adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 May 2021 11:40
41473
MƏDƏNİYYƏT
A- A+

65 milyon insanın izlədiyi "Amfibiya adam": 60 ilin "Dəniz İblisi"

Bu ilin yanvar ayında rus aktyor Vladimir Korenev 81 yaşında vəfat etdiyi xəbərləri "Amfibiya adam" filminəsevə-sevə baxan, bu filmi dəfələrlə izləməkdən yorulmayan tamaşaçıları xeyli kədərləndirdi. Korenev Vladimir Çebotarevin çəkdiyi məşhur sovet filmi "Amfibiya adam"da baş rol olan İxtiandrı canlandırmışdı. Yeri gəlmişkən, Vladimir Korenev 1940-cı ildə Sevastopolda anadan olub. 1961-ci ildə Stanislavski adına Moskva Dram Teatrının truppasına daxil olub və ömrünün son illərinə qədər orada çalışıb.

E lmi-fantastik yazıçı Aleksandr Belyayevin yazdığı fantastik "Amfibiya adam" romanı əsasında çəkilib. Bu möhtəşəm əsərdə həm quruda, həm də suda yaşamağı bacaran və bu bacarığına görə "Dəniz İblisi" adlandırılan İxtiandr adlı gəncin həyatından bəhs olunur. İstedadlı cərrah Salvator, İxtiandra köpək balığının qəlsəmələrini köçürmüşdür. Hadisələrm Argentinada, Atlantik Okeanının sahillərində cərəyan edir.

Bu, o film idi ki, 1961-ci ilin sonunda ekranlara çıxmış,.ekranlara çıxandan bir il sonra - 1962-ci ildə sovet kinoprokatının lideri olub və Korenevə ümumittifaq şöhrəti qazandırıb. İlk yarım il ərzində filmə artıq 65 milyon tamaşaçı baxmışdı.

Azərbaycanlı tamaşaçılara bu film həm də ona görə əziz idi ki, "Amfbiya adam" Bakıda çəkilmişdi. 97 dəqiqəlik filmin rejissorları – Gennadi Kazanski və Vladimir Çebotaryov, ssenari müəllifləri – Akiba Qolburq və Aleksey Kapler, bəstəkar – Andrey Petrovdu. Rollarda isə Vladimir Korenev (İxtiandr), Anastasiya Vertinskaya (Quttiera), Mixail Kozakov (Don Pedro), Nikolay Simonov (Doktor Salvator), Vladlen Davıdov (Reportyor Olsen), Anatoli Smiranin (Quttieranın atası) və başqaları çəkilib.

Baş rolun ifaçısı V. Korenevlə müsahibələrinin birində belə bir açıqlama vermişdi:” Üzməyi öyrənmişdim. Su altında ayaq üstə dim-dik gəzirdim. Bilirsiz necə? Sirri açım: botinkalarım və kəmərim ağır qurğuşundan düzəldilmişdi və məni aşmağa qoymurdu, yoxsa dəniz adamı yuxarı qaldırar, ya da kəlləmayallaq dayanarsan... Amma di gəl o ağır kostyumla sudan çıxa bilmirdim, quruda heç addım ata bilmirdim, dərhal köməyə gəlirdilər. Suyun dibində akvalanqçılar hazır dayanıb mənə nəfəs borusu verirdilər, içimə çoxlu nəfəs alıb çəkilişə başlayırdım, havam qurtaran kimi əllərimi yelləyib borunu istəyirdim, yenə dərin nəfəs alıb hazır olan kimi “motor” komandası verilirdi... Dənizin dibi bilsəniz necə sakitlikdir! Balıqlar da heç adamlardan qorxmur, yaxına gəlirdilər. Xırda balıq sürüsü adamın üstünə gələndə elə bil gümüşü balıq yağışına düşürdün. Çox qəşəng idi dənizin dibi. Balıqlar həqiqətən xoşbəxtdir! İnda filmə baxıram və düşünürəm ki, hər halda gənclik – gözəllikdir! Amma bu heç də o demək deyil ki mən keçmişlə yaşayıram. Yox, mən bu gün də vacib işlərlə məşğulam: teatrda oynamaq, kinoya çəkilmək, tələbələri öyrətmək, nəvə saxlamaq...”


Kütləvi səhnələrdə çəkilən Bakı əhalisi o günləri yaxşı xatırlayır. "Amfibiya adam” filminin çəkilişi üçün məhz Bakının seçilməsi təsadüfi deyildi. Bu şəhərdə həm tarixilik, həm də dəniz vardı. əsasən Krımda işləyən “Lenfilm”in çəkiliş qrupu o vaxt Bakıya da gəlib. Kino rəssamları qədim İçərişəhərin evlərini rəngləmiş, kosmetik bər-bəzək vurmuş, küçələrə əcnəbi dildə reklam şitləri asmış, buranı ekzotik xarici ölkəyə bənzətmişlər. Və İxtiandr səsli-küylü, al-əlvan Bakı gecələrində kafeləri gəzib (bu çəkilişlər o zaman şəhərin mərkəzində məşhur olan “Nərgiz” yay kafesində aparılıb), Quttieranı axtarıb, sambrerolu, əli dəyənəkli polislərdən qurtulmaq üçün İçərişəhərin dar dalanları, ensiz küçələri, evlərin üstü ilə qaçaraq, cəsarətlə bir damdan o biri dama tullanıb, küçədən keçən su maşınında gizlənib... Köhnə Bakılıların təbəssümlə xatırladıqları ən gözəl xatirə…

Bu, o vaxt Koronevin Bakıya ilk, Quttiere rolunun ifaçısı Anastasiyanın isə ikinci gəlişi idi. 1946-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında məşhur müğənni-şanson Aleksandr Vertinskinin konsertinə şəhərin yüksək zümrəsindən olanlar, musiqisevərlər gəlmişdilər. Aleksandr Vertinski səhnəyə kiçik qızları Marianna və Anastasiya ilə birlikdə çıxdı, şeir söyləyib konserti açdı. Anastasiyanın Bakı ilə ilk görüşü belə oldu. Bəlkə də bu xatirələr üç-dörd yaşlı Nastyanın yaddaşına həmişəlik həkk olmuşdu və on üç il sonra Bakıya çəkilişə gələndə, heç şübhəsiz, atalı günlərini, bu şəhərdə keçirdiyi o qayğısız anları xatırlamışdı.

Bu günlər filmin yaranmasının 60 ili tamam olur. 2019-cu ildə Rusiyanın paytaxtı Moskvaya səfər edən tanınmış amerikalı aktyor və rejissor Quentin Tarantino Sovet istehsalı olan "Amfibiya adam" filminə uşaqlıqdan bəri pərəstiş etdiyini söyləyib. Eyni zamanda o bildirib ki, filmin hansı ölkədə çəkildiyini də bilməyib.

Tarantino bildirib ki, 1970-ci illərin əvvəllərində Los-Ancelesdə televiziyada "Amfibiya Adam"ı tez-tez izləyirmiş. Görünən odur ki, 60 il də keçsə bu film öz reytinqin qoruyub saxlayacaq və hər zaman seviləcək.

Əntiqə Rəşid