adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

TALE

FƏRİDƏ RƏHİMLİ
35181 | 2013-07-20 09:53
Yenə bulaq başında görüşdülər. Qeyrət qızın ağarmış bənizinə baxıb narahatlıqla soruşdu:
- Nə olub, gülüm, niyə belə saralmısan?
- Daha nə olacaq, səsksəkə içində nə qədər yaşamaq olar? Nə qədər paltarlı, bir gözü açıq yatmaq olar? Mən qorxuram, Qeyrət! Çox qorxuram...
- Qorxma, gülüm, mənim kimi nişanlın var - deyə, zarafat etmək istədi. Amma zarafatın heç yeri deyildi. Ciddiləşərək davam etdi:
- Atan bu boyda kəndin tanınmış adamı, qardaşların mərdlikdə ad çıxarmış oğullar və mən. Sənə yaraşmaz bu qorxaqlıq. Həm də qorxduğun gör kimlərdi, sarsaq dığalar.
Bu sözlərdən sonra qızın rəngi bir az özünə gəlmişdi, ancaq yenə içindəki nigarançılığı söküb ata bilmirdi. Beyninə hakim kəsilmiş qorxunu bir anlıq özündən uzaqlaşdırsa da, yenidən təkrar-təkrar eyni fikrə qayıdırdı. Və onu üzən bu qorxu göz yaşlarına çevrilərək yanaqlarından süzməyə başladı. Oğlan onu sakitləşdirmək üçün yanaqlarını ovcunun içinə alaraq, baş barmaqları ilə gözlərini silərək üzünə baxdı və əminliklə dedi:
- Bax, gülüm, toyumuza bircə ay qalıb. Həmişə yanında olacam, səni qoruyacam, bu axmaq fikirləri də başından çıxaracam, görərsən.
...Kənd cavanlarının əksəriyyətinin gözü onda idi. Nigarın gözü isə Qeyrətdən başqa kimsəni görməzdi. Tezliklə nişanlandılar. Mart ayının 25 toyları olacaqdı. Amma Nigarın nədənsə bu günə çatacaqlarına heç ümidi yox idi...
Axşam kəndin ətrafından tək-tək güllə səsi eşidilməyə başladı. Hər gecə olduğu kimi, bu gecə də kişilər kəndin girəcəyindəki postda toplanmışdılar. Atılan güllələri növbəti erməni ektremizmi hesab etsələr də, heç kim gedib yatmırdı. Çünki "İtlə dost ol, çomağını əlindən qoyma" misalı alnına yazılmış azğın düşməndən nə desən gözləmək olardı.
Get-gedə güclənən atəş səsləri yaxınlaşmaqda idi. Qadınlar qorxu içində gözlərini kəndin kənarındakı posta dikmişdilər. Həmişəkindən fərqli olan bu atışma onlara rahatlıq vermirdi. Yatmış uşaqlarını oyadıb əlinə keçənlərdən geyindirmiş, qızıl əşyalarını düyünçəyə büküb sinələrində, corablarında gizlətmişdilər. Hər evdə hökm sürən bu təlaş get-gedə artmaqda idi.
Kişilər isə dönmək bilmirdilər. Düşmənin yalnız, gözlədikləri istiqamətdən hücum edəcəyini zənn edən kənd igidlərindən ibarət özünümüdafiə dəstəsi postu möhkəm qoruyurdu. Kəndin hər tərəfdən mühasirəyə alındığını, bu dəhşətli top, qrad, pulemyot atəşinin dörd bir yandan başladığını sonradan fərq etdilər.
Evlər alışıb yanırdı, aləm bir-birinə qarışmışdı. Kinli düşmən qoca, xəstə, qadın, uşaq bilmədən qarşısına çıxan hər kəsi güllələyirdi. Düşmənin nifrəti o qədər güclü idi ki, yalnız öldürməklə kifayətlənmir, qurbanının qulağını, burnunu, əl-ayağını kəsməkdən, hətta diri-diri başını kəsməkdən də həzz alırdı.
Könüllü dəstənin üzvləri arasında pərakəndəlik yarandı. Hər kəs evindən, ailəsindən xəbər tutmaq üçün kəndə üz tutdu.
Kənd kənardan böyük bir tonqalı xatırladırdı. İnsanların çığırtısı, heyvanların mələşməsi, bu qarışıqlıqda əzizlərini itirənlərin bir-birini haraylaması tükürpədici bir mənzərə yaratmışdı. Ana baladan, qardaş bacıdan, ər arvaddan ayrı düşərək, hər kəs əzizini, öz canını bu vəhşilərdən qurtarmağa çalışırdı. Bu qəddarlığa sanki bir az təbiət kömək etmiş oldu. Bayırda dondurucu şaxta var idi. Ayaqqabısını geyinməyə macal tapmayanlar ayaqyalın qarın üstü ilə qaçmağa məcbur idi. Qocasını, xəstəsini qoyub qaçmaq istəməyən oğul, körpəsindən ayrıla bilməyən ana, bacısını tapmamış kəndi tərk etmək istəməyən yeniyetmə, sevgilisindən xəbər tutmaq istəyən ərgən - hər kəs kəndarası yollarda dəli kimi o yan-bu yana qaçmaqda idi.
Qeyrət anasını və bacısını əsgərlərlə təhlükəsiz zonaya göndərib, yenidən kəndə qayıtdı. Təlaşla Nigargilin qapısına tərəf qaçdı. Ev bomboş idi... evdəki əşyalar alt-üst olmuşdu, döşəmədə qan izləri vardı. Gözləri qeyri-ixtiyari dibçəkdəki gülə sataşdı. İkisinin sevərək əkdiyi bu dibçək güllədən iki yerə bölünmüşdü. Dibçəyin pəncərəyə düşmüş gülünün budağında Nigarın nişan üzüyünü görəndə gözləri qaraldı, başı fırlandı, nə edəcəyini bilmədən əlaczıslıqdan dəli kimi bağırmağa başladı...

Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV