adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 May 2021 11:02
31467
ANALİZ
A- A+

" Hər şeir yazan şair olsaydı, deməli, bizim kəndin hamısı şairdir " - MÜSAHİBƏ

Prezident təqaüdçüsü, AYB üzvü, şair  Rauf Qərib Alagöz "Adalet.az" saytına müsahibə verib.

 

- Qulu Ağsəsin bir sözü var, deyir, üç adı olan adamlar istedadsızdır? Razısanmı bu sözlə, Rauf Qərib Alagöz?!

- Qulu Ağsəs istedadlı adamdı.
Mənimsə, bir adım var, Rauf. İnanmıram ki, Qulu Ağsəs Molla Pənah Vaqifi, Molla Vəli Vidadini, Aşıq Molla Cüməni,  Mirzə Ələkbər Sabiri, Seyid Əzim Şirvanini və s istedadsız hesab etsin

- Rauf, bəzən özün açıqlamalarda demisən ki, mən şair deyiləm, şairlərə ironiya edirsən, amma özün də yazırsan, hələ şeir kitabı da çıxarırsan. Özünü şair hesab etsən nələr edərdin bəs?!

- Hər şeir yazan şair olsaydı, deməli, bizim kəndin hamısı şairdir. Mən indiki şairlərə "şairəm, mənə borclusunuz" fikri ilə yaşadıqları üçün ironiya edirəm. Şəxsən mənim heç bir şeir yazana borcum yoxdur. O cümlədən də onların mənə.

- Amma şairlik iddian var ən azından. Şeir kitabı çıxartmaq, yazdığını paylaşmaq bunu bildirir, axı. Digər bir tərəfdən də AYB-yə üzvlük, Prezident təqaüdü..

- Onlar iddia deyil. Sosial şəbəkələrin bizə yaratdığı imkanlardan istifadə etməkdir. Hamımız şəkil paylaşırıq. Belə çıxır ki, hamımız fotoqraf olmaq iddiasındayıq? AYB və Prezident Təqaüdü məsələsində sadəcə şansım gətirib. Yəqin ki, ölkədə daha yaxşıları olsaydı, o şans üzümə gülməzdi..

- Hazırda ən yaxşı mənəm deyirsən onda?

- Ən yaxşı mən deyiləm, məndən yaxşısı azdır deyirəm. Çox olsa, mənim kimi şeiri sadəcə hobbi olaraq, boş vaxtında, tıxacda yazan yəqin ki, o adlara layiq görülməzdi.

- Daha yaxşı yazmaq üçün adamın vaxtı olmalıdır. Çoxlu mütaliə və müşahidə etməsi üçün şəraiti olmalıdır. O da təəssüf ki, məndə yoxdur. Şeirə zaman ayırmaqdan çox, işimə zaman ayırmağa üstünlük verirəm. Çünki şeir balalarımın qarnını doyurmur...

- "Şairəm, mənə borclusunuz" deyənlər var deyirsən. Kimlərdir onlar? Ad çəkə bilərsənmi?

- Təkcə şairəm deyəndən getmir söhbət.  Elə adi status yazan da o fikirdədir.
Məsələn: Emil Rasimoğlu, Kəramət, sən, Ulucay və s. Mənim bir oxucu kimi hansınasa borcum var?!

- Bəs, niyə buna borc kimi baxmalıyıq? Söhbət madiyyatdan getmir. Hər bir şair, yazıçı istəyər ki, onu oxusunlar, diqqət göstərsinlər. Bəlkə buna görə borc deyirlər, demək istədikləri bu olmasa da kobud səslənir..

- Bunun günahkarı kimdir? Oxucu deyil, buna əmin ol. Deməli yazdıqları oxunmağa layiq deyil ki, oxumurlar. Ölkəmizdə kifayət qədər oxucu var. Xarici əsərlərin tərcümələrinə olan tələbat bunu sübut edir

- Axı, bəzən yazıçı-şairi sadəcə feysbuk fəaliyyətinə görə tanıyırlar. Kitabını alıb oxumurlar. Bəlkə, həqiqətən yaxşı yazır, amma feysbukda müəyyən məsələlərə görə qınanır, söyülür.

