adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 May 2021 11:01
42980
ANALİZ
A- A+

"Yolunda bir quru ağac olaydım"- Ülvi Səmazəndən yeni şeirlər...

Adalet.az saytı gən şair Ülvi Səmazənin şeirlərini təqdim edir.

 

***

Kaş ki,

yağış yağaydı.

Allahın buludundan, 

səmasından, göyündən.

Pəncərəmi döyəydi damcı-damcı çölündən.

 

Kaş ki,

yağış yağaydı

Ya şimalın ya şərqin ya da qərbin yağışı.

Fərq etməz.. Bir gecəlik yağaydı eləsinə..

Mən də, darıxmağımı unudaydım eləcə..

— həzin yağış səsinə.

 

Kaş ki,

yağış yağaydı.

islanaydı küçəmiz, navalçamız, damımız,

Kaş elə bu yağışda islanaydıq hamımız.

Çətirli qadınların çətiri islanaydı,

Əlləri,

Ayaqları,

Gözləri,

Dodağları,

Ətiri islanaydı.

 

Küçə pişikləri də yer gəzəydi qaçmağa,

— qaçmağa gizlənməyə..

Şəhər meydanlarının kir basmış heykəlləri sevinəydi yağışda,

— çimib təmizlənməyə.

 

Ağaclar budağından, 

çiçəklər yarpağından,

çəmənlər torpağından  isladaydı özünü

bax bu qarma-qarışda.

Kaş ki,

yağış yağaydı,

Mənim darıxmağım da dönüb küçə itinə qaçaydı bu yağışda...

 

***

 

Gözləyirəm, birdənəm,

Səni həmin küçədə.

Gəlişinə bir qırıq ümidim qalmasa da.

Gözləyəcəm, gəlsən də,

gəlməyin olmasa da.

 

Yenə həmin küçənin başında gözləyirəm,

Yenə həmin dalanın tinindəyəm,

— Tinində.

Yenə qara bəxtimin qışında gözləyirəm.

Üst başım cırırq-cırıq,

özüm də it günündə.

 

İt demişkən, bir it var burda,

qulağı səsdə,

O dəfə yem verdiyin həmin itdi, deyəsən.

Elə bil, yarışırıq səni gözləmək üstə,

İtmi çox gözləyəcək,

mənmi çox gözləyəcəm?!

 

Yenə getdiyin yolda,

Yenə həmin səkidə,

Yolunu gözləyirəm gecə saat ikidən.

 

Gəlsəydin qürurumu sərərdim ayayığına.

gəlsəydin dodağını öpməyə də doymazdım, 

Getməyə də qoymazdım.

 

Gəlsəydin ayağının tozuna ağlayardım,

Baxıb-baxıb o zülmət gözünə ağlayardım.

Saçlarının ətrinə,

Dodağının dadına,

Bircə dənə "Qayıtdım" sözünə ağlayardım.

 

Qayıtmırsan, birdənəm, qayıtmayacaqsan da,

Mən "Gələcək" deyirəm içimdə, "Döz" deyirəm.

"İtdən sədaqətliyəm"  axı  demişdim sənə,

İt də yoruldu getdi, mən hələ gözləyirəm.

 

***

Üzün gülməz..

gözlərin ağlayar gecələri.

Qursağında boğarsan bütün darıxmağını..

Qucaqlayar boynunu kimsəsiz uşaq kimi,

Hamıdan gizlədərsən yetim darıxmağını.

 

Bir dəfə zəng eliyib "Salam" deyənin olmaz,

Halını soruşanın,

qapı döyənin olmaz,

Xatirələr boylanar,

Pəncərədən, qapıdan.

Ard-arda yandırdığın,

siqaret kötükləri yıxılar külqabıdan..

 

Tənhalıq unutdurarar sənə olan qalanı.

Hər gün bir tanışının, adı çıxar yadından.

Yadından çıxar tamam, sevdiyin hər nə varsa.

Ən sevdiyin yeməyin dadı çıxar yadından.

 

 Danışa bilmədiyin bütün sözlər, kəlmələr.

Darıxdıqca sızlayar dodağının çatında.

Bax beləcə asarsan, hər darıxdığın günü,

 köhnə qol saatından..

 

Tənhalığın içində boğularsan, batarsan.

Bir doğman da tapılmaz baş qoyasan dizinə.

Əşyalarla dərdləşib, xəyallarla yatarsan.

Gecədən səhərəcən sarılarsan özünə.

 

***

 

Hava biraz pisləşib, 

elə bilki ölümdü,

Buranın yağışları 

səngimir neçə gündü 

Düz bir həftədir yağır, 

dayanmır ki, dayanmır,

Qara buludun başı,

ağlamağdan oyanmır.

 

Məndəki darıxıram,

Yenə həmişəkitək,

İlahi, bu darıxmağ,

Görən haçan keçəcək?

Ehhh, bu darıxmağ ki, var..

yıxır, evimi yıxır.

Kaş biləsən bu günlər,

İçim necə darıxır.

 

Yağış da bəhanədi

yağışdı, yağacağ da.

Darıxmağım da keçər,

sevən darıxacağ da.

Hələ çox darıxacaq,

Qapım, evim, otağım.

Mən hayanda gizlədim,

Bu qarışqa ömrümün,

Fil boyda darıxmağın.

 

Bəs sən? Heç darıxırsan?

Yadına düşürəm mi?

Sənin fikirində də,

Səni düşünürəm mi?

