adalet.az header logo
  • Bakı 18°C

Aqil ABBAS: GÖZLƏRİ ÇIXAN QARDAŞLARDAN ÖYRƏNMƏK İSTƏMİRLƏR

AQİL ABBAS
37704 | 2021-05-02 15:10

Rüşvət və korrupsiyaya görə icra başçıları həbs olunur, nazir və nazir müavinləri həbs olunur. Klinika və xəstəxanaların baş həkimləri «qara  maskalılar»a  qonaq olur və sair və ilaxır.  Artıq  iki ildir ki, biz bunların şahidiyik və ölkədə  korrupsiyaya qarşı  böyük və ciddi bir  mübarizə aparılır.

Amma bu, məmurlara  öhd olmur. Gözləri  çıxan  qardaşlardan  öyrənmək  istəmirlər. Elə bilirlər ki, bunların  gözləri  aladı.  Və elə bilirlər ki, oturduqları  kreslolar  onları  toxunulmaz edir.

Artıq iki  ildir ki, hələ bir az da çox, mətbuatda  Şəmkir rayonunun sabiq icra hakimiyyəti başçısı Alimpaşa Məmmədovun  əməllərindən yazılar gedir, özü də faktlarla. Amma bu ona  vız gəlibmiş. İşində dönüş yaratmaq, elədiyi  günahları yumaq, səhvlərini düzəltmək əvəzinə bir az da bataqlığa  girirmiş. Və ən dəhşətlisi də odur ki, özü cəhənnəm, övladını da işlətdiyi  cinayət əməllərinə şərik edirmiş.

Yəqin ki, kimə və yaxud kimlərəsə  çox arxayınmış.

Cavanlıqda dəniz kənarında bir davanın şahidi  oldum. İki nəfər bir oğlanı  yerə yıxıb təpikləyirdi. O da bağırırdı:

- Vəli, qoyma, məni  öldürürlər!

Ən maraqlısı o idi ki, onun güvəndiyi  Vəlini beş-on  metr o tərəfdə  üç-dörd  nəfər  nə təhər çırpırdısa Vəlinin  kömək istəməyə də heyi qalmamışdı. Düzdür, dostlarla tökülüb aralaşdıra bildik, yəni döyülənləri əllərindən aldıq.  Amma o qədər  güldüm ki!

- Vəli, qoyma, məni  öldürürlər!

Ayə, Vəli var? Yoxdu eyy, Vəli səndən pis gündədi.

İndi Alimpaşanın və alimpaşaların  arxalandıqları vəlilər onlardan da  ağır gündədi.

Qonum-qonşudan  bir papaq alın, qoyun qabağınıza, nə qədər  gec deyil, fikirləşin.

TƏQVİM / ARXİV