adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2021 17:27
23526
MƏDƏNİYYƏT
A- A+

Xoreoqrafiya Akademiyasında onlayn tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşkilatçılığı ilə “Beynəlxalq rəqs günü”nə həsr olunmuş “Sənətşünaslıq elmində Azərbaycan xalq rəqsinin tədqiqi problemləri” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli, İctimai fənlər kafedrasının müdiri, professor Maral Manafova, Sənətşünaslıq kafedrasının müdiri, professor Rafiq Sadıqov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov, BXA-nın Elmi katibi Yeganə Əliyeva, sənətşünas Əzimova Könül və II kurs magistr tələbəsi Əhmədli Aydın iştirak ediblər.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan
İctimai fənlər kafedrasının müdiri professor Maral Manafova bu əlamətdar günün beynəlxalq şəkildə peşəkar və özfəaliyyət artistlərinin bayramı kimi qeyd edildiyini bildirib. 

Vurğulanıb ki, rəqs gününün təsis edilməsinin tarixi fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin anadan olduğu günə təsadüf edir: “Rəqs sənətinin bütün üslublarına həsr olunmuş bu bayram mədəni və etnik maneələri aşaraq insanlar arasında birliyi təbliğ edir. Hər bir azərbaycanlıya millət olaraq qürurlanmağa əsas verən, zəngin bədii ənənələrə malik milli rəqsimiz bu günə qədər arzulanan dərəcədə inkişaf yolu keçib”. 

Tədris işləri üzrə prorektor, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli də çıxış edərək qeyd edib ki, milli rəqslərimiz tariximizlə ayrılmaz şəkildə bağlıdır: “Bu da ölkənin tarixi-mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük rol oynadığını göstərir. Prezident İlham Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının göstəricisidir. Xüsusilə qeyd edim ki, Xoreoqrafiya akademiyası Şərq aləmində ilk dəfə Azərbaycanda yaradılıb. Akademiya olaraq bu məsuliyyət dərk edərək, gələcək fəaliyyətimizdə də milli rəqslərimizin qorunub saxlanılmasında və inkişafında öz xidmətlərimizi göstərəcəyik".

Daha sonra isə digər tədbir iştirakçıları da öz məruzələri ilə çıxış ediblər.