Orda hava necədir,

orda varmı yağışlar?!

De görüm sən necəsən?

bəs bu qarma-qarışla..

 

Bu günlərin havası, 

bilirsən də.. pis olur,

Qurban olum qadası, 

çalış özünü qoru.

Hava yaman pisləşib, 

elə bilki ölümdü,

Buranın yağışları 

səngimir neçə gündü.

 

***

Sən mənim qəlbimin səcdəgah yolu,

Könlümün məhəbbət abidəsisən,

Sən mənim tamamı günahla dolu,

Ömrümün ən məsum hekayəsisən

 

Sən insan cildinə girmisən.. bəlkə

Bəlkə də, mələksən xəbərin yoxdu.

Bu qədərə məhkum ömürdə təkcə,

Sənsən.. sonun yoxdu, qədərin yoxdu.

 

Elə bil İsanın anası sənsən.

Ucalığ tökülür iki gözündən

Bəlkə də sən adi mələk deyilsən,

Bəlkə də Məryəmsən bu yer üzündə.

 

Sən nədən yaranıb, xəlq olunmusan?

Yoxsa sən Allahın hədiyyəsisən?

Bu qədər günaha qərq olunmasam,

Deyərdim ən məsum dua səsisən..

 

Sən necə gəlmisən bu yer üzünə?

Dəvə belindəmi, quş ağzındamı?

Sehirli xalatda, uçan xalçada,

Qara əjdahanın boğazındamı?

 

Kaş ki gəlməyəydin, bu ömürə, kaş..

Kaş ki çıxmayaydım önünə sənin.

Olaydım bir quru ağac, ya da daş..

Özümü heç sənə sevdirməyəydim...

 

Kaş ki sevməyəydin bu günahkarı,

Bəlkə də sevməzdin bu günü bilsən..

Sən mənim tamamı günahla dolu,

Ömrümün ən məsum hekayəsisən .

 

****

 

Dönəydim bir sevinc yaşına kaş ki,

gözündən süzülüb öləydim sənin.

Yolunda bir quru ağac olaydım.

bir küçə uzunu görəydim səni,

 

Çevrilib küləyə, yelə, yağışa,

Ayağın altında bir ovuc daşa

Lap elə dönəydim bir qaranquşa,

Uçub pəncərənə gələydim sənin.

 

Kaş ki, bacanızın yeli olaydım,

Ocağı, alovu, külü olaydım,

Kaş sənin ananın əli olaydım,

Saçını darayıb, hörəydim sənin.

 

****

 

Birazdan axşam düşər,

gün batır yavaş-yavaş,

Mənim evimdə təklik,

Dolaşır o baş - bu baş.

Bu evdə neçə ildi..

Fələk tufan qoparır..

Gedənləri ötürür

Gələnləri aparır.

 

Yadındadırsa ən son,

İkimizdən apardı..

Səni mənnən ayırdı,

Bizi-bizdən apardı.

Səninlə, birgə getdi

Onda səadət, sevinc.

Əgər düşüb ölsəydim,

Belə ağrımazdım heç.

 

Yaşamazdım bu dərdi,

Hər gün kədərli, kövrək.

Məni nə incidərdi?!

Səni itirməyim tək.

İndi çox uzağdasan,

Uzaqlar gözəl olmur,

Belədidə birdənəm

Gedənin yeri dolmur.

 

Mən də ki, yaşayıram.

Dərdlərimlə bu evdə,

Mənim çəkdiyim dərdi,

Çəkməz ən yekə div də..

Bu dərdə dözmək çətin,,

Dözməz..

heç kimsə dözməz

Bu əzaba ağrıya,

Fil də istəsə dözməz

 

Baxışlarım sən gedən 

Yolların heykəlidir..

Halımı görən hər kəs

Baxıb deyir dəlidir

Amma ki kimsə görmür,

Görmür həqiqətləri,

Görmür bu ayrılığın,

Əvvəlini, sonunu.

Bir dənə mən bilirəm,

Sənsizliyin nə qədər,

Ağrılı olduğunu..

 

Daha yaşamağ adi,

yaşamamağ asidir.

Sənsiz ölüm, və yaşam,

Eyni məchuldu yəni

Yəni ki, heç bilinmir,

Hansı daha ağırdı.

sənlə belə deyildi,

sən olanda bu ürək,

Bu bədənə sığırdı..

 

İndi başqayam bir az,

Tamamən dəyişmişəm,

İndi özüm-özümdə

Biraz adiləşmişəm.

Səssizəm, həvəssizəm,

Kədərli, dağınığam.

Tərk edilmiş dalanam,

Pəncərəsiz otağam..

 

İndi başqayam bir az,

Qəliz, sofu, mız-mızı.

Amma buna da şükür,

Yaşayıram ən azı!

Bir az başı qarışığ,

Fikirliyəm, nədənsə.

Minbir fikir çəkirəm,

Hər fikirim də sənsən.

 

Çox ömrüm də qalmayıb

Bir həftə, üç ay, bir il..

Yaxında gedəsiyəm.

Heç özümə baxmıram,

Pintinin dal ayağı,

Əyyaşın yekəsiyəm

 

— Yaxşı, çox danışmayım..

 

Bir azdan axşam düşər,

gün batır yavaş-yavaş.

Mənim evimdə təklik,

Dolaşır o baş-bu baş.

 

Ülvi Səmazən

Digər Xəbərlər