- Elə pisi də odur da. Feysdə bambılılıq edənə, ona buna ağzının suyunu axıdana kim hörmət edib kitabını alar? Deyirlər, özü nədi ki, yazdığı da nə ola? Məsələn, Kəramət küçədə kitab satır. And içirəm onun kitabını heç kim oxumaq üçün almır. Çoxunun yazığı gəlir deyə alır, bəziləri də şəkil çəkdirib like yığmaq üçün. Alanların 99 faizi aparıb atır evə, ya da o kitablardan başqa məqsədlər üçün istifadə edir. Əvvəl isə biz hansısa şairin bir şeirini, yazısını hansısa qəzetdə oxuyurduq. Xoşumuza gələndə deyirdik kitabını alaq, görək nə yazıb

- Rauf, səni daha çox tənqidlərdə də görürük. Həm ədəbiyyat baxımından, həm də digər ictimai nələrdəsə. Bütün şair-yazarlara verdiyim sual var. AYB-dən razısanmı? Ədəbiyyat fəaliyyətləri səni qane edirmi?

- AYB-dən razı olduğum məqamlar N qədərdir, amma bu, o demək deyil ki, tam qane edir. Daha yaxşı işlər görülə bilərdi.  Ən azından kifayət qədər imkan var buna. Mən AYB sədri olsaydım, başıma ən çox AYB-dən narazı olanları yığardım

- Məsələn, razı olduğun məqamlar hansılardır? Deyək, narazı olanlar nəzərə alsın...

- Məsələn Ulduz jurnalı, aboneyəm. Hər ay müxtəlif müəllifləri tanıyıram, oxuyuram. Rəşad Məcid gənclərlə yaxşı münasibətdədir.  Pandemiyadan əvvəl müəyyən tədbirlər olurdu. Xüsusilə də təqaüd məsələsi. 70-ə yaxın adama illik kifayət qədər təqaüd verilir AYB xətti ilə. Tutaq ki, AYB ləğv olundu. Bunlar olacaq? Əlbəttə ki, yox.

- Bəs, bu yaxşı işlərdə yeyinti olmur? Məsələn, təqaüd məsələsində? Narazılıq çoxdur. Bəzən heç tanınmayan, istedadı olmayan adamlara da verildiyi deyilir.

- Məndən olmayıb, gerisini də bilmirəm. Mənə dedilər, təqaüdə düşmüsən, özüm şokolad alıb apardım. Narazılıq edənlərin yəqin ki, sübutları var. Bununla bağlı aidiyyatı orqanlara şikayət niyə etmirlər?

- Şikayət etməli vəziyyət yoxdur, axı. Sən özün qıraqdan baxanda, məsələn, deyirsənmi, axı, bu adamın nə istedadı var, buna niyə təqaüd verilir? Bəlkə tanışlığa görə?

- Tanışlıq, üzdən utanmaq bizim qanımızda var. Bir də ki, hərənin istedad anlayışı fərqlidir axı. Bəzi rəsm əsərləri var, biri ona milyon verib alır, sən 10 manat verməzsən,  hətta alana da dəli deyərsən. Elə də şeir. Bəzi şeir birinə xoş gəlir şairə istedadlı deyir, digəri isə onu cızma qara hesab edir.

-Deyirsən ki, AYB-sədri olsam,başıma ancaq narazı olanları yığardım. Niyə görə?

-Biri səndən həmişə razıdırsa, deməli, ya səndə problem var, ya da o razı olanda. Tənqid uğurun günəşidir.

- Sənə də tənqidlər var. Deyirlər, yaza bilmir, həmişə aşıq şeiri yazıb və.s razısan?

- Aşıq şeiri yazıramsa, nə xoş mənə. Çünki mənim ruhum aşıq ruhudur.

- Müsahibə üçün təşəkkür edirik.

- Rica edirəm. Xoş oldu.

 

Söhbətləşdi; Orxan Saffari

Digər Xəbərlər