adalet.az header logo
  • Bakı 12°C
24 Aprel 2021 12:54
70429
ƏDƏBİYYAT
A- A+

Mənim üçün “Faiq kimi olmaq” insan olmaqdır

Az deyil, Faiqlə son dəfə görüşdüyümüz, zaman onun 30, mənim 28 yaşım vardı. Aradan tam 20 ilk keçir – bir igidin ömrüdür. Mənsiz 20 ad günü olub. Bir də bu 20 ad günü mərasiminin arasındaki 12 ayları hesabla… Nə yediyindən, nə içdiyindən xəbərsiz olmuşam. Amma bu illər ərzində nələr düşündüyünü şerləri, yazıları xəbər verib…

Faiqim, Salamım, Vasifim… gəlir yadıma

Bilmirəm nədəndir, ancaq “Azərbaycan” deyiləndə ağlıma ilk gələn iki üç addan biri də Faiqdir. Əmim, bibim, xalam, dayım uşaqlarından qabaq 20 ilin o tayındakı fikirli gözləri cavan üzlərinə heç yaraşmayan Faiqim, Salamım, Vasifim… gəlir yadıma. “Şair dostlarım” deyib “şair” epitetiylə adlarının üstünə kölgə düşürmək istəmirəm. Bəzi insanlar epitetlərin kölgəsi altında yaşayar, bəziləri də epitetlərə məna qazandırar, anlam yüklərlər. Bir insani məziyyəti daha yalın və başa düşülür şəkildə anlatmaq üçün “məsələn filankəs kimi”, deyərik. Birinə dostcanlı, istiqanlı, səmimi olmaq öyüdü verdiyimizdə, dadıma “Faiq” adı yetişər. “Faiq kimi məsələn” deyərəm. Bu da Faiqi tanımayan gənç yoldaşa onu tanıtmaq, xatirələrimi təzələmək üçün bir fürsət olar.
 

Mənim üçün “Faiq kimi olmaq” insan olmaqdır

Xıltsız, tortasız, çöküntüsüz ürək Faiqdəki ürəkdir. “Mən uşaq vaxtından istiqanlıyam, qəmlə anlaşırıq, doğmalaşırıq…” deyən Faiq Balabəyli, özünü tanıyan nadir insanlardandır. Bəlkə də yaşadığı keşməkeşlərin əsas səbəbi də özünü bilməsidir, tanımasıdır. Özünü tanıyanlar – başqalarını tanımaq üçün ərincəklik etməyənlərdir, başqalarını olduqları kimi qəbul edənlərdir də.
Bu zülümlü bir iş ancaq elə dünyamızı gözəlləştdirənlər də özünü tanıyıb başqalarını sevərək tanıyanlardır. Onların alınlarına yazılan baxtın hərfləri çətin oxunsa da (“Alnıma baxtmı yazdın, hərfin tanımaq olmur” – F.B.) ürklərindən daşan insan eşqi kodsuzdur, şifrəsizdir – hər kəlməsini birinci sinif şagirdi belə hecalamadan oxuya bilər. …

 … Bax Faiq, obrazlı sözlər axtarmıram.
Son 20 ildə şairlər və şerlər haqqında tək bircə dəfə yazmışdım. Şerləri dillər əzbəri, “Və mən şairəm, Namus işçisiyəm yəni, Ürək işçisi, Qorxusuz, bazarlıqsız, Kül ələnməmiş…” deyən Diyarbəkirli Ahmet Arif (1927-1991) haqqındaydı. İkinci bir namus və ürək işçisi haqqında da üç-beş kəlmə yazmaq bu gün qismət oldu.

… Bax Faiq, indi qələmi kağızın üstündə gəzdirəndə obrazli sözlər axtarmıram. Buna nə sənin, nə də mənim ehtiyacımız yoxdur. Bir şair haqqında “şair kimi” də yazmaq istəmirəm. Ancaq hər kəlməmi oxşaya-oxşaya, sevə-sevə, sığallaya-sığallaya yazıram. Bilirsen niyə? Çünkü sənin yazdığın hər söz, qurduğun hər cümlə “Bir qız uşağının göz yaşı kimi” arıdır, (A.Arif) ləkə düşürməkdən qorxuram.
Dostuna yarasını göstərir kimi

Sən ürək işçisisən, ürək şairisən, Faiqim. “Fikir şairləri” marağımın uzağındadırlar. Onlar Paris gecələrində bir almanın ağlına gələnləri, yaxud da Madaqasqar yarımadasındaki bir balıqçının dəniz haqqındaki 50 illik təcrübəsinin məhsulu olan özdəyişi İngiliscə oxuduqdan sonra ana dildə mısralara döşəyip millətə sırayarlar. Sən onlardan olmadın. Sən özünü özünü tanıya bildiyin qədər, “dostuna yarasını göstərən” birinin səmimiliyi ilə yazdın… Eşqin müqəddəsliyinə zərər verməkdən qorxub “sevirəm” kəlməsini dilə gətirməkdən çəkinənlərdən oldun. Şair şeirlərindən ötrü sevilir, bu doğrudur. Ancaq bir çoxları şairə şerlərindən ötrü hörmət edərlər. Qardaşın şerə şairdən ötrü hörmət edənlərdəndir.

Bilmirəm yadındadır, yoxsa yox? 1993-cü ildə bir dəfə səninlə 82 nömrəli avtobusla getdiyimizdə, məni sonradan 20 il boyunca yollara salan, o ölkədən bu ölkəyə atan dərdimi danışmışdım sənə. “Dostuna yarasını göstərir kimi”. Və sən yaramı görmüşdün, çünkü görmək istəmişdin. Özünü tanıyanlar, bilənlər başqalarını tanımaqdan, tanımaq istəməkdən ərinməzlər. Bilirsən ki, sənin cavanlıq şerlərinin çoxunu əzbərdən bilirəm, sonra yazdıqlarını da əlimə keçdikcə oxudum. Ancaq ömrünün ikinci baharına qədəm quyduğun bu gün şerlərindən, yazılarından deyil, səndən bəhs etmək istədim, səni ancaq yazılarınla tanıyanların bilmədikləri şeylərdən… Doğrusu da buydu. Allahımdan arzum, “köhnə ağrılarının baş qaldırmaması” (F.B) və təzə ümüdlərin 50 il sonra da bələdçin olmasıdır.

Həjar Şamiloğlu
Qırğızıstan, Bişkek