətə. Sanki  bu sözü eşitməyi gözləyirdi Ramiq müəllim. Üzünü mənə tərəf çevirib əlini uzatdı və “oxuyuram, tanıyıram səni” – dedi. Hələ NZS-də də sizinkilərlə bizimkilər qonşudular, orda da sənin söhbətlərin gedir. Ramiq müəllimin nəyə işarə etdiyini bildiyimdən içdən gələn bir təşəkkürlə:

  • Buyurun, keçin mənim otağıma – dedim.

Və beləcə, başladı şəxsi tanışlığımız Ramiq Muxtarla. Tez-tez telefonla danışırdıq. “Azərbaycan” nəşriyyatına yolu düşəndə mütləq gəlirdi iş otağıma. Açıb tökürdü papkasını, seçirdi yazıların və sonra da deyirdi:

  • Bax, bunları mən seçdim. Bunların içərisindən də buyur, sən seç. Onda biləcəm ki, seçdiyin yazılar çap olunacaq.

Bu, Ramiq Muxtarın özünəməxsus zarafatı idi mənimlə. O, hərdən-bir əl yazmalarını da verirdi mənə. Oxu, redaktə elə, sonra ver kompüterə köçürsünlər. Hazır olanda gəlib baxacam. Təbii ki, mən də onun tapşırıqlarını canla-başla yerinə yetirirdim. Birinci şəxsiyyətinə və qələminə görə, ikinci də bu adamdakı müsbət auraya görə. Çünki hər gəlişiylə o bir enerji, bir müsbət impuls gətirirdi mənə. Söhbətlərimizin də mövzusu ədəbiyyat, jurnalistika və bir də xatirələr idi. Ramiq müəllim rəhmətlik anasından, onun pedaqoji fəaliyyətindən, Ulu Öndərimizdən, onunla olan görüşlərindən, xalq şairi Məmməd Arazdan, eləcə də bugünkü dostlarından, xüsusilə Ramiz Məmmədzadədən danışır, onunla etdiyi ədəbi disskusiyalardan, yol-yoldaşlığından söhbət açırdı. Və hər dəfə də qəzetimizdə hörmətli Ramiz Məmmədzadənin çap olunmuş məqaləsinə, şeirlərinə öz münasibətini  bildirirdi. Söhbətin sonunda da mütləq məni nəşriyyatın yeməkxanasına dəvət edirdi:

  • Dur, gedək görək  aşağıda nə var yeməyə? Onsuz da nahar vaxtıdı...

Bəli, namərd fələk Ramiq Muxtarın da qapısını döydü. Onun da yazmaq, yaratmaq, deyib-gülmək, yaşamaq istəyinə nöqtə qoydu. Amma o nöqtə qoyulana qədər Ramiq Muxtar ədəbiyyatımız üçün, səhiyyəmiz üçün, sözümüz üçün nəyi bacardısa və özü də necə bacardısa, o cür də xidmət göstərdi.

Onunla bağlı acı xəbəri eşidəndə bir anlıq yadıma aprel ayının əvvəllərində şair Ramiz Məmmədzadənin ona ithaf etdiyi şeir düşdü. Mən hələ o şeiri oxuyub çapa təqdim edəndə hardansa ağlımdan gəlib keçdi fələyin Ramiq Muxtara tərəf yol gəldiyi. Görünür, Ramiz müəllim də hiss edib, duyub həmin gəlişi. Ona görə də şair dostunun sağlığında  ona şeirlə heykəl qoyub.  Allah Ramiq müəllimə rəhmət etsin! Ramiz müəllimə də ömür versin! Bu gəlimli-gedimli dünyanın deyildiyi kimi, bir ucu da ölümlüdü...

*** 

... Çoxdandı yazmırdım. Və bu yazdığım yazı təkcə çoxdandı yazmadığımı xatırlatmaq üçün yazılmadı. Sadəcə, mən çox yaxından tanıyıb çox ürəkdən bağlandığım Hətəm müəllimin ruhuna, xatirini yüksək tutduğum, hər zaman sayğıyla qarşısına çıxdığım Ramiq müəllimin ruhuna ehtiram olaraq  bu acı xəbərlərin ilk  təəssüratını bilgisayara diqtə etdim. Istədim ki, özüm-özümə təsəlli verim, unudum onların yoxluğunu. Özümü inandırım ki, “ÖLÜM” adlı qatil onlara yaxınlaşmayıb, heç yaxınlaşa bilməyəcək də!

Nə bilim, bu da mənim həm özümə, həm də onların ruhuna təsəlli qarışıq bir ehtiramdı. Axı onlar təmtəraqsız, özləri kimi saf, ehtirama layiqdilər. Bunu sağlıqlarında qazanıblar. Deməli, elə mənim də qəlbimdə sağ olaraq qalacaqlar. Xalqımızın başı sağ olsun! Vətən sağ olsun!

 

TƏQVİM / ARXİV