adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 May 2021 10:16
65571
ƏDƏBİYYAT
A- A+

"Hanı? Gorbagor oldu, yoxdu tədbir-kvo!" - Saffari yazır

Müharibədən əvvəl də, sonra da ortada olan bəzi məsələlər adamı elə diksindirir, elə diksindirir ki...

Heç bilmirsən, hansının dərdini çəkəsən, hansını deyəsən. Bəzi məsələlər var idi, deyirdik, düzələcək, filan şey olsun, yaxşı olacaq. Oldumu?! Olmadı. Bəzən daha da gərginləşdi hələ. Qalqı bu vətənin ortasında təmtək!

Fikir verdinizsə, qələbədən sonra ortaya çıxan "maskalı" adamlar nə günə qaldı. Həqiqətən də bunları istəməyən, "içimizdəki ermənilər" dediyimiz adamlar var imiş. Vallah, mən əvvəl elə bilirdim ki, kimsə kimdənsə xoşu gəlməyəndə belə deyirmiş. Demə, bu, həqiqət imiş.

Səd-əfsus.

Qarabağın işğaldan azad olunması, Azərbaycanda həm də nə qədər adamı "çörəksiz" qoydu. 30 ildir ki, dolanışığı "Vazgen, anoovuu" təbirindən çıxmayan "qalstuklu elitanın" indi qanı qaralıb. Hər nə olmasa da, adamlar 30 illik "iş yerlərini" itiriblər...

Təsəvvür edin, Qarabağ münaqişəsinin bitməyi Rusiyaya sərf etməməyi ilə yanaşı, bizim ermənibaşlara da sərf etmir. O adamlar ki, onları hamınız tanıyır, görür və bəlkə də elə siz özünüzsünüz. O adamlar ki, hər birimiz onların oyununa zaman-zaman alət də olmuşuq. Əvvəl uşaq olub bilməmişik, sonra da bilib məcbur olmuşuq.

Həqiqətən də belə şeylər baş verirmiş. Elə adamlar, elə hadisələr var ki, onlara əvvəlcə bilməyib inanırıq, biləndə də görürük ki, artıq gecdir, sən demə, biz bir az da bu yalana məcburuq.

Bu 30 ildə Hökumət və Qeyri-hökümət təşkilatlarının tədbirlər fonunda ayırdığı qrantları bəh-bəhlə tıxan pafos vətənpərvərlərinin çıxmadığı hoqqa qalmadı. Üzdə görüntü olaraq xarici, yerli layihələrlə guya iş görür, guya faciənin tanınma arealını böyüdürdülər və başqa nələrsə. Hanı? Gorbagor oldu, yoxdu tədbir-kvo!

Amma 44 günlük müharibə siyasəti, indi olanlar həm də onu göstərdi ki, Azərbaycanda bu fonda görülən heç bir iş effektiv olmayıb. Təbii ki, bunu hər il faciə günlərində akt zallarında gözümüzün içinə baxaraq mənasız-mənasız şablon danışıqlar aparan qalstuklar özləri də yaxşı bilirdilər, amma neyləsinlər, "bir tikə çörək" var idi.

Təki pul ayrılsın, təki yalandan bir layihə təqdim edək. Bunun Xocalısı var, işğal günlərində "maarifləndirməsi" var, məcburi köçkünlərlə üzdə görülən işlər var. Var da, var. Nə desən var. Pul varsa, bu adamlar üçün vətəndən başqa nə istəyirsənsə, var. Heç nə yox, adicə müharibə dönəmində də, əvvəl də "sülh quşları" dediyimiz adamların əksəriyyəti bilirsiniz kimlərdir? Beyinlərə bunu yeritmək üçün qrant alan "haxçıxlar". Məhz onlar da istəmir ki, bu münaqişə tam bitsin. Əbədi çörəkdir də.

Elə müharibə vaxtı da öz maskalarını özləri salmalı oldular. Kimisi "sülh quşu" adı altında, kimisi də vətənsizlik iddiasında. Guya bəşəri dəyəri var imiş, kosmopolit imiş.

Hələ müharibə vaxtı bunu yazmışdım ki, "müharibə vaxtı sülh göyərçinləri etmək quşbeyinlikdən başqa bir şey deyil." Həqiqətən deyilmiş. Deyilmiş ki, o adamların etdikləri də, dedikləri də özlərinə qaldı. Yox oldu o adamlar, yox olacaq o adamlar. Geriyə isə böyük bir vətən qalacaq.

Axxx, səni çörəkli Qafqaz. Kim idik, kim olduq, kim olacayıq?!